Modern.az

İndiki deputatların səlahiyyəti hələ neçə gün davam edəcək?

İndiki deputatların səlahiyyəti hələ neçə gün davam edəcək?

26 Oktyabr 2010, 12:56

III çağırış Milli Məclis artıq səlahiyətlərini başa çatdırmaq üzrədir. 5 il öncə millət vəkili seçilən və artıq deputatlıq kreslosunu demək olar tərk edən 123 nəfər mandat sahibinin səlahiyyət müddəti konkret olaraq nə zaman bitir?
Modern.az deputatların səlahiyyət müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitutsiyasında təsbit olunan maddələri təqdim edir.

Konstitutsiyanın 85-ci maddəsində Milli Məclisin deputatlığına namizədlərə aid tələblər göstərilib.
I. Azərbaycan Respublikasının yaşı 25-dən aşağı olmayan hər bir vətəndaşı qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilə bilər.
II. İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, icra və ya məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan şəxslər, din xadimləri, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır cinayətlərə görə məhkum olunmuş şəxslər, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslər Azərbaycan Respublikasının Milli Məclisinə deputat seçilə bilməzlər.

Deputatlarının səlahiyyətinin bitməsi Konstitutsiyanın 87-ci maddəsində təsbit olunub.

Bu maddənin I bəndində göstərilib ki, Azərbaycan Respublikası Milli Məclisi deputatlarının səlahiyyətləri Azərbaycan Respublikası Milli Məclisinin yeni çağırışının ilk iclas günü bitir.

Bu, o deməkdir ki, hazırki deputatların mandatları hələ 7 noyabr seçkilərinədək özlərində olacaq.

Konstitutsiyanın 89-cu maddəsində Milli Məclis deputatlığından məhrumetmə və Milli Məclisinin deputatlarının səlahiyyətlərinin itirilməsi təsbit olunub.

I. Azərbaycan Respublikası Milli Məclisinin deputatı aşağıdakı hallarda mandatından məhrum edilir:
1) seçkilər zamanı səslərin düzgün hesablanmadığı aşkar olunduqda;
2) Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda və ya başqa dövlətin vətəndaşlığını qəbul etdikdə;
3) cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda;
4) dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla);
5) özü imtina etdikdə.

Azərbaycan Respublikası Milli Məclisinin deputatlığından məhrumetmə haqqında qərar qanunla müəyyən edilmiş qaydada qəbul edilir.
II. Azərbaycan Respublikası Milli Məclisinin deputatları öz səlahiyyətlərini daimi icra edə bilmədikdə və qanunda nəzərdə tutulmuş digər hallarda onların səlahiyyətləri itirilir. Müvafiq qərarın qəbul edilmə qaydası qanunla müəyyən edilir.

Maddə 90. Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının toxunulmazlığı

I. Səlahiyyət müddəti ərzində Azərbaycan Respublikası Milli Məclisi deputatının şəxsiyyəti toxunulmazdır. Azərbaycan Respublikası Milli Məclisinin deputatı səlahiyyət müddəti ərzində cinayət başında yaxalanma hallarından başqa, cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz. Azərbaycan Respublikası Milli Məclisinin deputatı cinayət başında yaxalanarsa, tutula bilər. Belə olduqda Azərbaycan Respublikası Milli Məclisinin deputatını tutan orqan bu barədə dərhal Azərbaycan Respublikasının Baş prokuroruna xəbər verməlidir.

II. Azərbaycan Respublikası Milli Məclisinin deputatının toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə xitam verilə bilər.

Maddə 91. Azərbaycan Respublikası Milli Məclisi deputatının məsuliyyətə cəlb olunmasına qoyulan qadağanlar

Azərbaycan Respublikası Milli Məclisinin deputatları Azərbaycan Respublikası Milli Məclisindəki fəaliyyətinə, səsverməyə və söylədiyi fikrə görə məsuliyyətə cəlb oluna bilməzlər. Razılığı olmadan onlardan bu hallarla əlaqədar izahat, ifadə tələb edilə bilməz.


Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub