Modern.az

BMT Avropanı qaçqınlarla bağlı kursunu dəyişməyə çağırdı

BMT Avropanı qaçqınlarla bağlı kursunu dəyişməyə çağırdı

18 Sentyabr 2015, 15:29

Modern.az saytı xəbər verir ki, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (QAK) Avropanı qaçqın böhranı ilə bağlı kursunu dəyişməyə çağırıb. Qurum xatırladıb ki, yalnız Avropanın birləşmiş halda təxirəsalınmaz reaksiyası qaçqınlarla və miqrasiya ilə bağlı hazırkı böhranı aradan qaldıra bilər.

“Ayrı-ayrı ölkələrin fərdi tədbirləri problemi həll etməyəcək, indiki xaotik vəziyyəti daha da pisləşdirəcək, insanların iztirablarına şərait yaradacaq və Avropanın daha çox birliyə və etimada ehtiyacı olduğu bir vaxtda dövlətlər arasında gərginliyi artıracaq”-deyə BMT QAK bəyan edib.

BMT QAK bu yaxınlarda Macarıstan tərəfindən tətbiq edilmiş bir sıra məhdudlaşdırıcı tədbirlərdən və onların icra tərzindən xüsusilə narahatdır, onlar sərhəddə qaçqınların keçid imkanlarını son dərəcə məhdudlaşdırır. Yeni qanunvericiliyə çəkindirici tədbirlər daxil edilib ki, onların da bəziləri sığınacaq axtaranlara və qaçqınlara tətbiq edilən beynəlxalq hüquqa və Avropa hüquq praktikasına ziddir.

"BMT QAK Macarıstanın hakimiyyət orqanlarına təkrarən çağırış edir ki, hüquqi və mənəvi öhdəliklərinə uyğun olaraq müdafiəyə ehtiyacı olan insanların sərhədə maneəsiz çıxışını təmin etsinlər", – deyə bu gün BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Antonio Quterreş bildirib.

"Dövlətlər sərhədlərini beynəlxalq hüquqa və Aİ qanunvericiliyinə uyğun şəkildə idarə etməli, o cümlədən sığınacaq axtarmaq hüququnu təmin etməlidirlər", – deyə Qutereş əlavə edib.

Məlumatlar göstərir ki, yalnız az sayda sığınacaq axtaranların rəsmi sərhəd-buraxılış məntəqəsindən Macarıstana daxil olmasına icazə verilib. BMT QAK xüsusən suriyalı qaçqınların, o cümlədən artıq çoxlu iztirab çəkmiş uşaqlı ailələrin su şırnağı və gözyaşardıcı qaz vasitəsilə Aİ-yə daxil olmasının qarşısının alınmasını görməkdən heyrətə gəlib və məyus olub.

Macarıstan həmçinin BMT QAK-ın hökumətlərə hazırkı məsləhətinə zidd olaraq sığınacaq axtaranları Serbiyaya qaytarmağa başlayıb. Qaçqınların Macarıstana buraxılmaması üçün arqument olaraq onların Serbiyaya qayıda bilməsinin mümkünlüyü söylənilərkən nəzərə alınmır ki, Serbiyanın hazırda bərqərar etdiyi sığınacaq sistemi səmərəli müdafiə tələb edən insanların hazırkı böyük axınının öhdəsindən gəlməyə qadir deyil.

Qaçqınların sərhədi qanunsuz keçdiklərinə görə həbsə alınmasına və məsuliyyətə cəlb edilməsinə gəlincə, BMT QAK dövlətlərə BMT-nin Qaçqınlara dair Konvensiyası üzrə və konkret olaraq onun 31-ci maddəsi (sığınacaq axtaranların və qaçqınların ölkəyə icazəsiz daxil olmalarına və ya ölkədə icazəsiz qalmalarına görə cəzalandırılmasının yolverilməzliyi) üzrə daşıdıqları öhdəlikləri xatırladır.

"Sığınacaq axtarmaq üçün sərhədi keçmək cinayət deyil", – deyə Quterreş bildirib.

Böhranı aradan qaldırmaq məqsədi ilə və ədliyyə və daxili işlər nazirlərinin görüşünün nəticələrini və Macarıstan sərhədindəki yeni durumu nəzərə almaqla, BMT QAK dünən Brüsseldə aşağıdakılara dair təxirəsalınmaz tədbirlər planı təklif edib:

1. Ölkəyə gələn insanları qəbul etmək, onlara kömək etmək, onları qeydiyyata almaq və müdafiə etmək üçün Yunanıstanda dərhal şərait yaratmaq.

2. Şura tərəfindən razılaşdırıldığı kimi, Yunanıstandan və İtaliyadakı mövcud qaçqın mərkəzlərindən 40.000 qaçqının Aİ-yə üzv olan ölkələrə köçürülməsi prosesinə dərhal başlamaq. Avropa Komissiyasının yeni təkliflərinin qarşılığında bu say Aİ-yə üzv olan dövlətlərin götürəcəkləri əlavə könüllü öhdəliklər əsasında artırılmalıdır.

3. İnsanlara kömək etmək, onları qeydiyyata almaq və digər Avropa ölkələrinə köçürmək üçün Serbiyada analoji şəraitin yaradılmasından ötrü Aİ tərəfindən Serbiyaya təxirəsalınmaz tədbirlər paketinin ünvanlanması.

Paralel olaraq, BMTQAK təkidlə bildirir ki, Suriyanın qonşuluğundakı ölkələrin qəbul etdikləri suriyalı qaçqınların Aİ-yə qanuni çıxış kanallarına malik olma imkanlarının, o cümlədən geniş miqyaslı köçürülmə və humanitar yönümlü qəbuledilmə imkanlarının, ailələrin qovuşması və humanitar və tələbə vizalarının verilməsi kimi imkanların əhəmiyyətli dərəcədə artırılmasına ehtiyac var.

Bu arada sayı artmaqda olan qaçqınlar hazırda Xorvatiyaya doğru hərəkət edirlər. BMT QAK Xorvatiyanın hakimiyyət orqanlarına dərhal yardım edilməsini təklif edib və hazırda Yunanıstana və Serbiyaya göndərilmək üçün əlavə qruplar, yardım əşyaları və avadanlıqları səfərbər edilməkdədir, çünki Yunanıstana hər gün 4.000-dən artıq qaçqın və miqrant gəlməkdə davam edir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir