Modern.az

Mədəni insanların ömrü boyu oxuduğu KİTAB

Mədəni insanların ömrü boyu oxuduğu KİTAB

30 Avqust 2015, 12:58

Təxminən 20 ilin söhbətidir. Orta məktəb dərsliklərinin birində ilanı Seyid Əhməd əli ilə tutmaq istəyən bir müəllif dərsliyin lüğətlərdən bəhs edən yerində uşaqlardan (9-cu sinif şagirdlərindən) soruşurdu ki,"evinizdə Azərbaycan dilinin izahlı lüğəti varmi?". Və bundan sonra öz hökmünü (qəti və təntənəli sözünü) bildirirdi: "Azərbaycan dilinin izahlı lüğəti hər bir mədəni ailədə olmalıdır. Yoxunuzdursa, xahiş edin, valideynləriniz tapsınlar".
Dərslikdən bu sözləri oxuyan uşaq, təbii ki, mədəni ailədə yaşamaq istəyi ilə  atasını qəflət  yuxusundan oyadıb, deyəcəkdi:

Ata,ata, get,mənə  bir  kitab al -
Dilimizin izahatlı lüğəti.
Müəllim tapşırıbdır,
Etiraza yox  kimsənin cürəti.

Ata da,yəqin ki,ürəyində müəllimi danlaya -danlaya düşürmüş mağazaların canına.
O vaxtlar  bu kitabları mağazalarda  axtarmaq  qızların  arzusunda olduqları "Evdarlıq"  kitabını axtarmağa bərabər idi.
  
Qısa bir dilçilik arayışı

Lüğətlərin əsasən 2 növü var:
1) filoloji lüğətlər (bunlara linqvistik lüğətlər də deyirlər. Dilçilik lüğəti deyənlər də var)
2) ensiklopedik lüğətlər

Filoloji lüğətlərin növləri: orfoqrafiya lüğətləri, orfoepiya lüğətləri, tərcümə lüğətləri, omonimlər lüğəti, sinonimlər lüğəti, antonimlər lüğəti, çətin sözlər lüğətləri, alınma sözlər lüğətləri, İZAHLI LÜĞƏTLƏR və s. (Mövzumuza aid olduğu üçün axırıncını fərqli şriftlə yazdım-N.N.)

Ensiklopedik lüğətlərdə və ya ensiklopediyalarda əşya, hadisə, yaxud anlayış hərtərəfli aydınlaşdırılır. Burada müxtəlif şəkillərdən, xəritə ,diaqram, sxem və düsturlardan da istifadə edilir. Tarixi qədimdir. Çoxlarının "Qırmızı kitab" kimi tanıdığı 10 cilddən ibarət olan "Azərbaycan sovet ensiklopediyası"nın ilk cildi 1976-cı ildə çap olunun. İlk cild Rəsul Rzanın rəhbərliyi altında nəşrə hazırlansa da, kitabda  Rəsul Rzanın bu işdəki  fəaliyyəti  öz əksini tapmayıb.

Kitab çapa gedən vaxtlarda  P.Rza  "yersiz danışığa görə" işdən çıxarılmışdı. Bu cəzadan bir neçə il sonra ona "Sosialist  Əməyi  Qəhrəmanı" adı verildi.

Azərbaycan Sovet Ensiklopediyasınnin 10 cildində 50 mindən artıq  məqalə  verilib.

İndi keçək əsas məsələyə. Sualı təkrar edirik:  

Evinizdə Azərbaycan dilinin izahlı lüğəti varmı?



Bu söhbət başlayanda  bizim evdə  Azərbaycan, inğilis və rus dillərində 5000 mindən artıq  bədii, filoloji və  tibbi  kitablar, lüğətlər, müxtəlif sahə ensiklopediyaları olsa da, “Azərbaycan dilinin izahlı lüğəti"nin cəmi 2 cildi vardı (deməli, mədənilik əlamətinin faizi 50% idi). Sonralar əlim əsə-əsə III cildi də aldım. IV cildi almağa cəsarət etmədim: evdə uşaqlqrın kitablarına yer yox idi.
Azərbaycan dilinə daİr izahlı lüğət tərtibinə 1945-1946-cı  illərdə başlanıb. İzahlı lüğətin materiallarının nəşrinə isə 1949-cu ildən başlanıb.
Azərbaycan dilinin izahlı  lüğətinin rus qrafikası ilə  mükəmməl  nəşrinin I cildi 1964-cü ildə  (üz qabığında 1965) çap  olunub.
II cild - 1980,  III cild -1983-cü ildə, son cild 1987-ci ildə nəşr olunub. Dörd cilddə 57 min söz aydınlaşdırılıb.
Latın qrafikalı son nəşrlərdə  sözlərin sayı daha çoxdur.

                                                                            ****
İzahlı  lüğətlərərdə sözün bütün mənaları aydınlaşdırılır. Sözün hansı mənada, hansı sahədə və nə  məqsədlə işləndiyi göstərilir. Professor Afad Qurbanov dünya dilçilərinin fikrinə şərik olaraq yazır ki, "izahlı lüğətin əsas məqsədi  dilinin  lüğət tərkibindəki  hər bir sözün  mövcud mənasını, məna variantlarını, müxtəlif məna incəliklərini izah etmək, onun zəngin, nə kimi lüğəti imkanlara malik olduğunu  aydınlaşdırmaqdır, yazılı və şifahi dildə  leksik vahidlərin yerinə görə düzgün işlədilməsinə  və bunun da əsasında  ədəbi dilin hərtərəfli inkişaf etdirilməsinə, zənginləşdirilməsinə xidmət etməkdir".
                                                                                                                                         
 V sinin Azərbaycan dili dərsliyində (Əziz Əfəndizadə, Bəşir Əhmədov.  "Azərbaycan dili " dərsliyi  ,  V  sinif, Bakı, 1994, səh . 54)   linqvistik (dilçilik,filoloji)i lüğətlərdən  məlumat verilən səhifədə bu fikir daha aydın izah olunur:

"İzahlı lüğətlərdə sözlərün leksik mənaları izah olunur".

Biz hansı sözlərin mənasını bilmirik? Şəxsən mən "intellektual" sözünün mənasını 1972-ci ildə öyrənmişəm. Səhv eləmirəsə, bu sözü Ağamusa Axundovun "Kommunist" qəzetindəki bir yazısından oxumuşdum. "Diletant" sözünü  hətərən-pətərən danışan bir alimə deyiləndə öyrənmişdim. "Mentalitet" sözünü də çox gec oyrənmişəm. Mən oxuyan kənd müəllimləri inciməsinlər, onlar biz oxuyan illərdə lüğətlərdən çox nadir hallarda istifadə edirdılər.

90-cı illərin əvvələri idi.  Bakıda bir rus dili müəllimi var idi. Rus dilindən dərs desə də, rus dilini yaxşı bilmirdi. Direktor onu yola verirdi. Çətin vaxtlar idi: başını ağrıtmaq istəmirdi.  Rus dili müəllimi yaxın dostum idi. Bir dəfə yavaşca başa saldım ki, qardaş, oxumaq heç vaxt  gec deyil. Qırx yaş nədir ki...   hər gün  həm  rus dilinin, həm də Azərbaycan dilinin izahlı lüğətindən 5-6 söz öyrənsin. İncəvara, sözümü yerə salmadı.  Uşaqlarını da bu öyrənmə  prosesinə qoşdu. İndi  qızı da, oğlu da məsul vəzifə sahibləridir.

"İncəvara" sözünün mənasını  bilmirsiniz? Narahat olmayın. Lüğətə baxmışam: nitq hissəsinə görə  modal söz, sintaksisdə-ara sözdür, məhəlli sözdür. "Yaxşı ki", "xoşbəxtlikdən" mənasına uyğundur. Başqa məna da incələyib tapmaq olar. Şamaxı tərəflərdə çox işlənən sözlərdəndir.

Mübahisə etməyin. Mübahisə etməyin ki, "təfəkkür" sözünü hamı bilir. Şəxsən mən bu sözü 1991-92-ci illərdə öyrənmişəm.

Çapayev (indiki Təbriz) küçəsi ilə qırmızı tramvayların şütüyən vaxtları idi. Dəmir yolu işçiləri hazırlayan texniki-peşə məktəbinin ikimərtəbəli  binasında bir  universitet açmışdılar. Yaxşı bir ad da tapmışdılar - TƏFƏKKÜR UNİVERSİTETİ. Bu sözü qoca da öyrənməyə başladı, cavan da. (Tramvay "Təfəkkür"ə gedir? “"Təfəkkür"də saxla, ay bala”). Deməli, "təfəkkür" sözü hamı tətəfindən elə o vaxtlardan başlayaraq işlədilir.
     
Bəlkə də, cavan jurnalistlərdən biri  bu yazını oxuyandan sonra əlində mikrofon "təfəkkür" sözünün  mənasını  Təbriz küçəsi 19-un qənşərində kimlərdənsə soruşacaq. 100% əminəm ki, 10 adamdan beşi bu sözü bilməyəcək. İzahlı lüğətə baxanların isə, təbii ki,problemləri olmayacaq.

"Əhmədin qoyunlarının ağılı da var, tövləsi də".  Yox, çaşmadım.  Bizim  başımızla bağlı "ağıl" sözümüz bizim deyil, ərəbdən gəlmədir, artıq çoxdan milliləşib, "əql", "aqil" sözləri ilə eyniköklüdür. O ki qaldı o biri "ağıl"a, hə, o bizim  öz sözümüzdür,  türk mənşəlidir. Məsələn: Böyük ağıla doldurulmuş quzular uzaqdan gələn sürünü görüb, mələşirdilər (İ.Əfəndiyev).
 
Türk mənşəli  "ağıl" sözü  "Dədə Qorqud"da işlənən yaxşı sözlərdəndir. "Dədə Qorqud"a  ortaq çıxan qardaşlarımız, hətta "Dədə Qorqud"un  Bakıda keçirilən 1300 illik  yubileyində Dədə Qorqud haqqında rus dilində odlu-alovlu çıxış edən Nazarbayev də  o vaxtlar bu sözün mənasını bildiyinə inanmıram, şübhə edirəm.  Bəlkə elə bizim çoxumuz bilmir ki, "Dədə Qorqud"dakı "ağıl" - "içərisində  mal-qara, qoyun  saxlamaq üçün  ətrafı tikan və ya ağac ilə  hasarlanmış üstüaçüq yer"  mənasındadır. İnanmıram ki, "Dədə Qorqud"a iddiası olan  qardaşlarımız
"Qaraca Çoban  qara qayğılı yuxu görəndən sonra  diksinib, ayağa qalxdı, qoyunların ağılını bərkitdi" cümləsini rus dilinə tərcümə edə bılələr.

Rus leksikoqrafları hər il rus dilinə daxil olan sözlərin  lüğətini  hazırlayıb, nəşr  edirlər. Azərbaycan dilinə də ildə  yüzlərlə söz daxil olur. Ruslara baxıb, gərək biz də dilimizə daxil olan  sözlərin sanballı üğətini hazırlayaq.  

Biz bildiyimiz hansı sözlərin mənasını bilmirik?

Sözümün canı var. Bəzən bizə elə gəlir ki, nitqimizdə işlətdiyimiz bütün sözlərin mənasını bilirik. Bir az fikirləşəndən sonra görürük, yox, bilmədiyimiz hələ çoxdur. Gərək belə məqamda cığallıq etməyək, bir bəhanə ilə izahlı lüğətə baxaq.
 
... Bahalı bir  maşının yanında iki qadın və imtahandan  təzəcə çıxdığı hiss olunan iki  oğlan  hamının eişdə biləcəyi  tərzdə mübahisə edirdi. Sən demə, rusdilli bu analardan birinin oğlu imtahanda "ecazkar " sözündə çaşıb qalıbmış....
 Sözün mənasını bilməyəndə onun sinonimini, başqa dildə olan qarşılığını, dubletini axtarın, onu hissələrə ayırmağa çalışın,cümlədə işlədin.  
   
Ciyərparası "Ecaz" sözündə karıxan, o bahalı maşın sahibi övladı  hələ V sinifdə oxuyanda 50-60 manat verib  ona  izahı lüğət alsaydı, o uşaq indi  anasının üstünə çımxırmazdı. "Ecazkar " kimi  deyəndə sözü  o dəqiqə, bəlkə də o saniyə başa düşürük, anlayırıq.  Elə ki sözü kökə və şəkilçiyə ayırırıq,  həmin sözün  quruluşca düzəltmə olub, olmamasını yoxlayırıq, deyəsən, iş  bir balaca çətinləşir. Çətindirsə, yenə də izahlı lüğətə baxaq. Baxaq da...

"Azərbaycan dilinin izahlı lüğətinin  latın qrafikalı yeni nəşrinin  (Bakı,"Şərq-Qərb", 2006 ) "E" hərfi ilə başlayan  dördüncü sözü "ecaz"dır. (cildin 4-cü səhifəsi. Sol tərəfdəki səhifədə leksikoqrafiya (lüğətçilik) sahəsində adı-sanı olan 4 alimin adından sonra dilçilik mübahisələrini həll etməyə qadir olan , dünyanın tanıdığı bir  alimin adına rast gəlirik:

"Nəşrə hazırlayanı, təkmilləşdirəni və redaktoru: Azərbaycan Milli Elmlər Akademiyasının  müxbir üzvü (indi AMEM-in həqiqi üzvüdür, akademikdir-N.N.) filologiya elmləri doktoru, professor Ağamusa Axundov.

Lüğətin kimə tapşırıldığı məlumdur. İndi keçirik əsas məsələyə.

Ecaz - isimdir. Ərəb mənşəlidir. Möcüzə, misli görünməmiş şey, xariqə mənasını verir. Məsələn: Onun işi ecazdır, ecaz. (Ə.Haqverdiyev).
Dünyada sənətin yeddi ecazından biri olan  "Tac-Mahal" məqbərəsi buradadır. (M.İbrahimov).
Ecazlar yaradır, hünər göstərir.(M.Rahim).
 
Dilimizi yaşatmaq üçün hər gün ana dilində danışmaq lazımdır. Ana dilini yaxşı bilən Biləcəriyə də gedər, Biləcəridən o yana da... 

Bilmədiyimiz bir neçə bildiyimiz söz

Tüllab -  tələbə oğlanlar 
Təfəkkür - fikir sözündəndir
Təxəyyül - xəyal sözü ilə eyni kökdəndir
Məntiq - nitq ilə ilgilidir
Mədrəsə - dərs prosesi ilə əlaqəlidir
Nazim - nəzm
Mənsur - nəsr
Ovdan - su qabı
Nigah - fars mənşəlidir; baxış, nəzər 
Nikah - ərəb mənşəlidir; evlənmə,izdivac
Zükur - "zəkər" sözünün cəmidir. !) erkəklər "2) kişilər
Ünas - "ünsa"nın cəmidir, qadınlar, qızlar   
Əyyam - "yövm"in cəmi - 1) günlər 2)  zaman ,dövr                                                                                  
Sözün sonu. Bu  izahlı lüğət  ki var, çətin məsələdir. ..Amma oxumalıyıq. Dilimizi  yaxşı öyrənməliyik. 

Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi
 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir