Modern.az

“Bu kitabları oxu” – Əkbər Qoşalının tövsiyə etdiyi kitablar- RUBRİKA

“Bu kitabları oxu” – Əkbər Qoşalının tövsiyə etdiyi kitablar- RUBRİKA

Ədəbi̇yyat

31 Avqust 2015, 14:31


Modern.az  “Bu kitabları oxu” adlı  rubrikasını davam etdirir.

Rubrikada mütaliəsinə görə seçilən şəxslər özlərinin sevdiyi və başqalarına tövsiyə etdiyi kitab onluğunu tərtib edir və o kitabların oxunmasının vacibliyinin səbəblərini açıqlayırlar.

Bu dəfə tanınmış şair-publisist Əkbər Qoşalı özünün çox sevdiyi kitabları tövsiyə edir:  

“Əlbəttə, hər oxucunun öz sevimli kitabı, izlədiyi yazar, doğma mövzusu var. Ancaq rubrikanızın, necə deyərlər, mandatını, missiyasını belə başa düşürəm ki, deyilənlər, məsləhətlər cəm şəkilçisi ilə müşayiət olunan cavablar olmalıdır. Bir say altda birdən çox kitab adı çəkilirsə, bu qərarsızlıq deyil, daha çox kitabı “onluğ”a sığdırmaq cəhdidir, necə deyərlər, sayın genişləndirilməsinin qeyri-səlis məntiqidir...

Kitab məsləhət görmək həm də sorumluluqdur. Mən bu kitabları məsləhət görərdim:   Dədəm Qorqudun Kitabı, yaxud Kaşğarlı Mahmudun “Divanü Lüğat-it-Türk”ü (Bakı, “Ozan”-2006. Prof.dr. Ramiz Əskərin uyğunlaşdırmasında); Qurban Səidin ünlü “Əli və Nino”su - “niyə”si oxuyanlara bəllidir, oxumayanlar həm də bu suala cavab taparlar. Milli kimlik və ölkəmizin yerləşdiyi bölgə, qonşu xalqlarla münasibətlərin mənzərəsini yaradan, qeyri-adi obrazlar təqdim edən kamil bir əsərdən danışırıq.

Əziz Alpoudun “Həyatımın hekayələri” əsəri. Mərhum Zakir Sadatlının nəşrə hazırladığı bu kitab, dövlətçiliyimiz uğrunda fədakarlıq edən çiləli bir ömrün səhifələrini vərəqləməyə imkan verir; Prof.dr. Rövşən Mustafayevin elmi rəhbərliyi ilə hazırlanmış “Erməni cinayətləri (XIX-XXI əsrlər) – müxtəsər xronoloji ensiklopediya. – O ensiklopediya ki, “...ola bilsin, dəyişməkdə olan dünya qəddarlığı izah etməyə daha qadir deyildir... lakin yalnız bir şey mümkün deyil – bu kitab qorxub vahiməyə düşməyə, mütiliyə heç vaxt çağırış olmayacaqdır...” deyir; Qutsal kitablar, özəlliklə “Quran” (akademiklər Ziya Bünyadovla Vasim Məmməd­ə­li­yevin çevirməsində);

Bunlardan başqa, belə demək mümkünsə, bir sıra fərqli ilgi alanlarını da çevrələyən digər universal kitablara keçid almaq istərdim: Fərabinin (Əbu Nəsr Əl-Fərbi Ət-Türki) “Elmlərin təsnifatı” əsəri (“Adiloğlu” - 2006); yaxud Qəzalinin (Əbu Hamid əl-Qəzali) “Qəlblərin kəşfi” (“Şərq-Qərb”-2011) əsəri.

Fərabinin əsəri, adından da göründüyü kimi, elmlərin fəlsəfəsi, başqa sözlə ayrılması (müstəqilləşməsi, diferensasiyası) mövzusunu açır;

Qəzalinin əsəri isə psixologiya, özəlliklə, İslam psixologiyasına güzgü tutur, sosial mühitin mahiyyətinin, mümkün təsirlərinin özəlliklərinə diqqət yetirir, fərdi davranışların mənəvi motivlərini açır. Buraya Amerikalı araşdırmaçı Ronda Bernin “Sirr”i yaxud Azad Mirzəcanzadənin “İxtisasa giriş”ini əlavə edərdim... – Bu iki kitabı daha çox gənclərə məsləhət görərdim. Hər iki kitabı fərdi inkişaf üçün, inamlı, ümidli olmaq üçün, qürurla ləyaqətin universal (qızıl) ortamını bula bilmək baxımından gərəkli sayıram; Gəncəli Nizaminin əsərləri - Xəlil Rza Ulutürkün çevirməsində (örnəyi, “İdel-Print”də 2011-ci ildə çıxmış “Lirika. “Sirlər xəzinəsi”. “Yeddi Gözəl”...”); Əfqan “Şahlar şahı” (Bakı, “Gənclik” – 2003) tarixi-əfsanəvi romanı; Oktay Salamzadənin “Əsrlərin sirri” romanı; yaxud Hikmət Babaoğlunun “Akdamardan Sarı gəlinədək erməni yalanı” kitabı (Bakı-2011). – Bu əsərlər tariximizin ədəbiyyatla süslənməsi, ədəbiyyatımızın tarixiləşməsi baxımından diqqət çəkən olduğunu düşünürəm.

Bu yerdə, Ceyms Oldricin “Diplomat”ını (Cəlal Nuhovun çevirməsində) qeyd etmək istərdim...

“Diplomat” romanında 1940-cı illərdə İranda, özəlliklə Güney Azərbaycanda demokratik hərəkat zamanı böyük güclər arasındakı mənafe toqquşmaları təsvir edilib. Piplomat olmuş ingilis yazıçısının bu əsərindəki baş qəhrəman (Mak-Qreqor) bir anlama müəllifin özüdür; Aşıq Hüseyn Bozalqanlının “Əsərləri”, yaxud seçmə aşıq şeirləri antologiyası. Məncə, Azərbaycan oxucusunun “menyü”sündə aşıq poeziyası mütləq olmalıdır;

İsa Hüseynovun (Muğanna) “İdeal”ı, yaxud Asif Əfəndiyevin (Ata) “Müdriklik səlahiyyəti”. Nə qəribdir, hər iki qüdrətli fikir adamı – yaradıcılıqlarının müəyyən mərhələsində Muğanna olan Hüseynov da, Ata olan Əfəndiyev də, adları çəkilən əsərlərdən, yaxud onların öncəki nəşrlərindən (ömürlərinin son illərindən yenilənməmiş variantlarından) imtina ediblər...

Buna baxmayaraq, mən oxucu olaraq, o əsərlərin dadını-duzunu unutmamışam, o üzdən məsləhət verə biləcəyim kitablar sırasında yer alırlar; İmadəddin Nəsiminin, Şah İsmayıl Xətainin əsərləri (Akademik nəşrlər). Bu ulu adları, onların əsərlərini Azərbaycan söz mülkünün yalnız incəliklərinə deyil, daha çox  üfüqünə vaqif olmaq üçün məsləhət görərdim;

Lev Nikolayeviç Tolstoyun “Anna Karenina”sı... Viktor Hüqonun “Səfillər”i, Cek Londonun, Ernest Heminqueyin əsərləri, Çingiz Aytmatovun, demək olar bütün əsərləri, özəlliklə, “Dəniz qırağı ilə qaçan alabaş”ı, “Əsrə bərabər gün”ü...

Bu əsərlər ədəbi dahilik örnəkləridir, ədəbiyyatın zərif gücünü parlaq şəkildə göstərən əsərlərdir. (Siyahıya Den Braunun “Da Vinçi Şifrəsi” romanını (yaxud “İtmiş simvol”unu) da əlavə etmək olar. – Neotik bilim, antik gizlinlər, şifrələr və “saxlanılmış gerçəklər” barədə bilgili olmaq istəyənlər üçün...)  

*** Beləliklə, mənim “genişləndirilmiş onluğ”um cılxa şəkildə yazası olsaq, bu formada sıralanır:

1.0. Dədəm Qorqudun Kitabı;

1.1. Kaşğarlı Mahmud, “Divanü Lüğat-it-Türk”;  

2.0. Qurban Səid, “Əli və Nino”;

2.1. Əziz Alpoud, “Həyatımın hekayələri”;

2.2. “Erməni cinayətləri (XIX-XXI əsrlər) – müxtəsər xronoloji ensiklopediya;

3. Qutsal kitablar, özəlliklə “Quran”;  

4.0. Fərabi “Elmlərin təsnifatı”;

4.1. Qəzali “Qəlblərin kəşfi”;

4.2. Ronda Bern “Sirr”;

4.3. Azad Mirzəcanzadə “İxtisasa giriş”;

5. Gəncəli Nizaminin əsərləri;

6.0. ƏFQAN “Şahlar şahı”;

6.1. Oktay Salamzadə “Əsrlərin sirri”;

6.2. Dos.dr. Hikmət Babaoğlu “Akdamardan Sarı gəlinədək erməni yalanı”;

6.3. Ceyms Oldric “Diplomat”;

7.0. Aşıq Hüseyn Bozalqanlının “Əsərləri”

7.1. Seçmə aşıq şeirləri antologiyası.

8.0. İsa Hüseynov (Muğanna) “İdeal”;

8.1. Asif Əfəndiyev (Ata) “Müdriklik səlahiyyəti”;  

9.0. İmadəddin Nəsiminin əsərləri (Akademik nəşr);

9.1. Şah İsmayıl Xətainin əsərləri (Akademik nəşr);

10.0. Lev Nikolayeviç Tolstoy “Anna Karenina”;

10.1. Viktor Hüqo “Səfillər”;

10.2. Cek Londonun, Ernest Heminqueyin, Çingiz Aytmatovun... əsərləri;

10.3. Den Braun, “Da Vinçi Şifrəsi” (yaxud “İtmiş simvol”)...”  

Elmin NURİ      

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?