Modern.az

“Qürbətin doğma məzarları” – Dünyada nüvə fizikası sahəsində ilk qadın mütəxəssislərdən biri olan azərbaycanlı

“Qürbətin doğma məzarları” – Dünyada nüvə fizikası sahəsində ilk qadın mütəxəssislərdən biri olan azərbaycanlı

8 Sentyabr 2015, 16:42

1979-cu ildə Egey Universitetində 30 ildən çox dərs deyən və Türkiyənin tək-tük nüvə mütəxəssislərindən olan bu xanım vəfat edib dayısı Hüseyn Yanar Qaracanın yanında dəfn olunanda bütün Türkiyə qəzetləri bu cür yazırdı:

“Dərin hüznlə bildiririk ki, nüvə fizikası sahəsində çoxlu tədqiqat əsərinin və elmi kəşflərin müəllifi, Egey Universitetinin professoru, elmlər doktoru Dilşad xanım Elbrus Talıb xan vəfat etmişdir”.

Modern.az saytı “Qürbətin doğma məzarları” rubrikasında dünyada nüvə fizikası sahəsində ilk qadın mütəxəssislərdən olan, təbii ki, Türkiyə və Azərbaycanda bu sahənin ilk xanım nümayəndəsi sayılan  

 

Dilşad xanım Talıbxandan

bəhs edəcək. 1915-ci ildə Qarabağda xan nəslindən olan ailədə dünyaya gələn Dilşad xanım 1979-cu ildə İstanbulda vəfat edib və “Qaraca” məzarlığında dəfn olunub. O, hələ uşaq vaxtlarında ailəsi bolşeviklərin sıxma-boğmasından, təzyiqlərindən xilas olmaq üçün məcburi şəkildə Türkiyəyə köçməli olur. O zaman Dilşad xanımın qardaşı bu ölkədə yaşayan dayısı Hüseyin Yanar Qaraca (onun haqqında az sonra)  onlara qucaq açır. Beləliklə, 12 yaşında Azərbaycanı tərk edən Dilşad xanım bir daha doğma vətənə qayıda bilmir. 

O 7 dildə sərbəst danışırdı...  

Dilşad xanım dayısının yanına köçməmişdən əvvəl ailəsi Azərbaycanda çox böyük məşəqqətlərə məruz qalır. Onun 3 qızı olan atası Talıbxan bəy Talıbxanbəyov çar dövründə və cümhuriyyət illərində Şamaxıda, Qubada və başqa yerlərdə milis rəisi kimi mühüm vəzifələrdə çalışıb. Kommunistlər hakimiyyət başına gəldikdən sonra onu öldürürlər, bütün mallarını və əmlakını isə müsadirə edirlər. Bundan sonra anası Xeyrənnisa xanım, bacıları Qəmər və Sürəyya dayısı Hüseyn Camal Yanar bəy tərəfindən 1920-ci ildə Türkiyəyə gətirilərək İstanbulda yerləşdirilir. Dilşad xanım əvvəlcə qızlar kollecində, sonra universitetin fizika fakültəsində təhsil alır. Elmi fəaliyyətinin davamı olaraq nüvə fizikası sahəsində dissertasiya müdafiə edir. O zaman bu sahədə müdafiə edən ilk xanım olur. 1934-cü ildə bitirdiyi fakültənin Təcrübi Fizika İnstitutunda assistent kimi işə başlayır və 1949-cu ildə dissertasiya müdafiə edir, 5 ildən sonra dosent adını alır. 1961-ci ildə İzmirdə Egey Universitetinin professoru olur. Elmi fəaliyyəti boyunca Dilşad xanımın 2 kitabı, 6 elmi məqaləsi çap olunub. Dilşad xanım İstanbulla bərabər bir müddət Avropanın elm şəhərlərindən biri sayılan Oksfordda da yaşayır. Bundan əlavə, Avropanın demək olar bütün böyük şəhərlərində elmi simpoziumlarda iştirak edir. Azərbaycan, türk, rus dilləri ilə yanaşı, ingilis, fransız, alman dillərində də sərbəst danışırmış. 

Məhəmməd Əmin Rəsulzadə ilə görüş

“Xalq cəbhəsi” qəzetində bir neçə il bundan əvvəl Dilşad xanım haqda yazılan məqalədə onun 1931-ci ildə böyük Məhəmməd Əmin Rəsulzadə ilə də görüşdüyü qeyd olunur:

“Türkiyə Cümhuriyyəti, Milli Təhsil Nazirliyinin müşaviri Ömər Özcan yazır ki, Dilşad xanım vətəni kiçik yaşlarında tərk etsə də, ona bütün varlığı ilə bağlı insan olub. Dayısı Hüseyn bəy 1929-cu il mayın 28-də Azərbaycan Cümhuriyyətinin 11-ci ildönümü münasibəti ilə İstanbuldakı azərbaycanlıların “Odlu Yurd” məcmuəsinin redaksiyasındakı mərasimə fəal olaraq qatılıb, Azərbaycanın milli bayrağını Azərbaycan istiqlal davasının öndəri Məhəmməd Əmin Rəsulzadəyə təqdim edib. Mayın 30-da axşam “Union France” salonunda keçirilən Milli Azərbaycan gecəsində xor Azərizadənin “Vətən” şeirini oxuyub, Dilşad xanım da Əli Ustanın (təqaüddəki səfir Azər Volkanın atasıdır) “Vətən həsrəti” şeirini rəfiqələri ilə birgə rəqs edərək söyləyib. “Odlu Yurd”da gecə haqqında verilən bilgidə istər rəqsdə, istər oxumaqda və şeir söyləməkdə, istərsə də pianoda böyük bacarıq göstərdiyi və hər kəsin sevgisini qazandığı yazılır.


Ömər Özcan bəyin yazdığına görə, Dilşad xanım ictimai fəaliyyətini tələbəliyi boyunca davam etdirib. İstanbulda ali məktəblərdə oxuyan azərbaycanlı tələbələr 1933-cü il fevralın 19-da Bəyoğlu Tokatlıyan hotelində keçirdikləri musiqili-rəqsli çay ziyafətində Azərbaycan, Türkiyə və Krım milli rəqsləri oynayıblar. Almaniyada nəşr edilən “İstiqlal” qəzetinin 10 mart 1933-cü il martın 10-da çap olunan 29-cu sayında çıxan xəbərdə özəlliklə pianoda milli Azərbaycan havaları ifa edən Dilşad xanımın çox alqışlandığı qeyd edilir. “İstiqlal”ın 1933-cü il iyunun 15-də çap olunan 36-cı sayında çıxan xəbərdə 28 May münasibəti ilə İstanbulda Xalq evi salonunda düzənlənən müsamirədə Dilşad xanımın pianoda çalaraq oxuduğu Azərbaycan milli şairi Əli Yusif bəyin (Əliyusif Yusifzadənin) “Bir Turan yolçusu deyir ki” şeirinin çox bəyənildiyi qeyd edilir.

Dilşad xanımın özünəməxsus vətən sevgisi olub. O, getdiyi hər bir Avropa şəhərində azərbaycanlı mühacirləri axtararmış. Hər il aprelin 28-də, Azərbaycan Xalq Cümhuriyyətinin süqutu günündə matəm saxlayarrmış. Dilşad xanım Talıbxanın tələbə yoldaşı Fevziyyə Tansel onun barəsində yazdığı xatirələrdə onun vətən nisgilini önə çəkir: “Bir dəfə Ankarada bizdə olarkən (4 avqust 1977-ci il) Dilşad xanım məndən qələm-kağız istədi və mənə bir şeir bağışlayacağına söz verdi. Mən ona mane olmamaq üçün dinmədim. O isə xeyli yazdıqdan sonra şeiri mənə verdi. Sonra məlum oldu ki, “Bayrağım enərkən” adlanan bu şeiri Azərbaycan Demokratik Cümhuriyyətinin banisi Məhəmmməd Əmin Rəsulzadənin əmisi qızı Ümmügülsüm Rəsulzadə (Sadıqzadə) yazıb. Həmin şeir indiyə kimi heç yerdə nəşr olunmayıb. Dilşad xanım bu şeiri Ümmügülsüm xanımda əlyazma şəklində olarkən əzbərləyib, uzun illər hafizəsində saxlayıb və indi də kağıza köçürüb mənə hədiyyə verir”.

Fövziyyə xanım Dilşad xanım Elbrusun güclü hafizəsi qarşısında heyrətə düşdüyünü söyləyir və həmin şeiri mətbuatda çap etdirməyə söz verir…
Yazıq səni, bayrağım, endirdilər, öyləmi?
Səni yazıb devirən o zəhərli ruzigar,
O haqq deyən haqsızlar, vəhşilər, tanrısızlar,
Yanar ocağımı da söndürdülər, öyləmi?
Bir röyamı oldu o gördüklərim hamısı?
Bağlandımı üzümə Türk elinin qapısı?” 

Dilşad xanımın övladı olmur. Bir dəfə fizik həmkarı ilə evlənsə də, tezliklə ayrılır. Ömrünün axırına qədər ailə həyatı qurmur. Böyük bacısı Sürəyyanın oğlu Cana analıq edir, onun böyüdür. Yaşlandıqdan sonra Egeydən İstanbulun Bağdad prospektinə gəlir və ömrünün sonuna qədər orada yaşayır. Dilşad xanımın anası və dayısına gəldikdə, dayısı Hüseyin Yanar xaricdə iqtisadiyyat yönümlü ali təhsil alaraq vətənə qayıdır və AXC-in Xarici İşlər Nazirliyinin əsas simalarından olur. 1920-ci il istilasından sonra xilas üçün Türkiyəyə gəlir və burada maarifçi-publisistik fəaliyyətlə məşğul olur. 1974-cü ildə İstanbulda vəfat edir və Qaraca məzarlığında dəfn olunur.

Dilşad xanımın anası Xeyənnisə xanım isə 1949-cu ildə İstanbulda vəfat edir və Feriköy məzarlığında dəfn olunur.

Elmin NURİ

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı