Modern.az

“Sənə bir sirr açajam...”

“Sənə bir sirr açajam...”

Ədəbi̇yyat

31 Avqust 2015, 13:46


Dostum, yazıçı-publisist Salman Alıoğlunun 60 yaşına “cərimə zərbəsi”...


“Salman, salam.

Mən sənə bu məktubu Masazırdan yazıram...

Sən onu, yəqin ki, Ceyranbatanda oxuyacaqsan...

Amma belə olmamalıydı...

Biz elə indi, yayın son günlərində Ağdamda olmalıydıq... Mən bu şənbənin günortasında durub Seyidlidən Əlağalıya gəlməliydim... Sənin 60 yaşını Xaçının qırağında, göy çəməndə, o qohumun gətirdiyi nübar tut arağından asta-asta vuraraq qeyd etməliydik...

...İlk badələri öz sağlığımıza içdikdən sonra, pəh-pəhlə ağzını silib arağı tərifləməyə başlamalıydın: “Ə, bu baldı, ə, bu ceyran südüdü, ə, bunnan dünyada yoxdu. Kaş Qarabulağın suyuyla çəkiləydi. Gör onda necə olardı?!”

Sonra da dəqiqəbaşı bir az havalı, bir az nisgilli tərzdə “uşaq vaxtı, bax bu çayın qırağında...” deyib 60 illlik bir sirrin intizarında saxlamalıydın məni...

...Davam etdirə bimirəm bu məktubu. Sənə deyəcəklərimi və səndən deyəcəklərimi “obraz”ını son hekayələrindən birinə daxil etdiyin özündənrazı jurnalist dostumuzun sevdiyi “epistolyar janr”da bir araya gətirməyə çətinlik çəkirəm.

Sənə deyəcəklərim elə bu qədərdi: kaş Ağdamda olaydıq!

Səndən deyəcəklərim isə səni tanıyanlar və tanımayanlar üçündür...”

...İkimərtəbəli qədim binanın üst qatında “Tarix-diyarşünaslıq muzeyi”, az qala, zirzəmi sayılacaq alt qatında rayon mətbəəsi yerləşirdi. 1978-ci il dekabrın 1-də burada linotipçi (poliqrafiyada “kompüter inqilabı”nın tarixin arxivinə göndərdiyi peşələrdən biri) kimi işə başlayanda mən artıq Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakültəsinin qiyabi şöbəsinin birinci kurs tələbəsi idim. Elə birinci iş günündə öyrəndim ki, bu azsaylı kollektivdə universitetin daha iki qiyabiçi tələbəsi də var. Həmin qiyabiçilərdən biri çapçı Salman Babayev idi. Filologiya fakültəsinin dördüncü kursunda oxuyurdu və rayonun ədəbi-ictimai mühitində yaxşı tanınırdı: həm hekayələri, həm də yerli qəzetdə müntəzəm dərc olunan yazıları ilə...

Sözün açığı, onun “metal səhifələri” çap dəzgahına bərkitməsinə, qəzetin siqnal nüsxələrini məsul katibə təqdim etməsinə uzaqdan maraqla baxmağım ilk iş günümün yaddaşımda hələ də canlandıra bildiyim nadir epizodlarındandır. O da yadımdadır ki, mənim mətbəədə zühur etməyim rayon miqyasındakı şöhrətinə həsəd apardığım bu gəncin heç vecinə deyildi.Mən tərəfə qətiyyən nəzər yetirmirdi. Redaksiyanın təcrübəli əməkdaşları ilə sərbəst və bir az təkəbbürlü danışdığı da diqqətimdən yayınmamışdı.İlk təəssüratım çox bədbin idi, “nə qaraqabaq, nə yekəxana adamdır” - deyə düşünmüşdüm... 

Mən həmin anda Salmanın hansı çətinliklərlə üzləşdiyindən, hətta hər səhər kənddən çıxıb bəzən sınıq-salxaq avtobusda, bəzən yük maşınlarının cırıltısından qulaq tutulan banında 25 kilometrlik kələ-kötür yolu necə gəldiyindən,  xəbərsiz idim...

Bunları az sonra biləcəkdim... Onu da biləcəkdim ki, yaşadığı bütün çətinliklərə rəğmən Salman sınmamağa, özünü şax tutmağa, gələcəyə ümidlə baxmağa, daim nikbin olmağa özündə möhkəm təpər tapıb.

Hər bir insan yaradıcıdır... Fransız filosof Jan-Pol Sartrın məşhur sözləri ilə desək, insan, ilk növbədə, özünü yaradır və bununla da gələcəyini müəyyənləşdirir. Bu mənada mənim tanıdığım insanlardan özünü yaratmaq istedadı ilə seçilənlər arasında Salman ilk yerlərdən birini tutur.

Üzləşdiyi məhrumiyyətlər səbəbindən Filologiyanın 4-cü kursundan tərk etdiyi universitetə bir neçə ildən sonra yenidən qayıtması - özü də bu dəfə Jurnalistika fakültəsinə qəbul olunması onun təkcə bilik və qabiliyyətinin deyil, həm də məqsədyönlülüyünün, mübarizliyinin göstəricisi idi.

Uzun illər mətbəədə adi çapçı işləməsinə, bəzən qəzetin çapının gecikməsi, bəzən də sadəcə imkansızlıq üzündən elə iş yerindəcə gecələməsinə baxmayaraq, özünü daim tox tutur, qürurlu aparır, fəal jurnalistika ilə, bədii yaradıcılıqla məşğul olurdu. Redaksiyaya təqdim etdiyi yazılarda aktual sosial məsələlərdən cəsarətlə söhbət açır, müxtəlif sahələrdəki uğurları və problemləri özünəməxsus orijinal üslubda qələmə alırdı. Oçerk də yazırdı, reportaj da, xəbər də... Üstəlik, redaksiyanın nəzdindəki ədəbi dərnəyin fəallarından idi... Hətta deyərdim ki, 1980-ci illərdə Ağdamda ədəbiyyat maraqlısı olan bir çox gənclər və yeniyetmələr üçün Salman Babayev, bir növ, yerli kumir idi. Sonralar jurnalistikada və ədəbiyyatda özlərini təsdiq edən iki tanınmış dostun - o vaxt orta məktəb şagirdləri olan Yusif Rzayev və Vahid Qazinin çay süfrəsində onun ədəbi söhbətlərinə necə həvəs və heyranlıqla qulaq asdıqlarının şahidiyəm...

Yei gəlmişkən: Salman ailə səadətini də mətbəədə tapdı:  30 ildən artıqdır ki, birgə ömür-gün sürdüyü vəfalı həyat yoldaşı Nubar xanım da iş yoldaşımız idi.  Təməlində saf məhəbbət dayanan bu izdivacdan doğulan Röya və Bəhruz özləri indi ailə, övlad sahibləridir, əziz valideynlərinə 4 şirin-şəkər nəvə də bəxş ediblər...

Mətbəədən sonra Salmanla “Lenin yolu” rayon qəzetində də birlikdə işləməli olduq. Mən universitet diplomumu ondan qabaq almışdım, Kommunist Partiyasının da üzvü idim. 1987-ci ildə mətbəədə fəhləlikdən birbaşa qəzetin məsul katibi təyin edilmiş, həmçinin, redaksiya-mətbəə ilk partiya təşkilatının katibi seçilmişdim... O vaxtkı meyarlarla əməlli-başlı vəzifə sahibi idim... Az sonra redaksiyada boşalan ədəbi işçi ştatına Salmanı götürməyi redaktorumuz Bəbir Hüseynovdan xahiş etdim. Sağ olsun, xahişimi yerə salmadı: bu ştatda gözü olanların hamısından Salmanın daha qabiliyyətli və peşəkar olduğunu isbatlamağa ehtiyac yox idi.

...Ölkədə yenidənqurma başlamışdı.

...Az sonra Qarabağda - Xankəndində iğtişaşlar, Ağdamda mitinqlər başlayacaqdı.

...Daha sonra 1990-cı ilin 20 Yanvarı olacaqdı.

Və biz - Salman Babayev, Surxay Əlibəyli və mən rayonun rus-Sovet hərbi komendantlığının nəzarəti altında olduğu bir vaxtda “Ağdam” adında o dövrün bəlkə də ilk müstəqil müxalif qəzetini çıxaracaqdıq. Ölkənin, respublikanın, rayonun, ən başlıcası, Sovet dövlətinin neqativlərini bu qəzetdə açıq mətnlə ifşa etməyə çalışacaqdıq...

“Ağdam”ın çap edilmiş nüsxələrinin bir hissəsini yaya bilsək də, əldə qalanını yandırmalı olduq. Çünki eşitdik ki, hərbi komendantlıq qeyri-leqal fəaliyyətimizdən xəbər tutub. Düzdür, bizi qorxudan-filan olmadı, amma Sovet xofu öz təsirini göstərdi... Baxmayaraq ki, ölkə dağılmaqdaydı...

1990-cı ilin iyulunda “Qarabağ” qəzeti fəaliyyətə başladı. Yeni yaradılan və Ağdamda yerləşən redaksiyada Salmana publisistika şöbəsinin müdiri vəzifəsi həvalə edildi. Həmin ilin sentyabrında mən “ali partiya təhsili” almaq üçün Bakıya köçdüm... Lakin təhsil almaqla yanaşı, bir müddət məsul katib kimi “Qarabağ” qəzetində də işləməli, nəşrin Bakıda çapını təşkil etməli oldum... Bu vaxt Salman artıq Qarabağ savaşının içərisində idi, hər gün həyatını təhlükə altında qoyub erməni təcavüzkarların mühasirəsindəki kənd və qəsəbələrimizə baş çəkir, onların rəşadətli sakinlərinin həyatı və mübarizəsi haqqında respublika ictimaiyyətini operativ məlumatlandırırdı. Qarabağ savaşının ən qızğın, “Qarabağ” qəzetinin ən populyar vaxtlarında Salman əsl peşəkarlıq nümunəsi göstərirdi, ən müxtəlif ekstremal vəziyyətlərdə vəzifə və yaradıcılıq borcunu şərəflə yerinə yetirirdi: mühasirəyə düşmək, girov götürülmək təhlükəsi də yaşayırdı, ermənilərin törətdikləri çoxsaylı vəhşiliklərin də şahidi olurdu.

Qarakənd səmasında Azərbaycanın dövlət adamlarını Xocavəndə aparan vertolyotun vurulmasından xəbər tutub, özünü dərhal hadisə yerinə çatdıran, bu cinayətin nəticələrini öz gözləri ilə görən və əsl həqiqəti qələmə alan ilk jurnalistdir Salman...

Qarabağ müharibəsi haqqında həqiqətləri Salman sonralar qəzet səhifələrindən kitablara köçürüb. İndiyədək nəşr etdirdiyi, təkcə publisistik özəlliyi ilə deyil, həm də tarixi əhəmiyyəti ilə seçilən 5 kitabın (“Müharibə”, “Ayrılıq olmayaydı”, “Bura Vətəndir”, “Göz yaşı qurumur”, “Yeri görünən insan”) əksəriyyətinə bu bitməyən müharibənin onun həssas qəlbini yaralayıb keçən ağrı-acıları hopub.

Bu ağrılar arasında torpaq və vətən itkisi ilə yanaşı doğma qardaş itkisi də var. Ağdamın Kolanı obalarının müdafiəsində könüllü iştirak edən böyük qardaşı Telman düşmənlə döyüşdə şəhid olub. Onun ailəsinin, beş körpə övladının qayğısını da Salman çəkib...

1993-cü ildə biz yenidən iş yoldaşı olduq: bu dəfə “Respublika” qəzetində... Qarabağ bölgəsi üzrə müxbir kimi Salman yenə cəbhə bölgəsində yaşayıb işləyir, hərbi və mülki həyatın ən aktual, ən maraqlı hadisələrindən yazırdı. Bu qəzetdə işlədiyimiz dövrün heç unuda bilmədiyim bir xatirəsi: 1993-cü ilin yayında kollektivlə birgə  Şamaxıya, Pirquluya istirahətə getmişdik. Möhkəm yeyib-içib, dincəldikdən sonra axşamçağı geri - Bakıya qayıdırdıq. Pirquludan bir xeyli aralandıqdan sonra arxadakı maşının qəfildən dayandığını, Salmanın yerə düşüb yaxınlıqdakı yenicə şumlanmış dəmyə torpağa sarı getdiyini gördük. Biz də maşını saxladıq. Təxminən 10-12 nəfərlik dəstədə hamı əvvəlcə təəccüb, sonra kədərlə Salmanın şumlanmış torpağı qucaqlayıb hönkürməsinə tamaşa edirdi. Bir neçə dəqiqə heç kim ona yaxınlaşmadı... Ağdamın işğalından, bu torpaq uğrunda canını qurban vermiş qardaşının ölümündən cəmi bir il keçmişdi... Uzun illər sonra Salman hekayələrindən birində kövrək ruhlu bir qəhrəmanının dili ilə belə deyəcəkdi: “Hər dəfə şum görəndə işğaldakı kəndimiz yadıma düşür. Ə, mən kişi döyüləm, sən öl, babam hüllükçü Qaranın ruhu haqqı, bizdən kişi olmaz. Bunu yadında saxla”. Torpağı,  doğma yurdu qoruya bilməmək xəcalətini qəlbində və yaddaşında hər an yaşadan insanlardandır Salman Babayev... Bu xəcalətdən çıxmaq üçün isə 60-ında, 70-ində belə  düşmən qarşısına çıxmağa hazırdır.

...İctimai-siyasi vəziyyətlə əlaqədar “Respublika” qəzetinin fəaliyyətində yaranmış uzunmüddətli fasilə zamanı Salman gənclik dostu Aqil Abbasın “Ədalət”inə “sığındı”, jurnalist fəaliyyətini bir neçə il bu qəzetdə davam etdirdi.

1996-cı ildə görkəmli ədəbiyyatşünas alim və jurnalist, gözəl insan Teymur Əhmədovun baş redaktorluğu ilə “Respublika”nın nəşri bərpa olunduqdan sonra o, yenidən Qarabağ üzrə bölgə müxbiri vəzifəsinə qayıtdı... 18 ildir ki, bölgənin ictimai-siyasi, iqtisadi-mədəni həyatını fəal şəkildə qəzetdə işıqlandırır. Onun gördüyü işin əhəmiyyətindən danışmağa, müxbirlik fəaliyyətini qiymətləndirməyə, təbii ki, mənim haqqım çatmaz. Amma bunu əminliklə deyə bilərəm ki, Salman işlədiyi qəzetə də, mənsub olduğu peşəyə də öz bölgəsində hörmət və etimad qazandırmağı bacaran jurnalistdir. Bəzi nadürüstlərin jurnalist adı və vəsiqəsi ilə bölgələrdə oyun çıxardıqları bir vaxtda bu peşənin nüfuzunu qoruyub saxlamağın nə qədər çətin olduğunu arif oxucuya izah etməyə ehtiyac görmürəm...

Salmanın bədii yaradıcılığı isə ayrı bir mövzudur ki, burda onu açmağa və təhlil etməyə, sadəcə, imkanım yoxdur. Yalnız bir  xırda nüansı qeyd edəcəyəm: onun qəhrəmanları da özü kimi bəzən çox emosional, bəzən dözülməz dərəcədə sakit, amma hər zaman səmimi insanlardır, üstəlik, əhval-ruhiyyələri necə olur-olsun, onun içərisinə mütləq incə bir yumor, zarafat qatmağa da  adətkardırlar.

Elə mən də bu yazının əvvəlini Salmanın “Cərimə zərbəsi” hekayəsinin motivləri əsasında quraşdırmışam... Onun 60 yaşında bu “zərbə”ni səmimiyyətlə qəbul edəcəyi ümidi ilə deyirəm: “Sənə bir sirr açajam, qardaş... Amma 70-i gözləyək!”

Elşən ƏLİYEV
“Azərbaycan işıqları” qəzetinin baş redaktoru

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir