Modern.az

Dünya boyda TRT, Osmanlıdan qalan İstanbul, 4 ilə iki diplom - REPORTAJ - II HİSSƏ

Dünya boyda TRT, Osmanlıdan qalan İstanbul, 4 ilə iki diplom - REPORTAJ - II HİSSƏ

17 Sentyabr 2015, 15:30

TRT İstanbul Televiziyası

Beşiktaşın Ulus məhəlləsində, Boğaziçi Köprüsünün önündə yerləşir. TRT Radiodan bir qədər uzaq və daha gözəl məkanda. Proqramının sıxlığına, işinin çoxluğuna baxmayaraq, məhz bizim üçün «Ulus»a gələn TRT İstanbul müdiri Abdulhamit Avşar ölkəmizə olan isti münasibətini bir daha nümayiş etdirir. Nəzərdə tutduğumuz film üçün müsahibə verir, Boğaziçi körpüsünə baxan iş otağının önündə xatirə fotosu çəkdirərək, Azərbaycana çoxlu salamlar göndərir və bizi müşayiət edəcək TRT baş mühəndisi Ömər Faruk Karamana müəyyən tapşırıqlar verərək sağollaşır.

«Virtual studiya»ya


TRT İstanbul Televiziyası fərqli bir aləmdi. Ömər bəyin bələdçiliyi ilə ətraflı məlumat alır və ilkin olaraq «Virtual studiya»ya yollanırıq. Əsasən uşaq verilişləri üçün nəzərdə tutulan bu studiya yaşıl sonsuz fonla əhatə olunub, kənarda quraşdırılmış texniki avadanlıqları çıxmaq şərti ilə içərisi tamamilə boşdur. Və bu, hər zaman belə olur. Çünki studiya verilişlərin xarakterinə uyğun olaraq komputer vasitəsilə hazırlanır və idarə olunur.


Yəni aparıcı faktiki olaraq boş studiyaya daxil olur. Onun boş bir məkanda ayaq üstə dayandığını gördüyün halda, kompyuterdə (həm də efirdə) tamamilə fərqli studiyada əyləşdiyinin, yan-yörəsinin verilişə uyğun olan avadanlıqlarla dolu olduğunun şahidi olursan. Bu baxımdan, «Virtual studiya»da işləmək kifayət qədər bacarıq və professionallıq tələb edir. Yəni aparıcı bir an da olsa «Virtual studiya»da olduğunu unutmamalıdır. Bilməlidir ki, faktiki boş, lakin efir görüntüsündə, məsələn, sağında güldan, solunda çoxlu rəsm əsərləri olan studiyada səhv bir addım, ani yanlışlıq, əl-qol hərəkəti onu arzuolunmaz duruma sala bilər. Ömər bəyin dediyinə görə hələ ki, bu studiyada xoşagəlməz olaylar baş verməyib. Texniki heyət isə davamlı olaraq fərqli dizayn üzərində işləyir, sadəcə kompyuterdə…

«Spor manşet» canlı yayımda

Növbəti studiyada səssizliyə tam riayət edirik. Çünki gəlişimiz «Spor manşet»in canlı efirinə təsadüf edir. 1-ci mərtəbədən yayımlanan veriliş texniki heyət tərəfindən bir qat yuxarından idarə olunur. Reklam arası belə işçilərin diqqəti kompyuterdə, idarəetmə pultunda, aparıcı ilə birbaşa təmasdadır: «Diqqət: 5, 4, 3, 2, 1, hazır»… Veriliş davam etməyində biz də növbəti studiyalarla tanışlığa doğru...

Söhbət yarı ingilis, yarı türk, bir qədər də ərəbcədir: 

Ömər Faruk Karaman heyəti təqdim edir: 

- Nümayəndə heyəti Azərbaycandan gəlib. Abdulhamit bəyin tapşırığına əsasən, onları studiyalarla tanış edib, məlumatlar verməliyik. 

- Niyə türk dilində danışmırsınız? 

- Çünki Fuat bəy türk dilində yaxşı bilmir. 

- Anlaşıldı… 


Fuat bəy əslən fələstindəndir. 2010-cu ildə təməli qoyulan və 24 saat ərəbcə qadın və uşaq verilişləri, əyləncə və xəbər proqramları yayımlayan TRT Ərəbcənin təcrübəli əməkdaşlardandır. Gəlişimizlə maraqlanır, ərəb dilinin imkanlarından yararlanıb pis-yaxşı məlumat verirəm. «Doğma dilimi məndən pis bilmirsiniz, əgər istəsəniz, bizimlə işləyə bilərsiniz», - deyir Fuat bəy. «Əl-Əxbar»ın («Xəbərlər») studiyasında aldığım təklifdən doğan məmnunluq hissinə tək mən yox, həm də komanda yoldaşım Nəmənd Rüstəmov şahidlik edir. Sadəcə şahidlik yox, həm də israrla: «Yerinə olsaydım, mütləq dəyərləndirərdim».

TRT World 

Buranın tamamilə fərqli ab-havası var. Böyük news room, studiyaların quruluşu, xəbər ağırlıqlı TV əməkdaşlarının dünyanın tanınmış ingilisdilli kanallarında çalışmış təcrübəli telejurnalistlərindən təşkil edilməsi BBC və CNN kimi nəhəngləri xatırladır. Test yayımında fəaliyyət göstərən kanalın bu aydan etibarən ingilis dilində beynəlxalq yayına başlayacağı və iş prosesinin belə davam edəcəyi təqdirdə, dünya informasiya bazarında öz dəsti-xəttini və üslubunu yaradacağı şübhə doğurmur.

Bəs TRT Çocuk? 

2008-ci ildən fəaliyyət göstərən kanal Türkiyə və Şimali Kipr Türk Cümhuriyyəti ilə yanaşı, Azərbaycan, ABŞ və Kanada da yayımlanır. Uşaqlar üçün cizgi filmi serialları, yarışmalar hazırlayan kanal ən çox seyr edilənlər sırasındadır. TRT Çocuk Kanal Koordinatorluğu müdiri Ahmet Akbal deyir ki, reytinqli olmalarının əsas səbəblərindən biri uşaqlara yönəlik verilişlərin əhəmiyyətini nəzərə alaraq, mətnlərin pedaqoqlar tərəfindən oxunması və müsbət rəylərindən sonra yayımlanmasına üstünlük vermələridir. 

Şirin söhbətin tam ortasında Samir Xalidoğlu soruşur: «Ahmet bəy, Keloğlan nerededir?». Mübariz «Harika kanatlar»ın Jeti və Tonisindən Ramin isə «İbi»dən xəbər tutmaq istəyir. Xəbər də verilir, TRT Çocuk qəhrəmanlarının hədiyyələri də, üstəlik bir günorta yeməyi də… 

Kadir Has Universiteti necə, bizi təəccübləndirə biləcəkmi? 

Aynur Kərimova «təəccübləndirəcək», - deyir. Turac Teyyubqızı təsdiq edir. Bu, onların Kadir Hasa ikinci səfərləridir. Təəssüratları bu ilin fevral ayında yenə də TİKA-nın xətti ilə jurnalistika fakültəsinin 1-ci kurs tələbələriylə edilən ilk səfərlərindən formalaşıb. İletişimin də yerləşdiyi Kadir Has qurucusunun adını daşıyır və bir Vakıf universitetidir. Bakalavr və magistraturasını Boğaziçi, doktoranturasını (Antropologiya üzrə) isə Harvard Universitetində alan Levent Soysal iletişimin dekan müavinidir. Sakit təbiətli, asta yerişli, nurani çöhrəli Levent hoca fakültənin dekanı Sevda Alankuşun salamlarını çatdırmaqla yanaşı, iştirak edə bilməməsinin üzüntülərini bölüşməyi də unutmur. Təqdimetmələr başlayır: Radio Televiziya və Sinema ixtisas müdiri, dosent Helis Behlil, Kadir Has Girişimcilik Mərkəzinin direktoru İsmail Hakkı Polat və İctimaiyyətlə Əlaqələr ixtisasının müəllimi Suncer Koçer. Biz də təqdim olunuruq. Aynur xanım Bakı Dövlət Universiteti və onun ən köklü jurnalistika fakültəsi haqqında məlumat verərək səfərin əsas məqsədinin Kadir Has Universitetinin iletişim fakültəsinin təcrübəsini öyrənmək, tədris proqramlarını müzakirə etmək və əməkdaşlığı nəzərdən keçirmək olduğunu deyir. Levent hoca məmnun görünür, elə təqdimata da məsudcasına başlayır…


Praktik dərslər, media ilə işbirliyi… 

Kadir Hasın əsas hədəflərindən olsa da, ən böyük hədəf İctimaiyyətlə Əlaqələr, Radio Televiziya və Sinema, Dizayn, Reklamçılıq, Yeni Media bölümləri ilə mətbuatın bütün sahələrinə iddialı olmaq, öz dəsti-xəttini tarixiləşdirməkdir. Buna aparan yolda isə nəzəri dərslərdən daha çox praktik dərslərə üstünlük vermək, qəzet, jurnal çıxartmaq, film və ssenari üzərində işləmək, TV xəbərləri hazırlayıb, reklamla bağlı ödüllü layihələrə qatılmaqdır. Bununla yanaşı, fakültənin 750 tələbəsinin hər biri 1-ci, 2-ci və 3-cü kurslarda universitetin və YÖK-ün məcburi hesab etdiyi ana dərsləri və seçmə fənləri almalı, 4-cü kursda araşdırma və proje tapşırıqlarına baş vurmalıdır. Bu universitetdə tələbənin öyrəndiklərini təcrübədə tətbiq etmək, başqa sözlə, praktikada keçirilməsi vacib olan dərsləri yaradılmış şəraitdən faydalanmaqla öyrənmək imkanları yetərincədir. Odur ki, Kadir Hasın əsasən ingilis dilli iletişimçiləri məzun olduqdan sonra iş problemi ilə qarşılaşmır və qəbul prosesində bu universitetin jurnalistika fakültəsinə plan yüz faiz yerinə yetirilir. 

Panorma 1453 Tarix Muzeyi

Bir məqamı xüsusilə vurğulamaq lazımdır ki, səfərdə olduğumuz 10 gün ərzində rəsmi görüşlərdən, universitet ziyarətlərindən əlavə, vaxtın bizə verdiyi imkanlar aralığında və ən əsası TİKA-nın tərtib etdiyi mükəmməl proqram nəticəsində İstanbul və Ankaranın ən gəzməli, ən görməli, ən tarixi məkanlarına baş çəkə bildik. Bu arada TİKA-ya bir daha təşəkkürlərimizi bildirir və hər birimizin ürəyincə olan «Panorama 1453 Tarix Muzeyi» haqqında xatirələri bölüşmək istəyirəm. İstunbulun Topkapı Parkında, Zeytunburnu ərazisində yerləşən bu muzey Fateh Sultan Mehmetin İstanbulu fəth etməsi anını təsvir edir. Bir tərəfdə top səsləri, Mehter Marşı və Osmanlı atlarının kişnəməsinin yaratdığı effekt möcuzədir. Elə bir möcüzə ki, insan özünü sıravi muzeyi ziyarətçisi deyil, İstanbulu azad edən şanlı bir türk əsgəri, yaralıları müayinə edən tibb bacısı, orduya rəhbərlik edən komandan kimi hiss edir.

Muzeydəki rəsmlər o qədər ustalıqla və məharətlə işlənib ki, onların rəsm əsəri, yoxsa gerçək insan olmasını ayırd edincəyə qədər şok yaşamalı olursan. Layihələndirilməsi və dizaynı 2003-cü ildə verilən muzeyin rəsm işlərinə bir nəfəri azərbaycanlı olmaqla, 8 sənətçi tərəfindən 2005-ci ildən başlanılıb və o, 2009-cu ildə istifadəyə verilib. Muzeyin indiyədək təqribən 1 milyon ziyarətçisi olub. 

İstanbuldan İstanbula…


Qazi və İstanbul Universitetlərinin ailəmiz üçün yeri və önəmi xüsusidir. Bu universitetlərin bir bakalavr və 2 magistr diplomuna sahib olmağın qürurunu hər zaman yaşıyırıq. İstanbul Universitetini ziyarət öncəsi yaşadığım həyacan bununla bağlı idi hər halda.  Bələdçimiz Bilge Narinin verdiyi məlumata əsasən, Türkiyənin iletişim fakültələrinin nüfuzuna görə ardıcıllığı belədir: İstanbul, Qazi və Ankara Universitetləri. Bunlar  nüfuzlu dövlət ali məktəbləri olmaqla yanaşı, həm də köklü, qədim və Türkiyə informasiya siyasətinin təməl unvanlarındandır. Belə bir universitetə baş çəkmək şərəfli olduğu qədər məsuliyyətli idi əslində. İstanbulun özü qədər əziz olan bu universitetin darvazasından tutmuş, daşı-divarı, qapı-pəncərələri, dəhliz və auditoriyaları da maraqlı idi bizim üçün. Bütün komandaya sanki əlavə ruh, gözləmədiyimiz maraq və stimul gəlmişdi. Hamı kimdənsə nə isə soruşur, Samir əski əlifba ilə yazılmış qəzetləri oxuyur, Cabir müəllim ən maraqlı nüansları fotoaparatın yaddaşına köçürür, Sevil xanım radio, Sevinc xanım TV studiyalarla, Ramin texniki detallardan tutmuş, ona qaranlıq qalan bütün məqamlara aydınlıq gətirmək istəyir. Turac müfrədatların (tədris proqramlarının – P.İ.) özündə əks etdirdiyi incəlikləri araşdırır, Mehriban ona yardımçı olur, Mübariz sakit bir şəkildə ətrafa göz qoyur, Əli müəllim özünün və Akif müəllimin də daxil olmaqla suallarına cavab istəyir, Nəmənd ən xırda detallara qədər maraqlanır, sevimli məzunlarımız, hazırda Mərmərə və Akdəniz universitetlərində magistr pilləsində təhsil alan Rəşadla Aytən anlaşılmazlıq yarandığı an başımızın üstünü kəsdirir, Fatehimiz heç kimin qəlbinə toxunmadan mümkün qədər xahişlərə həssaslıq göstərir, bəndəniz isə bütün baş verənlərə reportaj gözü ilə baxdığımdan qeydlərimi aparıram.

 

Bəs Aynur xanım? 

Belə bir dinamik komandaya rəhbərlik etmək çox da asan məsələ deyil əslində. Sual çox, öyrənmək istədiklərimiz ondan da çox, maraq dairəmiz sərhədsiz. İstanbul Universiteti iletişim fakültəsinin dekan müavini, dosent Ümit Sarı, Radio Televiziya və Sinema ixtisasının müəllimi Özlem Korucu bunu hiss etməmiş deyil. Aynur xanım konkretləşdirməyə çalışır. Deyir ki, komandamız çoxprofillidir. Heyətdə radio televizyonçular çoxluq təşkil etsə də, nəzəriyyəçi də var, basın tarixini araşdıran da, beynəlxalq jurnalist də. Ona görə suallarımız da çox olacaq, öyrənmək istəklərimiz də, maddi-texniki bazayla tanışlıq da. Öncə Ümit Sarını dinləyirik. Öyrənirik ki, İstanbul Üniversitesi iletişim fakültəsi 1950-ci ildə Qəzetçilik İnstitutu adı ilə yaradılıb. 1992-1993-cü illərdə müstəqil fakültə kimi fəaliyyətini davam etdirib. Qəzetçilik, Radio Televiziya və Sinema, İctimaiyyətlə Əlaqələr və Dizayn istiqamətləri üzrə bakalavr, magistr və doktorantura pillələrində təhsil verir. Fakültə bir TV-yə, internet üzərindən yayımlanan bir radio kanalına, bir xəbər agentliyinə və «İletim» adlı qəzetə sahibdir. Və həm də təkcə qəzetə deyil, baş çəkdiyimiz universitetlərlə müqayisədə qəzetçilik ixtisasına da. Özəl və nisbətən cavan universitetlər yeni və müasir dövrün tələb etdiyi Yeni Media, Radio, TV və Sinema, PR, Foto, Reklam kimi bölümlərştə üstünlük verdikləri halda, dövlət və köklü universitetlər bu yeniliyə can atmaqla yanaşı, tarixilikdən vaz keçmir, nəzəriyyədən imtina etmir, jurnalistika ənənələrini davam etdirməkdə maraqlı olduqlarını nümayiş etdirirlər.


4 il, 8 semestr və cift diplom 

İstanbul  Universitetinin, məsələn, Qəzetçilik bölməsində təhsilinə başlayan tələbə, istədiyi və arzuladığı təqdirdə PR, foto, sosial elmlər və s. fənlərində iştirak edə və imtahanları verməklə 4-cü ilin sonunda, eyni zamanda cift diploma sahib ola bilər. Vaxtaşırı tədris proqramlarının dəyişdirilməsi və yeniləşdirilməsi işlərinin görülməsi tələbələrin şansını artırmaq və imkanlarını genişləndirmək məqsədi daşıyır. Nəzəri təhsillə bərabər təcrübi dərslərə də yer ayrılır ki, bu dərslər az əvvəldə qeyd etdiyim kimi, əsasən universitetin TV, Radio, agentlik və qəzetində tədris olunur. Əslində, tədris edənlər də tələbələr olur, tədris alanlar da. Ümit bəy deyir ki, iş həyatında uğursuzluq yaşamamaq üçün praktik dərslər vacibdir. Fakültənin yetirmələri və medianın tanınmış simalarının mühazirə üçün vaxtaşırı dəvət olunması, məhz, bu amillə bağlıdır. 

Burada cox şey əski... 

Ayrıca binada yerləşən iletişim fakültəsinin dəhlizlərindən tutmuş, bütün laboratoriya və studiyalarında bir əskilik və nə qədər təzadlı olsa da, bir cazibədarlıq var. Bu fakültənin divarlarını, dəhlizlərini müasir və cəlbedici fotolar, çağdaş qəzet nümunələri deyil, Osmanlı dönəmində çıxmış və Samirlə bəndənizin oxuyub anladığımız əski qəzetlər, istifadəyə yararsız texniki avadanlıqlar bəzəyir. Amma gözəl görünür, çox gözəl… İstanbul Universiteti və iletişim fakültəsi yaddaşlarımızda belə qalacaq - qədimiliklə müasirliyin, əskiliklə cazibədarlığın vəhdəti kimi... 

Bayrağımız, evimiz, Qız Qalamız və uyğur plovu


Tanınmış jurnalist Seyfullah Türksoyun dəvəti ilə İstanbul Böyükşəhər bələdiyyəsi tərəfindən yaradılan Türk Dünyası Kültür Məhəlləsinə dəvət ediləndə, doğrusu, bu qədər təsirlənəcəyimizi təxmin etmirdik. Türk Cümhuriyyətlərinin tanıtımı məqsədilə yaradılmış Kültür Məhəlləsi İstanbulun tarixi məkanlarından olan Topqapı ərazisində yerəşir. Burada Azərbaycan, Qazaxstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Quzey Kıprıs Türk Cümhuriyyəti, Tatarıstan, Balkanlar, Başqırdıstan üçün ayrıca evlər tikilib. Məqsəd bu ölkələrin mədəniyyətini nümayiş etdirmək, sənət və mətbəxlərini təqdim etməkdir. Kültür  məhəlləsində «Azərbaycan Cümhuriyyəti» evinin, qarşısında üçrəngli bayrağımız və Qız Qalasının maketini görməyin həyacan və zövqü isə bir başqadır. Sağında-solunda türkdilli xalqların nümayəndələrini görmək, həmsöhbət olmaq, təamlarından dadmaq ifadə edilməyəcək qədər gözəl bir duyğudur. Uyğur türklərinin hazırladığı və elə özlərinin də xidmət etdiyi uyğur plovu kimi… 

«Gəmi turu» ilə Yedditəpəyə

Başqa əlac da yoxdur. Tez və rahat çatmağın ən optimal, əslində ən gözəl və ən yaddaqalan variantıdır. Yedditəpə Universiteti İstanbulun Asiya hissəsində, şəhərdən xeyli aralıda və meşə qoynunda yerləşir. Atarükçü düşüncələrinin işığında, ona tam bağlı olan müasir və yenilikçi, texnologiyaya hakim gənclər yetişdirir. Türkiyə siyasətçisi, 1984-1989-cu illərdə İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri olmuş Bədrəddin Dalan tərəfindən 1996-cı ildə yaradılmış universitet bakalavr, magistr və doktorantura təhsili ilə Türkiyənin ən böyük Vakıf universiteti kimi tanınır. Universitetin ərazisi böyük bir sahəni əhatə edir və səliqə-sahman, təmizlik, üstəlik təbiətin bəxş etdiyi gözəllikdən doymaq olmur. Meşənin içərisində Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün türk bayraqları ilə əhatə olunmuş böyük portreti gözəlliyə daha fərqli çalarlar əlavə edir.


Klassika və müasirlik 

Yedditəpə Universitetinin iletişim fakültəsi 5 bölümlə fəaliyyət göstərir: Qəzetçilik, Radio, Televiziya və Sinema, İctimaiyyətlə Əlaqələr, Reklam və Dizayn. Göründüyü kimi, bu universitet klassik dərsləri saxlamaqla, müasir dövrün tələb etdiyi ixtisaslara da geniş yer verir. Tədris əsasən ingilis dilindədir, lakin müzakirələr və diskussiyaların türk dilində aparılma qadağası yoxdur. Universitet məzunlarının 300 nəfəri iletişim fakültəsinin payına düşür. Fakültədə tələbələrin təcrübəsi üçün bütün şərait yaradılıb. TV və radio studiyalar, çoxsaylı laboratoriyalar, dizayn və reklamla bağlı, foto və sinema ilə ilgili texniki avadanlıqlarla təmin edilmiş zəngin auditoriyalar tələbələrin ixtiyarına verilib.


Bizi hamı yaxşı qarşıladı, amma... 

Ən yaxşı qarşılayanlardan biri Yedditəpə Universiteti oldu. Kampusa daxil olduğumuz andan yaşadığımız gözəllik, aldığımız müsbət enerji universiteti tərk edincəyə qədər əhvalımıza hakim kəsildi. İletişim fakültəsinin dekan vəkili və PR bölümünün başqanı, dosent Banu Akdenizlinin başçılıq etdiyi nümayənə heyətində təmsil olunan Radio Televiziya və Sinema ixtisas müdiri Kaan Taşbaşı, Qəzetçilik ixtisas müdiri Feryada Tokan Şenol, vizual kommunikasiya müəllimi Ayşegül İnsel, reklam müəllimi Şebnem Gürsoy mümkün qədər çox informasiya verməyə çalışır, təcrübə mübadiləsinə, əməkdaşlığa açıq və meyilli olduqlarını hiss etdirirdilər.


Üstəlik, nümayəndə heyətinin hər bir üzvü üçün xüsusi dosyelər hazırlamışdılar. Hansı ki, həmin dosyelərdə keçirilən bütün fənlər və onlar haqqında qısa məlumat, tədrisi dayandırılan, hazırda keçirilən və gələcəkdə proqrama salınması nəzərdə tutulan fənlərlə əlaqədar bilgilər, universitet və YÖK tərəfindən keçirilməsi məcburi olan dərslər və seçməli fənlər öz əksini tapır, fakültənin tədris prosesi bütünlüklə əks olunur. Yedditəpə Universitetinin uzun müddət yaddaşlarımızda qalma səbəbləri çoxdur: maraqlı və məzmunlu diskusssiyalar, gülərüz və alicənab personal, nəhayət universitetin qurucusu Bədrəddin Dalanla sürpriz bir görüş…


İstanbuldan Ankaraya

10 günlük Türkiyə səfərinin 5 gününə şahidlik edən, bitməz-tükənməz xatirələr, xoş və mənalı anılarla dolu İstanbul proqramımız başa çatır. Bu səfəri mənalı edən səbəblər çox idi və onları mümkün qədər diqqətdən qaçırmamağa çalışdıq. Maraqlısı həm də Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində təhsil almış ilk türk tələbələrdən olan - Osman və Mustafa Karapınar qardaşlarının öz keçmiş müəllimlərini ziyarətə gəlmələri idi.

Beləliklə, möhtəşəm İstanbul körpüsündən keçməklə, Düzcə, Sakarya, Sapanca və Bolunun əsrarəngiz mənzərələrini seyr edə-edə Ankaraya uzun bir yolculuk, Qazi, Ankara, Başkənt kimi universitetlərlə görüş və zəngin bir proqram durur.

 Pərvanə İBRAHİMOVA 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır