Modern.az

“Məşhur filmlərdən məşhur sitatlar” - “De sən öl, Həsən ağanın qohumusan…” - RUBRİKA

“Məşhur filmlərdən məşhur sitatlar” - “De sən öl, Həsən ağanın qohumusan…” - RUBRİKA

26 Sentyabr 2015, 11:32


1983-cü ildə ildə ekranlaşdırılan film bu gün də Azərbaycan tamaşaçısının xatirində “Papaq” kimi qalıb. Burada dilsiz-ağılsız Hüseynin tütək çalaraq oynadığı rəqsin adı da “Papaq” rəqsi adlandırılır. Böyük ədib Əbdürrəhim bəy Haqverdiyevin üç hekayəsinin (“Papaq”, “Bomba”, “Mirzə Səfər”) motivləri əsasında çəkilən filmə Ramiz Rövşənin eyni ruhda şeirlər yazması və Gülağa Məmmədov, Baba Mahmudoğlu kimi məlahətli səslərin mahnılar oxuması onu bu gün də dəyərdən düşməyə qoymur. Filmin quruluşçu rejissoru Cahangir Mehdiyev İsi Məlikzadə ilə bərabər bu üç hekayənin motivləri əsasında vahid süjet xəttinə malik ssenari yazıb. Film əsasən Şəkidə, Bakıda - İçərişəhərdə lentə alınıb. Təbiət səhnələri əsas etibarilə Şəkidə, bazar səhnələri isə İçərişəhərdə çəkilib. O qədər də mürəkkəb süjet xəttinə malik olmasa da, ictimai problematikanı işıqlandırma baxımından çox uğurlu filmdir. Filmin bəlkə də yeganə qüsuru onun adındadır. Mərkəz “Papaq” adından, daha doğrusu Şərq-Qafqaz mentalitetinin qeyrətə verdiyi ali dəyərin qabardılmasından qorxub. Odur ki, filmin adı çox bəsit “Evlənmək istəyirəm” kimi qalıb. 

Filmdə maraqlı məqamlar həddindən artıq çoxdur. Bunlardan ən vacibi isə qaradavoy Kərbəlayi Zal rolunu canlandıran Əliağa Ağayevlə bağlıdır. Belə ki, çəkiliş zamanı aktyoru infarkt vurub. Buna baxmayaraq, bir müddətdən sonra yenidən çəkilişlərə qoşulub və rolunun öhdəsindən gəlib. Amma çox təəssüf ki, film hazır olandan sonra “Papaq”ı izləmək ona qismət olmayıb, aktyor dünyasını dəyişib.

Beləliklə, filmdən bu gün də dillər əzbəri olan sitatlara keçək:

“Mənim balam bu dünyayla oynama”

Filmin əsas qəhrəmanlarından biri də Mirzə Səfərdir. Filmin bütün fəlsəfəsi - papaq fəlsəfəsi, mirzəlik fəlsəfəsi məhz onun üzərində qurulub. Mirzə Səfərin yerində dediyi sözlərin əksəriyyəti bu gün zərbi-məsələ çevrilib. Hətta Ramiz Rövşənin şeirlərindən dediyi misralar da bu günün məşhur ifadələridir. Odur ki, əvvəlcə Mirzə Səfər tərəfindən deyilən, hər misrası məşhur olan şeirə diqqət edək:

“Mənim balam bu dünyayla oynama,
Sən cavansan, dünya qoca dünyadır.
Düşmən nədir? Dost evini dost yıxar,
Bilən bilir, dünya necə dünyadır.

Ömrə-günə etibar yox əzəldən,
Bir də dönüb yarpaq olmaz xəzəldən.
Beşiyindən bizə tabut düzəldən,
Bələyindən kəfən tikən dünyadır.

Bu misralardan sonra “Bəylə bostan əkənin tağı çiynində gərək” kəlamı da bu gün yeri gələndə işlənir.



Mirzə Səfər belə Mirzə Səfərdir. Böyük səbr, təvazökarlıq yiyəsi olan mirzə həm də haqsızlıqlarla barışmayan bir üsyankardır:

De, sən öl Həsən ağanın qohumusan?”, “Sən Həzrət Abbas Həsən ağanın qohumusan?”, “Onda gəl min boynuma”,”Allahtala yaxşı ki, bu heyvanlara ağıl verməyib, yoxsa bir gün biz onları faytona qoşanda sabahı gün onlar bizi faytona qoşardılar” ifadələri yəqin ki, çoxlarının yaddaşındadır. Bu etiraz dolu ifadələr Həsən ağaya ( Səməndər Rzayev) və onun qardaşı oğlu Əhməd bəyə müraciətlə deyilib.

Mirzə Səfərin daha sonra Şamilin papaqçı dükanında dediyi papaq haqqında misralar da bu gün dillər əzbəridir:

“Baş qurbandı papağa
Papaq başdan ucadı
Papaq nədir?- o bizim
Dostumuz, qardaşımız
Sağ ikən papağımız
Öləndə baş daşımız”.

Mirzə Səfərin kasıb kəndli (Sadıq Hüseynov) ilə dialoqu da çox maraqlı ifadələrlə zəngindir. Mirzə Səfər yenə də öz sözbazlığını nümayiş etdirir:

“Bir dil ki, qəm düçarı ola, ağlar-ağlamaz?”
“Aya 25 manat nəvacibim var, o da başımdan girib ayağımdan çıxır”.

Ona “Mirzə Səfər papağını da götür, get burdan” deyən naçalnikə “ağa naçalnik, yəqin bil ki, gedəsi olsam, papağımı burda qoymayacağam” cavabını verir.

Mirzə Səfərin sözləri həm də ona görə çox məşhurdur ki, burada dahi Haqverdiyevin ifadələri qorunub saxlanılır.

“Bu dünyadan qaçmağa
Dördcə təkər bəs imiş, bəs imiş”.

Bu sözlərin səsləndiyi musiqinin üç ifaçısından ən mahiri elə filmin qəhrəmanı Şamildir. Şamil sadəlövh, hiylə bilməyən, zəhmətkeş bir sənətkardır. Kiçik bir səhvdən sonra da məscidə gəlib “Pərvərdigara, şəfqətini bu günahkar bəndəndən əsirgəmə” deyəcək qədər təmiz bir adamdır. Amma “bəy” xislətli dostları ona axırda elə bir badalaq vururlar ki, heç kəsin saymadığı Kərbəlayi Zal olmasa idi o, çətin ki, bu zərbənin təsirindən çıxa bilərdi.

Mənim şair Mirzəmə bir çay”, “Axı qurbanolduğum səni niyə belə yaradıb”, “İndi yatan yatıb yatmayan da meyxanədə cənnət suyu içir”, “Ölüb qalam burda mən, torpaq ollam burda mən” ifadələrini də Şamil məşhurlaşdırıb.

Filmdən başqa məşhur sitatlar

“Bomba rabatay, bomba rabatay” (kütləvi səhnədə uşaqlar Kərbəlayi Zalı ələ salır);

“Canımızın kiri gedər hamamda, ölü gələr diri gedər hamamda” (məlum hamam səhnəsi);

“Elə dərd çəkmək biz müsəlmanlara qalıb?!” (Əhməd bəy meyxanaçıya deyir);

“Məgər sən bilmirsən ki, Həsən ağanın kəsdiyi başa sorğu-sual yoxdu?” (naçalnik Mirzə Səfərə);

“Mürtədin qızı mürtəd, soxdun mənim papağımı yerə” (Hacı Kamyab qızı Gülmsümə).

Elmin NURİ

Twitter
Sizə yeni tvit var
Keçid et
Vəziyyət gərgindir, ABŞ ordusu sərhəddədir