Modern.az

“Mən İlhamə Quliyeva adında sənətkar tanımıram”

“Mən İlhamə Quliyeva adında sənətkar tanımıram”

14 Sentyabr 2015, 15:32

Tanınmış ssenarist  və kinodramaturq Eldəniz Quliyev son zamanlar bəzi kütləvi informasiya vasitələrinin xüsusi yer ayırdığı sənətçilərin qalmaqallı çıxışlarına münasibət bildirib.

O, Modern.az-a açıqlamasında deyib:  “Təsəvvür edin ki, vaxtı keçmiş zəhərli qida satan, əhalini zəhərləyən, sağlamlığına ziyan vuran hər hansı bir müəssisə cinayət məsuliyyətinə cəlb olunur. Amma televiziyalardan yüz minlərlə insanın mənəviyyatına vurulan zərbəyə görə heç kim məsuliyyət daşımır. Bu gün Azərbaycanda bir çox “sənətçilər” sənətlə uğur qazanmaqdansa, bir çox hallarda istedadsız olduqlarına görə, gündəmdə qalmağın vasitələrini axtarırlar. Bunun da ən yaxşı üsulu qalmaqal yaratmaqdır. Ədalət naminə demək lazımdır ki, bunu çox gözəl bacarırlar”.  

Eldəniz Quliyev bu cür bayağı qalmaqalların insanların milli-mənəvi aləminə zərər vurduğunu da qeyd edib: “Doğrudan da Azərbaycanda bir problem var. Bu, əsasən də şou-bizneslə bağlıdır. Artıq şou-biznes ona ayrılan sərhədləri keçərək insanların milli-mənəvi dəyərlər sisteminə zərər gətirir. Bu zərər məni narahat edir. Azərbaycan çox zəngin mədəni irsə malik bir ölkədir. Amma çox təəssüf ki, zəngin resursları olan, zəngin irsə malik Azərbaycanda elementar mədəniyyət yoxdur. Bu mədəniyyətsizliyi də həmən zəngin irsin “ardıcılları” boş-boş söhbətlərlə yaradır”.

O, qalmaqal yaradan “sənətçilər”in birmənalı şəkildə ictimai qınağa cəlb  olunmasının da vacibliyini  bildirib:

“Bu, təkcə müğənnilərə aid deyil. Bunu bizim evimizə çağırılmamış qonaq kimi gələn televiziyalarda nümayiş etdirilən seriallara da şamil edirəm. Birinci növbədə, insanların zövqünü korlayırlar. İkincisi, insanların mənəviyyatına neqativ təsir edir. Üçüncüsü, ümumiyyətlə, Azərbaycan insanının dünyada baş verənlərə adekvat münasibətini qabaqlayır, ona sərhəd qoyur. Bu kontekstdən yanaşanda belə başa düşürəm ki, qalmaqal yaradan “sənətkarlar” haqqında ictimaiyyət birmənalı olaraq öz qınağını ortaya qoymalıdır.  Bütün xalqın qəbul elədiyi, sevdiyi Azərbaycanı dünyada tanıdan, sevdirən hər hansı bir sənətkar belə xırda qalmaqal yaradırmı? Əlbəttə, yox. Bu qalmaqalı yaradan, gündəmi zəbt edən ancaq istedadsız adamlardır. Ola bilsin, bir mahnısı var, onların dili ilə desək, “raskurtka” vasitəsilə yol tapır tamaşaçıya, amma bu, heç də o demək deyil ki, belə adam istedadlıdır və ya ölkəsini təmsil edə bilər. Azərbaycan xalqı müdrik xalqdır. Onun zəngin irsi var. Bu mədəni irsə qoy həmən sənətçilər öz qalmaqalları ilə, yüngül bayağı münasibətləri, davranışları ilə zərbə vurmasınlar”.

Eldənzi Quliyev son zamanlar gündəmi məşğul edən Elza Seyidcahan Və İlhamə Quliyeva davasına da münasibət bildirib:

“Mən İlhamə Quliyeva adında sənətkar tanımıram. Olmayıb elə birisi. Ona görə də onun dediyi sözü böyütmək lazım. Biz xalq artistlərindən, əməkdar artistlərindən mədəniyyətə, incəsənətə belə münasibət gözləmirik”. 

 

Leyla Əfqan

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!