Modern.az

Ədəbi şücaətin gücü

Ədəbi şücaətin gücü

24 Avqust 2015, 16:20


Bəxtiyar Vahabzadənin ruhuna yazılmış bir xatirə...

İstər cəmiyyəti, istərsə də milləti onun şəxsiyyətləri yaşadır. Çünki şəxsiyyətlər millətin yetişdirdiyi ən önəmli şəxslərdir. Onlarsız millət çox boz görünür, bəzən də heç görünmür. Necə ki, monqol xalqı deyəndə Çingiz xan, Çingiz xan deyəndə monqol xalqı yada düşür. Söhbət məhz belə şəxsiyyətlərdən gedir. Daha siyasi maraqların görünməz torunda çabalayan və cəmiyyətin müxtəlif qütbləri arasında vurnuxan mövqesiz, yaxud da bədii təfəkkürünə güc verib Arazı nəinki Volqadan hətta Nildən də uzun edə bilən təfəkkür sahiblərindən yox.

Məhz buna görə də cəmiyyət, millət, eyni zamanda hər bir şəxs ilk növbədə öz şəxsiyyətlərinə sağlığında dəyər verməklə yanaşı, sonradan onları yaddaşlarında da yaşatmalıdırlar. Böyük şairimiz Bəxtiyar Vahabzadənin 90 illik yubileyi ilə bağlı mən də yaddaşımda yaşayan kiçik bir xatirəmlə həm onu yad etmək, həm də bunu oxucularla paylaşmaq istədim.

1997-ci il sentyabrın 13-də “525-ci qəzet” də yazıçı Əkrəm Əylislinin müsahibəsi dərc olunmuşdu. O, öz müsahibəsində Bəxtiyar Vahabzadəni “Gülüstan” poemasını yazdığına görə Ədəbi Şücaət göstərməməklə günahlandırdı. Mən 1997-ci il sentyabrın 21-də yazdığım  “Kim kimdən üz döndərib?” adlı məqaləmdə Əkrəm Əylisliyə cavab olaraq bildirdim ki, Bəxtiyar Vahabzadə məhz milli təəssübkeşlik, milli qeyrət müstəvisindən irəli gələrək bunu şücaət hesab edib və o addımı atıb. Tarix də bunu sübut etdi və edir.

Lakin Əkrəm Əylisli baş redaktor işlədiyi vaxtda “Mənim nəğməkar bibim”, “Əylisdən Əylisəcən” kimi əsərləri ilə keçdiyi yolu ədəbi şücaət hesab edirdisə də, sonradan daha çox irəli gedib “Daş Yuxular” kimi “böyük ədəbi şücaət”i ortaya qoydu. Məhz təfəkkürünə güc verib elə bir həyati olmayan tablo ortaya qoydu ki, onun özündən başqa heç bir şəxs bu tablonun reallığına inana bilmədi. Həmin 1997-ci ildə isə qəzetdə gedən yazımdan sonra Bəxtiyar Vahabzadə şəxsən məni tanımasa da, zəng edib telefonda “Salam oğlum, Bəxtiyar Vahabzadədir. Telefonunu redaksiyadan əldə etmişəm ki, Sizə o yazınıza görə minnətdarlığımı çatdırım”, - deyə bildirdi.

Bir az söhbətdən sonra mən ona deyəndə ki, Bəxtiyar müəllim, bizim hamımızın borcudur ki, Sizin kimi ədəbi şücaətli yazarları müdafiə edək, cavabıında o, “bu mənim nömrəmdir, oğlum, nə vaxt sözün olsa, zəng et”, - deyib sağollaşdı.  

Doğrusu, mən bu böyük insanın səsində millətimin doğma səsini duydum, bunu qələmlə ifadə etmək mümkün deyil. Bu telefon zəngi ilə bağlı hadisəni xatırlamaqla onu demək istəyirəm ki, əsl şəxsiyyətlərin heç biri soydaşının atdığı bu cür addımına biganə qalmırlar. Hər kiçik addıma belə biganə qalmayanlar yalnız şəxsiyyətlərdir. Bu isə nə qədər məsuliyyət tələb edir, bax bunu yalnız onları anlayan bilər. Belə şəxsiyyətləri millət heç vaxt yaddan çıxarmamalıdır. Onlar yaddan çıxanda millət kiçilir və yaddaşlarda külə çevrilir.

Məhz Bəxtiyar Vahabzadə kimi yazarların qoyduğu miraslar bütün gənclərin stolüstü ədəbi menyüsünə çevrilir, digərlərinin isə cavabını tarix özü verir. Çünki bəzi yaradıcı adamların ilhamları cuşa gələndə onlara elə gəlir ki, onlar təbiətin yox, təbiət onların vurğunudur. Bu vurğunluq siyasi müstəviyə keçəndə isə onların təkcə yaratdıqlarının deyil, yaradacaqlarının da üstündən xətt çəkir.    

İbrahim İsgəndərli

 
Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır