Modern.az

“Mənim kəndim” - İbrahim İlyaslı: “Aslanbəyli yağı düşmənlə üz-üzə qalıb” - LAYİHƏ

“Mənim kəndim” - İbrahim İlyaslı: “Aslanbəyli yağı düşmənlə üz-üzə qalıb” - LAYİHƏ

11 Sentyabr 2015, 11:05


Modern.az
saytı uşaqlıq xatirələri və doğma yurd həsrətindən bəhs edən “Mənim kəndim” rubrikasını davam etdirir. Bu dəfə şair, tərcüməçi İbrahim İlyaslı böyüyüb, boya-başa çatdığı Qazax rayonunun Aslanbəyli kəndi və orada keçən uşaqlıq, gənclik illərindən danışır: 

Mənim kəndim…

Heç inanmıram, həyatda elə bir insan olsun ki, onun doğulub boya-başa çatdığı kəndə özəl bir sevgisi olmasın. Doğulduğum Aslanbəyli kəndi Azərbaycanın Qərbində ən ucqar nöqtədir - Qazax rayonunun  mərkəzindən ən uzaq olan kəndlərindən biridir. Aslanbəyli, Qaymaxlı və Kəmərli olmaqla üç para kənddən ibarət olan adı bəlli İncə Dərəsinin girişində birinci kənddir. Əhalisinin sayına, ərazisinə görə də həmişə ölkənin böyük kəndlərinin sırasında olub. Elə indi də elədir. Azərbaycan ədəbiyyatından, saz-söz sənətimizdən və müridizmdən hali olanlar çox yaxşı bilirlər ki, hər üç baxış bucağından burası qutsal bir məkandır. Hər kənd məşhur bir şəxsiyyəti ilə daha çox tanındığı kimi Aslanbəyli də hər şeydən öncə bu kənddə yaşayıb torpağa tapşırılan böyük nəkşibəndi övliyası Hacı Mahmud Əfəndinin adı, onun inanclıların ziyarət etdiyi Türbəsi ilə tanınır. Elə bundan dolayıdır ki, kəndimiz sazın, sözün beşiyi olmaqdan öncə, eyni zamanda ruhani bir məkan - İslam dininin pərvəriş tapdığı inanclı insanların yurdu kimi bilinir. Bir zaman ondan tamam uzaqlarda qəriblik çəkərkən adına yazdığım bir şeirim var:

Aslanbəyli

Yenə səni andım, sinəm göynədi,
Başıma hərləndi Yer, Aslanbəyli.
Hər daşın, hər qayan bir kitabədi,
Təpədən dırnağa sir, Aslanbəyli.

Sən donan heyrətim, yanan ahımsan,
Üzümə açılan hər sabahımsan.
Andımsan, qibləmsən, qibləgahımsan,
Ocaq Astanbəyli, Pir Aslanbəyli.

Sözümün şəhdidi yalın yamacın,
Mən sənin tamarzın, mən sənin acın.
Dilimin əzbəri, başımın tacı,–
Bir İncə dərəsi, bir Aslanbəyli.

Aslanbəyli, eyni zamanda adını tutmaq istəmədiyim yağı düşmənlə döyüşən bir kənddir. Hələ 1985-ci ildə, sovet dönəmində Azərbaycana rəhbərlik edən namərdlərin əli ilə Avey dağının yağıya bağışlanan yüksəkliklərindən atəşə tutulan kəndimin yaxşı ki, onlara layiqli cavab verəcək ordusu var. Hər dəfə atəşkəs pozulanda bütün kənd diksinməli və səfərbər olmalı olur. Vaxtilə mal-qoyun otardığımız örüşlərə, ot çaldığımız biçənəklərə, gözündən su içdiyimiz bulaqlara indi seyrək-seyrək, təhlükə altında, əsgərlərimizin müşayiəti ilə baş çəkə bilirik.

O kənddəki uşaqlıq illəri

Bu il mart ayının 10-da 52 yaşım tamam oldu. Bu yaşda uşaqlıq illərini xatırlamaq adamda çox kövrək hisslər oyadır. Nədənsə insan bəxtəvər anlarından daha çox çətinlik çəkdiyi anları xatırlayır. Əslində, ümumi anlamda yaşadığım ailənin elə bir çətinliyi olmayıb. Müəllim ailəsində doğulmuşam. Atam Musa kişi oxuduğumuz orta məktəbdə fizika-riyaziyyat müəllimi işləyirdi. Anam heç zaman işləməyib, evdar qadın olub. İndi hər ikisi pensiyadadır və ata-baba yurdumuzun çırağına pərvanəlik edirlər. Bu evdə 5 qardaş, 2 bacı böyümüşük. Mən ailənin 3-cü övladıyam. Əslimizə-nəslimizə, atamın kənddəki nüfuzuna görə həmişə diqqət mərkəzində olmuşuq. Adətən, məktəbdə müəllim uşaqlarının həm məsuliyyəti, həm də qayğısına qalanları çox olur. Ürəyimizdən keçsə də, başqa uşaqların çıxdığı hoqqalardan biz çıxa bilmirdik. “Qaxıncımız” başımızın üstündə olub həmişə: “Özün də müəllim oğlusan. Ayıb deyilmi? Atan başqalarının uşaqlarına tərbiyə öyrədir...”  Vəssalam, di gəl, sən də başqaları kimi, məsələn, kəndin arasında velosiped sür...



Amma fürsət tapan kimi uşaqlığın şirinliyini və acılarını da yaşadım. Hələ orta məktəb şagirdi ikən toy çadırlarının dalından adlı-sanlı aşıqları dinləməyə, çaxırın dadını bilməyə, öz bağımızda daha gözəl meyvələr ola-ola qonşu bağlardan cır armud oğurlamağa, gecələr sevdiyim qızgilin çəpərlərinin keşiyində durmağa da zaman tapa bildim. Gizlində şeir yazıb vərəqələri heç kimin gümanı gəlmədiyi yerlərdə gizlətdim... 

Heç zaman unudulmayan xatirələr

Yaxşı yadımdadır, məktəb yaşına çatmamışdım, 5-6 yaşım olardı. Rəhmətlik babam İlyas oğlu Mustafanın mənə üz tutub: “Ağ atı min, apar çayda sula. Hə, yadımdan çıxmışdı, sonra da Seyiddi yalına qalxarsan, bu tuluqdakı inək südünü də oradan Hilal nənəgilə verərsən. Di, tərpən!” deyəndə mən ilk dəfə sərbəst, çılpaq at minməliydim. Bunu kənardan seyr edən anam xeyli tərəddüddən sonra qayınatasından çəkinə-çəkinə yaşmağın altından: “A Mustafa dayı, bu ki, hələ uşaqdır. Birdən at yıxar” (yıxılar yox ha...) dedi. Babam sərt bir şəkildə anama tərəf qanrılıb: “Atdan yıxılan oğul mana lazım döyül. Yıxılar da yıxılar”, - dedi. Və mən sakitc, bir söz demədən, boyum balaca olduğundan atı tösə (dikdirə) çəkib belinə qalxdım. Babamın tapşırıqlarına əməl edəndən sonra kəndin içində bir az da o yan-bu yana at sürmək keçdi könlümdən. Sabahkı günü atam Musa müəllim məktəbə gedib qayıdandan sonra anama bunları deyirdi: “Şofer Tayman deyir ki, oğlun atı mənim maşınımla ötəşə (yarışa) çıxartmışdı. Onun başına ağıl qoy...”

Əlbəttə, mən bunu bir tənbeh kimi qəbul edirdim. Kənardan söhbətə qulaq verən babam isə əksinə, qürurlanırdı: “Onun maşını nədi ağ atın yanında? Öz yolunnan sürüf getsin...”.



O kənddəki evimiz

Ümumiyyətlə, bizim evimiz qarışıq yaşadığımız məhəllədə yaşayış evi olmayıb əvvəllər. Buralar sovetlər dönəmindən öncə babamın bağ sahəsi olub. Sonralar sovet hökuməti kənd camaatına paylayıb. Müəyyən hissəsini də özümüzə veriblər. Böyük bacım köhnə yurdda dünyaya göz açıb. Sonrakı uşaqlar - hamımız indiki evimizdə doğulmuşuq. Əlbəttə, bu evin hər küncünə-bucağına bir xatirə ilə bağlanmışam. Heç nə yadımdan çıxmayıb. Hər dəfə evimizə döndüyümdə hər tindən bir xatirə boylanır. Acısı da var, şirini də. Tikildiyi zamana nisbətdə çox zəngin, heç bir dəyişiklik eləmədiyimizə görə indilərdə çox sadə görünə biləcək bir evimiz var. Mənə bu ev daha çox babam İlyasoğlu Mustafanın, nənəm Molla Gülüstanın ayaq basıb dolaşdığı, oturub-durduğu bir məbəd kimi, indi ata-anamıın yaşadığı bir oda kimi daha əzizdir.

Məktəbimiz...

Orta məktəbə 1970-ci ildə getdim. Necə getdiyimi ala-toran xatırlayıram. O zaman “parta tutmaq” deyə bir ənənə vardı. Ot çalımı zamanı biçənəkdə yer işarələyən kimi, məktəbdə də gərək zirək tərpənib ön partada özünə yer işarələyib tutaydın. Dala qaldınsa, yerin də axırıncı partalarda olacaqdı. Yaxşı yadımdadır. Bunun üçün hətta məktəbdə gecələyənlər də olardı. Az hallarda müəllimlər parta seçiminə düzəliş verərdilər. Mənim yerim həmişə birinci partada olub. Yer üstündə mübahisə olanda bəzən 2 nəfərlik partada 3 nəfər əyləşərdik.

Oxuduğum Aslanbəyli kənd orta məktəbi mənim üçün həmişə əziz olub, məbəd kimi baxmışam ora. Elə indi də hər kəndə gedəndə məktəbimizə baş çəkirəm. Mümkün olunca məktəbim direktoru Dilqəm müəllimlə görüşüb məktəbin qayğılarından danışırıq. Amma hər dəfə ora getdiyimdə məni daha çox məktəbin müxtəlif guşələri ilə ağlı həzin xatirələr çulğayır. Həmin anları yaddaşımda canlandırmağa, gözümün önünə gətirməyə çalışıram. Bu çox maraqlı və nostalji bir duyğudur.



Oxuduğum 10 il müddətində həmişə əlaçılar sırasında olmuşam. Aşağı siniflərdə oxuyarkən məktəbin şərəf lövhəsində olan foto-şəklimi indi də saxlayıram. Bu yaxınlarda qardaşım oğlu Əbubəkir internetlə mənə bir şəkil yolladı. Bu kəndimizin rəssamının işlədiyi portretim idi. Portretin aşağısında da bir bənd şeirim yazılmışdı. Soruşduqda dedi ki, məktəbimizin dəhlizinin divarından fotoaparata köçürüb. Eşidəndə çox kövrək duyğular yaşadım. Növbəti gedişimdə gördüm ki, divarda kəndimizin yazarları üçün ayrıca bir guşə ayrılıb. Orada Məmməd İlqarın, Akif Səmədin və mənim portretlərimiz asılıb. Qədirşünaslıqlarına görə təşəkkür etdim məktəbimizin indiki rəhbərliyinə. Bu həmin kənddən çıxan bir yazar üçün çox böyük diqqətdir.

Vaxtilə bizim oxuduğumuz məktəbin yerində indi müasir tipli yeni bina tikilib.  Hər cür şəraitlə təmin edilib. Dövlətimiz tərəfindən təhsilə olan diqqət və qayğı burda da öz ifadəsini tapıb.

Borclu olduğum müəllimlər...

Bəlkə də müəllim ailəsində doğulub, müəllim çörəyi ilə böyüdüyümdəndir, mənim müəllim adına və peşəsinə ayrı cür rəğbətim var. Müəllimlərimə qarşı da həmişə böyük sevgi və sayğı duymuşam. Bizim çox bilikli və bildiklərini bizə canı-dildən, sidq-ürəklə öyrədən müəllimlərimiz olub. Onlardan bəziləri haqq dünyalarındadır. Hər birinə Allahdan rəhmət diləyirəm. Yaşayanlara uzun ömür, can sağlığı arzulayıram. İbtidai sinif müəllimimiz Zöhrə xanımın, rus dili müəllimim Musa müəllimin xatirəsinə həsr etdiyim yazılarım var. Fizikadan mənə dərs demiş Məhəd müəllimin xatirəsi çox əzizdir. Onun ömür-gün yoldaşı və riyaziyyat müəllimim Rahilə müəllimə ilə hər dəfə kəndə döndüyümdə görüşməyə, əhvalını soruşmağa çalışıram. Bütün fənlərdən əla qiymətlər alsam da, dəqiq elmlərə xüsusi marağım olub. Fizikanı və riyaziyyatı daha dərindən öyrənmişəm və arzum da riyaziyyatçı olmaq idi. Hələ orta məktəbin 9-cu və 10-cu siniflərində oxuyarkən indiki Neft Akademiyasının keçirdiyi zona olimpiadalarında riyaziyyat üzrə qalib gəlib, akademiyanın diplomlarını qazanmışam.

Hərbi xidmətə Sumqayıtdan çağırılmışam. Hərbi komissarlıqda keçirilən sorğu-sualda rus dilində sərbəst danışmağım burdakıları heyrətləndirdi. Kənddən gəldiyimə inanmadılar. Buna görə də və indiki tərcüməçilik fəaliyyətim üçün də mənə orta məktəbdə rus dilindən dərs demiş Musa müəllimin ruhuna dualar oxuyuram. Bu şeirimi də bütün müəllimlərimə ithaf edirəm.

Əbədi nur kimi yaşar cahanda,
Qəlbinin oduyla isinər həyat.
Ürəklə çəkilər adı hər yanda.
Müəllim dinərsə susar kainat.
Zəkasıyla yarar qaranlıqları,
Aydın sabahlara ötürər bizi.
Qoparıb bəşərin adiliyindən,
Sirli bir aləmə yetirər bizi.
Sevgilər süslənər doğma səsində,
Hər duyan ürəkdə taxtı-tacı var.
Dünyanın ən böyük dahisinin də
Müəllim sözünə ehtiyacı var.
Kəndimizin özəlliyi və gözəlliyi

Dünyada gözəl olmayan kənd yoxdur. Özəlliyi ilə seçilməyən kənd yoxdur. Sadəcə, baxır hansı kənd kimin üçün özəl və gözəldir. Ümumiyyətlə, kənd məfhumu mənim üçün çox doğmadır. Artıq 35 ildir şəhərdə - Sumqayıtda yaşamağıma baxmayaraq, ürəyim kəndimizlə döyünür. Macal tapan kimi görüşünə tələsirəm. Yuxarı Salahlıdan İncə dərəsinə ayrılan yola dönəndə artıq qəribə hisslər yaşayıram, kəndin girişinə çatanda kövrəlmədiyim yadıma gəlmir. Kəndin kənarındakı ucalıqlardan kəndin mənzərəsini seyr etməyin ayrıca zövq-səfası var. Baxışlarımla addım-addım gəzib dolaşıram aralıqları. Hər cığırdan, hər izdən bir kövrək xatirə boylanır. Yazmaqla bitən deyil ki...

Hələ ilk kitabım nəşr olunanda ön səhifəyə bir abzaslıq söz yazmışam. Mənə elə gəlir burda xatırlamaq yerinə düşər:

İbrahim İlyaslıdan



Yazdıqlarımda uğurlu nə varsa, hamısına görə Tanrıdan aşağı hədislərinin, nağıllarının, bayatılarının kölgəsində boy atdığım nənəm Molla Gülüstan Molla Mustafa qızına, səmimiyyət və halallıq mücəssəməsi olan babam Mustafa İlyasoğluna, ata və anama, müəllimlərimə, əsərlərini dönə-dönə oxuyub öyrəndiyim klassiklərə və müasirlərimə, ədəbi taleyimdə uğuruma çıxan təmənnasızlara, vəfalı və vəfasız dostlarıma, çanağını ürəyim bildiyim saza, Yunus Əmrəni, Füzulini, Nəsimini, Seyyid Mir Həmzə Nigarini, müqəddəs ziyarətgahım Hacı Mahmud Əfəndini mənə anladan Nəqşbəndi müridlərinə, bir də, hər dəfə əlimə qələm alanda dil deyən bulaqlarının zümzüməsinə, bədöy atlarının kişnərtisinə, otlarının-ağaclarının təravətinə, adamlarının ovqatına kökləndiyim, daş kitabələrinin sirrinə, dəli ozanlarının sehrinə vardığım bələyim-beşiyim, evim-eşiyim İNCƏ  DƏRƏSİnə borcluyam!



Kəndimiz: əvvəllər və indi...

Zehniyyətimdə kəndimiz, əslində, mənim orda yaşadığım zamanda olduğu kimi donub qalıb. Mənim kəndim məhz həmin xəyalımdakı kənddir. Amma, əlbəttə ki, o zamandan bəri keçən müddətdə qazanılan uğurları, tərəqqini də görməzdən gəlmək insafsızlıq olar. İnsanların daha yaxşı yaşaması üçün hər cür şərait yaradılıb. Müasir standartlara cavab verən asfalt yol, kəndin fasiləsiz olaraq elektrik enerjisi, qaz, su ilə təmin edilməsi dövlətimizin kəndə olan diqqət və qayğısından xəbər verir. İnsanlar daha rahat yaşayırlar.  

Yaddan çıxmayan sevgi...

Mənə elə gəlir bu haqda danışa bilməyəcəyəm. Çünki “yaddan çıxmayan sevgi” deyilən bütünlüklə mənim şeirlərimə yansıyıb. Bu haqda şeirlərimdə dediyimdən gözəl heç nə deyə bilməyəcəm. 50 yaşımın tamamında yazdım bu şeiri. Onda bu sevginin 40 yaşı tamıydı.

O sevdalı çağlar yadındamı

O sevdalı çağlar yadındadımı?-
Bir mən igidiydim, bir də sən gözəl.
Dünyada mənə tay dəli yoxuydu,
Yoxuydu dünyada sənə tən gözəl.

Bə heç demirsənmi hardadı görən
İpək tellərinə nərgizlər hörən?...
Səniydin onlara yaraşıq verən,
Nə çiçək gözəldi, nə çəmən gözəl.

Sevgi bir yol gələr adama haqdan,-
Sənin divanənəm elə o vaxtdan.
Gözümə ağ gəlib yola baxmaqdan,
Ürəyə xal düşüb, saça dən, gözəl.

Mən ömür sürmədim – vaxtdı, uzatdım,
Sənsizlik adınnan başımı qatdım.
Göynəyə-göynəyə əlliyə çatdım,-
Gülə-gülə ölləm “öl” desən, gözəl.

Gör mən nə saymışam, fələk nə sayıb -
Dönüb sənə baxmaq sayılar ayıb...
Aradan qırx igid ömrü adlayıb,-
Mən həmən dəliyəm, sən həmən gözəl!

Şahinəyə

Yazın əvvəllərində Şahinə Könül mənə telefon açıb dedi ki, İncədə gül-gülü çağırır, bülbül-bülbülü. Haralardasınız, kəndə niyə gəlmirsiniz?

İncədə bir gülüm vardı –
Aydan arı, sudan təmiz.
Onu da yellər apardı,
Qaldım çiçəksiz, çəmənsiz.

İndi ha boylanım-baxım,
Ötüb ömrün gül vədəsi...
Bağrımın qan vaxtı çatıb,
Saçlarımın kül vədəsi.

Bir mən qallam, bir də qalar
Mənə bu zülmü çəkdirən...
Nə o həmin çiçək olar,
Nə mən həmin çiçəkdərən.

Bu gün sizi darıxdıran kənd

Əlbəttə, darıxıram. Təəssüf ki, çox az-az gedə bilirəm, amma hər şeydən öncə bu gün kənddə yaşayan atam  üçün, anam üçün darıxıram. 50-ni keçməyimə baxmayaraq, dəcəl körpəyə dönürəm onları görəndə. Bu cür anları yaşamaq üçün kim darıxmaz?



Səfərə çıxmağım gəlir

Səfərə çıxmağım gəlir,
Şəhərlərdən uzaqlara.
Çəkiləm dərəyə, dağa,
Qoşulam yalquzaqlara.

Bir mən olam – bir çəmənlər,
Bir də quşların oxusu.
Sərvaxt gecələr yaşayam
Gözlərimdə quş yuxusu.

Görəm nədi qaranlıqda
Meşələrin vahiməsi.
Gözümə adam dəyməyə,
Qulağıma adam səsi.

Yol gedəm – yorulub qalam
Çəhlimlərin yoxuşunda.
Dolu döyə – daldalanam
Palıdların koğuşunda.

Göydən ildırım şaqqıya,
Guruldaya gen dərələr.
Şimşəklər teylənib gəlib
Qayaları dindirələr.

Könlümü sözə kökləyə
Dağ çayının şırıltısı.
Bir misramı səksəndirə
Kəkliklərin pırıltısı.

Ürəyimi sığallaya
Bulaqların zümzüməsi.
Qatarlanıb qaqqıldaşa
Başım üstə durna dəsi.

Dağlara bayatı çəkəm -
“Eləmi, dağlar…” deyibən.
Dağ olan öz balasını
Beləmi saxlar?- deyibən.

Ah, bu istəyə, arzuya
Yetişəm, noola, gün gələ.
Məni şəhərli eləyən
Tale, səni belə-belə…

Qazaxdı

Gənc aşıq dostum Niyaməddin məndən Qazağa şeir yazıb-yazmadığımı soruşdu. Bakı-Qazax qatarında bu şeiri qələmə aldım.

Nə kövrək  mətləbə toxundun, oğul,
Oxu bu qoşmanı – adı «Qazax»dı.
Güvəncim-gümanım, andım-amanım,
Pirim-səcdəgahım, odu – Qazaxdı.

Şəhər tünlükləri salanda bəndə,
Ruhum qanadlanır o doğma kəndə.
Dilim bala batır adı gələndə,-
Ağzımın balmisal dadı Qazaxdı.

Hanı yer üzündə o yurdun babı?-
Yerləri laləzar, göyləri abı.
Könlümün təpəri, canımın tabı,
İçimin alovu, odu Qazaxdı.

Qələmçə, Göyəzən, Avey – keşiyim,
Dəli Kür – yüyrüyüm, İncə - beşiyim.
Daha nə sorarsan, öyüm-eşiyim?-
Ruhumun yaddaşı-yadı Qazaxdı.

İbrahim əmini elədin çapar,
Durma, gəl şeirini Məzəmdən apar…
Dartınıb Gəncədən tərpəndi qatar,
Ürəyim atdandı – budu… Qazaxdı!

Elmin NURİ

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi