Modern.az

“Azərbaycan tarixi”ndə Qacarlara ögeyliyin səbəbləri - I Yazı

“Azərbaycan tarixi”ndə Qacarlara ögeyliyin səbəbləri - I Yazı

Ədəbi̇yyat

2 Sentyabr 2015, 11:10

Bu gün mövcud olan “Dünya tarixi”ndə, o cümlədən bir çox dövlətlərin “tarixi”nin özündə də kifayət qədər anlaşılmazlıqlar vardır. Bu da  ondan irəli gəlir ki, “Dünya tarixi” və ayrı-ayrı dövlətlərin “tarixi” ilk baxışda faktlar (bir çox hallarda bu “fakt”ların özü də mübahisəlidir) əsasında yazılsa da, sonuc etibarilə milli, siyasi, iqtisadi, dini və başqa maraqlar “tarixi” yönəldir, ideolojiləşdirir. Bu anlamda Azərbaycan tarixi, İran tarixi, Türkiyə tarixi, Ermənistan tarixi, Rusiya tarixi, İngiltərə tarixi, Misir tarixi və digər ölkələrin tarixi də, ilk baxışda tarixdir. Amma bu ölkələrin hər birinin “tarixi” ayrı-ayrılıqda əsasən, digər ölkələrin tarixiylə uzlaşmır. Özəlikllə, burada torpaq iddiaları, mədəniyyət iddiaları varsa, ya da keçmiş zaman içində bir çox hallarda hansısa imperiyaların tərkib hissəsi olublarsa, “tarix”in özü yenidən tarixləşdirilir. Bu məsələ həddən artıq mürəkkəbdir. Sadəcə, mövzumuzla bağlı olduğu üçün deyə bilərik ki, istənilən bir dövlət maraqlarına uyğun olaraq hətta, faktiki tarixin özünü belə bir çox hallarda tarixdən uzaqlaşdırır, yeni bir formaya salır.

Məncə, bu cür mürəkkəb, dolaşdırılmış “tarix”lər arasında Qacarlar dövlətinin, Qacarlar İmperiyasının tarixi də var. Dogrudur. Qacarlar çoxda uzaq olmayan bir dövrdə, yalnız rəsmi olaraq 1930-cu illərdə İran adlanan ərazidə hakimiyyət sürmüşlər. Qacarların hakimiyyəti də aşağı-yuxarı 150 ilə yaxın, təxminən 1780-ci illərdən 1925-ci ilədək sürmüşdür. Böyük bir ərazidə, özü də siyasi, etnik baxımdan olduqca mürəkkəb bir şəraitdə hakimiyyət sürmüş Qacarların tarixi həm bölgə tarixçiləri, həm də əcnəbi tarixçilər tərəfindən  çox dolaşdırlmışdır. Yenə də vurğulayıram ki, burada söhbət tarixi faktlarn dolaşdırlması, ya da saxtalaşdırlmasından getmir. Əsas məsələ Qacarların hakimiyyətdə olduqları dövrdə yürütdükləri milli, dini, iqtisadi, mədəni, siyasi taktikalardan gedir. Yəni Qacarların hakim olduqları ərazilərdə, idarə etdikləri dövlətdə hansı ideyalara xidmət etməsini bilməliyik ki, onların mahiyyətini və tutduqları yolu da aşkara çıxaraq.

Öncəliklə, Qacarların bir Türk sülaləsi olmasını nə “dünya tarixi”, nə də bölgənin türk, fars, ərəb və başqa tarixçiləri inkar etmirlər. Orta Çağdan etibarən, özəlliklə Azərbaycan Türk Mogolları hakimiyyəti dönəmindən Azərbaycan torpaqlarında Türksoylu Səfəvilər, Qaraqoyunlular, Ağqoyunlular, Əfşarlar kimi böyük qüvvəyə çevrilən Qacarlar (Kaçarlar) 17-18 əsrlərdə daha da gücləndilər. Azərbaycanın bir çöx bölgələrində (Gəncə, Qarabağ, Dərbənd, İrəvan, Tehran, Gürgan vəb.) sıx şəkildə yaşayan, eyni zamanda Səfəvilər dönəmində yerli hakimiyyətdə təmsil olunan Qacarlar, Səfəvilərin  süqutundan sonra (1736) daha çox özünü göstərməyə başlamışdır. Ancaq Səfəvilərin süqutu ərəfəsində başqa bir Türksoylu Əfşarların Nadir Şah başda olmaqla daha güclü mövqeyə və nüfuza malik olması bir müddət Qacarların İran və Azərbaycanda önə çıxmasını əngəlləmişdi. Amma bildiyimiz kimi, Əfşarların hakimiyyəti Nadir Şahın öldürülməsi (1747) nəticəsində uzun çəkməmiş, Qacarlar özlərinin əsas rəqiblərinin sıradan çıxmasından böyük ustalıqla yararlanmışlar.

Hələ, Nadir Şahın qurduğu  Əfşarlar İmperiyasının mövcudluğu dövründə böyük bir gücə çevrilən Qacarlar, Əfşarların hərbi uğurlarıyla müqayisədə dövlət qurmaq işlərində başarsızlığından çox ciddi nəticə çıxartdılar. Daha doğrusu, Qacarlar nəslindən olan Ağa Məhəmməd şah Qacar (d.1741/42-ö.1797) Nadir Şah faciəsininin təkrarlanması üçün ancaq hərbi savaşlarla kifayətlənmədi, digər tərəfdən tutduğu ərazilərdə Səfəvilər dönəminin dövlətçilik ənənələrinin bərpası üçün çox ağıllı siyasət yürütdü. Bu anlamda Ağa Məhəmməd Şah Qacarın yeni dövlətin qurulması naminə bir tərəfdən Türk soylu Əfşarlarla, farsoylu Zəndiləri sıradışı buraxması, digər tərəfdən Səfəvilərin davamçısı kimi çıxış edərək əski torpaqları mərkəzi hakimiyyət ətrafında birləşdirmək istəməsi məntiqli idi. Ağa Məhəmməd Şah Qacar çox bacarıqlı və ağıllı bir dövlət başçısı kimi anlayırdı ki, Səfəvilərin hakimiyyətdə olduğu ərazilərdə möhkəmlənməyənə qədər, onun dövlətinin ömrü qısa sürəcəkdir.  Bunun üçün isə, Nadir şahın əldə etdiyi hərbi ugurlar azdır, eyni zamanda dövlətin ideoloji əsaslarını möhkəmlətmək lazımdır.


Doğrudur, Ağa Məhəmməd şah Qacar Qacarlar dövlətini qurmaq naminə bir çox amansızlıqlar əl atmış, doğma qardaşlarının ölmünə belə fərman vermişdir. Amma bəllidir ki, onun qurduğu dövlətin sonrakı başçıları, bəlli səbəblərdən qardaşlarının övladları olmuşdur.  Bu anlamda Ağa Məhəmməd Qacar yalnız yeni bir dövləti qurmağa görəvləndirilmiş bir şəxsdir. O bilirdi ki, ondan sonra dövlətin baçısı qardaşlarının soyundan olan bir Qacar olacaq. Amma yenə də, o, bütün varlığını Qacarlar dövlətinin qurulmasına həsr edir. Çox maraqlıdır ki, yeni Türk dövlətinin paytaxtı da kiçik bir Türk şəhəri olan Tehran olur (1786). Deməli, Ağa Məhəmməd Qacar eyni zamanda Türk dünyasına yeni bir başkənd də bəxş etmiş olur.

Bütün bunlarla yanaşı Ağa Məhəmməd şah Qacarın Azərbaycan uğrunda apardığı savaşları müqəddəs savaşlar hesab edirəm. O, bu işdə birinci deyildi. Ağa Məhəmməd Qacardan öncə Aran, Babək, Qara Yusif, Uzun Həsən, Şah İsmayıl, Təhmasib şah, Nadir şah Əfşar və başqa türk öndərləri eyni addımı atmışdılar. Şah İsmayıl dünyaya hakimiyyətini Təbrizdə, Nadir şah və Ağa Məhəmməd Qacar isə Muğanda bəyan etmişlər. Çünki hər biri Türk övladları idilər. Eyni zamanda Azərbaycan türklüyün müqəddəs bir məkanı hesab olunurdu. Hansı Türk tayfası Azərbaycana sahib çıxırdısa, onlar digər əraziləri də hakimiyyəti altına alır, eyni zamanda bir dövlət olduqlarını sübut etmiş olurdular. Ağa Məhəmməd Qacarın da bütün Azərbaycanı ələ keçirmədən bir dövlət qurması mümkünsüz idi. Bu anlamda Ağa Məhəmməd Qacarın 1796-cı ildə demək olar ki, bütün Azərbaycana sahibləndikdən sonra Muğan düzündə qurultay keçirərək özünü şah elan etməsi təbii idi. Dogrudur, o, Nadir şah Əfşarın tacını başına qoymur və yeni bir tacla şah elan olunur. Buna səbəb də, bir tərəfdən Nadir şah Əfşarın uğursuz sonluğu, digər tərəfdən yeni tacda dünya hökmdarlığına yönəlik dörd lələkli işarəti idi. Eyni zamanda tacqoyma zamanı Ağa Məhəmməd Qacara Ərdəbildən Şeyx Səfi məqbərsindən gətirilmiş çutqabağı və şah qılınc da verilir. Özünü haqlı olaraq Səfəvi hakimiyyətinin davamçısı kimi görən Ağa Məhəmməd Qacar üçün Azərbaycan eyni dərəcə də əziz idi.

Amma Azərbaycan tarixində (7 cildliyin 3-cü cildində) istər Əfşarların, istərsə də Qacarların əski Qaraqoyunlular, Ağqoyunlular, Səfəvilər torpaqlarını birləşdirmək istəyi işğalçılıq kimi qələmə verilir. Hətta, Əfşarların süqutunu Azərbaycanda İran hakimiyyətinin süqutu kimi dəyərləndirirlər. Bu kitabı, “Azərbaycan tarixi”ni yazanlar üçün Əfşarlar da, Osmanlılar da, Ruslar da eyni dərəcə də işğalçıdırlar. Haradasa Rusların, hətta Osmanlıların işğalçılığını başa düşmək olar. Amma Əfşarlar, Qacarlar niyə işğalçıdırlar, bunu başa düşmək olmur!? Bu günün özündə də Şimali və Cənubi Azərbaycanın əhalisinin xeyli bir qismi türksoylu Əfşarlar və  Qacarlar nəslindəndirlər (Tehran, İrəvan, Gəncə vəb.). Üstəlik, Azərbaycanda bu Türksoylu tayfaların adını daşıyan onlarla kənd, çay, dağ, dərə, ərazi, insan adları vardır. Eyni zamanda, bu gün Qacarlar və Əfşarlar nəslindən olanlar Anadoluda, Xorasanda, Dərbəndə və başqa yerlərdə də yaşamaqdadırlar. Bu baxımdan bugünkü “Azərbaycan tarixi”ndə Sovetlər Birliyində yazılmış “Azərbaycan tarixi”ndə olduğu kimi, Türk sülalələrini Azərbaycan ərazilərində möhkəmlənmək istəməsini işğalçılıq kimi qələmə verib, hətta onları qaçaq-quldur adlandırması köləlik xüsusiyyətindən irəli gəlir. Özü də bunu, hansısa akadimklər yazırlar. Bədbəxtlər! Axı necə ola bilər ki, Azərbaycanda və digər ərazilərdə əsrlərlə hakimiyyət sürmüş, özü də qurucuları Azərbaycan türkləri olmuş Türk sülalələrinə öz tarixində yad münasibət olsun. Hətta, yad münasibətdən də ötəyə gedərək düşmənçilik ortaya qoyulsun və onlar aşağlansınlar. Çoz yazıqlar olsun ki, bu yalnız Qacarlar və onların dövlət başçılarıyla bağlı deyil.

Hər halda acınacaqlı haldır ki, 7 cildlik “Azərbaycan tarixi”ndə Türksoylu Səfəvilər imperiyası da öncə Azərbaycan Səfəvilər, daha sonra isə İran Səfəvilər dövləti olaraq verilir. Buna səbəb kimi də Səfəvi hökmdarı Şah Abbasın dövlətin paytaxtını Qəzvindən İsfahana köçürməsi, eyni zamanda Qızılbaşlara qarşı etimadsızlığı, fars köklü ana tərəfinə üstünlük verməsi və başqa amillər göstərilir. Məncə, “Azərbaycan tarixi”ni yazanlar və yaxud da uyduranlar, bir şeyi anlamaq istəmirlər ki, Türksoylu Səfəvilərin, Əfşarların, Qacarların İranda, Azərbaycanda, İraqda, Xorasanda  hakimiyyətdə olması heç nəyi dəyişmir. Çünki İran, İraq, Xorasan, Azərbaycan və başqa ərazilər Türk sülaləri üçün hakimiyyət əraziləri idi. Bu anlamda Şah Abbasın mərkəzi hakimiyyəti gücləndirmək üçün paytaxtı Türk Qəzvindən Fars İsfahana köçürməsi onun türklüyünü və dövlətin türk dövləti olmasını inkar edə bilməz. Belə çıxır ki, Şah Abbas paytaxtı Tiflisə köçürsəydi Səfəvilər Gürcüstan Səfəvilər dövləti olmalıydı. Baxmayaraq ki, Tiflisdə əski bir Türk və Gürcü şəhəridir.

Bu anlamda “Azərbaycan tarixi”ndə,   özəlikllə Əfşarlar və Qacarlara “İran” adı verilərək düşmən kimi baxılması son dərəcə yanlışdır. O zaman dövlətçilik qurmaq naminə Əfşarlar və Qacarlar üçün Azərbaycan hansı əhəmiyyəti daşıyırdısa, “İran” da onin kimi idi. Üstəlik, o zaman dövlətilik anlamında “İran” yox idi. Xorasan vardı, Azərbaycan vardı və s. Amma Azərbaycan mərkəzi dövlətin möhkəmlənməsi üçün çox önəmli yer tuturdu. Bütün Türk sülalələri (Səfəvilər, Əfşarlar, Qacarlar vəb.) hesab edirdilər ki, Azərbaycana sahib olmadan dövlətdən danışmaq mənasızdır. Dövlət dediyin, Azərbaycana sahib çıxmaq deməkdir. Bunu, Ağqoyunlular, Səfəvilər, Əfşarlar kimi Qacarlar da yaxşı anlayırdılar. Ona görə də, Ağa Məhəmməd Qacar nə olursa olsun, bütün Azərbaycan torpaqlarını mərkəzi dövlətin tərkib hissəsi kimi görürdü. Bəlkə, Ağa Məhəmməd Şah Qacar üzünü Hindistana, Çinə tutmalıydı?!. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər