Modern.az

Conatan Sviftin “Qulliverin səyahəti” əsərindən bəzi məqamlar - III yazı

Conatan Sviftin “Qulliverin səyahəti” əsərindən bəzi məqamlar - III yazı

Ədəbi̇yyat

30 Avqust 2015, 12:18

 filologiya üzrə elmlər doktoru, professor

Conatan Svift adamları vəzifəyə seçəndə liliputlar ölkəsində hansı keyfiyyətlərə üstünlük verilməsi barədə yazır: “Hər bir vəzifəyə namizəd seçdikdə adamın zehni istedadından artıq əxlaqi sifətlərinə fikir verilir. Liliputlar belə bir fikirdədirlər ki, orta dərəcədə zehni inkişafa malik olan hər bir adam, bu və ya digər vəzifəyə qabildir. Axı tale ictimai işləri idarə etməyi hələ heç bir zaman elə dərin və mürəkkəb bir sirrə çevirməyi nəzərdə tutmamışdır ki, bu sirri yalnız bir əsrdə üç nəfərdən artıq doğulmayan böyük dahilər həll edə bilsinlər. Əksinə, liliputlar bu fikirdədirlər ki, doğruluq, yumşaqlıq və başqa bu kimi sadə xoş sifətlər, təcrübə və xeyirxahlıqla birlikdə hər bir insanı öz vətəninə xidmətkar bir adam edir. Belə bir adam xüsusi bilik tələb edən vəzifələrdən başqa, hər bir vəzifəni tuta bilər. Onların rəyincə, ən yüksək zehni istedad əxlaqi ləyaqəti əvəz edə bilməz. Onlar deyirlər ki: “Mühüm vəzifələri belə istedadlı adamlara tapşırmaqdan təhlükəli bir şey yoxdur. Xeyirxah məqsədlər güdən bir adamın cəhalətindən əmələ gələn səhvi həmişə asanlıqla düzəltmək olar. Amma öz nöqsanlarını gizlətməyi və heç bir cəza görmədən bunlara uymağı bacarmaq qabiliyyətinə malik oan bədniyyət bir adamın fəaliyyəti ictimai mənafe üçün çox böyük bir təhlükədir”.

 Mən öz təsvirimdə ölkənin köhnə, ən qədim adət və qanunlarını nəzərdə tuturam. Onlardan bir çoxu indi, demək olar ki, unudulmuşdur. Bir çox başqa ölkələrdə olduğu kimi, indi Liliputstanda da əxlaq kökündən pozulmuşdur. Bu da xalqın əslini itirməkdə olmasına bir əlamətdir. Məsələn, yüksək dövlət vəzifələrinə mahir kəndirbazları təyin etmək və ya ağacın üstündən çox zirəkliklə hoppanan, ya da onun altından sürünüb keçən adamlara xüsusi nişanlar vermək kimi eybəcər adət ilk dəfə indi hökmranlıq edən imperatorun babası tərəfindən tətbiq edilmişdir”. (Conatan Svift. Qulliverin səyahəti. Bakı, “Öndər nəşriyyat”, 2004, s.76-77)

 Conatan Svift kəşf etdiyi liliputlar ölkəsində gördüklərinin əsasında yazır:

“Kəşf etdiyim ölkələrə öz padşahım adından rəsmi surətdə yiyələnmək məsələsinə gəlincə, bu fikir heç bir zaman mənim başıma gəlməmişdir. Ancaq mən bu barədə fikirləşmiş olsaydım da, o zamankı vəziyyətimi nəzərə aldıqda bu rəsmiyyəti daha müvafiq bir zamana təxirə salmaqla yəqin ki, ağıllı bir iş görmüşəm.

Beləliklə, bir səyyah kimi mənə ediləcək yeganə töhmətə cavab verməklə, möhtərəm oxucularla axırıncı dəfə vidalaşır, öz Redrifdəki bağıma çəkilirəm. Orada mən gözəl quiqnqnmlar ölkəsi barədə xatirələrimdən ləzzət alacaq və yexuları mümkün oduğu qədər maarifləndirməyə çalışacağam. Tez-tez güzgüdə öz əksimə baxacaq və beləliklə, özümü, mümkün olarsa, tədricən insanların üzünə baxa bilməyə öyrəşdirəcəyəm, vətənimdəki quiqnqnmların vəhşi halda qalmalarının dərdini çəkib, mənim nəcib ev sahibim, onun ailəsi, dostları və bütün quiqnqnmlar nəslinə hörmət olaraq onlara həmişə rəğbət bəsləyəcəyəm; çünki bizim atlar bədənlərinin quruluşuna görə onlara bənzəmək şərəfinə nail olmuş, ancaq təəssüf ki, zehni qabiliyyətləri cəhətdən onlardan xeyli geridə qalmışlar. Keçən həftədən arvadıma mənimlə bir yerdə, uzun stolun o biri başında süfrəyə oturmağa icazə verməyə və mənim suallarıma (mümkün qədər qısa) cavab verməsinə razı olmağa başlamışam. Hərçənd yaşlı bir adama öz köhnə vərdişlərindən əl çəkmək çətindir, ancaq mən ümid edirəm ki, bir müddətdən sonra qonşularım olan yexularla bir yerdə olmağa razılaşacağam və onların dişlərindən və dırnaqlarından çəkinməyəcəyəm.

Əgər yexular təbiətin onlara verdikləri nöqsan və ağılsızlıqlarla kifayətlənmiş olsaydılar, mənim üçün bütün yexu cinsi ilə barışmaq xeyli asan olardı. Məhkəmə məmuru, cibgir, təlxək, əyan, qumarbaz, siyasətçi, aradüzəldən, həkim, yalançı şahid, aldadıcı, xain və sair buna bənzər adamları görmək məni əsla əsəbiləşdirmir; çünki bunların varlığı tamamilə təbii bir şeydir. Ancaq mən başdan-başa nöqsan və xəstəliklər içində olan bir heyvanın bütün bunlara bir də qürur və lovğalıq əlavə etdiyini gördükdə daha səbrim tükənir. Mən belə bir heyvanın qürur və lovğalıq iddiasına necə düşdüyünü heç bir zaman anlaya bilməyəcəyəm. Şüurlu bir məxluqu ziynətləndirə bilən, bütün xeyirxahlıqlara malik olan ağıllı və xeyirxah quiqnqnmların dilində hətta bu nöqsanları ifadə edən sözlər də yoxdur. Amma mən öz təcrübəmin çoxluğu sayəsində vəhşi yexuların arasında qürur və lovğalığın bəzi əlamətlərini seçə bilmişdim.

Lakin mən iki əlim olduğu ilə nə qədər öyünürəmsə, ağlın hakimiyyəti altında yaşayan quiqnqnmlar da öz yaxşı sifətləri ilə o qədər öyünürlər. Heç bir ağıllı adam heç bir zaman bununla lovğalanmaz, doğrudur, bunlardan biri olmasa, o, çox bədbəxt ola bilər. Mən bu məsələ üzərində ona görə çox durdum ki, gücüm çatdığı qədər ingilis yexuları cəmiyyətini özüm üçün dözümlü bir hala gətirmək istəyirəm. Buna görə də qürur və lovğalıq nöqsanları ilə azacıq da olsa ləkələnmiş şəxslərdən xahiş edirəm ki, gözümə görünməyə cürət etməsinlər”. (Conatan Svift. Qulliverin səyahəti. Bakı, “Öndər nəşriyyat”, 2004, s.329-330)


Conatan Svift “Qulliverin səyahəti” əsəri ilə XVIII əsr burjua-dvoryan İngiltərəsini, onun dövlət quruluşunu, qayda-qanunlarını, adət-ənənələrini tənqid edir. Eyni zamanda hakim siniflərin riyakarlığını, müftəxorluğunu, amansız olmalarını, öz mənafelərini və mənfəətlərini güdmələrini ifşa edir. O, Qulliverin səyahəti əsasında onun başına gələnləri, acınacaqlı vəziyyətləri verir. İmkan tapan kimi yazıçının özünün, yəni Sviftin istehzalı, kinayəli, səlis, mövqeyi hiss olunur. O, müftəxorlara, parazitlərə, rüşvətxorlara öz nifrət və qəzəbini gizlətməmişdir. Müəllif bu əsəri yazarkən macəra-xatirat ədəbiyyatdan, uydurma səyahətnamələrdən, nağıllardakı cırtdanlardan, nəhənglərdən istifadə etmişdir. Conatan Svift bu romanın üzərində altı ildən artıq işləmişdir. Svift Liliputustanı təsvir edərkən liliputların boyunun Qulliverin boyundan on iki dəfə kiçik olduğunu nəql edir. Ona görə də liliput dərziləri üçün Qulliverə kostyum hazırlamaq və ona ev tapmaq çətin, böyük bir zəhmət hesabına başa gəlir. Beləliklə, Svift eyham və işarələrlə liliputlar ölkəsi ilə İngiltərə arasındakı oxşar cəhətlərin olduğunu qeyd edir. Hətta hər iki ölkədəki adət və ənənələr də eynidir. Hətta liliputlar ölkəsində də xırdaca cırtdanlar böyük iddiaya düşürlər. Onlar şöhrətpərəstlik, xudbinlik, sərvət toplamaq iddiasında olurlar. Öz balaca krallarını dünyanın ən böyük hökmdarı sayırlar. Liliputlar ölkəsində yaşayanlar bir-biri ilə vuruşur, mübarizə aparır, intriqalara qoşulur, hətta daxili müharibələrə girişirlər.

Yazıçı liliputlar ölkəsindəki bənzərliklə İngiltərədə olan bənzərlik arasında digər yaxınlıqları da göstərir. Məsələn, liliputlar ölkəsində də bir-birinə zidd olan siyasi partiyalar var. Liliputlar ölkəsində olan siyasi partiyalar bunlardır: hündürdaban tərəfdarları və alçaqdaban tərəfdarları. Bunlar ingilislərdəki tori və viqlər partiyasına bənzəyir. Çox qəribə məsələlərlə bağlı onların arasında problemlər yaranır. Hətta yumurtanı iti ucundanmı, yoxsa küt ucundanmı sındırmaq lazımdır? Bu barədə razılığa gələ bilmirlər. Bununla da Svift ictimai-siyasi hadisələrə işarə edir.

Romanın ikinci hissəsində Qulliverin nəhənglər ölkəsindəki macəraları təsvir edilir. Qulliver özü  liliputa dönür və nəhənglər ölkəsində əzab və əziyyət çəkir. Bununla da Svift idarə sistemini, dövlət quruluşunu tənqid edir. Maraqlıdır ki, liliputların həyatı, məişəti Qulliverə miskin görünürdü. Eynilə nəhənglər ölkəsində insanların həyatı krala miskin görünür.

Svift əsərin ikinci hissəsində İngiltərədə siyasi xadimlərin satqınlığını, azad seçkinin olmamasını, məhkəmədə olan özbaşnalığı, süründürməçiliyi və s.-ni tənqid edir.

Romanın üçüncü hissəsində Qulliverin müxtəlif uydurma ölkələrə səyahəti təsvir edilir. Məsələn, Laputa, Balnibarbi, Laqqneqq, Qlabbdobdrib, Yaponiya. Qulliver Balnibarbidə olan zaman yerli filosofla görüşür. Qulliver belə söyləyir: “Bədbəxtlər elə üsullar axtarırlar ki, onların vasitəsilə padşahları inandırsınlar, onlar da öz nədimlərini ağıllı, qabiliyyətli və xeyirxah adamların içərisindən seçsinlər, nazirləri ümumi rifahın qayğısına qalmağa öyrətsinlər, yalnız cəmiyyətə görkəmli xidmətlər göstərən adamları mükafatlandırsınlar; padşahları inandırsınlar ki, onların həqiqi mənfəətləri ləyaqətli adamlara tapşırılmalıdır”.

Svift zəhmətkeşləri hörmətə layiq hesab edir: “Eyni tarlada bir sünbül və ya bir ot əvəzinə ikisini bitirməyi bacaran hər kəs insanlığa və öz vətəninə bütün siyasətçilərin bir yerdə etdiklərindən daha artıq xidmət etmiş olur”. Ancaq bu da faktdır ki, Svift şəri, böhtanı, ədalətsizliyi, riyakarlığı, ikiüzlülüyü, boşboğazlılığı və digər neqativ halları aradan qaldırmaq sualına cavab tapa bilmir. Bəşəriyyət yarandığı gündən belə neqativ hallar olub və olacaqdır. Neqativ halları aradan qaldırmaq sualına cavab axtarılıb və axtarılacaqdır. Ancaq bunlar hələ də öz həllini tapmayıbdır. Svift Qulliverin dili ilə deyir: “Hər varlının müqabilində mindən artıq yoxsul var. Açıq-aşkar söyləmək olar ki, bizim xalqın çox böyük əksəriyyəti miskin həyat keçirir”. Beləliklə, Svift Qulliverin dili ilə məsləhət görür ki: “Padşahların və nazirlərin köməyi olmadan da keçinmək mümkün ikən onlara etibar edilməməlidir”.

Svift istehza ilə Laqudodakı Böyük akademiyanın alimlərinin mənasız layihələr hazırladığını, boş xəyallarla məşğul olduqlarını istehza ilə təsvir edir. Svift elmə fayda verməyənləri, zamanla, dövrlə ayaqlaşmayan elmi tənqid edir. Belələri həmişə olub, indi də var.

Romanın dördüncü hissəsində qəhrəman xəyali olaraq quiqnqnmlar ölkəsinə düşür. Həmvətənlərinə sübut etmək istəyir ki, onlar çox pis, miskin yaşayırlar. Qulliverin yadına “mədəni” həmvətənləri düşür. İkiayaqlı vəhşilər olan yexular bunu onun yadına salırlar. Yexuları gördükdə o, “mədəni” həmvətənləri ilə onların arasında müqayisə aparır. Atlar ona daha mehriban görünür, nəinki “insani” adamlar. Onların dilində yalan anlayışı yoxdur. İnsanlıq isə kökündən xarab oub, insanlıq simasını itirib, insanlar yexulara çevrilibdir.

 Svift bu əsəri ilə bir məsələni də təsdiq edir. O da mövcud həyatdır. Həyat var və ona ümidi itirmək olmaz. Sviftə görə, “Nəhayət, ağıl kobud qüvvəyə qalib gələcəkdir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı