Modern.az

"Millət vəkilliyinə əsl namizəd xalçanın üzərində deyil, xalqın arasında dayanmalıdır"

"Millət vəkilliyinə əsl namizəd xalçanın üzərində deyil, xalqın arasında dayanmalıdır"

24 Oktyabr 2010, 17:04

97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən deputatlığa namizəd Aqil Aslan seçicilərilə görüşlərini davam etdirir. Modern.az xəbər verir ki, namizəd jurnalistin növbəti görüşü Goranboy rayonunun Aşağı və Yuxarı Ağcakənd qəsəbələrində, Börü kəndində təşkil olunub. Həmkarımızın bu dəfəki görüşünə də yüzlərlə seçici gəlib.

Yerli sakinlər deputatlığa namizədə öz şikayətlərini çatdırıblar. Vətəndaşlar əsasən işsizlikdən, torpaq islahatı zamanı onlara verilməli olan aktları ala bilməmələrindən, içməli su problemindən gileyləniblər. 10-a yaxın Qarabağ müharibəsi iştirakçısı isə uzun illərdir “veteran vəsiqəsi” ala bilməmələrini, get-gələ, süründürməçiliyə salınmalarını deputatlığa namizədin diqqətinə çatdırıb. Görüşdə iştirak edən seçicilər ünvanlı sosial yardımların verilməsi prosesində yaşanan rüşvətxorluğa diqqət çəkiblər. Onlar bildiblər ki, Əhalinin sosial müdafiəsi mərkəzinin məmurları imkansız təbəqədən olan vətəndaşlara belə bir şərt qoyurlar ki, 6 aylıq yardımı bəribaşdan özləri götürəcəklər.

Aqil Aslan seçicilərə söz verib ki, deputat seçiləcəyi təqdirdə seçicilərin səsləndirdikləri problemləri müvafiq təşkilatların qarşısında qaldıracaq. A.Aslan bildirib ki, başqa namizədlərin seçicilərlə görüşləri zamanı başlarına çətir tutulur, ayaqlarının altına xalça sərilir, görüşə gələn vətəndaşlar isə palçığın içərisində, yağışın altında dayanırlar. “Amma mən sizlərdən biriyəm, sizlərin arasındayam. Millət vəkili olmağa namizəd xalçanın üstünə çıxıb yuxarıdan aşağı baxmamalı, millətin arasında dayanmalı, onlarla birlikdə palçığın içinədək getməlidir” –deyə Aqil Aslan vurğulayıb. Deputatlığa namizədin çıxışı seçicilərin rəğbəti ilə qarşılanıb. Aşağı və Yuxarı Ağcakənd qəsəbələrinin, Börü kəndinin seçiciləri seçkilərdə Aqil Aslana səs verəcəklərini bəyan ediblər.

 

A.Aslan isə ona etimad göstərərlərsə, o da var qüvvəsi ilə seçiciləri narahat edən məsələlərin həllinə çalışacağını söyləyib.

Qeyd edək ki, “Ekspress” qəzetinin əməkdaşı A.Aslanın namizəd olduğu dairə 55 seçki məntəqəsini əhatə edir. Onlardan 27-si Goranboyda, 3-ü Tərtərdə, 25-i isə Ağdam köçkünlərinin məskunlaşdığı 17 şəhər, rayonda yerləşir. A.Aslan Azərbaycan Milli İstiqlal Partiyasının vahid namizədlər siyahısında yer alır. Modern.az

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər