Modern.az

“Bu kitabları oxu” – Elçin Mirzəbəylinin tövsiyəsi - RUBRİKA

“Bu kitabları oxu” – Elçin Mirzəbəylinin tövsiyəsi - RUBRİKA

27 Avqust 2015, 17:25

Modern.az  “Bu kitabları oxu” adlı  rubrikasını davam etdirir.

Rubrikada mütaliəsinə görə seçilən şəxslər özlərinin sevdiyi və başqalarına tövsiyə etdiyi kitab onluğunu tərtib edir və o kitabların oxunmasının vacibliyinin səbəblərini açıqlayırlar.

Bu dəfə tanınmış jurnalist, şair Elçin Mirzəbəyli özünün çox sevdiyi kitabları tövsiyə edəcək. O, həmin kitabların, yaxud müəlliflərin oxucu üçün nə səbəbdən zəruri olduğunun səbəblərini də açıqlayır:    

1. “Etika”, “Poetika”, “Siyasət” - Aristotel

2. “İlliada” - Homer

3. “Xəmsə” - Nizami Gəncəvi

4. “Zənglər kimin üçün çalır”, “Qoca və dəniz” - Ernest Hemenquey

5. “Tanrıların qürubu” - Fridrix Nitsşe, Ziqmund Freyd, Erik From, Alber Kamyu və Jan Pol Sartrın əsərlərindən ibarət toplu

6. Gi de Mopassanın hekayələri

7. “Vinniperq canavarı” - Ernest Seton Tompson

8. “İraq divanı” - İmadəddin Nəsimi

9. Leonid Andreyevin pyesləri, hekayələri və povestləri

10. Mirzə Fətəli Axundovun bütün əsərləri.

Elçin Mİrzəbəylinin fikrincə, Aristotel, Homer, bütövlükdə antik dövr mifalogiyasi və antik dövr filosoflarının əsərləri şəxsiyyətin formalaşması, xeyir-şər, işıq-qaranlıq, ölüm-həyat kimi anlayışların dərk edilməsi üçün olduqca əhəmiyyətlidir: “Bu əsərlər şəxsiyyətin formalaşması prosesinin, sistemli tərbiyənin və özünütərbiyənin təməlini təşkil edir.

Nizami Gəncəvinin “Xəmsə”si humanizm, ədalət kimi mühüm bəşəri dəyərlərin əlifbasıdır. Əlifbanı öyrənmədən oxuya bilməzsən... Ernest Hemenqueyin əsərləri insan xarakterinin formalaşması, onun mətin, mübariz olması üçün əvəzsiz vasitədir. “Tanrıların qürubu” kitabında yer alan filosofların əsərləri isə fərqli dünyagörüşləri ilə tanış olmağa imkan yaradır.

Mopassanın hekayələrinin estetikasını çox sevirəm. Ernest Seton Tompsonun əsərləri heyvanlar aləmindən bəhs etsə də olduqca dərin fəlsəfi məzmun daşıyır.

“Vinniperq canavarı”nın qəhrəmanının timsalında sədaqətin ən yüksək nümunəsi ilə tanış olmaq mümkündür. Bir azərbaycanlı üçün Nəsimini oxumamaq, sadəcə ayıbdır.

“İraq divanı”nı isə dilinin zənginliyinə görə sevirəm. Leonid Andreyev yeganə rus yazıçısıdır ki, əsərləri həm rus imperiyası, həm də sovet hakimiyyəti dövründə qadağan olunub. Andreyevin əsərləri, xüsusilə də pyesləri bütlərə qarşı savaş açır, azadlıq ideallarını tərənnüm edir. Axundovun əsərləri isə dünya ilə iç-içə olmaq istəyən müasir azərbaycanlı üçün fəlsəfi zireh rolunu oynayır”.

Elmin NURİ  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü