Modern.az

Kitablarla söhbətləşənlərin imza günü - REPORTAJ

Kitablarla söhbətləşənlərin imza günü - REPORTAJ

Mədəni̇yyət

17 Sentyabr 2015, 18:03


Yəqin ki, bir yerə qonaq gedəndə adamların “xoş gəlmisiniz, hər zaman siz gələsiniz” ifadələrini eşidib eyni  səmimiyyətlə də cavab vermisiniz. Amma bu qarşılamanın kitablarla olması ayrı bir ləzzətdir. Bu gün Əl Oyunları İdman Sarayında keçirilən IV Beynəlxalq Kitab Sərgi Yarmarkasına təşrif buyursaydınız, özünüz də bunun şahidi olardınız.

Ətrafda hər şey sanki  kitab  rəngindədir. Adamlar da elə bil kitablaşmış şəkildə yanımızdan keçir. Nəşriyyatlara məxsus olan stendləri bir-bir adlayırıq. Burada həm ayrı-ayrı nəşriyyatlara, həm müxtəlif maarifçi təşkilatlara, həm də xarici ölkə nümayəndəliklərinə aid olan kitab stendləri bir-birini əvəz edir. Aha! Uzaqdan görünən bir stendin ətrafındakı qələbəlik diqqətimizi çəkir. Bu Azərbaycan Yazıçılar Birliyinə aid “AYB kitab stendidir. “AYB kitab” Azərbaycan Yazıçılar Birliyinin kitaba və müəlliflərə dəstək olan layihəsidir. Belə ki, burada bir çox gənc və özünü təsdiqləmiş orta yaşlı  müəlliflərin kitabları nəşr olunur və hazırkı stenddə də həmin müəlliflərin bəzilərinin imza günü keçirilir.



İlk olaraq “525-ci qəzet”in baş redaktoru və Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcidə yaxınlaşdıq. Modern.az saytının hazırlayacağı reportaj üçün həm yarmarka, həm də imza günü barədə təəssüratlarını xəbər alırıq.

Qeyd edək ki, “AYB kitab” layihəsi çərçivəsində Rəşad müəllimin “Çiyələk qadın” kitabı oxuculara təqdim olunur və layihəyə məsul şəxs Xəyal Rzanın da dediyinə görə, elə bu iki gün ərzində ən çox satılan da məhz “Çiyələk qadın” olub. Amma Rəşad Məcid ayrı kitabdan söz açır:



“IV Beynəlxalq Kitab Sərgi Yarmarkasının açılış günündə mənim üçün xoş bir sürpriz oldu. Belə ki, Avrasiya Yazarlar Birliyi, dostumuz Yaqub Öməroğlunun rəhbərlik etdiyi “Bəngü” nəşriyyatı mənim “Bir daha gəlməyəcək” adlı qalın kitabımı Türkiyədə nəşr etdirib. Kitabı jurnalist, Azərbaycan ədəbiyyatının tərcüməçisi Seyfəddin Altaylı türkcəyə uyğunlaşdırıb. Bu kitab yarmarkasının ilk günündə mənim üçün xoş bir sürpriz oldu. Dünəndən bəri də kitabı imzalamaqla məşğulam. Təxminən 50-dən çox kitab oxucular tərəfindən alınıb. Bu gün də “AYB kitab” layihəsi çərçivəsində gənc yazarların imza günü keçirilir. Düşünürəm ki, bu cür mərasimlər, imza günləri gənc yazarların daha da tanınmasına xidmət edəcək. Ona görə də IV Beynəlxalq Kitab Sərgi Yarmarkasını təşkil etdiyi üçün Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığımı bildirirəm”.

Daha sonra isə Rəşad müəllimin dediyi AYB kitab layihəsinin gənc müəlliflərinə yaxınlaşırıq. Qeyd edək ki, onlardan əvvəl Çingiz Əlioğlu, Vaqif Bəhmənli, Elçin İsgəndərzadə kimi şairlərin məhz bu layihə çərçivəsində elə bu stendin qarşısında imza günü keçirilib. İndi isə növbə gənclərindir. Onlar da həvəslə iş başındadırlar. Stendin önündə Emin Piri özünün “Tanrının kölgəsi”, Vüsal  Nuru “Prezidentin qızı”, Arzu Hüseyn “Sonu əlvida”, Səidə Haqverdiyeva “İsanın yatağındakı ilahə” kitablarını oxucular üçün məmuniyətlə imzalayırlar. Amma gənclər nədənsə təvazökarlıq edir, reportajın bir ştrixini vurmaq istəmirlər. Emin Piri az qala deyə ki, mən yazıçı masasının arxasında oturub kitab imzalamağa da çəkinirəm. Amma bunu demir. Çox razılıq edir. Kitabını alan və imzaladan hər bir kəs avtomatik olaraq onun üçün doğmalaşır.

Vüsal Nuru gənc kolleqasına baxanda daha sakitdir. Bu artıq onun ikinci kitabıdır və layihə çərçivəsində öz kitabını imzaya- imzalaya təşəkkürünü də bildirir: “Görürsən də, gəlib alırlar. Bu kitab Azərbaycanda qotik ədəbiyyatın ilk nümunələrindən biridir. İnşallah xoşlarına gələr. Onların xoşlarına gəlsin ki, biz də davamını yazaq. Nə deyim, sağ olsun, bu sərgi-yarmarkanı təşkil edənlər”.



Həə, Vüsal, biz də elə səninlə həmfikirik. Həqiqətən də sağ olsun, bu kitab bayramının təşkilatçıları. Bu “sağ ol”un dərəcəsi gənc yazar Arzu Hüseynin necə sevinclə hər kitabını imzalamasını görəndən sonra daha da artır. Arzu xanımın ürəyi doludur: “Yarmarkada imza günlərinin keçirilməsi çox təqdirəlayiqdir. Ən azı oxucuların reaksiyalarını aydın görmək olur. Həmin münasibətlər bizi bir yazıçı olaraq istiqamətləndirir. Bir sözlə, bütün kitabsevərləri və müəllifləri təbrik edirəm”.

Stendin önünə oxucu axını davam edir. Lazımi şəkilləri çəkib oxuculara və müəlliflərə mane olmamaq qərarına gəlirik. Bu zaman Rəşad Məcid stendin önündəki oxucu çoxluğunu görüb zarafatla deyir: “Nə yaxşı bu qədər oxucu?! Ən çox kitabı kim imzalayıb?”.

Elə imzalamaq demişkən, özünün yuxarıda adını çəkdiyi “Bir daha gəlməyəcək” kitabını bizim üçün də imzalayır:
- Buyur həm sənə, həm də Modern.az-a hədiyyəm olsun.



Türk dilində nəfis tərtibatla nəşr olunan kitabı alıb yarmarkanı dolaşırıq. Müxtəlif yazarlar, ziyalılar rastımıza çıxır. Hamısı ilə salamlaşırıq. Amma salam verən zamanda belə, həm onların, həm də bizim gözümüz elə kitablarda qalır. Rasim Qaraca, Aydın xan Əbilov, İbrahim İlyaslı, Elçin Mirzəbəyli, Şahbaz Xuduoğlu, Elxan Qasımov, Vaqif Bəhmənli, Azad Yaşar və daha kimlər, kimlər... Hamısını bu gün kitablarla söhbət edən zaman müşahidə etdik. Şəxsən mən birinci dəfə idi ki, insanın bu qədər kitab rənginə çaldığını görürdüm...







Elmin NURİ

Leyla ƏFQAN

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır