Modern.az

Deputat olmaq istəməyən müğənnilərdən millət vəkillərinə İTTİHAM: “Onlara ehtiyac yoxdur”

Deputat olmaq istəməyən müğənnilərdən millət vəkillərinə İTTİHAM: “Onlara ehtiyac yoxdur”

Mədəni̇yyət

3 Sentyabr 2015, 11:25

Azərbaycanda noyabrın 1-də keçiriləcək növbəti parlament seçkilərində deputat mandatı əldə etmək üçün namizədliklərini irəli sürəcək şəxslər arasında müxtəlif təbəqələrin nümayəndələri var. Seçki marafonun qoşulmaq istəyən iddialıların sayı günbəgün artmaqdadır. Bu sırada sənət adamları da var.

Modern.az saytı Azərbaycan müğənnilərindən parlament seçkilərində namizədliklərini irəli sürüb-sürməyəcəklərini soruşub. 

Xalq artisti Nazpəri Dostəliyeva d
eyib ki, deputatlıq müğənni işi deyil: “Hər kəs gərək öz işi ilə məşğul olsun. İfaçı daha yaxşı olar ki, öz sahəsində çalışsın, xalqa dəyərli, yararlı gözəl musiqilər bəxş etsin”.

Əməkdar artist Tünzalə Ağayevanın sözlərinə görə, siyasətlə məşğul olmaq vaxtı yoxdur: “İfaçı gərək ancaq yaradıcılıqla məşğul olsun. Deputatlığa namizəd kimi qatılmaq fikrim yoxdur. Sənət adamının yeri məncə, səhnədir. Mənə olan etimadları yalnızca sənətimlə doğrultmağa çalışıram”.

Xalq artisti Flora Kərimova isə bildirib ki, 2005-ci ildə parlament seçkilərində iştirak edib, qalib də gəlib, lakin müxtəlif məsələlərlə bağlı problemlər yaşanıb. Onun sözlərinə görə, hətta yaşanmış problemlər məhkəmə yolu ilə öz həllini tapıb: “Haqqımı Avropa Məhkəməsi bərpa etdi. Bütün bu problemdən sonra artıq qətiyyətlə deyə bilərəm ki, deputat olmaq istəmirəm”.

Müğənni Röya Ayxan deyib ki, parlament seçkilərində deputatlığa namizəd olmaq kimi bir fikri yoxdur. Onun sözlərinə görə, hər bir insan öz işi ilə məşğul olsa, daha uğurlu iş ərsəyə gələr.

Qalmaqallı müğənni Əli Mirəliyev isə qətiyyətlə deputat olmaq istəmədiyini vurğulayıb: “Deputatlar xalqa nə xeyir veriblər?! Hər kəs öz sahəsində insanlara xeyir verə bilər. Əgər deputat doğrudan da xalqın mənafeyini güdən insan olarsa, nə gözəl. Ancaq reallıq bir qədər fərqlidir. Bəzi deputatların yalnızca adı var, başları pul qazanmağa qarışıb. Xalqın problemlərini həll etməkdənsə, ev, maşın almağı üstün tuturlar. Deputatlar heç nəyi həll etmir, bu cür iş görməkdənsə, heç görməsələr yaxşıdır. Düşünürəm ki, ümumiyyətlə, ölkədə deputatlara ehtiyac yoxdur. Başqa bir qurum yaradılsın və insanların problemlərini həll edəcək 5-10 nəfər orada toplaşsın”.

Əməkdar artist Ədalət Şükürovun fikrincə, deputat olmaq üçün gərək siyasətçi olasan, problemləri həll etməyi bacarasan:
“Bu baxımdan deputat olmaq olduqca çətindir. Bəzi deputatların yalnızca adı var, mənə elə gəlir ki, deputat elə olmamalıdır. Əgər deputat seçilirsənsə, dövlət işlərində yaxından iştirak edib xalqın qayğısına qalmağı bacarmalısan. Deputatlığa namizəd olmayacağam, amma Azərbaycan vətəndaşı kimi seçkilərdə iştirak edib səsimi Adil Əliyevə verəcəyəm. Onu çoxdan tanıyıram, dəfələrlə biz əlillər evində, internat məktəblərində olmuşuq. Mənə elə gəlir ki, siyasətlə siyasətçi məşğul olmalıdır. Bilirəm ki, incəsənət sahəsində elə adamlar var ki, seçkilərdə iştirak etmək istəyir . Allah onların da işini avand eləsin”.

Vüsalə Qəzənfərqızı

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir