Modern.az

ŞƏXSİYYƏT Əhliman Əmiraslanov

ŞƏXSİYYƏT Əhliman Əmiraslanov

Mədəni̇yyət

26 Avqust 2015, 23:47
Alim,  cərrah–onkoloq, tibb elmləri doktoru,  professor, Azərbaycan Milli Elmlər Akademiyasının və Polşa Tibb Elmləri Akademiyasının həqiqi üzvü, Rusiya Elmlər Akademiyasının xarici üzvü, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik–katibi, SSRİ Dövlət Mükafatı laureatı, “Şöhrət”  ordenli, Azərbaycan Respublikasının əməkdar elm xadimi, Azərbaycan SSR Ali Sovetinin (1990) və Azərbaycan Respublikası Milli Məclisinin IV çağırış (2010) deputatı, Azərbaycan Tibb Universitetinin rektoru (1992–ci ildən), ATU Onkologiya kafedrasının müdiri Əhliman Əmiraslanov.

Yoruldum. Bu titulları sadalamaqdan yoruldum. Bu qədər ad olar? (Maşallah) Çoxunu hələ qeyd etmədim. Özü də ki, ən vacibini – Yeni Azərbaycan Partiyasının üzvü olmağını. Onu axırda qeyd edəcəyəm. Məqsədim var. Elə bilməyin ki, tərəzinin bir gözünə partiya mənsubiyyətini, o biri gözünə isə sadaladıqlarımı qoyub hansının ağır, hansının yüngül gələcəyini sübut edəcəyəm. Əsla.

Mən Əhliman müəllimin titullarından hələlik ən  alilərini yazdım. Mənə isə bunlardan yalnız üçü -  ədəbiyyat dilində desək ümumiləşdirilmiş, bir surətdə toplanmış  - üç tipik ad lazım idi. HƏKİM, ALİM, MÜƏLLİM. Oxuyub ali təhsil aldı -  HƏKİM Əhliman oldu. Müəllimlərinin ona öyrətdiklərini daha da təkmilləşdirib alim, professor, akademik, SSRİ Dövlət Mükafatı laureatı LOĞMAN Əhliman Əmiraslanov oldu. Və ən nəhayət,  bildiklərini gənc nəslə ötürərək USTAD, MÜƏLLİM Əhliman səviyyəsinə ucaldı.

Hə, hörmətli oxucum, yazçı-şairlərimizdən, sənət adamlarımızdan qurtarıb indi də keçdim həkimlərə. Birdən-birə nə oldu? Gün hardan doğdu? Bəlkə xərçəng tutmuşam? Ya qohum-əqrəbamdan kimsə bu xəstəliyə yoluxub? Məqalə yazıram ki, Əhliman müəllimin yanına gedəndə məni hörmətlə qarşılasın. Baxmayaraq ki, Əhliman doktorun jurnalistlərə, sənət adamlarına xüsusi hörmətindən çox eşitmişəm. Onları da üstüörtülü qeyd edəcəyəm. Bu yazını  yazmasam belə, əminəm ki, məni də hörmətlə qarşılayar. Təkcə QABİLOĞLU imzama görə. Bəs onda bu yazını niyə yazıram? Səbəb yoxdur.

Şairəm çünki vəzifəm budur əşar yazım...

Sadəcə uşaqlıq yaddaşımda ilişib qalan, üzə çıxmağa çalışan bəzi məsələlər var ki, bu yazını mənə yazdırdı. Nəzərinizə çatdırım ki, Əhliman müəllimlə şəxsi tanışlığım yoxdur. “Xəbərlər”də işləyəndə Tibb Universitetinin bir-iki tədbirini efirdə işıqlandırmışam. Vəssalam.

Sadəcə şəxsiyyət sözünün ucuzlaşdığı və yeni şəxsiyyətlərin yaranması prosesinin sıradan çıxdığı bir dövrdə bəzi xatırlatlamalara ehtiyac duyulur. “Şəxsiyyət” sözünün özünün də qiyməti  indi bir qəpikdir. Yəqin özünüz də  bu cür müraciətlə, sualla tez-tez rastlaşırsınız:

- Şəxsiyyətin varmı?

- Var. Amma evdə qalıb.

və ya

-  Şəxsiyyətini ver görüm? Aa.. şəxsiyyətinin vaxtı keçib ki? Təcili dəyişdir. Lyuboy ASAN Xidmətə yaxınlaş. 5-3 manat ödə al.

Sözlərimi yəqin təbəssümlə qarşıladınız. Söhbət  hamıya verilən şəxsiyyət vəsiqəsindən gedir ki, onun da adına qısa olaraq “şəxsiyyət” deyirlər. Azərbaycanda bu cür şəxsiyyətlər 9 milyondan çoxdur. Mən axtardığım “ŞƏXSİYYƏT” isə onlardan fərqlənir və hörmət əlaməti olaraq böyük hərflərlə yazılır.  Nəsə mövzudan çox kənara çıxdım. Şəxsiyyət Əhliman Əmiraslanovu isbatıma hələ çox var.

"RAK"

İndi bu xəstəliyin adına “xərçəng” deyirlər. Amma sovet vaxtı rusca, qısa və konkret - “rak” çağırırdılar. Bu xəstəlik uşaq yaddaşımda çox izlər buraxıb. İlk canlı “rak” kimi qonşumuz, şair Əliağa Kürçaylını görmüşəm. Zahirən sifətinə baxanda deməzdin ki, bu insan “rak”dır. Xərçəng onun içindəydi. İnkişaf edirdi. Bütün orqanizmini sarıb sorurdu. Ağrılarına morfi iynəsi də əlac etmirdi. Hətta onu sovet onkologiyasının banilərindən sayılan akademik, Sosialist Əməyi Qəhrəmanı Bloxin cərrahi əməliyyat etsə belə, sağaltmaq mümkün olmadı. Xərçəngin bir xəstəlik tarixçəsi var. Onu həkimliyi oxumayanlar da bilir. “Ölüm”.

Təsəvvür edin ki, məhkəmə iclasıdır. İlk iclasdan da hamı bilir ki, müttəhimə  ölüm hökmü çıxarılacaq. Amma hamı ümidli görünür. Bəlkə... Son iclasda isə hakim son qərarı, ölüm hökmünü oxumaq üçün zala daxil olur. Hamını ayağa qaldıran səs eşidillir. “Ayağa qalxın, məhkəmə gəlir!”. Hamı durur. Bircə müttəhimdən başqa.  Görürlər ki, artıq ölüb. Xərçəng hökmsüz ölüm xəstəliyidir. Diriykən baş barmağına asılan ölüm yarlığıdır. Sadəcə tarixi yoxdur.

“Rak”la ikinci tanışlığım 1982-ci ildə oldu. 16 yaşım vardı. Atamın dostlarından biri bu xəstəliklə Onkoloji xəstəxanada yatırdı. Mən də ona dəyməyə gedirdim. Palatada 6 çarpayı vardı. O vaxt hər adamın evində videomaqnitafon yox idi. Məktəb uşaqlarından film-ujas kinoları ilə bağlı çox eşitmişdim. Amma baxmaq qismət olmamışdı. İndi isə televizorda göstərəndə baxa bilmirəm. O vaxt yaddaşıma həkk olunan onkoloji xəstəxana göz önümə gəlir. Çöhrəsində rəng olmayan, palataya girən hər bir kəsə zillənən gözlər, guya ki ağrını aldadırmış  kimi çarpayıda o üz-bu üzə çevrilmək, sonra durub oturmaq, ağrı kəsməyəndə birdən ayağa qalxıb dəhlizə çıxmaq, müəyyən bir anda donub dayanmaq “aha, deyəsən kəsdi ağrı” deyərək 1-2 dəqiqə dinməzcə durmaq, sonra isə bunun sadəcə özünə təsəlli – təlqin  olduğunu başa düşüb ağrı göz yaşlarını gizlətmək üçün otaqdan çıxmaq. Qapının arxasından gələn “Allah, öldüm axı”. Bəli, Allah. Müraciət Allaha idi. Bəs həkim? Həkimi çağıran var idimi? Mən şəxsən, həkimi çağıran eşitmirdim. Bircə qohumumuz yanında oturub ona qulluq edən arvadını bir sualla dəng etmişdi:

- Məni operes edən həkimə pulu verdin?

- Verdim. Amma almadı.

- Deməli əlacım yoxdur. Öləcəyəm. Ona görə götürməyib.

- Yox. Sən nə danışırsan. Bəs yadından çıxıb ki, həkim Qabil qardaşın dostudur? Bir yerdə İtaliyada səfərdə olublar. Biz öz qanacağımızı göstərdik. Axı o da insandır. Ömründə Qabil qardaşa görə pul götürməz.

Bu xəstə-qohuma  verilən təsəlli idi. Cərrahiyyə əməliyyatı olunmuş, nümunə götürülərək “əkilmiş”, cavab isə bəd xassəli gəlmişdi. Onkoloq həkimlər bir növ laborantlıq edirdilər. Cərrahiyyə əməliyyatı zamanı kəsib-götürdükləri nümunələr sidiy, qan, nəcis kimi yalnız labarator müayinələrə yarayırdı.

Onkoloji xəstələrdən həkimin cibinə dürtülən pulların hamısı xəstə yiyələrinin özünə qaytarılırdı. Bəlkə də həkim pul götürsəydi xəstənin adamlarının çöhrəsində bir ümid cücərtisi yaranardı. Amma onkoloq həkim bu ümidi də vermirdi. Bir də ki, həkim sağaltdığı xəstəyə görə pul alar ki, onun da adına şirinlik deyilir. (Bu pul ana südü kimi halaldır ona.) Onda məsciddə ölü yuyub evinə çörək pulu aparan mürdəşirlə ali təhsilli həkim onkoloq arasında nə fərq ola bilərdi ki?

Onkoloji xəstəxananın adı xəstəxana idi. Əslində bura qəbiristanlığa yolasalma məntəqəsini, xəstələr isə ayaqüstə gəzən canlı meyitləri xatırladırdılar. Nəhayət iki həftədən sonra gecə saatlarında qohumumuz öldü. Yanında oturan qadınların şivəni palatada əks-səda verdi. Təbiidir. İnsan ölüb. Özü də 55 yaşında. Reaksiya da belə olmalıydı. Amma...

Bilirsinizmi palatada nə baş verdi? Yerlərində sakit uzanan, bəlkə də yatan, ağrılardan qovrulan, yaxud da yuxuya getməyə cəhd edən o biri beş rak” xəstəsi yerlərindən hoppanıb ayağa durdular. Kəfənəbənzər ağ alt paltarında əlləriylə üzlərini tutaraq, ölən palata yoldaşları tərəfə baxmadan, “Allah rəhmət eləsin” belə demədən  qəribə səslər çıxararaq dəhlizə qaçdılar. Sanki xortlamışdılar. Yox. Yəqin ki, öz öləcəkləri günü, o səhnəni gözləriylə əvvəlcədən görürdülər. Özləri bunu yaşayırdılar.

“RAK”  SINMAĞA BAŞLADI

“Rak” hər yerdəydi.  Metastaz verib bütün orqanizmi sarırdı. Bircə ürək xərçəngi yox idi. Ürəyin o qədər dərdi var idi ki, xərçəng də ona girişib, özünün bu dərdlərə mübtəla olacağından qorxurdu sanki. “Rak” sözündən hamı qorxurdu. Adi bir piy yığımı – “jirovik”, rentgenlə güclə görünən kölgə “rak xəstəliyidir yəqin” deyə qorxuyla qarşılanırdı. O saat nəzirlər deyilirdi, qurbanlıq boyun olurdular. “Ehtimal ki, “rak”dır” sözü belə, insan ömrünün yarısını əlindən alırdı. Bütün bu qorxuların fonunda axır ki, bir bəd, amma sonda xeyir bir xəbər eşitdik. Bəd xəbər bu idi ki, qonşumuz, gözəl insan və yazıçı İlyas Əfəndiyev “rak”dır. Tez onu Moskvaya apardılar. Əməliyyat elədilər. Xoş xassəli şiş çıxdı. Bu tarixdən sonra 20 il yaşadı. Neçə-neçə gözəl əsərlər yaratdı. 82 yaşında vəfat edi. Bu gözəl xəbər olmaqla yanaşı, ilk növbədə onkologiya elminin uğuru sayılırdı. Elmi isə alimlər inkişaf etdirir.

Alim... Müdafiə etmək... Bu gün bu sözlər çox ucuzlaşıb. Yerindən duran, layiq olan-olmayan müdafiə edib, özünə alim deyir. Sovet dövrü Moskvada aspirantura pilləsindən tibb elmləri doktoru dərəcəsinə qədər irəliləmək, özü də Azərbaycan aliminin irəlilələməsi bilirsinizmi nə demək idi? Özü də yeni elm sahəsi sayılan onkologiyada. Bu, hələ işin bir tərəfi idi. Bəs yazılan əsərlərin, təsdiqini tapmış elmi ixtiraların - "Onkoloji xəstələrin bərpa müalicəsi metodlarının işlənib hazırlanması və onların kliniki təcrübədə tətbiqi" haqqındakı silsilə işlərin  SSRİ Dövlət Mükafatına layiq görülməsi necə, böyük uğur deyildimi?. (Qeyd edim ki, bu mükafat SSRİ miqyasında “Lenin mükafatı”ndan sonra 2-ci yerdə gəlirdi)
Bu, 27 yaşında Moskvada aspiranturaya daxil olub, 12 il ərzində professor səviyyəsinə yüksələn 39 yaşlı azərbaycanlımın uğuru idi. Amma 20 yaşım olmasına, cibimdə Kommunist Partiyasının üzvlük biletini daşımağıma  baxmayaraq, mən Əhliman Əmiraslanovu tanımırdım. Yəqin çox təvazökar insandır.  Deməli, Əhliman Əmiraslanov neçə-neçə əlacsız xəstəni həyata qaytarırmış.


İLK TANIŞLIQ

İndi xaricdə təhsil almaq dəb düşüb. İllah ki, tibb sahəsində. Gedirlər. Azərbaycanın pulu hesabına gedirlər. Amma sonra naxələflik edib geri qayıtmırlar. Dövlətin onlara yatırdığı kapitalı geri qaytarmırlar. Bugünkü müasir dövrü bir tərəfə qoyaq. Qayıdaq 1992-ci ilə. Yenicə müstəqilliyini qazanmış  Azərbaycan. Əhliman Əmiraslanov 1992-ci ildə Tibb Universitetinə rektor təyin olunur. Moskvadan Vətənə  qayıdır. Mən yenə də onu tanımıram. Nəhayət tanışlıq baş tutur. Özü də necə tanışlıq.

Xərçəng xəstəliyinə tutulmuş bir imkanlı xəstəni adamları tələsik təyyarəyə mindirib aparırlar Moskvaya. Ordakı professorlardan biri müayinə apardıqdan sonra xəstəni müalicə etməkdən imtina edir:

- Qayıdın Bakıya. Bu boyda yolu basa-basa nahaq gəlmisiz Moskvaya?

Xəstənin adamlarının qanı qaralır. Belə anlaşılır ki, xəstə əlacsızdır. Amma sonra rus professor:

- Bu xəstəliyin əsl həkimi Bakıdadır – Əhliman Əmiraslanov. Mənim yanıma belələrini gətirəndə onu məsləhət görürəm. Bakıya göndərirəm. Siz isə qulağınızın dibində o boyda həkim, bu boyda  yolu durub mənim yanıma gəlmisiniz.

Bu, mənim doktor Əhliman Əmiraslanovla ilk tanışlığım idi. Qiyabi olsa da.

YAZILMAMIŞ QANUN

Yaxşı həkim  baş həkim ola bilməz. Və yaxud da əksinə. Baş həkim  yaxşı həkim olmur. Çünki biri o birinə mane olur. Bu, yazılmamış qanundur. Həkimin xalatında hopmuş, getməyən qan ləkələri olur. Baş həkimin xalatı isə kraxmallı, ütüsü qat kəsir.

Səhiyyəmiz inkişaf etdikcə, bu yazılmamış qanunlar artıq öz əhəmiyyətini itirməkdədir. Amma deyəsən bu qanunların  rektor, kafedra müdiri, inzibatçı Əhliman Əmiraslanova  heç əvvəldən də dəxli olmayıb. Onun üçün birinci yerdə sənətidir – həkimlik sənəti və elmi. Bu yerdə bir şayiə yadıma düşür. Bəlkə də şayiə deyil. Deyilənə görə, rektor Əhliman Əmiraslanovu işləməyinə əngəllər törədirlərmiş. O da heç nə deməyib. İşdən çıxmasıyla bağlı ərizəsini yazıb qoyub stolun üstünə. Bundan xəbər tutan Prezident Heydər Əliyev rektorun istefa ərizəsinə baxmır. Mən belə eşitmişəm.

AD ÇƏKMƏYƏCƏYƏM

Bir jurnalist dostumu pəjmürdə gördüm. Səbəbini soruşdum.

- Mahir , bir qohum Tibb Universitetində semestr imtahanı verirdi. Müəllim də çox prinsipial adam idi. Demişdi ki, “qayıbın çoxdur, kəsəcəm, vəssalam”. Pul, tapşırıq da keçmirdi. İmtahana 2 saat qalmış məcbur olub döydüm rektorun qapısını. Köməkçisi dedi ki, bəs əməliyyatdadır. Elə başa düşdüm ki,  məni başından edir. Dedim ki,  çox vacib sözüm var. Bu dəfə cavab verdi ki, gözlə. Mənimlə bir otağın qabağına getdik. Dəhlizdə gözləməyimi xahiş elədi. Özü isə içəri keçdi. Bir də nə görsəm yaxşıdır. Qapı açıldı. Əhliman müəllim də əməliyyat geyimində:

- Filankəs, nə olub, nə hadisə baş verib? – deyə həyəcanla soruşdu.

Utana-utana onu narahat etməyimin səbəbini dedim. O da köməkçisinə tapşırıq verdi ki, “bəs mənim adımdan xahiş elə müəllimdən. De ki, jurnalist dostumuzun qohumudur. Bu dəfə güzəşt eləsin. Gələn semestr də səhlənkarlıq etsə, özüm qovacağam onu universitetdən”.
Başa düşürsənmi, Mahir, O boyda akademik, rektor mən jurnalistə görə qapıya çıxmışdı ki, yəqin nəsə ölüm-itim var, həkimlik köməyini etsin. Mən isə tələbə tapşırmağa getmişdim.

“QARANTİYA”

“Zəmanət”. Zəmanəti məişət əşyalarına, avtomobilə verərlər. Amma həkimə bu sözü deyəndə elə bil ki, dədəsini söyürsən. Canlı adama da zəmanət verərlər?  Onkologiya isə elə bir sahədir ki, burda tam sağalma söhbəti yoxdur. Elə onkoloji xəstəlik növü var ki, lap 5 günə adamı əridib öldürər. Amma müəyyən anlarda, xəstəliyin ilk başlanğıcında həkimlər xəstəyə kömək edə bilirlər. Buna loru dildə “ömür uzatmaq” deyilir. Yazımın əvvəlində təsvir etdiyim onkologiyamızla müqayisə etsəm, bugünkü uğurlarımız danılmazdır.Yenə ad çəkməyəcəyəm. Əhliman Əmiraslanovun əməliyyat etdiyi xəstələrə əgər 5 il ömür qoyursa, rahat ola bilərsiniz. İstəsəniz 5-i lap 2-yə də vurun. Bunu mən demirəm a... xəstələr özləri deyir.

MƏN DƏ HƏKİMƏM və ya “RAK”LA ZARAFAT

Həyatımda bir tarixi haqsızlıqla üzləşmişəm. Və bu səhvi heç cürə düzəldə bilmirəm. Sağlıq olsun. Ömür hələ qabaqdadır.

Hər hansı bir xəstə həkimlə davaya çıxanda Hippokratı əlində bayraq, Hippokrat andını isə dilində dua edir. Babasının babasının adını yaddan çıxaran, babasının, nənəsinin qəbrinin yolunu tanımayan bu xalqı gecə yuxudan qaldırsan və soruşsan ki, “onun adı nə oldu?”, fikirləşmədən cavab verəcək ki, Hippokrat.  Nəsə çox sevirlər eramızdan əvvəl 460-cı ildə anadan olan bu yunanı Azərbaycanda.  

Mənim həyat yoldaşım  1989-cu ildə Tibb Universitetini bitirəndə Dövlət Dram Teatrında keçirilən buraxılış gecəsinə onu da dəvət etmişdilər. Mən də ordaydım.  Gecənin sonunda məzunlar hamılıqla ayağa qalxıb Hippokrat andı içməyə başladılar, özü də xorla. Mən də dəstədən geri qalmamaq üçün başladım deyilənləri təkrar eləməyə. Bir sözlə Hippokrat andı içənlərdən biri də mənəm. Amma orda hamıya diplom verdilər, bir məndən başqa. Bu haqsızlıqlığa hələ də dözürəm. Özü də yaxşı elmi ixtiram da var. Özü də ki, onkologiya sahəsində. Bu barədə bir az ətraflı.

1989-cu ildə atam QAZ-2410 markalı “Volqa” maşını aldı. Mexaniki sürət qutusu çox ağır işləyirdi. Yerindən götürəndə 1-ə vermək istəyirdim, görürdüm ki, keçmir. Onda atam deyirdi ki, “aldat”, ver 2-yə, ya 3-ə, sonra 1-ə. Elə də edirdim. Aldadırdım sürət qutusunu. Fikrini 2-ylə 3-ə yönəldirdim, 1–i bərk-bərk saxlamağını yadından çıxarıb buraxırdı. İndi xərçəng də  bizim “Volqa”nın sürət qutusu kimi çox inadcıldır. Hardan tutdusa buraxmır. Bir qohumumuz vardı. Şiş burnundan çıxmışdı. İki ay da vaxt qoymuşdular. Şüa verib şişi yatırtdılar. 2 ay nədir, ondan sonra 3 il yaşadı. Burun şişindən ölmədi. Mədənin “rak”ından getdi. Belə çıxır ki, xərçəngə müqavimət göstərəndə orqanizmdə daha zəif yerlər axtarıb tapır. Bəs zəif yer yoxdursa, onda necə. Necə etmək olar ki, xərçəng tutduğunu buraxsın. Bəlkə aldadaq? Zəif yeri biz həkimlər özümüz yaradaq. Lap ikisini birdən. 3 cəbhəni birdən açaq. Yadınızdadırsa, Hitleri də yeni cəbhələr açmaqla gücdən salıb məhv elədilər. (Hərdən “rak”la da zarafat eləməyə dəyər.)

“RAK” ÖZ İŞİNDƏDİR

Nə qədər danışsaq da, xərçəng öz işindədir. Yenə ölüm simvoludur. Hələlik bu xəstəlik ömür uzatmaq stadiyasında müalicə olunur, sonu ölüm olmaq şərtiylə. Fəlsəfi yanaşsaq, bütün canlıların sonu onsuz da ölümdür. Amma bu ölümün adı çox ağırdır – “Xərçəng”. Əhliman müəllimə nə arzulaya bilərəm ki?  Yuxarıda bütün titullarını qeyd etdim. Ömür qabaqdadır. Onlardan da yüksəklərinə nail olacaq. Amma hər bir alim-onkoloqun bir arzusu var: Xərçəngin dərmanını tapmaq və “Nobel” mükafatı laureatı olmaq. 

YAP-çı ƏHLİMAN ƏMİRASLANOV

Məşədibad demişkən “Heç hənanın yeridir?”.  Yazdın-yazdın, gətirdiyin son da bu – YAP-çı Əhliman Əmiraslanov. Bəli, Əhliman müəllim həm də siyasətçidir. YAP-ın üzvü kimi millət vəkilidir. Mən onun elmini, ad-sanını tərəzinin bir, YAP-çılığını, millət vəkilliyini o biri gözünə qoyub nəsə müqayisə aparmaq fikrində deyiləm. Çünki Əhliman müəllim sovet dövründə də 43 yaşında deputat seçilib. Mənim fikrimi bilmək istəyirsinizsə mən onun alim, həkim və müəllimliyini deputatlığından yüksək tuturam. Lakin bir anlıq ağzıgöyçəklərə qoşulub “vəzifə adamıdır, rektor deputat seçilməməlidir” deyirəm. Sonra isə dodağımı dişləyirəm. Yazımın əvvəlində işlətdiyim  “ŞƏXSİYYƏT” sözü gəlib durur göz önümdə. Şəxsiyyət sözü isə bir amillə formalaşmır. Bir günə formalaşmır. Deputat ilk növbədə şəxsiyyət olmalıdır. Azərbaycan parlamentində mən bu cür şəxsiyyətləri görmək istəyərdim. Bu cür şəxsiyyətlərdir parlamentimizi rövnəqləndirən. Və bu baxımdan YAP rəhbərliyinin seçimini yüksək qiymətləndirirəm. Seçicilərin Əhliman Əmiraslanov kimi şəxsiyyətlərə ehtiyacı var.

Bir atalar misalı var: “Qızı özbaşına buraxsan, ya halvaçıya gedər, ya da zurnaçıya”.  Gəlin bu deyimi bugünümüzə uyğunlaşdıraq. Çünki parlament seçkiləri qabağı lap yerinə düşür: “Seçicini özbaşına buraxsan, ya halvaçıya səs verər, ya da zurnaçıya”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür