Modern.az

Tarixi öldürən TARİXÇİLƏR - “İndi də bəzi tarixçilər bolşeviklər kimi yazırlar”

Tarixi öldürən TARİXÇİLƏR - “İndi də bəzi tarixçilər bolşeviklər kimi yazırlar”

12 Sentyabr 2015, 12:22

Tarixi adətən keçmişin siyasəti, siyasəti isə sabahın tarixi kimi qiymətləndirirlər. Tarix bir elm kimi təkcə baş verən hadisələrin  xronoloji ardıcıllığından ibarət deyil, O həm də bu günün ictimai-siyasi prosesləri üçün təcrübə rolunu oynayır, hər bir xalqın milli özünüdərkini öz arxivində qoruyub saxlayır. Amma tarixin sonradan təhrif olunması gələcək ideoloji fəsadlara yol açır.
Sovet dövründə çoxəsrlik Azərbaycan tarixi rus təfəkkürlü tarixçilər tərəfindən saxtalaşdırılıb, təhriflərə məruz qalıb. Bu prosesin məqsədi xalqla onun kökü, keçmişi arasındakı bağı qırmaq və yuyulmuş təfəkkürdən öz məqsədləri naminə istifadə etmək idi. Çox təəssüflər olsun ki, həmin tendensiya bu gün də bəzi “tarixçilər”  tərəfindən qorunub saxlanılır. Bugün də hansı maraqlara xidmət etdikləri bilinməyən bəzi tarixçilər tarixi şəxsiyyətlərə çamur atmaqla, onların dəyərini və tarixdə tutduqları mövqelərini təkzib etməklə məşğuldurlar.

Modern.az saytı mühacirət və Cumhuriyyət tarixi üzrə araşdırmalar aparmış alim Nəsiman Yaqublu ilə bu barədə söhbət edib:

Nəsiman müəllim əvvəlcə Cumhuriyyət dövrünə qədər Azərbaycan tarixi ilə bağlı o qədər də güclü araşdırmaların olmadığına toxunub.  Onun sözlərinə görə, çox qısa ömrü olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) bu missiyası yarımçıq qalıb. Lakin Məhəmməd Əmin Rəsulzadə özünün “Azərbaycan Cumhuriyyəti” əsəri ilə bu sahədə ilkə imza atıb, müəyyən təhriflərin qarşısını alıb:

“Bu məsələ ilə bağlı çox ciddi problemlər var. Azərbaycan tarixi ilə bağlı ətraflı araşdırmalar XX əsrdən bu tərəfə yazılmağa başlayıb. Ondan əvvəl yazılanlarda isə kifayət qədər ciddi təhriflər olub. Bircə Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm” adlı əsəri daha sanballıdır və tarixi faktlar orada doğrudur. 1920-ci ilə qədər olan tariximizi isə azərbaycançılıq, milli ideoloji istiqamətdən ən yaxşı təhlil edən isə Məhəmməd Əmin Rəsulzadə olub. O, qısaca olaraq “Azərbaycan Cumhuriyyəti” adlanan əsərində ta qədim dövrlərdən AXC-in qurulmasına və dağılmasına qədər olan dövrü çox gözəl təhlil edib. Kitab 1923-cü ilin may ayında yazılıb. Türkiyənin İzmir şəhərində keçirilən sərgidə “Atatürk” adına mükafata layiq görülüb. Yeganə kitabdır ki, burada Azərbaycanın həm qədim dövr, həm orta əsrlər, həm də XX əsrin əvvəllərindəki istiqlal mübarizəsi  öz əksini tapır. Azərbaycançılıq ideologiyası üçün çox vacib və demək olar ki, o zaman görə yeganə kitab idi. Ona görə də Atatürk həmin nəşri 3500-dən çox kitabı olan şəxsi kitabxanasında saxlayırdı və üzərində karandaşla vacib qeydlər edərdi”.

Nəsiman Yaqublu bildirir ki, Azərbaycan tarixinin saxtalaşdırılması məhz 1920-ci ildən sonra sovet quruluşunun formalaşması ilə meydana gəlib. Bu zaman bir çox tarixçilərimiz də düşmən dəyirmanına su töküblər:

“İkinci bir məsələ isə Azərbaycan tarixinin təhrif olunması ilə bağlıdır. 1920-ci ildən sonra, yəni Azərbaycan bolşeviklər tərəfindən istila ediləndən sonra Azərbaycan tarixi çox böyük təhriflərə məruz qaldı. Çünki sovet quruluşu yeni formalaşmışdı və yazılan tarixi kitablar da həmin ideologiyaya xidmət etməli idi.  Bu kimi kitablarda əsas məqsəd Azərbaycanın dövlətçilik tarixini inkar etmək, AXC-in varlığını təkzib etmək, dövlətçilik ideologiyasının əksinə fəaliyyət göstərmək idi. Kim idi bunları yazan – rus, erməni tarixçiləri və rus, erməni tarixçilərinin dəyirmanına su tökən öz tarixçilərimiz. Onlara misal olaraq Əliheydər Qarayev, Mirzədavud Hüseynov, Ruhulla Axundov  və başqa yerli bolşevikləri göstərmək olar. Bunlar ciddi şəkildə Azərbaycan tarixini inkar edirdilər.  Daha çox oktyabr inqilabını, sovet quruculuğunu irəli çəkirdilər. Bir çox yalançı tarixçiləri də bu işlərə cəlb edirdilər. Məhz onların sayəsində o zaman yazılan tarix çox təhriflərə məruz qaldı”.

Nəsiman Yaqublu təəssüf edir ki, belə saxtakar tarixçilər hələ də var. Onun fikrincə, bu gün elə tarixi monoqrafiyalar yazılır ki, onların 1920-ci ildə yazılan bolşevik əsərlərindən heç fərqi olmur:

“O zaman hansı şəxslər ki, əsl, saxtalaşdırılmamış tarixi yazırdılarsa, onları gözümçıxdıya salırdılar. Məsələn, akademik Heydər Hüseynov “XIX əsr Azərbaycan ictimai-siyasi fikir tarixindən” adlı çox sanballı tarixi monoqrafiya yazdı. Bu kitaba əvvəlcə “Stalin” mükafatını verdilər. 1950-ci illərin əvvəllərində isə gördülər ki, yox, burada Qafqaz xalqlarının azadlığına da yer verilib. Odur ki, hamısı sifarişlə kitabı tənqid etdi və ona verilən  “Stalin” mükafatı geri alındı. Alimi o həddə çatdırdılar ki, axırda Şüvəlandakı bağında özünü asıb öldürdü.

Tanıdılması vacib olan tarixi şəxsiyyətlərin əvəzinə Stepan Razin, Yemelyan Puqaçov kimi düşmənləri təbliğ etdilər.

Bu kimi səhvlər sonradan da qaldı. Təhriflər daha çox tarixi hadisələrin dəqiqliyində, şəxsiyyətlərin kimliyində və rəqəmlərdə özünü göstərirdi. Bu cür tarixçilərimiz indi də  var. Çox təəssüf ki, onlar professor, akademik adlarına layiq görüldülər. Bu gün də bəzilərinin yazdığı kitablar 1920-ci illərdə bolşevik tarixçilərin  yazdıqları ilə eynidir. Bir tarixçi kimi deyirəm ki, baş verən tarixi hadisələrə və şəxsiyyətlərin tarixdə gördükləri işlərə obyektiv yanaşılsın”.

Tarixçi alim xüsusi olaraq bir məqama diqqət çəkilməsini istəyir:

“Bunu xüsusi olaraq qeyd etməliyəm: 1920-ci ildə AXC dağılandan sonra məcburi şəkildə ölkə xaricinə gedən istiqlalçı ziyalılar orada da Azərbaycan tarixinin təhrifinə qarşı çıxırdılar. Bunlara misal olaraq Məhəmməd Əmin Rəsulzadəni, Yusif Akçuraoğlunu, Hüseyn Baykaranı, Hilal Münşini, Mirzəbala Məmmədzadəni və başqa mühacirləri göstərə bilərik. Xaricdə yaşayan mühacirlərimiz orada Azərbaycan tarixini təhrif edən şəxslərə qarşı çıxırdılar. Məsələn, mühacirlərin ciddi cəhdlə qarşı çıxdığı şəxslərdən biri də məşhur Qurban Səiddir.  Hilal Münşinin onun əleyhinə olan məqaləsi var. Çox  yaxında həmin məqaləni sizin sayta təqdim edəcəyəm. Orada Azərbaycan tarixini təhrif edən Qurban Səidə iradlar tutur onu düzgünlüyə çağırır.

N. Yaqublu Azərbaycan tarixinin hansı şəxsiyyətlərinin və hansı dövrlərinin təhrifə məruz qalmasını bu cür sistemləşdirib:

“Əvvəlcə bir məsələni qabartmaq istərdim: hətta ən öndə gedən bəzi alimlər də Rəsulzadəni kiçiltməkdən ötrü Topçubaşov və başqa şəxslər barəsində cild-cild kitablar yazdılar. İnanın, mən bunu tam səmimiyyətimlə deyirəm, onların əsas məqsədi Topçubaşov, Xoyskiyə olan sevgi deyil, onların məqsədi sadəcə Rəsulzadəni ikinci plana salmaqdır. Təbii ki, onların hamısı Azərbaycan tarixinin böyük şəxsləridir. Amma onları elə işıqlandırmaq lazımdır ki, bir-birlərinin kölgəsində qalmasınlar.

İkinci bir xətt isə 1980-ci illərin sonlarında SSRİ-yə qarşı baş qaldıran Milli Azadlıq Hərəkatına aid yazıların olmamasıdır. Axı o da tariximizin bir parçasıdır və milli ideologiya uğrunda nəhəng imperiyaya qarşı qalxmışdılar. Təəssüflər olsun ki, o barədə heç nə yazılmayıb. Milli Azadlıq Hərəkatının tarixi işlənməyib.

Üçüncü xətt, Azərbaycan mühacirət tarixi ilə bağlıdır. Mühacirətdən danışanda  yalnız Rəsulzadə, Ceyhun Hacıbəyli, Mirzəbala Məmmədzadə və onlar kimi iki-üç adamın adı çəkilir. Amma tək onlar deyil axı. Mühacirətdə, qürbətdə bir çox həmyerlilərimiz olub. Onlar haqqənda yazılamlıdır”.

Elmin NURİ

Twitter
Sizə yeni tvit var
Keçid et
Son dəqiqə Naxçıvanın Kərki kəndində etirazlar başladı