Modern.az

Habil Əliyev dünyasını dəyişdi

Habil Əliyev dünyasını dəyişdi

8 Sentyabr 2015, 22:24

Azərbaycanın məşhur kaman ustası, Xalq artisti Habil Əliyev  dünyasını dəyişib. Modern.az saytı xəbər verir ki, məlumatı onun ailəsi yayıb.

Habil Əliyev səhhətində yaranan problemlərlə əlaqədar uzun müddət idi müalicə olunurdu. Bu il avqustun 15-də isə o, ürək və tənəffüs çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilmiş , daha sonra evə buraxılmış və stasionar müalicə müddətində komaya düşmüşdü. Habil Əliyev son günlər süni nəfəs aparatı vasitəsilə yaşayırdı...

Qeyd edək ki, Habil Əliyev 28 may 1927-ci ildə Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub.

1952-ci ildə Bakıya gəlib Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin kamança şöbəsinə daxil olub. Görkəmli tarzən Qurban Pirimovdan və məşhur müğənni Xan Şuşinskidən muğam sənətinin sirlərini öyrənib.

H.Əliyev “Segah”, “Bayatı-Qacar”, “Bəstənigar”, “Bayatı-Şiraz”, “Rahab”, “Bayatı-Kürd”, “Cahargah”, “Rast”, “Zabul” muğamlarına yeni kamança həyatı verib.

Kaman ustası keçmiş SSRİ respublikalarında və eləcə də dünyanın bir çox ölkələrində Türkiyə, Amerika, Almaniya, İngiltərə, Fransa, Hindistan, Pakistan, İran, Misir, İsveçrə, Hollandiya, Tunis, Yaponiya, Suriya, Mozambik və s. qastrol səfərlərində olub, ABŞ, Fransa, Yaponiya, İtaliya və Yunanıstanda Azərbaycan muğamlarından və xalq mahnılarından ibarət kompakt diskləri də buraxılıb.

1978-ci ildə Azərbaycan SSR xalq artisti fəxri adına layiq görülüb. Dəfələrlə müxtəlif orden və medallarla, döş nişanları və fəxri fərmanlarla təltif olunub.

Allah rəhmət eləsin.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir