Modern.az

Nitq mədəniyyəti barədə - II yazı

Nitq mədəniyyəti barədə - II yazı

11 Sentyabr 2015, 10:57

filologiya üzrə elmlər doktoru, professor

Səs, məhz ictimai mahiyyətli danışıq səsi nitqin fonetik parçasının ən kiçik həlqəsidir. Həm də vacib və əhəmiyyətli həlqəsidir. Bu həlqə fəsadlı olduqda səs, məhz ictimai mahiyyətli danışıq səsi insanları yorur. İnsanın beyninə elə zərbə vurur ki, nəticədə baş ağrıları, qıcıqlandırıcı hərəkətlər, insanı özündən çıxaran münasibətlər yaranır. Təsadüfi deyil ki, el arasında belə deyimlər var: “Musiqi can dərmanıdır”, yaxud “Filankəsin səsi başıma düşür”. “Filankəsin səsi başıma düşür” deyəndə küçələrdə, nəqliyyat dayanacaqlarında, nəqliyyat vasitələrinin özlərində, bazarlarda və s. yerlərdə nitq mədəniyyətinin səviyyəsi yada düşür. Hər birimiz küçələrdən keçərkən, eləcə də avtobus dayanacaqlarında gözləyərkən maşınların salonundan ətrafa yüksək səsli musiqilərin yayıldığının şahidi olmuşuq və oluruq. Belə musiqi səsləri ətrafdakı insanların əhval-ruhiyyəsinə pis təsir etsə də, həmin musiqini ətrafa yayanların heç vecinə də olmur. Həmin musiqini ətrafa yayanlar nəzərə almırlar ki, onlar bu əməlləri ilə insanların səhhətinə mənfi təsir göstərirlər.

Belə bir reallıq da var. Bəzən küçə musiqiçiləri ilə qarşılaşırıq ki, onların fəaliyyəti xaosdan ibarət olan musiqidən qat-qat effektli olur. Müasir dövrdə küçə musiqiçiləri Avropa ölkələrində özünə daha geniş yer alıbdır. Hətta Avropada, Amerikada, xüsusilə Latın Amerikası ölkələrində bu sahə tam təşəkkülünü tapıb. Bir sıra peşəkar musiqiçilər öz karyerasına küçə musiqisi ilə başlayıb. Parklarda, küçələrdə musiqi ifa etməklə peşəkar musiqidə öz karyeralarını qurublar. Yəni parkda, küçədə canlı ifa olunan küçə musiqisi xaosdan ibarət musiqidən daha effektlidir. Heç zaman xaos xarakterli musiqilər cəmiyyətin mənəvi tələbatına çevrilmir.

 Nitq mədəniyyətinin formalaşmasına mənfi təsir göstərən belə amillər ictimai mahiyyətli danışıq səsi, eləcə də musiqi səsi barədə görüşləri pis bir məcraya yönəldir. Xaos xarakterli və məzmunlu səsləri nə qədər dinləmək olar?! Hətta musiqinin insan orqanizminə xeyirli olmasına baxmayaraq “Musiqi can dərmanıdır” deyərək bütün günü musiqi də dinləmək olmaz. Araşdırmalar təsdiq edir ki, insan gündə bir saatdan çox musiqiyə qulaq asmamalıdır. Məsələn, Ümumdünya Səhiyyə Təşkilatının belə bir məsləhəti düşündürücüdür: “Eşitmə qabiliyyətlərini qorumaq üçün adamlar gündə bir saatdan çox musiqiyə qulaq asmamalıdırlar”. (bax: Təranə Məhərrəmova. Yüksək səs – həyatımızın yeni bəlası. “Kaspi” qəzeti, 4 mart 2015, 041 (3352), s.9) Əks təqdirdə musiqiyə həddindən çox qulaq asanlar və həddindən artıq bərkdən dinləyənlər, xüsusilə gənclər (təqribən1,1 milyard gənc) eşitmə üzvlərinə həmişəlik ziyan vura bilərlər.

Müasir dövrdə insanların sağlamlığına konsertlər, barlar, toylar, şənliklər də ziyan vurur. Ona görə ki, belə yerlərdə musiqinin akustikası insana ciddi təhlükə yaradır. Musiqinin akustikası normal tonda olmadığı üçün insanın qulağını zədələyir. Onu da qeyd edək ki, hazırda dünyada gedən proseslər bir-birini təkrarlayır. Nitq mədəniyyətinə ziyan vuran gerçəkliklər dünyanın hər yerində eynidir. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə, audio-pleyerlər, konsertlər, barlar sağlamlıq üçün ciddi təhlükə yaradır və bunun nəticəsidir ki, 12-35 yaş arasında olan 43 milyon adamın eşitmə qabiliyyəti zəifdir, həm də bu rəqəmin sayı getdikcə artır.



Müasir dövrdə qulaqcıqlardan istifadə edənlərin sayı çoxalıb. Onlar qulaqcıqdan ictimai nəqliyyatda, küçələrdə, hətta iş otaqlarında istifadə edirlər. Müntəzəm şəkildə qulaqcıqdan istifadə etmək qulağın akustik zədə almasını tezləşdirir. Nəticədə karlaşmanın yaş həddi cavanlaşır. Statistik məlumata görə, Rusiyada karlaşma 30-40 yaşında başlayır. Halbuki əvvəllər karlaşmanın yaş həddi 70-dən sonra başlayırdı. Gənclərin musiqini yüksək səslə dinləməsi nəticə etibarilə qulaqların zədələnməsinə meydan açır. Belə ki, yüksək musiqi səsi qulaqda küy yaradır. Bu da qulaq pərdəsini zədələyir. Həm də qulağın qəbul etdiyi səs nəticə etibarilə beyinə ötürülür. Akustik baxımdan küylü olan səs beyində xoşagəlməyən reaksiya yaradır. Beləliklə, nitq mədəniyyətinin ən ibtidai vahidi olan səs öz akustik təbiətini təqdim edə bilmir. İnsanlar səsin təbii mahiyyətini deyil, süni yolla yaradılmış akustikasını dinləməli olurlar. Bu da yenə də insanlarda nitq mədəniyyətinin formalaşmasına mənfi təsir göstərir. Səsin fiziki, fizioloji və akustik cəhətləri həddini aşdıqda o, beyində də xoşagəlməyən reaksiya yaradır. Psixoloqların və pedaqoqların bu məsələyə yanaşmaları da deyilənləri təsdiq edir. (bax: Təranə Məhərrəmova. Yüksək səs – həyatımızın yeni bəlası. “Kaspi” qəzeti, 4 mart 2015-ci il, 041 (3352), s.9) İnsan qulağı təbii olaraq ətraf aləmdə olan səsləri qəbul edir, onları bir-birindən fərqləndirir. Yəni insan ətraf aləmdəki səslərlə ünsiyyətdə olur. Bu ünsiyyət isə təbiilikdən kənarda deyil, təbii şəkildə qurulur. Ancaq qulaqcıq vasitəsilə yaxın məsafədən qulağa təsir edən səslər (musiqi səsləri) təbii yolla deyil, süni yolla yaranan ünsiyyətdir.

“Yüksək səs – həyatımızın yeni bəlası” kimi ictimai-sosial problem olmaqla mütəxəssisləri düşündürür. Mütəxəssislər müntəzəm olaraq qulaqcıqla yüksək tonlu musiqinin dinlənilməsini ziyanlı hesab edirlər. Bu, o demək deyildir ki, bütövlükdə musiqi insan sağlamlığına ziyandır. Belə deyildir. Normasında musiqi dinləmək, daha çox klassik musiqini dinləmək insanda sakitlik yaradır. Məsələn, Bethovenin, Motsartın musiqisini dinləmək insanlara rahatlıq, sakitlik gətirir. Yaxşı musiqi səsi insan orqanizminə müsbət təsir göstərir, insanı müalicə edir. Səsin orqanizmə bu cür müsbət təsiri səs terapeyası kimi də başa düşülür. Təsadüfi deyil ki, hələ qədim dövrlərdə bir sıra xəstəlikləri səslə (musiqi səsi ilə) müalicə etmişlər. Məsələn, misirlilər, yunanlar musiqi səsi ilə xəstələri müalicə etmiş, onları sağlam həyata qaytarmışlar. Yaxşı musiqi səsi yalnız insanın əhval-ruhiyyəsinə deyil, həm də onun orqanizmindəki orqanların bioloji fəaliyyətinə də müsbət təsir göstərir. Aparılan tədqiqatların nəticələri sübut etmişdir ki, musiqi alətlərinin səslərinin orqanizmə təsiri, məhz müsbət təsiri az deyildir. Ancaq musiqi alətlərinin səsini məqamında, yerində dinləmək lazımdır. Məsələn, mütəxəssislərin fikrincə, simli musiqi alətlərinin səsinə günortaya yaxın 11-13 radələrində qulaq asmaq effektli olur. Elə musiqi alətləri var ki, onların səsi insan orqanizmində müəyyən orqanların fəaliyyəti üçün faydalıdır. Məsələn, dilli (klavişli) musiqi alətlərinin səsi mədə-bağırsaq sistemi üçün əhəmiyyətlidir. Belə ki, səhər 7-9 radələrində dilli (klavişli) musiqi alətlərinin səsini dinləmək effekt verir və faydalı olur. Mütəxəssislər sübut edirlər ki, böyrəklərində problem olan insanlar axşamçağı 17-19 radələrində saksafonun səsinə qulaq assalar böyrəklərin fəaliyyəti yaxşılaşa bilər. Tədqiqatçılar onu da sübut edir ki, gecə saat 1-dən sonra həzin fleyta səsi qaraciyərin, yatmazdan bir-iki saat qabaq qaboy musiqisini dinləmək öd kisəsinin fəaliyyətinə yardımçı olur. Bir sözlə, təbabaətdə sübut olunmuşdur ki, müxtəlif növ depressiyaları, əsəb xəstəliklərini müalicə etməkdə musiqinin, xüsusilə klassik musiqinin faydası böyükdür. Ancaq bununla belə, insanın sağlamlığına müsbət təsir göstərən səs insanın səsidir. İnsan xoş niyyətlidirsə, qarşı tərəfə sevgisi, məhəbbəti, istəyi varsa, onun səsi məlhəmdir. Bəzən el arasında deyirlər ki, filankəsin səsi başıma düşür. Bu, ona görə belədir ki, filankəsin səsi sevgi, məhəbbət, istəklə nəfəs almır. Və onun səsi də, özü də arzuolunan deyildir. Səs doğrudan da fərdidir və fərqlidir. İnsanların səsi bir-birindən seçilir, xüsusilə qadın və kişi səsləri fərqlidir. Ona görə də kişi aktyorlarımız qadın səslərini canlandırdıqda bu, tamaşaçı zövqünü oxşamır. Hər biri – kişi də, qadın da öz rolunda olmaqla orijinallığı qoruyur. Deməli, səs orijinallığın ölçüsüdür, göstəricisidir. Səsin orijinallığını xarakterizə edənlər onu müxtəlif qruplara ayırıblar. Məsələn, Yuri Borisoviç Levitana görə, iki səs qrupu var: polad səs və gözəl, məxmər səs. Xalq artisti, diktor Sabir Ələsgərovun dediklərinə görə, keçmişdə diktorlar, aparıcılar, rejissorlar, redaktorlar, operatorlar Moskvada təcrübə keçmək üçün bir aylıq, iki aylıq, altı aylıq, bir illik kurslarda olarmışlar. Onlar bu kurslarda ən təcrübəli diktorlardan öyrənər və nəticədə xeyli təkmilləşərmişlər. Belə kurslarda, təbii ki, Sabir Ələsgərov da iştirak edir. Və o, iki aylıq kursların birində Yuri Borisoviç Levitanın tələbəsi olur. Məhz onda Y.B.Levitan iki səs qrupunun olduğunu Sabir Ələsgərova deyir. Həm də Sabir Ələsgərovun səsini lentə yazdırıb təhlil edərkən ona deyir ki, səndə hər iki səs qrupu var. Sən həm dölət məlumatlarını oxuya bilərsən, həm də bədii verilişləri. Y.B.Levitan onu da Sabir Ələsgərova deyir ki, onun özü yalnız dövlət məlumatlarını oxuyubdur. Bədii verilişləri, şeirləri, bədii mətn parçalarını oxumaq onun səsinə uyarlı deyildir. Deməli, səsin orijinallığı imkan yaradır ki, diktor hansı məlumatları oxusun: dövlət məlumatlarınımı, yoxsa bədii məlumatlarımı (materiallarımı).

İnformasiya səsə elə köklənməlidir ki, səsin imkanları əsasında (səslənməsi, zövqü oxşaması, estetikası, gözəlliyi və s.) informasiya qarşı tərəfi təmin edə bilsin. Bəzən kifayət qədər ətraflı bir informasiya səsə köklənmədiyi üçün qarşı tərəfi təmin etmir. Ona görə də yaxşı diktorun, aparıcının, natiqin səsi Allah tərəfindən ona verilmiş ən qiymətli nemətdir. Belə qiymətli nemətə – səsə malik olan Xalq artisti, diktor Sabir Ələsgərovun dediklərinə görə, vaxtilə görkəmli şair Məmməd Aslanın “Ekran və efir” qəzetində çap etdiyi bir məqalə Sabir Ələgərovun səsinə həsr olunmuşdur. Məqalədə Sabir Ələsgərovun səsinin qeyri-adiliyi, bənzərsizliyi, tamaşaçı və dinləyici tərəfindən rəğbətlə qarşılandığı qeyd edilmişdir. Hətta Məmməd Aslan onu da qeyd etmişdir ki, Bilgəhdəki sanatoriyada istirahət edən vaxt hamı bir-birinə, o cümlədən Məmməd Aslana deyirlərmiş ki, Sabir Ələsgərov da buradadır, istirahət edir. Məmməd Aslan Sabir Ələsgərovu yaxından tanıdıqdan sonra ona demişdir ki, mənə deyəndə ki, Sabir Ələsgərov da Bilgəh sanatoriyasındadır, onda bunu çox qəribə qəbul edirdim. Ona görə ki, axı o, başqalarının yazdıqlarını təqdim edir, tamaşaçıya və dinləyiciyə çatdırır, o, başqasının sözünü deyir, öz sözünü demir ki. Ancaq Məmməd Aslan onu da etiraf etmişdir ki, başqasının yazdıqlarını dinləyiciyə, tamaşaçıya çatırmaq daha çətindir. Sabir Ələsgərov isə televiziya müsahibələrinin birində deyir ki, mən başqalarının yazdıqlarını mənimsəyir, özümünküləşdirir, sonra isə dinləyiciyə və tamaşaçıya təqdim edirəm.

Səs informasiya daşıyıcısıdır. Səsin daşıdığı informasiya sevincli, kədərli, qorxulu vahiməli və s. ola bilər. Səs kodlaşmış informasiyanı daşıyır. Bu xarakterinə görə təbiətdəki və cəmiyyətdəki səslər bir-birindən fəqlənir. Bir-birinin eyni olan səs yoxdur. Küləyin səsi yağışın səsindən, yağışın səsi digər səslərdən fərqlənir. Ancaq səslər içərisində insana xidmət edən səs musiqi səsidir. Musiqi səsi insanlar tərəfindən yaradıldığı üçün o, insanın özünə də xidmət edir. Ancaq musiqi səsindən, musiqidən düzgün faydalanmaq lazımdır. Bütün günü musiqiyə qulaq asmaq ziyanlı və yorucudur. Təsadüfi deyil ki, keçmişdə radioda, televiziyada müvafiq vaxtlarda muğam, xalq havaları, saz havaları, konsertlər olurdu. Ancaq indi bəzi radio və televiziyaları nə vaxt açırsan, şou xarakterli və məzmunlu musiqidən başqa heç nəyi dinləmək və görmək mümkün olmur. Belə musiqinin hansı faydasından danışmaq olar?! Az qala bəzi radio və televiziya kanalları şou xarakterli və məzmunlu musiqi kanalına çevriliblər. İntellektual səviyyəli tamaşaçı, dinləyici belə şou musiqilərdən yorulub və bezibdir.

Səs olmasa dünyanın özü əbədi kar xəstəliyinə tutulmuş görkəmdə olar. Səs dünyanın da, insanın da həm rahatlığı, həm də narahatlığıdır. Bu mənada musiqi insan üçün rahatlıq bəxş edən mənəvi qidadır. Ona görə də musiqiyə hər bir kəsin ehtiyacı var. Belə ki, insan xarakteri müəyyən xəstəliklərin yaranmasında heç də az rol oynamır. Məsələn, insanların xarakterində olan səbirsizlik, qibtə, nifrət, paxıllıq və s. hisslər beynin fəaliyyətini, düzgün ritmlərini pozan amillərdir. Ona görə də insanın xarakterindən irəli gələn xəstəliklərin qarşısını almaq üçün musiqiyə olan ehtiyacı mütləq nəzərə almaq lazımdır. Söhbət o musiqidən gedir ki, həmin musiqi insana rahatlıq gətirə bilsin, insanın səhhətini öz qaydasına sala bilsin. Bu mənada insanda bir sıra xəstəlikləri musiqi aradan qaldırır. Məsələn, xroniki yorğunluğu Bramsın musiqisi aradan qaldırmağa qadirdir. Üçüncü simfoniyanın üçüncü hissəsi, dördüncü simfoniyanın birinci hissəsi, skripka ilə konsert, “Macar rəqsləri” orqanizmi həftə boyu enerji ilə təmin edir. Ona görə də bu musiqiləri bazar ertəsi səhər tezdən dinləmək orqanizm üçün faydalıdır. Yeri gəlmişkən qeyd edək ki, musiqini dinləməyin özü də bir mədəniyyətdir. Bəzən musiqinin əhəmiyyətinə  və fərqinə varmayanlar bilmir ki, hansı musiqini dinləmək lazımdır. Əksinə insan orqanizminə mənfi təsir edən musiqini dinləyənlər də az deyil. Onlar heç musiqinin fərqinə varmadan bu işi edirlər.

Musiqi dinləmək mədəniyyəti nitq mədəniyyətinin tərkib hissəi kimi başa düşülməlidir. Müsahibimizin bizi dinləməsini və bizim onu dinləməyimizi bir mədəniyyət saydığımız kimi, musiqini dinləməyi də belə hesab etməliyik. Lakin əksər vaxt bu barədə düşünmürük və bunun heç fərqinə də varmırıq.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!