Modern.az

Aqşin Yenisey: “Mən özüm üçün çox maraqsız adamam” - MÜSAHİBƏ

Aqşin Yenisey: “Mən özüm üçün çox maraqsız adamam” - MÜSAHİBƏ

9 Sentyabr 2015, 12:53


Modern.az
saytı ədəbiyyatçılarla silsilə  müsahibələrini davam etdirir. Budəfəki, müsahibimiz Azərbaycan poeziyasının gənc simalarından olan şair Aqşin Yeniseydir.

 

- Şablon da olsa bu sualla başlayaq: yeni kitabınız nə zaman işıq üzü görəcək?

 

- Sual şablon olduğu üçün mən də şablon bir cavabla kifayətlənəcəyəm. Heç vaxt belə bir öhdəliyim olmayıb. Nə vaxt hiss eləsəm ki, öz keçmişimlə növbəti dəfə vidalaşmaq vaxtıdır, bunu yenə də növbəti bir kitabın çapı ilə reallaşdıracağam. Digər insanlardan fərqli olaraq, yazıçı, şair öz gələcəyini yox, keçmişini yaradır.

- Oxumağa məsləhət gördüyünüz yazarların içində Məmməd Səid Ordubadinin də adını çəkmisiniz. Ordubadinin “Qılınc və qələm“ əsərini də yəqin ki, çox yaxşı xatırlayırsınız. Sizcə, bu gün XXI əsrdə qılıncla mübarizə aparmaq lazımdır, yoxsa qələmlə?

- Mədəniyyət həmişə dünyaya qılıncla, topla-tüfənglə yayılıb. Qələm yalnız nəsildən-nəsilə ötürülmə işini görüb. Mən bu əsərin adındakı yanaşılığa qılıncla qələmin qarşıdurması kimi deyil, əksinə həmrəyliyi, gizli ittifaqı kimi baxıram. Yanında qılınc olmayan qələm, sadəcə, qaz lələyidir, nə bilim, qutusu 50 qəpiyə satılan karandaş dəstəsidir. Allahın kəlamı hesab olunan müqəddəs yazıları da insanlara qılıncla oxutdurublar. Tarix boyunca hökmdarlarla şairlərin gizli bir işbirliyi olub. Çox vaxt ədəbiyyatdakı təsadüfü adamlar saray ədəbiyyatını şair məddahlığı, yaltaqlığı kimi qiymətləndirirlər. Məncə, burada yaltaqlıq olubsa da, bu həm də qılıncın, hökmdarın şairə, qələmə yaltaqlığı, üzgörənliyi olub. Ən azad ruhlu şairimiz Nəsimi də hökmdarsız qalandan sonra üstündə taxtadan da olsa qılınc gəzdirirdi. Ordubadinin romanındakı qılınc və qələmə gəldikdə, burada qılınc qadının nökəri, qələm ağası kimi tərənnüm olunur. Sərkərdə Hüsaməddini alayarımçıq bir öpüşün müqabilində öz ambisiyalarının dalınca lökküdən fars əmirinin qızı Qətibə, guya, gənc İlyasdan, yəni Nizami Gəncəvinin bir qıyqacı baxışından ötrü dəridən-qabıqdan çıxır ki, bu da ədəbiyyat yalanından başqa bir şey deyil. Təcrübə göstərir ki, əlinin altında sərkərdələr olan qadın şairə, yazıçıya heç ayaqqabısını da sildirməz.

- Azərbaycanı bir əcnəbiyə tanıtdıranda, həmişə belə bir şablon cümlə işlədirlər: Azərbaycan Qərblə Şərqin qovşağında yerləşən bir məmləkətdir. Şərq irrasional baxış tərzidir, Qərb isə rasional-praqmatik. Bu gün yetişən Azərbaycan gəncliyi onların hansına sahiblənməlidir?  

- Söhbət mənəvi-ictimai şüur formalarından gedirsə, bizim xalqın milli şüurunun bünövrəsində atəşpərəstlik, sufilik kimi mükəmməl sosial-ictimai təsisatlar dayanır. Sonradan qəbul etdirilən islam dəyərləri bu bünövrəni sarsıda bilmədi, sadəcə, zədələdi. Bizim xalqın milli şüurunun şikəstliyi, müvazinətsizliyi, tabsızlığı bu səbəbdəndir. Biz şüur altında Babək, Nəsimi sevgisi, şüurunda islam qorxusu gəzdirən xalqıq. Ona görə mənəvi dayanıqlığımız bu qədər kövrəkdir. Baxmayaraq ki, bu xalq iki yüz ildən artıq rus-xristian əsarətində yaşayıb, amma bu əsarətin milli şüurda heç bir izi qalmayıb. Deyim niyə? Çünki rus xalqının milli şüurunun bünövrəsində də xristianlıqdan əsər-əlamət yoxdur. Puşkinin nağıllarını xatırlasanız, yetər. Mənim düşüncəmə görə, Azərbaycan gəncliyi qərbli-şərqli demədən bütün əsarətlər dövründə əcdadlarının işğal nəticəsində qəbul etdiyi dəyərlərdən üz çevirib öz şüuraltısına qarşı səmimi olmağı bacarmalıdır. Bu milli şüuraltımızı müasir elmi təfəkkürlə birləşdirə bilsək, bizə heç kim lazım olmayacaq. Yazılı tariximiz bizim ruhumuzda yox, kitablarımızda yaşamalıdır.

- Ümumiyyətlə, bu şeir nə olan məfhumdur? O haradan gəlir, necə gəlir? Bu suala əsl şairlər cavab verə bilər deyə sizdən soruşdum...  

- İndiki halda, bu suala verəcəyim cavab, inanmıram ki, sabaha qədər öz düşüncəmdə qüvvədə qalsın. Mənə elə gəlir ki, şair öz şüuraltısına gizli yolla rahat düşüb-çıxa bilən bir xəfiyyədir. O, bir xalqın əsrlər boyu toplayıb yığdığı mənəvi dəfinənin yerini bilir. Xalq ona görə şairi sevir ki, onun tapıb gətirdikləri xalqa hansısa qaxac olmuş qədim, doğma bir hissi, düşüncəni xatırladır, xalq şeirdəki özününkünü tanıyır, düzdür, bəzən gec, hətta yüz illər keçəndən sonra tanıyır, amma ola bilməz ki, heç tanımasın. Əsl şairin yazdığı misralar bir fərdin yox, bir xalqın tale, həyat təcrübəsidir ki, bu da hər bir insanın şüuraltısında qorunub saxlanılır. Türklər İstanbula təsadüfən unudulub açıq qalmış qapıdan girdiyi ki, şair də öz şüuraltısında təsadüfən o açıq qapı ilə rastlaşan adamdır. Yaradıcılıq isə günah hissinə könüllü əsir olmaqdır. Bütün qapılar günahla açılır. Günahsız insan şeir yaza bilməz. Şairliyimin yoğun yerinə salıb deyim ki, mənə görə, şeir günahların qarşısında vicdanın göz yaşı içində oxuduğu hökmdür.

- Neçə ildir Aqşin Yenisey kimi tanınırsınız... Yeniseylə hərdən nə haqda söhbət edirsiniz? Hansı sirləri sizə deyir?  

- Bir dəfə araşdırmağa başladım ki, Dostoyevskinin obrazlarındakı psixoloji ziddiyyətlər, adına rus insanının mənəvi-psixi ruh halı deyilən bu nevrotik-depressiv xarakterlər öz mənbəyini haradan götürür. Bu nəticəyə gəldim ki, Dostoyevskinin şüuraltısında, fərdi mövhumatında tatar qəddarlığı ilə slavyan-pravoslav məsumluğu birləşib. Onun qəhrəmanlarının gözlənilməz psixoloji vəziyyətləri, əsərlərindəki başdan-başa göz yaşı içində boğulan cinayətkar Rusiya bu nikahdan törəyib. Hətta onu da öyrəndim ki, xristianlığı qəbul edənə qədər slavyan xalqlarında edam hökmü anlayışı yox imiş. Yalnız xristianlığı qəbul etdikdən sonra yunan keşişlərinin təhriki ilə onlar da edam hökmlərini icra etməyə başlayıblar. Avropa, yaxud Şərq xalqlarından fərqli olaraq, rus xalqında humanizm fəlsəfi-ictimai anlayış yox, milli şüur hadisəsidir. Dostoyevski öz babalarının şüuraltısına ərköyün nəvə kimi atıla-atıla gedib-gəldiyi üçün dünyanı mat qoydu. Mən də qocaldıqca hiss edirəm ki, babalarımın yanına qayıdıram, yəni Yenisey çayının həndəvərinə.

- Ədəbiyyat niyə Xeyirlə Şərin intervalında insanı gah o tərəfə, gah da bu tərəfə sürüyür?  

- Mən bütün ədəbiyyatın adından danışa bilmərəm. Ancaq öz yazdıqlarıma əl basıb deyə bilərəm ki, mən əlimə qələm götürdüyüm gün bu iki anlayışı yaxına buraxmayacağıma and içmişəm. Siz mənim kitablarıma saldığım heç bir yazımda xeyir və şər süpürləşməsinə rast gələ bilməsiniz. Qoy gedib o yanda “spor”laşsınlar. Məni yalnız nəhəng səmada aqibətindən xəbərsiz halda fırlanan köməksiz insan düşündürür.

- Hansılar daha təhlükəlidir və niyə təhlükəlidir: Ədəbiyyata dəxli olmayan yazıçı, yoxsa, şüurun səhrasında hərəkət edən kor yolçu?  

- Heç biri təhlükəli deyil, pis yazıçını, şairi zamanda, kor yolçunu isə səhrada azmaq, itkin düşmək aqibəti gözləyir. Söhbət mənim işarə vurduğunuz şerimdən gedirsə, bu hal mənim xəstəlik zamanı öz yaddaşımda azıb qalmağımla bağlıdır. Mən xəstə olduğum aylar yalnız öz yaddaşımla baş-başa qalmışdım və yaddaşım mənə xəstəliyimin ağrılarını unutduracaq həddə əzab verirdi. İnsanın, necə pis bir həyat arxivi var imiş. Əgər məni öləndən sonra o dünyada mühakimə etsələr, sadəcə, oradakılara öz yaddaşımın D diskini göstərəcəyəm və xahiş edəcəyəm ki, kimin insafı yoxdursa, birinci daşı o atsın.

- Qiyamət günündə Allahın qarşısına bəşəriyyətin minillik hesabatı kimi bir əsəri (romanı ) qoymalı olsaq sizcə, bu hansı əsər ola bilər?  

- Elə məni buna görə mühakimə edəcəklər ki, o əsəri niyə yaza bilmədin, niyə sən də o biriləri kimi bura əliboş gəlmisən? Sənə o cür eşq, o cür can vermişdik, hamısını qonorara xərclədin.

- Nəsr niyə poeziya qədər darıxa bilmir?  

- Kim deyir ki, poeziya darıxır? Darıxan şair özüdür, əgər şairə kağız, rəssama fırça qədər tabe olan bir insan olsa, dünyada heç bir əsər yazılmaz. Fikir vermişəm, insan həmişə başqası olmaq üçün darıxır. Bizə elə gəlir ki, başqaları məhz bizim arzuladığım həyatı yaşayır. Sartr başqalarını cəhənnəm adlandırırdı, mənə isə elə gəlir ki, bu cəhənnəm bizə əlçatmaz görünən başqalarının azadlığıdır. Başqalarının azadlığından ötrü ölürəm. Və bunun yazdığım yazının nəsr, yaxud şeir olmağına heç bir dəxli yoxdur. Hisslər düşüncələri üstələyəndə şeir, düşüncələr hisslərə üstün gələndə nəsr alınır.

- Sonda mənim yerimə özünüzə bir sual verin və onu da cavablandırın...  

- Mən özüm-özüm üçün çox maraqsız adamam, ona görə heç vaxt özümdən heç nə soruşmuram.

Elmin NURİ

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir