Modern.az

“Qonağımız var...” - “65 yaşımda üç dəfə işsiz qalmışam” - RUBRİKA

“Qonağımız var...” - “65 yaşımda üç dəfə işsiz qalmışam” - RUBRİKA

Ədəbi̇yyat

1 Sentyabr 2015, 16:03


Modern.az
saytında “Qonağımız var...” adlı yeni rubrikanın ilk qonağı publisist, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlıdır.

- Salam Gülhuseyn müəllim, işləriniz necədir?

- Çox sağ olun. İş elə gətirib ki, 65 yaşımda üç dəfə işsiz qalmışam. 40 ilə yaxın dövlət qulluğu stajım var. İşsiz qalan vaxtlarımda, yazı-pozu, publisistika köməyimə gəlir. İndi də bir kitab üzərində işləyirəm.

- Sirr deyilsə, mövzu nədir?

- Mən hal-hazırda XIX əsr Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, pedaqoq, maarifçi, ədib, görkmli xeyriyyəçi Əsgərağa Adıgözəlov Gorani haqqında kitab üzərində işləyirəm.

- Bu mövzu haradan ağlınıza gəldi?

- Əsgərağa Adıgözəlov Gorani, yuxarıda qeyd etdiyim kimi, ictimai fikir tariximizin görkəmli nümayəndələrindən olub. Dram əsərləri yazıb, publisist yazıları var, pedaqoji fəaliyyətlə məşğul olub, eyni zamanda məmurdur, indiki Goranboyda, Gəncədə müxtəlif dövlət vəzifələrində işləmişdir ki, kitabda bu haqqda daha əhatəli məlumatlar yer alacaq. Geniş və əhatəli təhsil alıb, Moskvada Kənd Təsərrüfatı Akademiyasında Həsən bəy Zərdabi ilə bir yerdə oxuyub.

Mən Azərbaycan Pedaqoji İnstitutunda oxuyarkən çox görkəmli müəllimlərdən dərs almışam. Akademik Feyzulla Qasımzadə, akademik Əbdüləzəl Dəmirçizadə, İsmayıl Şıxlı, Xəlil Rza belələrindəndir. Onların arasında nisbətən cavan olan Xeyrulla Məmmədov bizə XIX əsr Azərbaycan ədəbiyyatı tarixindən mühazirələr oxuyurdu. Mühazirələri olduqca odlu-alovlu idi. Dövrün bütün görkəmli ədibləri, ictimai xadimləri Mirzə Ələkbər Sabir, Mirzə Fətəli Axundov, Mirzə Şəfi Vazeh, İsmayıl bəy Qutqaşınlı, Həsən bəy Zərdabi, Abbas Səhhət, Seyid Əzim Şirvani, Əhməd bəy Ağaoğlu kimi dahilərlə bərabər Əsgər Ağa Gorani haqqında da geniş mühazirələr oxuyurdu. Beləliklə, mən Əsgərağa Adıgözəlov Gorani haqqında hələ tələbəlik illərindən məlumatlı idim. Sonralar, dəqiq desək, 1976-cı ildə görkəmli ədəbiyyatşünas Kövsər Tanrıverdiyeva Əsgərağann həyatı, ədəbi, pedaqoji və teatr fəaliyyəti haqqında tutarlı monoqrafiya yazıb çap etdiribr.

Lakin Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivində araşdırma apararkən Kövsən xanımının əlyazmaları içərisində belə bir fikrə rast gəldim: “...həyatı və ictimai fəaliyyəti indiyə qədər lazımınca öyrənilməmiş Əsgərağanın həyatı və yaradılıcığı geniş tətqiqata möhtacdır. Əsgərağanın Azərbaycan xalqının qarşısında olan ictimai-ədəbi və pedaqoji fəaliyyətini dərindən öyrənmək və zəngin ədəbi irsini tətqiq etmək Azərbaycan mətbuatı, ədəbiyyatı və pedaqoqika tarixinin tətqiqatı üçün çox faydalı olardı”.

Mən də öz kitabım üçün onun ictiami fəaliyyətini əsas istiqamət kimi seçmişəm. Əsgərağa Gorani ədib, pedaqoq, tərcüməçi olmaqla bərabər, həm də ictimai xadim, görkəmli xeyriyyəçidir. Onun Azərbaycan mətbuatının yaradıcısı Həsən bəy Zərdabi ilə yaxın əlaqələri olub. Bir birilərinə yazdıqları məktubları mövcuddur. Əsgərağa Adıgözəlov Gorani məşhur “Garabağnamələr” əsərinin müəllifi Mirzə Adıgözəl bəyin nəvəsidir.

- Kitab üzərində iş necə gedir?

- Fürsətdən istifadə edib Dövlət Ədəbiyyat və İncəsənət Arxivinin direktoru Maarif Teymurova minnətdarlığımı bildirirəm. Arxiv araşdırmaları zamanı mənə xeyli kömək etdi. Gələcəkdə Moskva, Sankt Peretburq və Tiflis arxivlərində qəhrəmanıma məxsus fondlar üzərində işləməyi planlaşdırırıram. Əsgərağanın yaşadığı şəhərlərdə olacam, müasir Azərbaycanın görkəmli elm və mədəniyyət xadimlərinin, tarixçilərin bu görkəmli şəxsiyyət haqqında fikirlərini qələmə alacam. Tiflisdə yaşadığı binaların, Gəncədə ona məxsus binaların fotolarını çəkəcəyəm.

- Belə binalar bu gün də mövcuddurmu?

- Bəli Gəncədə şəxsən özüm ikisini tanıyıram. Onu da qeyd edim ki, məndə bu kitaba marağı eyni zamanda vaxtılə birlikdə işlədiyimiz, Əsgərağa Goraninin nəticəsi olan bir yaxın dostum yaradıb.

- Sirr deyilsə o şəxs kimdir?

- İnşallah, kitab çap olanda görəcəksiniz. Qeyd edim ki, 2017-ci ildə Əsgərağa Adıgözəlov Goraninin anadan olmasının 160 ili tamam olur. Çalışacam ki, kitab bu görkəmli şəxsiyyətin 160 illik yubileyinə bir töhvə olsun. Onu da demək istəyirəm ki, bu elmi yox, publisistik bir yazı olacaq.

- Sizə uğurlar diləyirik.

- Çox sağ olun.


Əsgər ağa Gorani

Elmin Nuri

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü