Modern.az

Azərbaycandakı mükafatların ilk sahibləri - ARAŞDIRMA

Azərbaycandakı mükafatların ilk sahibləri - ARAŞDIRMA

10 Sentyabr 2015, 10:11


Modern.az
saytı təqdim etdiyi bu kiçik araşdırmada həm sovet dövründə, həm də müstəqillik çağında respublika (eləcə də keçmiş SSRİ) əhəmiyyətli ayrı-ayrı mükafatlara, fəxri adlara ilk dəfə sahiblənən şəxslər barəsində məlumat verəcək.

İlk xalq şairi – Yəqin ki, hər kəs Azərbaycan ədəbiyyat tarixində ilk xalq şairinin kim olduğunu yaxşı bilir. Xatiratım üçün deyək ki, fəxri ad Səməd Vurğuna ölümünə yaxın bir zamanda - 1956-cı ildə verilib. Ona qədər isə Səməd Vurğun həm əməkdar incəsənət xadimi fəxri adına,  həm də akademik adına layiq görülmüşdü. Elmlər Akademiyasının vitse-prezidenti idi.
 
Müstəqil Azərbaycanın ilk xalq şairləri: Müstəqil Azərbaycan Respublikasının ilk xalq şairi Məmməd Arazdır. O, 1991-ci il 7 dekabrda bu ada layiq görülür. Ondan sonra isə Xəlil Rza Ulutürk  və Qabil  xalq şairi adını qazanıblar. X.R.Ulutürk 1992-ci ilin aprelində, Qabil isə həmin ilin sentyabrında xalq şairi adını alıb.
 
İlk xalq yazıçısı - Bu barədə danışarkən 1930-cu ildə başqa bir yazıçının adı çəkilsə də, onun xalq yazıçısı adı ilə təltif olunması öz rəsmi təsdiqini tapmayıb. Rəsmi təsdiqlə ilk dəfə xalq yazıçısı adını alan yazar Süleyman Rəhimovdur. S.Rəhimov xalq yazıçısı fəxri adına 1960-cı ildə layiq görülüb. 

Müstəqil Azərbaycanın ilk xalq yazıçısı - Bu gün çox təəssüflər  ki, o qədər də təbliğ olunmayan  Sabir Əhmədli müstəqil respublikamızın ilk xalq yazıçısıdır. O, bu ada 1992-ci ilin sentyabrında layiq görülüb.

İlk xalq artisti – Maştağada anadan olan Hacıağa Abbasov Azərbaycan mədəniyyəti tarixində xalq artisti adına layiq görülən ilk şəxsdir. O, 1927-ci ildə Akademik Milli Dram Teatrına direktor təyin olunub və bir sıra vacib işlər görüb. Ondan əvvəl isə teatr səhnəsində xeyli rollar ifa edib.  Azərbaycan sənət tarixinin ilk xalq artisti 1975-ci ildə dünyasını dəyişib.

Müstəqil Azərbaycanın ilk xalq artistləri isə 1991-ci il mayın 4-də bu ada layiq görülüblər. Bunlar -diktorlar Ofeliya Sənani, Roza Tağıyeva və Nəriman Əzimov olub. Eləcə də bəstəkar Tofiq Bakıxanov ilk xalq artisti olan şəxslər sırasındadır.

İlk əməkdar incəsənət xadimi – SSRİ vaxtında əməkdar incəsənət xadimi adına layiq görülən ilk həmyerlimiz isə xalq rəssamı, teatr rəssamlığında məktəb yaradan, eləcə də Dövlət Mükafatına layiq görülən Nüsrət Fətullayevdir. Tarixin ən qarmaqarışıq vaxtında- yəni 1940-cı ildə SSRİ-nin əməkdar incəsənət xadimi adını alması həqiqətən də təəccüblüdür.

Müstəqil Azərbaycanın ilk əməkdar incəsənət xadimləri – bu adı alanlar da ilk xalq artistləri kimi, 1991-ci ilin 4 may sərəncamına əsasən, mükafata layiq görülüblər. Müstəqil Azərbaycan Respublikasının ilk əməkdar incəsənət xadimləri Pircan CəbiyevQarasim Tağızadədir.

İlk əməkdar elm xadimi - Bu şəxs bir çox məqamlarda ilklərə imza atıb. İlk əməkdar elm xadimi adı akademik Mirəsədulla Mirqasımovun adına yazılır. Böyük həkim həm də akademiyanın ilk prezidenti olub. 

Azərbaycan Respublikasının ilk əməkdar elm xadimləri - bu şəxslər 1991-ci ilin 4 may tarixli sərəncamı ilə adıçəkilən mükafata layiq görülübülər. Həmin alimlər professorlar Fikrət Mirsəlimov, Niyazi Mütəlibov və Elmlər Akademiyasının hazırkı prezidenti Akif Əlizadədir.

İlk Sovet İttifaqı Qəhrəmanı olan azərbaycanlı – Bu Şəmkirin Qapanlı kəndində anadan olan İsrafil Məmmədovdur. Pustinka kəndi ətrafında gedən döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə bu ada layiq görülən ilk azərbaycanlı olub.
 
İlk Milli Qəhrəman – Müstəqil Azərbaycanın ilk milli qəhrəmanları 1992-ci ilin iyunun 6-da imzalanan sərəncama əsasən, bu fəxri ada layiq görülüblər. Amma təəssüf ki, müstəqil Azərbaycan Respublikasının milli qəhrəman adını alan ilk 11 nəfərin hamısı o zaman dünyasını dəyişmişdi. Onlardan bir neçəsinin adını çəkək: Məhərrəm Seyidov, Yuri Kovalyov, Mikayıl Cəbrayılov, Yusif Əliyev, Vüqar Mikayılov, Nofəl Quliyev...

İlk Sosialist Əmək Qəhrəmanı – bu xanımı o zaman Azərbaycanda hamı tanıyırdı.  İlk sosialist əmək qəhrəmanı olan Şamama Həsənova az qala hər bir sovet ailəsində nümunə olaraq göstərilirdi. Iki əllə pambıq yığımının ilk təşəbbüsçüsü olan Ş.Həsənova həm də iki dəfə bu fəxri ada layiq görülən yeganə xanım həmyerlimizdir.

Azərbaycanın ilk xalq rəssamları - İlk dəfə olaraq 1992-ci ilin yazında 8 rəssam bu fəxri ada layiq görülüb. Onların arasında Oqtay Sadıqzadə, Oqtay Şıxəliyev, Nadir Qasımov, Güllü Mustafayeva və başqaları da var.

Qeyd edək ki, müstəqil Azərbaycan Respublikasının “Şöhrət” ordeni ilə təltif olunan ilk şəxs məşhur general-leytenant, akademik Kərim Kərimovdur. O, bu mükafata 1994-cü il martın 31-də layiq görülüb.
1995-ci ildə yaradılan “Tərəqqi” medalı isə ilk dəfə 13 şəxsə verilir. Onların arasında idmançılar Namiq Abdullayev, Aynur Sofiyeva, Zemfira Meftahaddinova, Ağayar Axundzadə, Ceyhun Məmmədov, Zülfiyyə Hüseynova və başqaları olub.

1995-ci ildə yaradılan “İstiqlal” ordeni isə ilk olaraq 3 şairə - Xəlil Rza Ulutürk, Bəxtiyar Vahabzadə və Məmməd Araza verilib.

“Azərbaycan bayrağı” ordeni isə ilk dəfə olaraq 1993-cü ilin dekabrın 14-də özünün 6 sahibinə qovuşub. Onlardan biri Azərbaycan ordusunun hazırkı korpus komandiri, general-mayor Rövşən Əkbərovdur.  

Ən yüksək mükafat sayılan “Heydər Əliyev” ordeninə ilk dəfə prezident İlham Əliyev və ondan sonra məşhur həkim İhsan Doğramacı layiq görülüblər.

Elmin NURİ

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir