Modern.az

“Bir kəndin məşhurları” – Cəlil Məmmədquluzadənin kəndinin tanınmışları

“Bir kəndin məşhurları” – Cəlil  Məmmədquluzadənin kəndinin tanınmışları

Reportaj

28 Avqust 2015, 09:40

Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndi ən böyük və qədim yaşayış məskənlərindən biridir. Nehrəm kəndində bir çox tarixi memarlıq abidələri yerləşir. Bunlardan Hasar məscidi (XVIII əsr), İmamzadə kompleksi ( XVIII əsr), Xəndək Məscidi ( XIX əsr) Hacı Mehdi məscidi (XIX əsr) göstərmək olar.

İmamzadə kompleksi XVIII əsrə aid memarlıq abidəsidir. Kompleksin özəyini təşkil edən türbənin içərisində ziyarət obyekti olan bir qəbir var, lakin qəbrin üzərində onun kimə aid olmasını bildirən kitabə yoxdur. Camaat arasında yayılan rəvayətə görə qəbirdə şiələrin yeddinci İmamı Museyi-Kazımın oğlu seyid Əqil dəfn olunub.

Nehrəm kəndində memarlıq abidələrindən biri də XVIII əsrin ortalarında Əsədulla Kərim bəy tərəfindən tikilən hamamdır.

Təbii ki, Nehrəm kəndinin tarixi abidələrindən çox danışmaq olar.

Amma Modern.az saytı “Bir kəndin məşhurları” rubrikasında təqdim etdiyi növbəti yazıda Nehrəm kəndinin tanınmışlarından söhbət açacaq:

Mirzə Cəlil  Məmmədquluzadə - Nehrəm kəndinin tanınmışlarından söhbət açılırsa, ilk olaraq adı çəkiləsi şəxs birmənalı şəkildə Mirzə Cəlildir. 1869-cü ildə bu kənddə anadan olan Cəlil Məmmədquluzadə Azərbaycan ədəbiyyatı, jurnalistikası, publisistikası və maarifində əsl hadisə sayılır. Bütün yaradıcılığını kənara qoyub bircə “Molla Nəsrəddin” jurnalının adını çəksək, bu Mirzə Cəlilin nə dərəcədə vacib şəxsiyyət olmasının göstəricisi sayılar.

Hüseyn Nadim Naxçıvani – XX əsr Azərbaycan qəzəliyyatının ən məşhur nümayəndələrindən olan Hüseyn Nadim 1871-ci ildə Nehrəmdə anadan olub.  Hüseyn Nadimin yaradıcılığında qəsidələr,  növhə və sinəzənlər, dini-ictimai məzmunlu şeirlər, satiralar da yer alıb. Ancaq şairin ədəbi irsinin çox hissəsi itib-batdığından əldə olan şeirləri əsasən növhə və sinəzənlərdir.

Heydər Vəzirov -  1891-ci ildə Nehrəmdə anadan olan hərbçi və dövlət xadimi, komissar Heydər Vəzirov 1937-ci ildə repressiyanın qurbanı olur. O, respublika hərbi komissarı kimi milli hərbi kadrların hazırlanmasında xidmətlərinə görə Azərbaycan SSR-in “Qırmızı bayraq” ordeni ilə təltif olunub. 1925-27-ci illərdə Göyçay Qəza İcraiyyə Komitəsinin sədri, 1927-33 illərdə isə Azərbaycan SSR Xalq Torpaq Komissarı vəzifələrində işləyib. 

Mirzə  Bağır Əliyev -  Naxçıvan maarifçilik məktəbinin öndə gedənlərindən biri olan Mirzə Bağır Hüseyn Cavid, Mirzə Cəlil kimi dühalarla yaxın münasibətdə olub. Həm ədəbi yaradıcılıq, həm də maarifçi kimi xidmətləri olan M. Əliyev İrəvan xanlarından olan İbrahim bəy Makinskinin qızı Əfşan xanımla ailə həyatı qurub. Onların övladlarından biri də Azərbaycanın ilk qadın xalq artistlərindən olan Zəroş Həmzəyevadır

O 1925-ci il martın 22-də Naxçıvan Muxtar Respublikası Babək rayonunun Nehrəm kəndində doğulub. Qızlıq soyadı Əliyevadır. Məşhur aktyor və rejissor İbrahim Həmzəyevlə ailə həyatı qurandan sonra “Həmzəyeva soyadını daşıyıb. Aktrisa kimi də məhz Zəroş Həmzəyeva kimi məşhurlaşıb.  

Qanbay Vəzirov – 1937-ci ildə repressiya qurbanı olan general-mayor, diviziya komandiri Qanbay Vəzirov da Nehrəm kəndinin yetirməsidir. 1919-cu ildən Azərbaycan Xalq Cümhuriyyətinin Milli Ordusunda xidmət edib. Hərbi məktəbini bitirdikdən sonra 1920-1922-ci illərdə Qazaxda, Cəbrayılda və Qarabağda sovet hakimiyyətinə qarşı çıxan daşnaklarla vuruşub.

Cəfər Axundov -  Vaxtilə Zaqafqaziya Seymində tək-tük müsəlman deputatlardan olan Cəfər Axundov dövrün filosof meylli ziyalısı Şeyx Həsənin oğlu olub. Anası isə Mirzə Cəlilin “Usta Zeynal” hekayəsindəki Zeynalın qardaşı qızıdır.

1909-cu ildə Parisə mühacirət edən Cəfər Axundov burada rusca nəşr edilən “Musulmanin” jurnalında əməkdaşlıq edib. Məsul redaktorun imzaladığı 15 may 1909-cu il tarixli 49 saylı şəhadətnamədən bilinir ki, o, jurnalın əməkdaşı və təmsilçisidir. Bu jurnalda Cəfər Axundovun bir sıra yazıları nəşr edilib.

Cəfər Axundov 1913-cü ildə Romanovlar sülaləsinin 300 illiyi münasibəti ilə Rusiyada verilən amnistiyadan sonra ana vətəninə qayıda bilib.

Əli Səbri Qasımov – Qori Seminariyasının ən istedadlı yetirmələrindən biridir. Dövrünün mütərəqqi fikirli ziyalılarından olan Qasımov “Molla Nəsrəddin” jurnalında da çalışıb. Rus ədəbi mühitini çox gözəl bilib və hətta Tolstoyun ata mülkünə onunla görüşə də gedib.

Abdulla Abdullayev – 1907-ci ildə Nehrəmdə anadan olub. Naxçıvan Muxtar Respublikası və Azərbaycan Respublikasının əməkdar həkimi olub.

Mehdi Bağırov - 1915-ci ildə Nehrəmdə anadan olub. Çox güclü həkim-cərrah olan Mehdi Bağırov Azərbaycanın əməkdar həkimi, Lenin ordeni, “Qırmızı ulduz”, Xalqlar dostluğu və sair ordenlərlə təltif edilib.

Əsəd Əliyev -1918-ci ildə anadan olub. Dövrünün böyük maarif xadimi kimi tanınıb. Azərbaycanın əməkdar müəllimi fəxri adına layiq görülüb. 

Hümmət Hacıyev - 1935-ci ildə Nehrəmdə anadan olan neftçi-geoloq, geologiya -minerologiya elmləri namizədi, Azərbaycanın əməkdar geoloqu, 30-a qədər elmi məqalənin, 3 ixtiranın müəllifidir.

Həbib Rzayev - 1923-cü ildə Nehrəmdə dünyaya göz açan Həbib Rzayev bu kəndin daha bir general yetirməsidir. Ədliyyə general-mayoru olub, İkinci Dünya Müharibəsinin iştirakçısıdır, Naxçıvan Muxtar Respublikasının prokuroru vəzifəsində çalışıb.

Tofiq Rzayev - Nehrəmin daha bir alim yetirməsi də Tofiq Rzayevdir. O, texnika elmləri doktoru, professor elmi dərəcələrinə layiq görülüb.

Əli Əlirzayev -1945-ci ildə Nehrəm kəndində anadan olub, Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat İnstitutunun aspiranturasını bitirib. 1973-cü ildə iqtisad elmlər namizədi, 1985-ci ildə elmlər doktoru alimlik dərəcəsi alıb. 1973-1986-cı illəri ərzində Elmlər Akademiyasının İqtisad İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, şöbə müdiri vəzifələrində işləyib. 1986-1989-cu illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda elmi işlər prorektoru, 1989-1991-ci illərdə professor, 1997-ci ildə Milli Məclisin deputatı olub. 

Əli Əlirzayev həm də Heydər Əliyevin hakimiyyətə qayıdışı üçün müraciətə imza atan 91 nəfər tanınmış ziyalıdan biridir.

Əli Nuriyev - 1928-ci ildə anadan olan Əli Nuriyev Nehrəmin daha bir alim yetirmələrindəndir. O, kimya sahəsində çox nüfuzlu uğurların sahibidir. Kimya elmlər doktoru, professordur.

 


İbrahim İbrahimov - Bu gün adı daha çox mətbuatın gündəmində olan və İbrahim Nehrəmli kimi tanınan İbrahim İbrahimovun Nehrəm kəndindən olmasını demək artıq olar. Hamının Nehrəmli kimi tanıdığı iş adamı öz kəndlərində bir sıra xeyriyyəçi təşəbbüslərlə çıxış edib. Onun qardaşı, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovu da kəndin uğurlu yetirmələrindən saymaq lazımdır. 

Cabbar Həsənov -  Azərbaycan İmplantologiya Mərkəzinin sədri, cərrah-həkim Cabbar Həsənov 1963-cü ildə Nehrəmdə anadan olub. Hazırda əsasını qoyduğu İmplant-Dent Klinikasına rəhbərlik edir.

Şəmil Sadıq - filologiya elmlər namizədi, “Hədəf” nəşrlər evinin direktoru Şəmil Sadıq da Nehrəmin elmi istiqamətdə yetişdirdiyi kadrlardandır. O həm də bədii yaradıcılıq və kitab təbliği ilə məşğuldur. 

 


Rza İbadov - Milli Məclisin keçmiş deputatı, uzun müddətdir Londonda yaşayır,. O, 1991-ci ildə Lomonosov adına Moskva Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1990-1995-ci illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üzvü olub, eyni zamanda Gənclər və idman komissiyasının sədri işləyib. O, Londonda yerləşən ABŞ-ın Huron Universitetində beynəlxalq münasibətlər üzrə magistr, sonra Fransa Beynəlxalq Münasibətlər institutunun nəzdində fəaliyyət göstərən Strateji və Diplomatik Tədqiqatlar Mərkəzində beynəlxalq münasibətlər üzrə doktorluq dərəcələri alıb.

ABŞ Hərbi Dəniz Donanmasının zabiti Nəimi Əmirəliyevi də kəndin fəxr edilə biləcək yetirmələrindən biri hesab etmək lazımdır.

Samir Cəfərov -  Hamının çox yaxşı tanıdığı və fərqli ifa tərzinə malik olan Samir Cəfərov Nehrəmin mədəni sahədə tanınan şəxslərindəndir. O, gənc yaşında Azərbaycanın xalq artisti fəxri adına layiq görülüb. Çox çətin operalarda əsas rolları ifa edib.

Elmin NURİ

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi