Modern.az

Fəxriyə Xələfova payızda hansı geyimlərin dəbdə olacağını AÇIQLADI

Fəxriyə Xələfova payızda hansı geyimlərin dəbdə olacağını AÇIQLADI

Dünya

13 Sentyabr 2015, 09:07


Artıq havalar soyumağa başlayır. Soyuq və bir qədər də yağışlı havalar isti yay günlərini getdikcə geridə qoyur. Get-gedə dəyişilən hava durumu geyimimizdə özünü büruzə verir. Xüsusilə də xanımlar havanın necə olmasından asılı omayaraq, heç zaman dəbdən geri qalmamağa çalışırlar.

Tanınmış modelyer Fəxriyə Xələfova payız mövsümündə geyimlərdə hansı tendensiyaların olacağı barədə Modern.az saytına açıqlama verib. O, bu mövsüm geyim və ayaqqabılarda, eləcə də çanta və kəmərlərdə dəyişikliklərin olacağını vurğulayıb.

Fəxriyyə Xələfova soyuq aylarda üst geyimlərin aktuallaşacağını bildirib.

“Payız tendensiyalarında maraqlı yeniliklər var. Təbii ki, payız mövsümündə onların arasında üst geyimlərinin aktuallaşması müşahidə olunur. Əsasən də senytabr və oktyabr aylarının ortalarına qədər keçid dövrüdür. Havalar bir az soyuyur və üst geyimlərə zərurət yaranır. Ona görə üst geyimləri çox incə parçadan olmalıdır, qalın olmamalıdır. Gödəkçələr daha çox dəbdə olacaq. Xüsusilə də idman üslubunda müxtəlif nazik dəri gödəkçələr bu ilin dəbidir. Plaş tipli üst geyimləri, eləcə də o geyim tərzi yenidən dəbdə olacaq. Belə geyim üslubuna “trenc” deyilir. Bu keçid mövsümü üçün kətan, ipək parçadan hazırlanan “trenc”lər , yəni yarımplaşlar aktuallaşacaq. Adətən daha sonrakı aylar üçün geyimlər ənənəvi plaş materiallarından hazırlanır. İpək parça əslində ənənəvi olaraq nazik olur. Amma yeni texnologiyalara görə, bir az qalın da istehsal olunur. Və ona görə bu tip üst geyim növləri aktual olacaq. Həm də bununla paralel, trikotaj və ya kaşmir jaketlər, trikotaj şallara tələbat artacaq”.

Fəxriyyə xanım eyni zamanda onu da vurğulayıb ki, bu keçid mövsümündə yay geyimlərini payız geyimləri ilə sintez edib geyinmək də mümkündür.

“Maraqlı bir fakt da var ki, bu keçid mövsümündə hələ də bir çox yay geyimlərimizi geyinməyə davam edə bilərik. Biz dərhal geyimlərimizi tamamilə qalın geyimlərə dəyişmirik. Əvəzində yeni bir sintezdə məsələn, hansısa bir yay ətəyini yay koftası ilə deyil, artıq payız köynəyilə kombinə etmək olar. Hətta bir azdan havalar soyuyanda da geyim ansambllarında hansısa bir incə parçadan olan geyimin qalın parçadan olan geyim növü ilə sintezi müşahidə olunacaq. Tutaq ki, bluz şifondan, amma jilet artıq klassik ənənəvi parçadan ola bilər”.

Modelyer bu sezon klassik geyimlərin avanqarq olacağı və daha da aktuallaşacağını bildirib.

“Klassikaya gələndə təbii ki, payız və qış mövsümü üçün klassik geyimlər daha çox aktual olub. Ona görə ki, iş fəaliyyəti başlayır. Şəhər stili daha çox aktullaşır. Və kalssik geyimlərə üstünlük daha çox verilir. Amma bu mövsümdə klassika daha da avanqard görünəcək. Müxtəlif detallar müşahidə olunacaq. Məsələn, ənənəvi pencək-şalvar dəstində biz hardasa cizgilərin dəyişdiyini müşahidə edəcəyik. Yenidən daha bol, ətək tipli şalvarlar dəbdə olacaq. Pencəklər daha çox bədənə oturan formada, qollarında, yaxalarında müxtəlif avanqard detallar müşahidə olunacaq. Manjetlər, yaxalıqlar fərqli olacaq. Və ətəklərin uzunluğuna gələndə isə payız mövsümündə ənənəvi, dizdən dörd barmaq yuxarı ətək daha çox aktual olacaq. Hətta mini ətəklər də aktullaşacaq”.

Rəng seçiçlərinə gəldikdə isə modelyer bu mövsüm geyimlərdə daha əlvan rənglərin istifadə olunacağını vurğulayıb.

“ Payız mövsümündə hətta çiçəkli motivlər yenə də geyimlərdə aktual olacaq. Adətən çiçəkli motivlər bahar- yay mövsümünə aiddir. Amma tünd parçaların, tünd rənglərin üzərində çiçəkli naxışlar çox aktual olacaq. Bundan əlavə, folklor motivləri, müxtəlif etnik naxışlar da dəbə minəcək. Ətəyin kuponunda, kantında müxtəlif naxışlar çox aktual tendensiyadır. Müxtəlif həndəsi zolaqlar və həndəsi fiqurlarlarla bəzədilmiş parça növləri bu sezonun dəbi olacaq. Ümumiyyətlə, zolaqlar dəb halını alacaq. Bir geyimdə 3-4 fərqli rənglərdə zolaq müşahidə olunacaq. Amma bu rənglər bir- birinin arasında həmahənglik təşkil eləməlidir. Bunlar ümumi geyim tendensiyalarıdır”.

Fəxriyyə xanım eyni zamanda, payızın ayaqqabı, kəmər, çanta dəblərindən də danışıb.

“Bu sezon ayaqqabılarda, çantalarda, kəmərlərdə dəyişikliklər müşahidə olunacaq. Daha çox belə oturan paltarlar dəbdə olacağı üçün istər-istəməz qalın kəmərlər dəbdə olacaq. Kəmərlərin rəngləri dəyişib. Ənənəvi qara, boz rəngdə kəmərlər, ağ, çəhrayi, bənövşəyi kəmərlərlə əvəz olunacaq. Bu da müstəqil detal kimi çox maraqlı görünür.

Ayaqqabıların formaları dəyişəcək. Ənənəvi, klassik “şpilka” dediyimiz incə daban hardasa qalın və bir az əyri cizgili daban, yəni avanqard ayaqqabı növləri ilə əvəz olunacaq. Bir sözlə, avanqard ideyalar həm geyimlərdə, həm də ayaqqabılarda müşahidə olunacaq.

Çantaların həcmi daha böyük təqdim olunur son illərdə. Portfel tipli çantalar sezonun dəbi olacaq. Bu şəhər stili üçün ən aktual variantdır.

Digər geyim növləri ilə bərabər, əlavə olaraq şərf, papaq və jiletlər də aktuallaşacaq. Xüsusilə də, gənclərin sevimlisi olan cins jiletlər öz aktual yerini qoruyub saxlayacaq.

Payız mövsümündə şərflər də böyük bir elementdir. Şərflər iki funksiya daşıya bilər. Kaşmir parçalardan şərflər həm bəzək fünksiyasını yerinə yetirə bilər, həm də soyuqdan qorunmağımıza xidmət edəcək.

Jiletlər çox aktuallaşacaq. İdman üslubundan müxtəlif jiletlər əlavə üst geyim kimi, ya da klassik ansamblı tamamlamaq üçün aktuallaşacaq. Gənclərin çox sevdiyi cins jiletlər öz aktuallığını qoruyacaq. Cins jiletlər üst geyimdə bluzla müşahidə olunacaq. Cins geyimlərində daha çox dekor artımı müşahidə olunur. Dekorlar klassik cins stilinə əlavə olunacaq. Məsələn, cins geyimin üzərinə çiçəkli motivlər və ya hər hansı bir digər parçadan bəzək işləri, ora əlavə oluna bilər. Bu da retro-hip stilinə aid bir istiqamətdir. O da çox aktuallaşacaq.

Ümumiyyətlə, mən müşahidə eləmişəm, həmişə bizdə insanlar papaqlara üstünlük vermirlər. Bu düzgün deyil. Başı yayda istidən, qışda soyuqdan qorumaq lazımdır. Ona görə müxtəlif şlyapalar, toxunma papaqlardan, hansısa bir papağa uyğun parça növlərindən, süni dərilərdən, xəzlərdən olan papaqlara üstünlük vermək lazımdır. Və onu geyimlə sintez etmək lazımdır. Təbii ki, hər geyimə uyğun bir papaq almaq düzgün deyil. Bir neçə sizə yaraşan papaq növlərini alıb taxmaq olar. Məsələn, fransız stilinə aid olan beretkalar faydalıdır”.

Modelyer Fəxriyyə Xələfovanın sözlərinə görə, geyim barədə bir az yaradıcı olmaq lazımdır. Qarderobdaki köhnə geyimləri yeni tendensiya ilə uyğunlaşdırmaq mümkündür. Bunun üçün bir balaca yaradıcı düşünmək lazımdır.

“Çalışmaq lazımdır ki, əvvəlki qarderobda olan geyimləri yeni ideyalarla, tendensiyalarla sintez edək. Ona görə ki qarderobu dərhal dəyişmək mümkün deyil. Elə olur ki, bizim qarderobumuzda çox sevdiyimiz geyim növləri var. Onları dəyişmək yox, sadəcə yenidən kombinasıya etmək olar. Hətta heç təzə yeni geyim almadan da əvvəlki qarderobumuzdan olan geyimləri yeni ideyalarla dəyişmək mümkündür. Hər hansı bir pencəyimizə, jiletimizə yeni dekor əlavə edə bilərik. Hətta mən həmişə məsləhət görürəm ki, özümüz də öz geyimlərimizi bəzəyək. Belə ki, biz geyimlərin üzərinə tikmələr, düymələr əlavə edə bilərik. Şəxsi yaradıcılıq həmişə geyimləri yeniləşdirir”.

Leyla Əfqan

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi