Modern.az

Fuad Muradov: «Səbaillilər onların yanında olan, problemləri ilə maraqlanan namizədə səs verəcəklər»

Fuad Muradov: «Səbaillilər onların yanında olan, problemləri ilə maraqlanan namizədə səs verəcəklər»

Müsahibə

26 Oktyabr 2010, 16:22

Deputatlığa namizəd Fuad Muradovun mətbuata müsahibə verib 

- Fuad müəllim, parlament seçkiləri ərəfəsindəyik. Ölkəmizdə seçki mühitini necə dəyərləndirirsiniz?

- Dünya praktikasında istənilən bir ölkənin gələcəyi təkcə iqtisadi amillərlə ölçülmür. Müasir ölkə olmaq üçün istər iqtisadi, istər siyasi sahədə və demokratik inkişaf sahəsində dünyada mövcud olan ən müsbət təcrübə tətbiq etməlidir. Azərbaycanın keçdiyi inkişaf yoluna nəzər salsaq siyasi sistemdə təkmilləşmənin, dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin öyrənilməsinə və tətbiqinə marağın şahidi olarıq. Bu,  müstəqil dövlətimizin sivil, hüquqi dəyərlərə sadiqliyini əməli işi ilə sübut etdiyini təsdiqləyir. Azad və demokratik cəmiyyət inkişafın əsasıdır. Demokratiyanın vacib amillərindən biri ölkədə seçkilərin demokratik, dünya standartlarına uyğun keçirilməsidir. Azərbaycan hakimiyyətinin seçki praktikasının ildən-ilə təkmilləşdirilməsi istiqamətində gördüyü işlər beynəlxalq birlik tərəfindən  xüsusi önə çəkilir. Bu gün ölkəmizdə 40-dan artıq siyasi partiya, 3000-dən çox qeyri-hökumət təşkilatı fəaliyyət göstərir. Bu, ölkədə vətəndaş cəmiyyətinin formalaşmasının təzahürüdür.

- Bəs namizəd olduğunuz 29 saylı dairədə seçki əhval ruhiyyəsi necədir?

- Seçkilərdən əvvəl, müxtəlif sorğu təşkilatlarının keçirdikləri sorğuların nəticəsinə əsaslanaraq namizədliyimi irəli sürdüm. Millət vəkili olduğum 5 il ərzində insanların problemlərini, müraciətlərini həll etməyə çalışmışam. Düşünürəm ki, buna nail olmuşam. Çünki bunu insanların özləri təsdiq edir. O, ki, qaldı dairədə seçki əhval ruhiyyəsinə bunun yüksək olduğunu deyərdim. Çünki insanlar dövlətə, dövlətçiliyə inanırlar. Azərbaycanda aparılan güclü islahatların nəticəsində xalq ölkənin bütün sferasında özünü görür və burada iştirak edir. Əlbəttə, hər kəsin seçki hüququ var və bundan istifadə etməlidir. Düşünürəm ki, insanların inamı daha yüksəkdir və seçkilərdə iştirak edəcəklər. Bunu təşviqat vaxtı keçirdiyimiz görüşlərdə də aydın hiss edirik.

- Təşviqat demişkən, kampaniya necə gedir və  bu vaxta qədər neçə görüş keçirmisiniz?

- Oktyabrın 15-dən rəsmi şəkildə təbliğat kampaniyasına start verildikdən sonra biz də öz işimizi başlamışıq. Əlbəttə, mən tək deyiləm. Seçki qərargahlarımız, vəkillər və səlahiyyətli nümayəndələrimiz, seçki qərargahının üzvləri - hamı kompleks şəkildə fəaliyyət göstərir. Bayıl və Badamdar qəsəbələrində seçki qərargahımız var. Görüşlər təqvim planına uyğun aparılır. Burada insanların istəyi daha çox nəzərə alınır. Bir də görürsən ki, hansısa ünvandan görüşmək üçün seçicilər müraciət edir. Biz də bunu nəzərə alaraq həmin əraziyə görüş təyin edirik. Bu vaxta qədər seçicilərlə 30-dan çox görüşümüz olub. Minlərlə insan bu görüşlərdə iştirak ediblər. Böyük dəstək göstəriblər. Həmçinin insanlar bu görüşlərdə öz problemlərini də bizə deyirlər.

- Daha çox hansı problemlər qaldırılır?      

- Müxtəlif problemlər olur. Ən xırda məsələdən tutmuş bəzi ciddi problemlər də qaldırılır. Lakin insanların bir çoxu mənə öz şəxsi məsələləri ilə əlaqədar müraciət edirlər. Əlbəttə, bacardığım qədər kömək etməyə çalışıram. Gücüm çatanı özüm edirəm və ya müxtəlif qurumlara müraciət edirəm. Əsasən sosial problemlər qaldırılır. Məsələn, məhəllədaxili yollar, işıq dirəkləri, istilik sistemləri, kanalizasiya ilə bağlı müraciətlər olur. Biz bunların hamısını diqqətdə saxlayırıq. Bu cür problemlərin yaranmasına əsas səbəb isə yeni yaşayış massivlərinin artmasıdır. Məsələn, bu gün Badamdarda 30 min əhali yaşayır. Hələ SSRİ-nin dövründə Badamdar layihələşdirilərkən 2020-ci ildə orada əhalinin sayı maksimim 13 min nəzərdə tutulmuşdu. Bu gün isə artıq 10 il əvvəldən bu rəqəm az qala 3 dəfə çoxdur. Odur ki, bir sıra problemlər də ortaya çıxır. Lakin buna baxmayaraq dövlətimiz bu istiqamətdə iş aparır. Əhali su ilə bağlı müraciətlər edir. Diqqətinizə çatdıraq ki, Səudiyyə Ərəbistanı İnkişaf Bankı və Azərbaycan hökuməti Səbailin su problemini kökündən həll etmək üçün 60 milyon vəsait ayırıb və bu işlər başlanılıb.

- Namizəd olduğunu dairədə rəqiblərinizlə münasibətiniz necədir?

- Rəqiblərim Konstitusiyamızın onlara verdiyi hüquqdan istifadə edərək öz namizədliklərini irəli sürüblər. Hər birinə uğurlar arzulayıram. Xalq öz seçimini özü edir. Kimə səs verəcəyini müəyyənləşdirir. Qoy layiqli olan qalib gəlsin.

- Həmin namizədlərdən Həsən Kərimov daha sərt çıxışlar edir...

- Onsuz da heç bir sosial dayağı olmayan, 5-10 nəfər araqatanı ətrafına toplayıb seçkilərə gedənlər görəsən bu xalqı düşünürmü? Yoxsa elə 90-cı illərin əvvəllərində hakimiyyətdə olduqları vaxt əllərinə düşən fürsətdən istifadə edib Azərbaycanı hansı vəziyyətə qoyduqları onlara yaxşı bəllidir. Həsən Kərimov ötən seçkilərdə məğlub oldu. Düçünürəm ki, bu dəfə də belə olacaq. O ki, Mən İTV-də çıxışımda da ona dedim. Həsən Kərimov gedib başqa işlə məşğul olsa yaxşıdır.  Dövlətimizin, dövlətçiliyimizin əleyhinə olan bu cür insanların Milli Məclisdə təmsil olunmasına xalqımız heç vaxt razı olmaz.

- Bu qədər çalışmalardan sonra qalib gələcəyinizə əminliyiniz necədir?

- Seçimi xalq edir. Yəqin ki, Səbail sakinləri hər zaman onların yanında olan, problemləri ilə maraqlanan, həllinə çalışan insana səs verəcəklər. Düşünürəm ki, rəqiblərimin hamısı məndən zəifdir. Çünki ötən 5 ildə xalqın etimadını qazana bilmişəm. Bunu hər biz Səbail sakini təsdiq edə bilər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi