Modern.az

Nitq mədəniyyəti barədə - I yazı

Nitq mədəniyyəti barədə - I yazı

Ədəbi̇yyat

4 Sentyabr 2015, 10:25

filologiya üzrə elmlər doktoru, professor

Nitq, danışıq kamil olanda, məntiqli və aydın ifadə formasında öz təsdiqini tapanda qarşı tərəfin qəlbinə yol tapa bilir, eyni zamanda qarşı tərəfi ram edərək rahat ünsiyyət qurmağa, münasibət yaratmağa sövq edir. Nitq prosesində kamil nitqin bütün tələblərinə riayət etmək qarşı tərəfin bədii zövqünün, estetik görüşlərinin inkişafına təsir göstərməkdə önəmli rol oynayır.

Nitq, danışıq fərdidir, hər bir şəxsin özünəməxsusdur. Ancaq hər bir fərdə məxsus olan nitq, danışıq da meyar deyildir. İstənilən bir fikri, informasiyanı, elmi, bədii məlumatı başqalarına çatdırmaq xüsusi bir istedad tələb edən işdir. Ən başlıcası isə bu, mədəniyyətdir. Bütün sahələrin mədəniyyəti olduğu kimi, nitqin də mədəniyyəti vardır. Nitq mədəniyyətindən kənarda qalan nitq kamil nitq deyildir. Nitq mədəniyyətindən kənarda qalan nitq dolğun, məntiqli, aydın, səlis nitq deyildir. Sadəcə olaraq nitqdir, danışıqdır. Mədəniyyəti olan bütün  sahələrin, o cümlədən nitqin mədəni tələbləri vardır. Mədəni tələblər çərçivəsində olan mədəniyyət də, nitq də heç kəsin dəyişə bilmədiyi dəyərlər, ölçülər üzərində qurulmalı və inkişaf etməlidir. Kimsə öz nitqində qəbul olunmuş dəyərləri, ölçüləri dəyişirsə, deməli, nitq mədəniyyətinə müdaxilə edir. Kortəbii, süni müdaxilələr qəbul olunmuş formulları dəyişməklə sistem içərisində sistemsizlik yaradır. Ancaq bununla belə, hər bir peşəkar bilir ki, sistem nədir, sistemsizlik nədir. Sistem və sistemsizlik arasındakı ölçülərin itməsi mədəniyyəti, o cümlədən nitq mədəniyyətini kökündən sarsıda bilər. Peşəkarların hər zaman mövcudluğu buna yol vermir, ona görə də nitq mədəniyyəti köklü bir mədəniyyət kimi qavranılır. Köklü mədəniyyət bir dəyər olaraq bütün ölçüləri, prinsipləri üzə çıxarır. Mədəniyyət kimi baxdıqlarımızın, qəbul etdiklərimizin hər biri böyük tərbiyə, təhsil faktıdır. Əslində tərbiyə ən böyük pedaqoqdur. Bunların hamısı öz yerində, ancaq bir məsələ də realdır ki, ən böyük pedaqoqun da, ən böyük natiqin də, ən böyük ideoloqun da nitqə, dilə ehtiyacı vardır. Onların hər biri nitq, dil vasitəsilə həm öz mədəni səviyyələrini, həm peşəkarlıqlarını, həm də bütün üstün cəhətlərini göstərə bilirlər.

Həyatımız informasiyadan kənarda mövcud deyildir. İnsanın informasiyalı cəmiyyətdə formalaşmasında önəmli rol oynayan sahələr vardır: teatr, kino, televiziya, radio, konfranslar, simpoziumlar, mühazirələr, seminarlar və s. Göründüyü kimi, teatr insanın formalaşmasında mühüm rol oynayır. Və teatr dil, nitq mədəniyyətini yaşadan məbədgahdır. Bu məbədgaha əksər vaxt mədəniyyət funksiyasını yerinə yetirən sahə kimi baxılsa da, ancaq nədənsə dil, nitq mədəniyyətini yaşadan, təbliğ edən, irəliyə doğru aparan mərkəz kimi baxılmır. Bunun nəticəsi kimi tamaşaçıların bir qisminin (az olmayan bir qisminin) teatr tamaşalarından uzaq düşmələri nəticə etibarilə onların teatrdakı nitq mədəniyyətindən uzaqlaşmalarına gətirib çıxarır. Vaxtilə uşaq tamaşaları müvafiq teatrlarımızın səhnəsini bəzəyir, uşaqlarımız isə bu tamaşalara səbirsizliklə baxırdılar. İndi isə uşaqlar onların yaş səviyyəsinə uyğun olan tamaşalardan ayrı düşüblər. Belə olduğuna görə orta məktəb uşaqlarının bədii zövqləri ilə yanaşı, dil və nitq mədəniyyəti də geriləyib və geriləyir. Bu da bir faktdır ki, orta məktəbin tədris proqramında olan bədii əsərləin səhnələşdirilənlərinə baxan şagirdlərin sayı azalıbdır. Bu işin bir sistemə çevrilməməsi müəyyən obyektiv və subyektiv səbəblərlə bağlıdır. Onu da nəzərə almaq lazımdır ki, uşaqlara aid olan tamaşalar dil-nitq mədəniyyətinin ən dəyərli mənbələrindən biridir. Uşaqların teatr tamaşalarına getmələri onların inkişafını bir neçə cəhətdən irəliyə doğru aparır.

Birincisi, uşaqların zehnini inkişaf etdirir. Zehnin inkişafı isə uşaqların təfəkkürünün, düşüncəsinin inkişafına şərait yaradır.

İkincisi, uşaqlar teatr tamaşalarına baxmaqla ünsiyyət qurmaq, duyğu və düşüncələrini ifadə etmək qabiliyyətlərini inkişaf etdirə bilirlər. Təbii ki, ünsiyyət qurmaqda, duyğu və düşüncələrini ifadə etməkdə dil-nitq vacib rol oynayır.

Üçüncüsü, bu gün dünyada dili öyrətmək metodu və texnologiyaları gün-gündən inkişaf edir, dəyişir, yeniləşir. Hər halda dili köhnə metod və texnologiyalarla öyrətmək zamanın tələbləri ilə uyuşmur. Ancaq teatr elə bir sahədir ki, o, bütün zamanlarda dilin öyrədilməsində, nitq mədəniyyətinin aşılanmasında və inkişafında həmişə müasir olan metod və texnologiyaları yaşadır. Yeri gəlmişkən onu da qeyd edək ki, cizgi filmləri də bu qəbildən olan vasitələrdən biridir. Daha doğrusu, dili öyrədən tədris üsullarından biridir.

Dördüncüsü, dili öyrənmək öyrənilən dilin mədəniyyətinə nüfuz etməkdir. Həm doğma ana dilini, həm də xarici dili öyrənən kəs öyrəndiyi dillərin mədəniyyətinə nüfuz edir. Bu mənada öyrənilən dilin mühiti (tədris mühiti) nə qədər zəngin olarsa, bu da dili öyrənənin dil və nitq mədəniyyətinin inkişafına müsbət təsir göstərə bilər. Bu mənada da teatr zəngin dil mühitini yaşadan, qoruyub saxlayan bir məkandır.

Beşincisi, teatr dinləmə, eşitmə mədəniyyətini, məlumat, informasiya əldəetmə mədəniyyətini yaşadan məkanlardan biridir. Onu da qeyd edək ki, eşitmə, məlumat, informasiya əldəetmə mədəniyyətini yaşadan vasitələrdən biri də kinodur. Məsələn, vaxtilə çəkilmiş “Şərikli çörək”, “Skripkanın sərgüzəşti”, “Gilas ağacı”, “Asif, Vasif, Ağasif”, “Qaraca qız”, “Ögey ana”, “Şir evdən getdi”, “Qərib cinlər diyarında”, “Sehirli xalat”, “Bir qalanın sirri”, “Əzablı yollarla”, “Mən nəğmə qoşuram”, “Ağ atlı oğlan”, “Pəncərə”, “Qırxıncı qapı”, “Avqust gələndə”, “Adanı özünlə apara bilməzsən”, “Qalada tapılan mücrü” və s. kimi uşaq filmləri uşaqların həyatında mühüm rol oynayıbdır. Uşaqlar bu filmlərə baxmaqla onların qəhrəmanlarına oxşamaq istəyir, həyat barədə məlumatlarını artırır, dünyagörüşlərini formalaşdırırlar. Hər bir uşaq öz yolunu tapmaq üçün uşaq filmlərinə baxmağa böyük əhəmiyyət verir. İndi ya uşaq filmləri çəkilmir, ya da çox az çəkilir. Ekranlarda nümayiş olunan uşaq filmləri adlarını yuxarıda çəkdiyimiz filmlərdir ki, onlar da çəkilmə tarixi baxımından köhnə filmlərdir. Bəlkə də uşaqlarda bu tələbatı ödəyə bilmədiyimizə görə onlar mobil telefonların, planşetlərin, o cümlədən kabel televiziyalarının imkanlarından istifadə edərək yaş səviyyələrinə uyğun olmayan filmlərə, seriallara, proqramlara baxırlar. Hər halda uşaqların maraqlarını təmin edən yeni filmlərin çəkilməsinə, telekanallarda uşaq verilişlərinin hazırlanmasına ehtiyac vardır. Vaxtilə uşaqların ehtiyac hiss etdikləri bu boşluqları dolduran müxəlif vasitələr var idi. Məsələn, pioner düşərgələri. Bu düşərgələrdə uşaqlar kollektiv şəkildə böyük bir məktəb keçirdilər. İndi uşaqların təhsilində, tərbiyəsində, dünyagörüşündə hansı qüsurlar varsa, onun hamısını məktəbin üstünə yıxırlar. Hər şeyi məktəbin üstünə yıxmaq olmaz. Yaxşı olar ki, uşaqların bu istiqamətdə maraqlarını təmin etmək üçün televiziya və radioda lazımi verilişlər hazırlansın. İndi dünya elə bir inkişaf səviyyəsinə gəlib çatıbdır ki, yalnız kitabdan oxumaqla, öyrənməklə kifayətlənmək olmur. Həm də baxmaq, seyr etmək, dinləmək də günümüzün reallıqlarıdır. Eşitmək yolu ilə, qulaq yaddaşı ilə öyrənilənlər heç vaxt unudulmur. Bizim hər birimiz eşitmək, dinləmək yolu ilə çoxlu məlumatlar, informasiyalar öyrənmişik. Onların hər biri bizim biliyimizin, dünyagörüşümüzün formalaşmasında mühüm rol oynayıbdır. Bu mənada teatr da telvizor, radio və s. kimi eşitmə, dinləmə, məlumat və informasiya əldəetmə məkanı kimi mühüm rola malikdir. Qulaq elə bir orqandır ki, o, istənilən bir məlumata, informasiyaya həssasdır. Eşitmə prosesində qulaq yaddaşının əvəzsiz rolu da danılmazdır. Bir sözlə, biz eşitdiklərimiz vasitəsilə həm məlumatlanırıq, həm də dil-nitq normalarını öyrənirik. Yeri gəlmişkən onu da qeyd edək ki, eşitdiklərimizin məzmunu, zövqə və ruha nüfuz etmə imkanı da önəmli rol oynayaraq orqanizmə təsir göstərə bilir. Məsələn, belə hesab olunur ki, klassik musiqini dinləmək sinir sisteminə müsbət təsir göstərir. Eyni zamanda insanda yaradıcı təxəyyülü formalaşdırır və inkişaf etdirir, həm də gərginliyin, stressin qarşısını alır.

Altıncısı, insan gördüklərini, bildiklərini, eşitdiklərini anlatmağı bacarmalıdır. Anlatmaq üçün danışmaq lazımdır. Anlatmaq danışmaq qabiliyyətindən çox asılıdır. Danışan nədən danışdığını, necə danışdığını, hansı məntiqə söykəndiyini yaxşı bilməlidir. Danışmaq məlumatın, informasiyanın mübadiləsidir. Mübadilə elə bir prosesdir ki, burada yenə də dilə və onun imkanlarına xüsusi önəm verilməlidir. Onu da qeyd edək ki, məlumatı, informasiyanı mübadilə edərkən danışanın söz ehtiyatı mühüm əhəmiyyət kəsb edir. Danışanın söz ehtiyatı zəngindirsə, o, məlumatı, informasiyanı aydın məntiqlə, təsirli bir şəkildə çatdıra biləcəkdir. Əksinə olduqda isə vəziyyət başqa cür olacaqdır. Bu mənada teatr tamaşasında tipik və xarakterik obrazlar iştirak edir ki, onların hər birinin öz dili, nitqi onların daxili aləmlərini, mənəvi zənginliklərini, cəmiyyətdəki mövqelərini, ictimai-siyasi düşüncələrini aça bilir. Burada yenə də dil, nitq önəmli rol oynayır, tamaşaçıya obrazların tipik xüsusiyyətləri dil, nitq vasitəsilə çatdırılır. Yenə də burada teatr və teatr tamaşası mühit rolunu oynayır. Obrazlar dil və nitq ilə tamaşaçının dil, nitq mədəniyyətini formalaşdıra bilir.

Yeddincisi,
teatr tamaşası gözlə görməkdən, qulaqla eşitməkdən ibarət olmaqla əslində bir oxu mədəniyyətidir. Göz və qulaq istənilən bir tamaşanı əvvəldən axıra qədər oxuyur. Qulaq təkcə dinləmir, o həm də eşitdiklərini oxuyur. Teatr tamaşasında eşidilən və görülən hər bir şey oxunur. Və bu prosesdə insan oxuduqlarını bir-bir beynində təhlil edir, fərdi şəkildə analiz aparır, nəticədə söz ehtiyatı, lüğət tərkibi zənginləşir. Ola bilməz ki, müntəzəm şəkildə teatr tamaşalarına gedən hər hansı bir insanın dünyagörüşü, mədəniyyəti ilə yanaşı dili, nitqi zənginləşməsin. Bu mühit dilin, nitqin imkanlarına geniş meydan verir. Onu da qeyd edək ki, eşitmək, danışmaq, oxumaq qabiliyyətinə yiyələnə bilməyənlər heç zaman yazmaq qabiliyyətinə də qadir ola bilməzlər. Eşitmək, danışmaq, oxumaq birlikdə yazmaq üçün bazadır.

Bir sözlə, teatra təkcə mədəniyyət kimi deyil, həm də eşitmək, danışmaq, oxumaq, yazmaq vərdişlərini aşılayan bir sahə kimi baxmaq lazımdır. Ona görə də teatrın nitq mədəniyyətinin inkişafına müxtəlifyönlü təsirini önəmli hesab etməmək mümkün deyildir. (bax: Niyaz Cəfərov. Teatrın dili və ya dilin teatr formulu… - “Kaspi” qəzeti, 6 mart 2015, 043(3354), s.10).

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü