Modern.az

“Məşhur filmlərdən məşhur sitatlar” - “Yeddi oğul istərəm”: “Çal, aşıq, çal! Komsomolun canı it canıymış”

“Məşhur filmlərdən məşhur sitatlar” - “Yeddi oğul istərəm”: “Çal, aşıq, çal! Komsomolun canı it canıymış”

8 Sentyabr 2015, 10:25


Modern
.az saytı “Məşhur filmlərdən məşhur sitatlar” rubrikasını davam etdirir. Bu dəfə dillər əzbəri olan sitatlar bir zamanların çox sevilən “Yeddi oğul istərəm” filmindən seçilib. Film 1970-ci ildə Səməd Vurğunun “Komsomol poeması”nın motivləri əsasında sovet quruculuğunun formalaşmasının 50-ci ilinə ithaf olaraq çəkilib. Tofiq Tağızadənin quruluşçu rejissor, Yusif Səmədoğlunun isə ssenari müəllifi olduğu film romantik ruhlu komsomolçuların ideologiya uğrunda heç nədən çəkinməyərək apardıqları mübarizədən bəhs edir. Sırf kommunizm ideologiyasının əksi olan filmdə ilk dəfə Novruz bayramı elementləri, saz ifası, milli musiqi - Cəngi havası və milli rəqslərin olması bu gün də riqqətlə xatırlanır. Kosa və keçəlin oyununa rast gəlinən ilk film kimi “Yeddi oğul istərəm” o zaman mərkəzin əksinə gedən yenilik idi. Beləliklə, həmin filmdən  kələntər dayının (İsmayıl Osmanlı), Gəray bəyin (Həsən Turabov), Bəxtiyarın (Həsən Məmmədov), Mirpaşanın (Elçin Məmmədov), Cəlalın (Ənvər Həsənov) dilindən səslənən məşhur sitatları təqdim edirik:

Hamam hamam için
lbir saman içində
Dəvə dəlləklik eylər
Köhnə hamam içində

Hiyləgər, bəylərə sadiq qulluğu ilə seçilən Kələntər dayının dediyi bu bəndi filmdə bir neçə dəfə eşidirik. Azərbaycan folklorunun məşhur qaravəlli adlanan nümunəsindən misal olaraq deyilən bu bir bənd sonradan dillər əzbəri oldu. Kələntər dayının qorxuya düşəndə “Ağrın alım ay, kəmsəmol” fikri də çox məşhur idi. Gecə vaxtı komsomolçularla rastlaşan qoca vəziyyətə görə dilini də işə salır: “Öz xoşuma bu bədbəxtin üfunətinə oturmamışam ki”, yaxud,  “Peykanlıda kəmsəmol adı gələndə ölülər qəbirdən xortduyub çıxır” kimi sözlər filmin sevilən çağlarında çox populyar idi.

Anam-bacım, qız, gəlin
Əli ayağı düz gəlin
Yeddi oğul istərəm
Bircə dənə qız gəlin

Bu misraların hazırda nə qədər məşhur olmasını isə deməyə ehtiyac yoxdur. Əvvəllər lap çox dəbdə idi, amma indi də qalıb. Hər bir evdən gəlin köçərkən bəyin qardaşı, yaxud çox yaxın bir oğlan qohumu gəlinin başına simvolik olaraq papaq qoyduğu, belinə lent bağladığı zaman bunları oxuyur. Amma böyük kinoda bunu ilk dəfə Mirpaşa səsləndirir. O, bununla Cəlalı ələ salırdı. Mirpaşa heç nədən qorxmayan, mərd və əqidəsinə sadiq bir adamdır. Qabalığı və özünəməxsusluğu da bunun üzərinə əlavə olunduqda çox maraqlı bir obrazı təsəvvür edirik. Mirpaşanın dilindən deyilən məşhur sitatlar:

“Deyəsən, bu gecə Əzrayıl Peykanlı camaatını kisəsinə doldurub aparıb” ,  “Ə, vələddüzna”,  “Gəray bəy oturub Qançanağında, deyir ki, hanı o kor Mədətin oğlu Uzundraz Qasım, gəlsin tamaşa göstərsin”,  “sizin tayfa nə həyasız tayfa olurmuş ə...”.

Mirpaşa ilə əks qütbün insanı olan, onunla heç vaxt yola getməyən, öləndə isə onun yanında basdırılmasını istəyən Qasım Mədətoğlu (Əbdül Mahmudbəyov) da maraqlı bir obrazdır. Ən böyük arzusu səhnədə “Ölülər” pyesindəki Kefli İsgəndəri oynamaq olan Qasım həm də teatrın, sənətin kəndlərdə yayılması arzusu ilə yaşayır. O, “Mədəniyyət,  bax gördüyün bu qara camaata lazımdır” deyərək ,Allah sizə rəhmət eləsin, ölülər” şüarını yenidən sevdirir.

Sarı Şəmistanın sağ əli olan və kəndə göndərilən kiçik dəstənin başçısı Bəxtiyar filmin əsas obrazıdır. O birilərinə baxanda daha təcrübəli “kəmsəmol” olan Bəxtiyar Gəray bəyi zərərsizləşdirsə də, dəstəsini itirir. “Hanı Peykanlının mərdi”, “el adətinə xor baxanın gözünə qara su gələr” sitatları daha məşhurdur.

Gəray bəy isə filmin əsas iki obrazından biridir. O konfliktin ikinci böyük tərəfini təmsil edir və sonda da bu mübarizədə məğlubiyyətlə üzləşir. Gəray bəyin dilindən deyilən məşhur sitatlar:

“Tələsmə Gizir, tələsmə, bilmək olmaz bu dünyanın işlərini”.

“Keçinin əcəli çatanda buynuzunu çobanın çomağına sürtər” (Hamlet Xanızadənin oynadığı obraza müraciətlə. Gizirin də ona verdiyi cavab məşhur sitatdır:  Çobanın da könlü olsa təkədən pendir tutar bəy).

“Canavar tək qalanda başına çaqqal-çuqqal yığışar”, “deyəsən, yarasa kimi dəlmə-deşiyə soxulublar” (komsomolçulara ironiya olaraq deyir)

“Hətərən-pətərən danışırsan komsomol”, “Çal aşıq, çal! Komsomolun canı it canıymış...” sitatları isə daha məşhurdur.

Novruz bayramı mərasimində Kosa və Keçəlin dilindən deyilən məşhur sözlər ilk dəfə bu filmdə səsləndirilib:

A kos-kosa  gəlsənə,
Gəlib salam versənə,
Torbanı doldursana
Kosanı yola salsana 

Bu kimi sözlər filmdə ilk dəfə “Yeddi oğul istərəm”də səslənir.

Filmdə işlənən başqa məşhur ifadələr:

“Sinən olan yerdə kürəyini gülləyə vermə, oğul” (Çalpapaq Kərəm);

“Qəqənisən ki, Qəqəni” (Qəzənfər)

 “Azərbaycanın ilk komsomolçularına eşq olsun!” (Sarı Şəmistan)

 “... mən hara, proletarları hara?..”.

Elmin NURİ

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır