Modern.az

“Məşhur filmlərdən məşhur sitatlar” – “Qayınana”nın dillər əzbəri olan sitatları – “Gəlin mənim süpürgəmdü”

“Məşhur filmlərdən məşhur sitatlar” – “Qayınana”nın dillər əzbəri olan sitatları – “Gəlin mənim süpürgəmdü”

1 Sentyabr 2015, 11:00

“Qaynana” filmi tamamilə məişət məsələlərinin yalnız bir üzünü (gəlin-qayınana münasibətləri) işıqlandırsa da, çox bəsit süjet xəttinə malik olsa da, Azərbaycan kinosunun ən şedevr obrazlarından biri bu filmdə yaranıb. Söhbət təbii ki, böyük aktrisa Nəsibə Zeynalovanın yaratdığı qayınana - Cənnət xala obrazından gedir. 

Filmin üzünü ağardan iki detaldan da biri məhz budur. Digəri isə SSRİ-nin ən güclü bəstəkarlarından biri Tofiq Quliyevin filmə bəstələdiyi musiqilərdir. Təsadüfi deyil ki, film elə iki mükafatı bəstəkar musiqisi, bir də Cənnət xala roluna görə alıb. Elə həmin Cənnət xalanın dilindən səslənən bəzi cümlələr sonradan məşhur sitatlara çevrilib, bu gün də yeri gələndə istifadə edilir:

Beləliklə, Modern.az saytı “Məşhur filmlərdən məşhur sitatlar” rubrikasından bu dəfə 1978-ci ildə rejissor Hüseyn Seyidzadə tərəfindən çəkilən “Qayınana” filminin məşhur sitatlarını təqdim edir:

“Gəlin mənim süpürgəmdü. Harada qoydum, orada da qalmaludu”

Əvvəlcə təbii ki, filmin vizit kartı olan Cənnət xala obrazının məşhur sitatlarını təqdim edəcəyik. Film demək olar ki, onun üzərində qurulub. Yerdə qalan bütün rollar isə birmənalı şəkildə Cənnət xalanın kölgəsində qalır. Obraz gəlininə qarşı sərtdir, yaşlı insanlara xas olan konservativlik onda yetərincədir. Təsbeh, sandıqca və başqa bu kimi şeylər onun mentalitetdən uzaqlaşa bilmədiyini göstərir. Nəsibə Zeynalova isə Cənnət arvadın həyatını şedevrcəsinə yaşayır:

“Mən o qayınanalardan deyilem, gəlib mənim süpürgəmdi, harda qoydum, orda da qalmaludu” sitatı bu gün çox qayınanaların köməyinə çatıb. Bəziləri bunu hətta atalar sözü kimi də qəbul edir.

“Mən bu evin yiyəsiyəm, ağasıyam, xanımıyam. Bir sözüm iki olmamalıdı” deyən Cənnət xala gəlininə şikayət edərək “ölü yerinə gedə bilmirəm, diri yerinə gedə bilmirəm” deyir.

Onun bu şikayətləri belə hamının gülüş hədəfinə çevrilir və sonradan zərbi-məsələ dönür. Cənnət xalanın başqa şikayətləri də bu günün sevilən sitatlarındandır:

Atasının gülünü dərmişəm, balasından da gülab çəkəcəyəm”  (Səfura İbrahimovanın canlandırdığı Sədaqətə nəvəsindən şikayət edərkən) deyir.

“Adam öz evinin xanımı da olar, qulluqçusu da, “Öyü döndərib köhnə qəbiristanlığa, yatanda da yuxuma kəllə girir”, “Mən ki, aləmə car çəkməmişəm, mənim oğlum qalayçı qızını alıb”, (Sevda ilə dalaşarkən deyilən məşhur sitatlar).

Cənnət xalanın “ay arvaddan qorxan biqeyret” dediyi oğlu Ayaz bir musiqiçi olaraq çox alicənabdır. O,  yalnız anasının deyinən vaxtında “hirslənmə ay arvad, yoxsa qırışların çoxalar” deyərək araya zarafat qatmaq istəyir.

Filmdə digər maraqlı xətt isə Cənnət xalanın qardaşı oğlu Əlidir. Sırf  bazar adamı olan Əli üçün (Tələt Rəhmanov) ən əsası puldur və pul naminə də kiməsə fırıldaq gəlmək onun üçün problem deyil.

İndi yığışaceylər bura, kəllə dolu, cib boş” deyən Əlinin əsil üzü Cənnət xala ilə dialoqda aşkarlanır. Maraqlıdır ki, cəmi bir neçə dəqiqəlik dialoqda deyilən sözlər bu gün də dillər əzbəridir.

“Pulları çin-çin bibi, sir-sifəti cin bibi”,  “necə-necə ay avara”dan sonra “dedim göyərçin bibi” replikaları bu gün çoxlarının əzbər bildiyi sitatlara çevrilib.

Cənnət xala ilə Əli arasındakı dialoqdakı başqa məşhur sitatlar bunlardır: - İşün düşəndə gör necə yalvarırsan. Amma Allah eləməmiş, qulaqlara qurğuşun, düşəm öləm, bir içim su da verməzsən mənə.

- Adə, sən bəgəm arvad saxlayan yetimsən.

- Sənə söz deyə bilmərəm, ağzun yırtıqdu.

 - Adə bu quzniççodu.

Əli də cavabsız qalmır:

“Sənin qardaşın oğlu Əlinin aptek büdkəsini bağlayan hələ anadan olmayıb” cavabı bu gün də çox işlənir.

Filmdəki ikinci konflikt isə “təzə gəlin” Afətlə  Cənnət xala arasında yaşanır. Cənnət xalanın dediyi bəzi məşhur sitatlar da bu konflikt zamanı yaranıb. Gəlin gəlməmişdən qabaq “Maşın-maşın cehizi var, gəlinimin ay gəlinimin” deyən cənnət xala sonradan çox təəssüflənir.


“Onu aton doğub, yoxsa anon əkib”, “onbarmağa gedib, nənəsi üçün kəfən almağa”, “ağəz, o quş döyül e, xalis bayquşdu”, “adam ayda neçə kərəm mamasından olar”, “ görüm təsbeh sahibi ona qənim olsun, qənim” kimi şikayətdən yaranan fikirlər bu günün ən sevilən sitatları sırasındadır.

 “Qaynana” filmini təbii ki, peşəkarlıq nəzərindən Azərbaycan kino tarixinin şedevrlərindən saymaq olmaz. Amma bu gün də sevilir. Buna səbəb isə nə rejissorun verdiyi quruluş, nə də Məcid Şamxalovun yazdığı “Qaynana” pyesidir. Sadəcə, peşəkar aktyor oyunu əksər filmlərimizi bu gün də yaşadır.

Çox təəssüflər olsun ki, həmin sənətkarlar sovetin diktə etdiyi zəif filmlərdə oynamağa məcbur oldular...  

Elmin NURİ          

 
Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı