Modern.az

Şah İsmayıl Xətainin ilk portreti indi haradadır - MARAQLI

Şah İsmayıl Xətainin ilk portreti indi haradadır - MARAQLI

Mədəni̇yyət

3 Sentyabr 2015, 13:52

 

Modern.az saytı klassik Azərbaycan və Şərq (eləcə də Qərb) mütəfəkkirlərinin bu gün hamımıza məlum olan portretlərinin necə yaranması, kimlər tərəfindən və nə cür çəkilməsi, eləcə də hazırda həmin ilk nümunələrin harada qorunub saxlanması ilə bağlı silsilə yazılarını davam etdirir.

Nizami Gəncəvi, Məhəmməd Füzuli, tacik şairi Rudəkinin bu gün hamıya məlum olan simalarının necə yaradılması haqqında ötən yazılarda söhbət açılıb.

Bu dəfə təqdim olunacaq yazıda isə Azərbaycan dövlətçilik tarixinin çox önəmli fiquru, dövlət başçısı, şair Şah İsmayıl Xətaidir.

Gənc yaşlarında Səfəvilər dövlətini yaradan və Azərbaycanın ərazi bütövlüyünü ilk dəfə bərpa edən Şah İsmayılın ehtimal olunan ilk portretləri avropalı rəssamlar tərəfindən çəkilib.

Bu gün hamımızın kitablarda, albomlarda, müxtəlif mənbələrdə gördüyümüz, sırf Qızılbaşlara xas olan papaqlı portretinin müəllifi isə naməlum florensiyalı rəssamdır.

O zaman, yəni XVI əsrin əvvəllərində venesiyalılar Səfəvilər dövləti ilə yaxın münasibətinə görə çox fərqlənirdilər. Oradan Səfəvilərin Təbrizdəki sarayına tacirlər, sənətkarlar və elçi qismində diplomatlar gələrdi. Avropada Şah İsmayılın şəxsiyyəti, onun vizual görkəmi haqqında ilk rəy yaradan şəxslər də elə Venesiya tacirləri olub.   

Venesiyadan olan bir tacir 1518-ci ildə yol qeydlərində özünün Şah İsmayılla Təbrizdəki görüşlərini belə xatırlayır və onu bu cür xarakterizə edir:

“İndi onun 31 yaşı var. Ortaboylu, olduqca gözəl və mərd bir kişidir. Saqqalını qırxır, bığ saxlayır. Ona qız kimi vurulmaq olar. Solaxay olsa da bütün əmirlərdən güclüdür. Oxatma məşqləri zamanı, adətən musiqi çaldırır. Rəqsi çox sevir və rəqqasələr oynayarkən ayaqlarını yerə döyərək, İsmayıla həsr olunan mahnılar da oxuyurlar.

O, hər gün əmirlərlə oxatma yarışları keçirmək üçün meydana çıxır və həmişə də günün qaliblərinə mükafatlar verir. Bu yarışlar vaxtı onun şərəfinə çalıb-oxuyur, rəqs edirlər. Bu sufi öz təbəələri, xüsusilə də əsgərlər tərəfindən sevilir və pərəstiş olunur. Onun əsgərlərindən bir çoxu döyüşə yalın əllə-dəbilqə və zirehsiz girirlər, onlar əmindirlər ki, İsmayıl onları döyüşdən salamat çıxaracaq”.

Böyük ehtimala əsasən həmin tacir qrupu ilə eyni vaxtda Şah İsmayılın sarayına gələn və adı hələ də naməlum qalan rəssamlardan biri onun portretini çəkir. Bu gün Xətaini necə təsəvvür ediriksə və necə görürüksə burada həmin portretin çox böyük rolu var.

Həm də Xətaininin portretini Nizami və Füzulinin portretindən fərqləndirən əsas cəhət budur ki, o ehtimallar əsasında yox, konkret olaraq obyektin (Xətainin) real siması əsasında çəkilib.    

XVI əsrin əvvəllərində çəkilən həmin portret hazırda Venesiyada yerləşən Uffitsi muzeyində saxlanılır. İtaliyanın nüfuzlu Mediçi ailəsi tərəfindən inşa edilən muzeyin ilk eksponatlarından biri də elə Şah İsmayıl portreti olub.

Toksana hersoqu I Kosimo Mediçi üçün 1560-cı illərdə ofis kimi tikilməyə başlanan sarayın memarı isə dünyada incəsənət tarixinin  əsasını qoyan Corco Vasari olub. 

Onun ölümündən sonra onun işini digər memarlar - Alfonso Parici və Bernardo Buontalenti tərəfindən davam etdirildi və 1581-ci ildə I Kosimo Mediçinin oğlu, Florensiya hersoqu I Fransisko Mediçinin dövründə  sarayın inşası  tamamlandı. Sonradan II Fransisko Mediçinin həyat yoldaşı Vittoriya della Rovere tərəfindən Uffitsinin kolleksiyası zəngiləşdirildi və saray əsasən muzey kimi fəaliyyət göstərməyə başladı. Bu gün də dünyada ən çox ziyarət edilən 25 muzeydən biri olan Şah İsmayıl Xətaini avropalılara tanıdır.  

Şah İsmayıl Xətainin sonrakı rəsmlərinə  isə  fransız səyyahı və coğrafiyaşünası Andre Tevenin kitabında rast gəlinir. Səyyahın dövrü Səfəvilərin zamanına düşsə də 1584-cü ilə aid olan həmin portret tarixçilər tərəfindən birmnənalı qarşılanmayıb. 

Daha sonra miniatür rəssamlar Şah İsmayılın cizgilərini çəkməyə cəhd göstərib.

1510-cu il Səfəvilərlə-Şeybanilər arasında olan Mərv döyüşünə aid miniatür Şah İsmayılı ən yaxşı xarakterizə edən miniatür kimi göstərilir.

Qeyd edək ki, həmin döyüş sonradan Səfəvilərin möhkəmlənməsində böyük rol oynadı.  Xorasanı ələ keçirən Səfəvilər düz 5 dövlətin müəyyən hissələrinə nəzarət etməyə başladılar ki, bu da onlara çox yaxşı strateji mövqelər qazandırdı.

Həmin döyüşdə öldürülən Şeybani xanın başından Şah İsmayıl qızıl suyuna çəkilən qədəh düzəltdirir. Həmin miniatür əsər isə I Şah Abbasın saray tarixçisi olan İsgəndər bəy Münşinin  “Aləmi bəzəyən Abbasın tarixi” əsərində verilib.    



Elmin NURİ

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir