Modern.az

“Nostalji” - Unudulmayan cizgi filmləri - RUBRİKA

“Nostalji” - Unudulmayan cizgi filmləri - RUBRİKA

23 Sentyabr 2015, 09:54

Modern.az saytı “Nostalji” rubrikasında bu dəfə 40-50 il əvvəl hər ailədə uşaqların intizarla gözlədiyi və onların dünyagörüşünün  formalaşmasına təsir edən cizgi filmlərindən bəhs edəcək.

Nu poqodi

Uşaqlıq xatirələrindən bizə yadigar qalan SSRİ cizgi filmlərini hələ də unuda bilmirik. Məsələn, “Nu Poqodi” cizgi filmi bunlardan biridir. Bu cizgi filminin uğuru insanları əyləndirməsində idi. Bununla belə, cizgi filminin çəkilmə səbəbi haqqında müxtəlif fikirlər səslənir. Məsələn, deyilənə görə, 1940-ci ildə ilk seriyası çəkilən, 1967-ci ildə isə artıq bütün dünyada populyar olan və sevilən “Tom və Cerri” cizgi filmindən sonra SSRİ rəhbərliyi onu kölgədə qoya biləcək cizgi qəhrəmanlarının yaradılması barədə göstəriş verib.

Beləcə, “Nu poqodi” yaranıb. Cizgi filmindəki sevimli canavar obrazı ilə bağlı rəssamlar və senzura arasında böyük mübahisələr yaranıb. Məsələn, canavar obrazının siqaret çəkməyi böyük narazılığa səbəb olub.

Çətinliklərə baxmayaraq, cizgi filmi 1969-cu ildə ekrana buraxılıb və ilk dəfədən tamaşaçıların böyük rəğbətini qazanıb və hər kəs tərəfindən sevilərək izlənilib. Bu filmdə səslənən ifadələr, sözlər qısa müddətə xalq arasında dillər əzbərinə çevrilib. Məsələn, “priyuvet”, “Zayaç, tı menya slışış”, “nu poqodi”. Yeri gəlmişkən, bu cizgi filmində Azərbaycan bəstəkarı Qəmbər Hüseynlinin məşhur “Cücələrim” mahnısı da səslənib.   

Vinni Pux   Ayı balası “Vinni-Pux” personajı ilə oxucular ilk dəfə ingilis yazıçı Alan Aleksandr Milnin povest və şeirlərində tanış olublar.1960-1970-ci illərdə Boris Zaxoderin əsəri yenidən nəql edib. Sonra Leonovun səsləndirdiyi “Soyuzmultfilm” studiyasının filmləri “Vinni-Pux”u Sovet İttifaqında da məşhur edib.  

Vinni-Pux necə yaranıb? Milnin kitablarının digər əksər personajları kimi ayı balası Vinni də həqiqi obrazdır. Leytenant Harri Kolbornun 1914-cü ildə 20 dollara aldığı bu ayı Birinci Dünya Müharibəsi vaxtı İngiltərəyə gətirilib. Tezliklə londonluların sevimlisinə çevrilən sevimli heyvana yazıçının tək övladı Kristofer Robin də biganə qalmayıb.

4 yaşlı Kristofer Robin atasının 1924-cü ildə aldığı ayı oyuncağına elə Vinni adını qoyub.
1981-ci ildə 61 yaşlı Kristofer Robin Miln London zooparkında Vinniyə heykəl qoydurub. “Vinni” adlı oyuncaq ayı isə hazırda Nyu-York kitabxanasının uşaq otağında yerləşir.

Vinninin dostları da həqiqidir. Əsərdə 1920-ci illərdə orta təbəqəli ingilis ailəsi təsvir olunub. Miln əsərdə uşağa sevgi və qayğı, böyüklərin qərarlarına qarışmama kimi məqamların olması onu SSRİ-də sevdirib.    

Bremen musiqiçiləri”  

Qrimm qardaşlarının eyniadlı nağılları əsasında çəkilən bu cizgi filmi sözün əsl mənasında bir musiqili fantaziyadır. Rok-n-roll elementləri ilə yazılan musiqinin bəstəkarı Qennadi Qladkovdur. 1973-cü ildə müzikl janrında  cizgi filmi çəkilib.

Baş qəhrəmanlar: Trubadur və onun dostları – uzunqulaq, it, pişik və xoruz tamaşaçıların sevimliləridir

Çipollino  

Çipollino italyan uşaq yazıçısı və jurnalist Canni Rodarinin kitabının əsas qəhrəmanıdır. Çipollino İtaliya dilindən tərcümədə “soğancıq” mənasını verir. Cəsarətli, qorxmaz, qıvraq və ağıllı soğancıq oğlan meyvə və tərəvəzlərin nağıllar aləmində qəddar şahzadə Limonun, zalım senyor Pomidorun və lovğa Albalı qrafinyalarının hakimiyyətindən xilas olmaqda ölkə sakinlərinə yardım edir.   Yəqin ki, İtaliya yazıçısı Canni Rodarinin “Çipollinonın macəraları” nağıl-povestini oxumusunuz, ya da heç olmasa cizgi filminə baxmısınız. Bu maraqlı nağılın müəllifi məşhur italyan uşaq yazıçısı və jurnalist Canni Rodaridir.    

Cırtdanın yeni sərgüzəşti (1973)  

Burada Azərbaycan xalq nağılının məşhur qəhrəmanının bizim günlərdə başına gələn yeni əyləncəli sərgüzəştlərindən söhbət açılır. Filmdə xalq folklorunun fantastik motivləri ilə müasirlik bir-birini tamamlayır. İnsan düşüncəsinin məhsulu olan nəhəng müasir texnika bəşər övladına həmişə kömək etməyə hazırdır. Budur, əfsanəvi Simurq quşu və xalça-təyyarə sehrli yumağın arxasınca nə qədər uçurlarsa da xeyri olmur, onu tuta bilmirlər. Köməyə güclü və xeyirxah raket gəlir. O, sehrli yumağı tutub balaca Cırtdana qaytarır.  

Göyçək Fatma (film, 1988)    

Film Azərbaycan kinosunda ən uzunmetrajlı cizgi filmi olub. Bu film-opera Azərbaycan Xalq Təhsili Nazirliyinin sifarişi ilə istehsal olunub. Kinolent Azərbaycan xalq nağılının motivləri əsasında çəkilib.

Janrca məişət nağıllarına aid olan “Göyçək Fatma”da ailədaxili münasibətlər-ögey ana və uşaq münasibətləri, bir evin içindəki ayrıseçkiliklər və onun balaca qız uşağının həyatına vurduğu mənəvi zərbədən söhbət açılır.

Pıspısa xanım və Sişan bəy (film, 1974)  

Hamının “Tıq-tıq xanım” kimi tanıdığı cizfi filmində hər bir adamın dostu olmalıdır fikri önə çəkilir.  Lakin “dost qazanmaq üçün sən də dostluq etməyi bacarmalısan” fikri də dəstəklənir. Film Abdulla Şaiqin “Tıq-tıq xanım” nağılının motivləri əsasında çəkilib. “Əlini mənə bəsdərəcik”,  “Yox, yox mən səndən küsdərəcik” sitatları bir zamanlar bütün uşaqların dillər əzbəri idi.    

“Karlson”  

İsveç yazıçısı Astrid Lindqren yaratdığı Karlson obrazı ilə bütün dünyada tanınıb. 2002-ci ildə vəfat edın yazıçının adına hətta mükafat da təsis edilib.

Hər il ən yaxşı uşaq ədəbiyyatı nümunələri yaradan yazıçılar bu mükafata layiq görülürlər. Bu həm də onun göstəricisidir ki, Karlson obrazı özündən sonrakı bütün obrazların sılıfi hesab olunur. O, damda yaşayır. Kimsə ilə dostluq etmir. Lakin günlərin bir günündə damlarda yaşayan Karlson bir balaca oğlanla yaxın dost olur. Bir zamnlar bütün sovet uşaqları toppuş Karlsonu çox sevirdilər...

 “Tülkü həccə gedir” 

Bir zamanların bütün kiçik yaşlı tamaşaçıları bu filmə dövlət televiziyasında dəfələrlə baxardılar. Ayrı-ayrı məktəblər və uşaq teatrlarında səhnələşdirilən mənzum nağıl sonradan ekranlara da yol tapdı.  Burada hikmətli bir əhvalatdan-qocalıb əldən düşən tülkünün özünə yem tapması üçün fikirləşib necə yeni fənd işlətməsindən danışılır. Filmdə “düşmən çox məharətlə cildini dəyişir” fikri ön plana çəkilir. O gücü hesabına deyil, hiylə və ikiüzlülük sayəsində öz alçaq məqsədinə nail ola bilər.Film uşaq yazıçısı Abdulla Şaiqin eyniadlı nağılı əsasında ekranlaşdırılıb.

 

Uşaq və külək

 

“Toplumun yeddi rəngi var, hamısı ona yaraşar” misraları ilə başlayan bir mahnını və o mahnını oxuya-oxuya topun arxasıyca qaçan balaca oğlanı yəqin ki, hamınız xatırladınız.

O balaca oğlan “uşaq  və külək” cizgi filmində SSRİ-nin balacalara şüuraltı olaraq yeritdiyi “elmi-texniki inqilabın əsas təbliğatçısı kimi çıxış edir. Belə ki, uçan xalça, tovuzquşu topa çata bilmir.

Yalnız raket topu göydən alaraq uşağa verir. Burada sovet rejimi artıq nağılların mənasızlığını, məqsədə yalnız elmi -texniki yolla çatmağın mümkünlüyünü balacalara elə onların öz diliylə göstərirdi.

Filmdə külək əsas obraz kimi tamaşaçıların nəzərinə çatdırılır və bütün hadisələr onun ətrafında cərəyan etsə də, sonra sovet elminin məhsulu olan raket ona qalib gəlir.


Türkan BƏŞİR

Elmin NURİ

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?