Modern.az

“Məşhur filmlərdən məşhur sitatlar” - “Bir molla, 3 manat pul, bir kəllə qənd”

“Məşhur filmlərdən məşhur sitatlar” - “Bir molla, 3 manat pul, bir kəllə qənd”

Mədəni̇yyət

15 Sentyabr 2015, 10:14


Modern.az
saytının “Məşhur filmlərdən məşhur sitatlar” rubrikasında bu dəfə Azərbaycan kino tarixində bir çox ilklərə imza atan “Arşın mal alan” filmindən danışacağıq. “Arşın mal alan” iki dəfə lentə alınan yeganə Azərbaycan filmidir. Rejissor Rza Təhmasibin ilk dəfə 1945-ci ildə çəkdiyi filmi 1965-ci ildə Tofiq Tağızadə ikinci dəfə ekranlaşdırıb. 1945-ci ildə çəkilən versiya nəinki Azərbaycan, ümumilikdə bütün SSRİ-yə dünya şöhrəti gətirib. Təkcə çəkildiyi 1945-ci ildə filmə 17 milyona yaxın adam baxıb.

Sovet kinosunun ən yaxşı 100 filmi sırasında “qızıl siyahı”ya düşən “Arşın mal alan” “millətlər atası” Stalinin şəxsi göstərişi ilə ekranlaşdırılıb. O, əvvəllər “Arşın mal alan”ı bir neçə dəfə teatrdan izləyib ona vurulub. Filmin çəkilməsi ilə bağlı qərara əsasən, işlərə Azərbaycanın o vaxtki rəhbəri Mircəfər Bağırovun özü şəxsən nəzarət edirdi. Filmdə baş verənlərin hamısı təbiidir. Filmə görə  rejissor Rza Təhmasib, baş rolun ifaçıları – Leyla Bədirbəyli (Gülçöhrə), Rəşid Behbudov (Əsgər), eləcə də ikinci dərəcəli obrazların ifaçıları Münəvvər Kələntərli (Cahan xala), Lütfəli Abdullayev (Vəli), Ələkbər Hüseynzadə (Soltan bəy), nəhayət bəstəyə görə Üzeyir Hacıbəyli Dövlət mükafatına layiq görülüblər.

Filmin süjet xətti o qədər də mürəkkəb deyil. Burada, sadəcə bir ənənəyə (toydan əvvəl evlənəcəyin qızın üzünü görmək) qarşı çıxmaq üzərində qurulan süjet sonradan maraqlı hadisələrə yol açır. İş elə gətirir ki, sonra bir toyun əvəzində dörd toy olur. Məhz bu maraqlı sonluq filmi sevdirir. Filmdə qadın hüquqsuzluğunu, mentalitetə sadiqlik amillərini çıxmaq şərti ilə ictimai-sosial problemlərə o qədər də toxunulmayıb. Yalnız iki yuxarı zümrə - bəy və tacir ailələri arasında baş verən kiçik əhvalat bütün mənzərəni əhatə edir. Məzmun etibarilə o qədər də güclü olmayan film buna baxmayaraq, milyonların sevimlisinə çevrilir, dünyanın bir çox ölkələrində nümayiş etdirilir. Səbəb isə çox sadədir: yoruculuq gətirməyən, qismən əyləndirici, tapmaca effektini sona qədər özündə saxlayan süjet xətti, peşəkar aktyor oyunu və ən əsası Üzeyir bəyin bənzərsiz musiqisi.

Beləliklə, filmdə müxtəlif obrazların dilindən səsləndirilən və bu gün də unudulmayan sitatları təqdim edirik:

Bu dünya elə belə gəlib, belə getsə onun axırı nə olacaq? – xalası Cahan  ilə evlənmək barəsində söhbət açmaq istəsə də, bundan bir az çəkinən və dolayısı yolla məsələni agah etmək istəyən Əsgərin bu cür deyimləri sonradan zərbi-məsələ çevrilib.

Amma bu barədə söz salmaq istəyən, ürəyindən evlənmək sevdası keçən tək o deyil.  Soltan bəy də o gündədir. Tez-tez “təklik mənə əl vermir də”, “bir üstümü basdıran olsaydı” deyərək öz istəyini gizlətmir. Film boyu dediyi məşhur “evlilik düsturu” isə bütün Azərbaycanda indi də toy etmək istəyənlərin dilinin əzbəridir: “Bir molla, üç manat pul, bir kəllə qənd, vəssəlam-şüttəmam”.

Soltan bəyin bu istəyi özünü çox gözlətmir. Tacir Əsgərin Gülçöhrə üçün göndərdiyi xalasına gözü düşən Soltan bəy kiçik bir epizodda “Sən dul, mən dul, gəl mənə bənd ol”, “görürəm arvadsan, özü də lap xalisindən”, “mənim dəllal-məllalla işim olmaz” kimi məşhur sitatları yaradır.

Həmin epizodun ardınca Əsgərlə olan dialoqda da bir neçə məşhur ifadənin şahidi oluruq. “Sənin qazancın o olar ki, mənim kimi bəylə qohum olarsan”, - deyən Soltan bəy Əsgərdən bu cür təklif alır: “Bəy, gəl ikibaşlı qohum olaq”. Yəqin razılaşarsınız ki, bu iki sitatın hər biri bu gün də məşhurdur.

Amma Soltan bəyin Əsgərə cavab olaraq dediyi  “Mən bəylərlə plov yemirəm ki, bığım yağa batar”, - sitatı daha məşhurdur.



Filmdə elə sitatlar var ki, onlar ariyaların, duetlərin mətnində olmasına baxmayaraq, sonradan məşhur ifadələrə çevriliblər. Məsələn, Asyanın ariyasında “bu yazıq yarına hərdən bir nəzər sal gözəlim” misrası sonradan məşhur sitata çevrildi.

Yaxud Telli ilə Vəlinin duetində “pulun var? - var, var, - pulun var gələrəm” sözləri indi də gülüşlə xatırlanır.

Məşhur sitatların müəllifliyindən Gülçöhrə də kənarda qalmır. Filmin son kadrlarında “ata gördün, həm mən deyən oldu, həm sən deyən” ifadəsi və ona cavab olaraq Soltan bəyin dediyi “yox qızım, hələlik sən deyəndir” sitatı bu gün də məşhurdur.

Filmdə səsləndirilən başqa məşhur sitatlar:

“Adam bənd olanda da beləsinə bənd olar” (Asya)

“Halal olsun, Süleyman, sən nə kələkbazsan şeytan” (Əsgər)

Elmin NURİ

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır