Modern.az

Süpürgəçinin nəğməsi

Süpürgəçinin nəğməsi

Ədəbi̇yyat

26 Sentyabr 2015, 16:42

(hekayə)     
Alın təri hesabına yaratdıqları özəl müəssisənin həyətindəki kiçik, amma xudmani bağçada dincəlmək nəyə desən dəyərdi. İmkan düşən kimi özünü insana mənəvi rahatlıq gətirən bu guşəyə verirdi. Həmin bağçada cəmi iki cür bitki vardı; boy-boya verən şam ağacları və burada salınan süni çəmənliklərdəki otlar. İnkubatır cücələrini xatırlatsalar da, həmin otlar nədənsə adamın ruhunu oxşayırdı. Son dövrlərdə Azərbaycanda dəb halını alaraq yeri gəldi-gəlmədi quraşdılan fəvvarələrdən isə təkcə bu bağda əsər-əlamət yoxdu. Çay daşını andıran şümşad qənbərlərlə döşənmiş səkilərdə azacıq gəzintidən sonra qoşa, üzbəüz oturacaqlardan birində əyləşməyə üstünlük verirdi. Bu, yaşlanmağın əlaməti deyildi. Hələ əllini haqlamamışdı. Sadəcə, burada incə bir məqam var idi. Oturacağa əyləşən kimi özünü sanki qatarda hiss edirdi. Həmin qatar da dayanmadan hərəkətdə olurdu. Qəribəydi, dəfələrlə ətrafı qarış-qarış seyr etsə də, hər dəfə bağçanı birinci dəfə görürmüş kimi acgözlüklə gözlərinə təpirdi... Xəzri otlara tumar çəkirdi. Hamısı bir boyda olan gözəllərin də bundan xoşlandığı və naz-qəmzə satdıqları göz qabağındaydı. Təbiətin iki parçası bir-biri ilə yamanca sevişirdi. Bu məqamda külək ona qollu-budaqlı, enlikürəkli cəngavəri xatırladırdı. Zarafat gəlməsin, bu qədər zərif məxluqun öhdəsindən təkbaşına bacarıqla gəlmək heç də hər kişinin işi deyildi. Elə bil, şam ağacları da çətirlərinin köməyi ilə sevgililəri qızmar Günəşdən qorumağı özlərinə borc bilirdi. Onlara elə gəlirdi ki, əks halda, ehtirasdan doymaq bilməyən otlar külə dönərdi. Belə anlarda həmin ağaclar Hikmətin gözlərində mahiyyətcə daha da böyüyürdü. Baxmayaraq ki, otlar şam ağaclarının süfrəsinə şərik çıxmışdı, onlar isə yaxşılıqlarından qalmırdı. Şübhəsi yoxdu, belə halda insanların əksəriyyəti bunun tam əksini edərdilər...

     Mobil telefonunun qəfil zəngi istər-istəməz onu təbiətin bu heyrətamiz tamaşasından ayırdı. Mühasibatlığa çağırırdılar. Üç gün sonra ezamiyyətə gedəsiydi. Belə hallarda kağız-kuğuzla bağlı bürokratiya onu lap cana yığırdı. Başqa əlacsa yoxdu. Bu da insanların düzüb-qoşduqları saya gəlməyən mənasız əməllərdən biridir. Baxmayaraq ki, səhmdar cəmiyyətin sədr müavini idi, özlərinin irəli sürdükləri demokratik qaydalara uyğun olaraq bu işi də hər kəs şəxsən yerinə yetirməliydi.

      Axşamüstü yenidən həmin bağçaya üz tutdu. Sədri – tələbəlik və məslək dostu İdrakı da dartıb birtəhər kabinetdən çıxardı. Onlar cəmi 10-12 il ərzində birlikdə yaratdıqları müəssisədə rəqabətədavamlı kompyuterlər istehsalını qaydaya salmış, ərazidə insanlığın adına layiq abadlıq işləri görmüşdülər. Yerli bazarı yetərincə təchiz etməklə yanaşı sərt rəqabətə baxmayaraq xarici ölkələrə də xeyli mal göndərirdilər. Gəlirləri başdan aşırdı. Qurub-yaratmaqda, Azərbaycan insanının intellektual potensialını qədərincə ortaya qoymaqda qərarlıydılar. Di gəl, bu fani dünya onların da sevincinə qənim kəsildi. İki il əvvəl əzrayıl İdrakın həyat yoldaşını qəfil apardı. O, gözlənilmədən üzə çıxan xəstəlikdən dünyasını dəyişdi. İdrakın qızı və oğlu xanımlar-xanımı olan anadan, özü isə ömür-gün yoldaşından məhrum oldu. Hikmətin ailəsi İdrakgilin yarasına köz basmaq, bacardıqca mənəvi dayaq durmaq üçün ötən müddətdə dəridən-qabıqdan çıxmışdı. Qohumlar, dost-tanış köməklərini əsigəməsələr də, uşaqlar hələki məktəbli olduqlarından bu ailənin çırağını qismən də olsa yandıracaq bir qadına ehtiyac duyulduğu hamıya bəlliydi. İdrak da həyatın yazılmamış amansız qanunlarına tabe olmaq məcburiyyətində qaldığını anlamaqdaydı. Hikmət növbəti fürsətdən istifadə edib elə söhbəti də bu məcraya yönəltdi:

-      İstəsən də, istəməsən də bu addımı atmalısan?!. Mənim üçün nə qədər çətin olsa da, bunu bir daha xatırlatmalıyam...

-      Səni də, ötən müddətdə ailəmizə arxa olan digər qohum-qardaşı, dost-tanışı da başa düşürəm, -deyə İdrak aramla, bütün varlığı ilə qovrula-qovrula fikrini tamamlamağa çalışdı. – Solmaz da son nəfəsində mənə bunu vəsiyyət elədi, xalaları da uşaqlarla söhbət edib onları başa salıblar, kimsənin etirazı yoxdu...

-      Hamının fikri birdisə, bunu uzatmaq düzgün deyil, onsuz da həmin addımı gec-tez atmalısan...

         Xəyalı uzaqlarda gəzişən İdrak duruxsa da, cavabını çox ləngitmədi:

-      Əsas məsələ budur ki, axı, mən kiminlə yenidən evlənim... Solmazı heç olmasa, ümumilikdə də əvəz edə biləcək birisini görmürəm?!.

      Hikmət həmin məqamda mövzunu davam etdirməyin yersiz olduğunu duyub söhbətin məcrasını dəyişdi:

-      Bəlkə, bu axşam işdən sonra şərabla üçləşib, dərdimizi bir qədər dağıdaq, Allah kərimdi...

-      Pis fikir deyil, mənim də indi buna kəskin ehtiyacım var, - deyə İdrak əlavəsini də elədi: - Gəl, bunu saxlayaq üç gündən sonraya, istirahət gününə. Həmin gün baldızlarım evimizdə yır-yığış eləyəcək, uşaqlarıma bayram ovqatı yaşadacaqlar. Mən də səni ezamiyyətə yola salmaq adı ilə aradan çıxaram. Bir-birimizsiz keçirəcəyimiz iki həftəyə tab gətirməyə bəs eləyəcək qədər arağa qardaş deyərik?.

  İdrakla razılaşan Hikmət dilləndi:

-      Bax, səni buna görə çox istəyirəm də... Mənim ağzımdan çıxan istənilən ideyanı yerindəcə zərgərdəqiqliyi ilə cilalayırsan...

      Xeyli müddət ürəkdən gülüşərək yüngülləşib ayağa qalxdılar. Evə getməyin vaxtıydı.

      Hikmət adəti üzrə səhər saat 9-a 15 dəqiqə qalmış işdə olurdu. Zavodun inzibati binasına da arxa qapıdan girməyi xoşlayırdı. Əsas girişi, o, yarızarafat-yarıciddi “Padşah qapısı” adlandırırdı. Hikmətin içdən gələn bu deyimi işdə çoxlarına qeyri-ixtiyari ləzzət verirdi. Baxmayaraq ki, müəssisənin böyüyü İdrakın padşahlara zərrə qədər də olsun oxşarlığı yoxdu... Zavodun həyətinə daxil olan Hikmət beş-on addım atıb binanın yan tərəfi boyunca sıralanan, hərbçilər tək əmrə müntəzir dayanan şam ağacları səfinə yetişdi. Həmişəki kimi elə o andaca qulaqlarında adını “Süpürgəçilərin nəğməsi” qoyduğu musiqinin zəif sədaları səslənməyə başlandı. Hikmət binanın arxa tərəfinə sarı irəlilədikcə nəğmə daha gur və aydın eşidilməyə başlayırdı. Gündəlik eyni mənzərənin şahidi olan Hikmət birmənalı şəkildə qət eləmişdi ki, bu həzin, insanın qəlbini yerindən oynadan nəğmənin “dirijoru” arxa həyətdə təmizlik yaradan süpürgəçi qadındı. Hərdənsə fikirləşirdi ki, bəlkə, bu nəğmənin sözləri də, bəstəsi də elə həmin süpürgəçiyə məxsusdur, onun yaratdığı təkrarolunmaz təmizlikdən, səliqə-sahmandan qaynaqlanır həmin nəğmə. Sadəcə, insanın əqlini və köksünü yerindən oynadan o nəğməni süpürgəçidən başqa dinləmək təkcə ona nəsib olmuşdu. Nə üçün?!. Bu, ondan ötrü həyatında ən böyük suallardan biri olaraq qalırdı. Bunun mənasını anlamaq üçün dəridən-qabıqdan çıxsa da, bir şey andıra bilmirdi ki, bilmirdi... Qadın da onun bu nəğməyə hər gün qulaq kəsildiyindən xəbərsizdi və böyük bir şövqlə öz işindəydi...

     Yenə tini burulan kimi Hikmətin qarşısında həmişəki kimi cənnətəbənzər mənzərə canlandı. Burada elə bir səliqə-sahman hökm sürürdü ki, az qalırdın ayaqqabılarını çıxardıb qoltuğuna vurasan. Əslində, həyətin bu hissəsində bir neçə kiçik yaşıllıq guşəsindən başqa yalnız asfalt örtük vardı. Hikmət bura qədəm qoyanda asfaltdan əsər-əlamət qalmırdı. Xəyalən süpürgəçinin min bir gül-çiçəyə su səpdiyinin şahidi olurdu. Belə anlarda lap matı-qutu quruyurdu. Axı, buraya asfaltı şəxsən özü döşətdirmişdi. Çaşqınlığını büruzə verməməyə çalışaraq bütün varlığı ilə süpürgəçini eyni ilə salamlayırdı:

-      Sabahınız xeyir olsun, xanım!!!

-      Salam, Hikmət müəllim, - deyən süpürgəçi qadın bir anın içindəcə yoxa çıxırdı.

      Təxminən, bir il olardı, bu səhnə olduğu kimi təkrarlanırdı... Həyatda ən böyük hörməti məhz süpürgəçilərə idi. Ayaqyolu təmizləyən süpürgəçi və xadimələrə isə ehtiramı xüsusilə tükənməzdi!!! Bu, o, ikinci sinifdə oxuyandan beləydi... Yaxşı yadındadı. Sentyabr ayının ortalarıydı. Siniflərinə yeni şagird – qəşəng bir qız gəldi. Ürəyindən keçdi, kaş mənim yanımda oturaydı. Necə də olmasa, sinfin baş əlaçısıydı, fikirləşirdi ki, buna daha çox haqqı çatır. Özündən böyük düşünüb-daşınmaq körpəlikdən şakəriydi. Elə bil, sinif müəllimi də Hikmətin ürəyindən keçənləri bir göz qırpımında oxudu. Onu sındırmadı, fidan balanı onun yanında oturtdu. Hikmətin qəlbi də çiçək açdı, partası da çiçəyə bələndi. Sevincinin həddi-hüdudu yox idi.

     Bir neçə gündən sonra anladı ki, yanındakı qızdan çox xoşu gəlir. İndiki kimi yadındadı, bu nə hiss idisə, çox şirin şey idi. O gündən başladı özünə yaman fikir verməyə. Qızdan bir addım da olsun aralanmaq istəmirdi, körpə qəlbi ilə yamanca bağlanmışdı ona.  Qız da az aşın duzu deyildi. Onun da Hikmətdən xoşlandığı aydınca sezilirdi... Günlərin birində məktəbdəki ayaqyoluna qaçası oldu. Tərslikdən həmin gün süpürgəçi işə çıxa bilmədiyindən tualeti dəhşətli qoxu basmışdı. Belə vəziyyətdə sinfə giriləsi deyildi. Balaca da olsa, fəhmi ilə anlayırdı ki, parta yoldaşı ondan birdəfəlik üz döndərə bilərdi. Qeyrət onu böğdu, növbəti dərsin başlamaq üzrə olmasına baxmayaraq dabanına tüpürüb, məktəbin yaxınlığında yerləşən evlərinə sarı götürüldü. Məktəbli formasını dəyişib, qaranəfəs geri qaçdı. O gündən süpürgəçilər Hikmətin gözündə göyün yeddinci qatına ucaldılar!!! Süpürgəçilərə kəm baxan nadanlara qənim kəsildi. Heç cür başa düşə bilmirdi ki, qəlbi və əməlləri qara olanların süpürgəçilərə yuxarıdan aşağı baxmağa nə haqqı var. Əksəriyyətin onlara Allahın adicə salamını belə verməyi özlərinə “sığışdırmamaları” da Hikmətin qəlbini yamanca dağlayırdı. Hərdən ağlına gəlirdi ki, tutalım, birdən heç kəs süpürgəçi işləmək istəmədi. Bu halda vay Bakının halına. Bircə həftənin içində şəhər ucsuz-bucaqsız zibilxanaya dönər, üfunətə duruş gətirmək olmazdı. Bax, məhz onda süpürgəçilərin əsl qədir-qiyməti hamıya gün kimi bəlli olardı!!! Elə bu səbəbdən, yorulmaq bilməyən arılara bənzətdiyi süpürgəçilərə hamıdan çox hörməti vardı. Belə anlarda bir incə məqam da diqqətini xüsusi çəkirdi... Alimini, məmurunu, jurnalistini, mollasını, prokurorunu, həkimini, milisini, müəllimini, istənilən peşə və sənətdən olanını küçə itlərinin tutduğunu dəfələrlə eşitsə də, hələ indiyə qədər hansısa itin süpürgəçiyə qıydığı xəbərinə rast gəlməmişdi. Hansı ki, alatorandan ta qaş qaralana qədər küçələrə sığal çəkən elə məhz süpürgəçilərdi. Onlardan çox sahibsiz itlərlə üz-üzə qalan yoxdur. Di gəl, itlərin ən quduzu belə süpürgəçilərə yaxın düşürmü?!. Bu fikirləri dəfələrlə təkrarən yaşayarkən yaddaşında  növbəti ezamiyyətə getdiyi zaman yaşadığı arzuolunmaz anlar canlanırdı.

        Sənətinə, peşənə, iş yerinə nə qədər bağlansan da, hər halda ezamiyyətə getməyin də özgə ləzzəti var. Ən azı adilikdən, hər gün eyni işi görməkdən qurtulursan. Hikmət üçün də ezamiyyətə yollanmaq əsl toy-bayramdı. Ezamiyyət uzunmüddətli olduğundan avtomobilini adətən həyətlərində qoyub gedərdi. Hər dəfə də səhərin alaqaranlığında evlərindən taksi dayanacağına qədər cəmi 200-300 metr məsafəni piyada qət edincə, o, olmazın narahatçılıq keçirirdi. Bu polad cüssəli gənc çoxları kimi sahibsiz itlərdən yamanca qorxurdu. Vay o gündən ki, bu itlərin bir neçəsi ilə qəflətən qarşılaşasan. Özü də gecənin zülmət vaxtı. Ən zəhmliləri sənə bir o qədər əhəmiyyət verməsələr də, cınqırdan belə ürkənləri hücum çəkəcək sənin üstünə. Bir haray-həşir salacaqlar, gəl görəsən. Məcbur olub onlara sarı çımxıranda və ya daş-kəsək tolazlayanda da o biriləri tökülüşəcək üstünə. Qalacaqsan Allahın ümidinə... Tərslikdən Bakıda da küçə itləri saya gəlmir... Növbəti ezamiyyətə yollanan Hikmət səksəkə içində tinləri bir-bir arxada qoyduqca ürəklənirdi. Əslində, yerimirdi, az qala yüyürürdü. Təki, əsas küçəyə tez yetişəydi. Küçə boyunca sıralanan dirəklərdəki zəif işıqla alatoranın yaratdığı təzaddan ətrafı tam aydın seçmək mümkün deyildi. Birdən diqqətini üzbəüzdə, cəmi beş-altı metrlikdə işıq dirəyinin dibindəki qaraltı çəkdi. Bir andaca yerində donub qaldı, onu soyuq tər basdı. Qaraltının eşələnməsini sezincə gurultuyla döyünməkdən az qala ürəyi yerindən çıxacaqdı. Cəld yaxınlıqdakı divara sıxıldı, qaraltıya diqqət kəsildi. Bir də küçə iti sandığı qaraltı dikələndə ürəyi qismən özünə gəldi. Bu dəfə onu isti tər bürüdü. Xəcalətindən süpürgəçi qadına salam verməyi unudub sürətlə taksiyə sarı yönəldi. Ömründə ilk dəfəydi süpürgəçiyə salam verməmişdi... Bunun mahiyyətinə yalnız paytaxtdan bir qədər aralanandan sonra vardı. Həmişə süpürgəçilərə ürəkdolusu salam verən Hikmət elə bil böyük bir cinayət işləmişdi. Özünü yaman qınayırdı... Digər tərəfdən onu fikir götürmüşdü ki, görəsən, süpürgəçilər sahibsiz itlərdən qorxmurlar?!. Birdən ona elə gəldi ki, deyəsən, heç küçə itləri də süpürgəçilərə toxunmurlar axı!?. Haçan alaqaranlıqda evdən çıxmışdı, əksər hallarda küçələrdə süpürgəçiləri görmüşdü. Özü də təkbaşına. Səssiz-səmirsiz, heç kimi və heç nəyi veclərinə almadan öz işlərini görürdülər. Qorxu tamam canından çıxanda süpürgəçilərə hədsiz dərəcədə dərin hörmət bəslədiyini özü üçün  növbəti dəfə təsdiqlədi. Açığı buna çox sevindi. Bir daha dəqiqləşdirdi ki, sən demə, həyatda ən çox süpürgəçilərə rəğbət bəsləyirmiş!!! Çoxları süpürgəçilərin yanından salam vermədən saymazyana ötüb keçəndə adəti üzrə az qalırdı beyninə qan dama. Mahiyyətcə çirkab içində olanlar ikrah hissi ilə süpürgəçiləri çəpəki süzəndə isə əsəbləri tamam tarıma çəkilirdi. Onlara “Ölüm” hökmü belə oxumağa hazırdı!!!

      Həmin acı həqiqət qəlbini diddiyi məqamda beynində qəfil tapıntı” baş verdi. Fikirləşdi ki, axı, necə ola bilər ki, zavodun həyətini çıraqbana döndərən süpürgəçi ilə hər gün təxminən eyni nöqtədə rastlaşır?!. Artıq əmindi, burda hansısa sirr var?!. Bütün gün ərzində bu fikir ona sakitlik vermədi... Süpürgəçi ağıllı-başlı qadına oxşayırdı. Üst-başı kasıbyana olsa da, yerindəydi, həm də çiçək kimi tər-təmiz. Bir də ki, o, evli idi, həmin qadının onunla nə işi ola bilərdi?!.

     Axtardığı suala yalnız səhər tezdən yuxudan qalxarkən cavab tapa bildi. Süpürgəçinin salamdan çox, Hikmətin qəlbinin dərinliklərindən avazlanan halallıca “xanım” kəlməsinə susadığı göz qabağındaydı!!! Necə olub ki, bir ilə yaxın müddətdə bundan duyuq düşməyib?!. Gəldiyi qənaət onda qətiyyən şübhə doğurmasa da, səhər işə yollananda süpürgəçi ilə “görüş”lərinə qədərki məqamlara diqqət kəsildi. Zənnində yanılmadığına əmin oldu. Yamanca sarsıldı... Şükür sənin kəramətinə İlahi!!! Taleyinə süpürgəçilik kimi şərəfli iş düşən bu qadının anadan xanım doğulduğu, bütün həyatı boyu istəyinin yalnız halal bir ailənin mənəviyyat çırağını gur yandırmaq olduğu şəksizdi... Gün kimi aydındı, bu incə məxluq illərlə adicə “xanım” kəlməsinə belə möhtac kəsilmişdi. Yəqinki, indiyəcən Hikmətdən başqa ona bu “sehrli” kəlməni bütün dolğunluğu ilə deyən kimsə olmamışdı...

      Səhərisi, ezamiyyət öncəsi sonuncu gün idi işə yollanırdı. Dünəndən süpürgəçi ilə qarşılaşacağı ana əməlli-başlı hazırlıq görmüşdü. Düşünürdü ki, mən bu dəfə ona “salam” və “xanım” kəlmələrini elə deməliyəm ki, ən azı qarşıdakı iki həftəliyə bəs eləsin!!! Axı, düz 14 gün işdə olmayacaqdı. Məsuliyyət hissi onu yamanca basmışdı. Bəlkə də, həyatında heç vaxt bu qədər gərgin və ehtiyatlı olmamışdı... “Süpürgəçilərin nəğməsi”nin müşaiyəti ilə zavodun binasının tinini burulanda az qala damarlarındakı qanı donaydı. Bir təhər sinədolusu nəfəs alıb irəliyə baxdıqda süpürgəçi gözünə dəymədi?!. Dərhal özünü itirdi. Nə edəcəyini bilmədi... İlkin olaraq ağlına gələn bu oldu ki, yəqin bugün o, işə çıxmayıb. Ətrafın yenə də həmin səliqə-sahmanda olduğuna diqqət yetirəndə bir andaca hər şey onun üçün aydınlaşdı. Dünən süpürgəçini duyuq salmışdı. Onun üçün bu, dünyadakı ən ağır cinayətlərdən də betərdi. Elə bil, başına qaynar qazan endirdilər. Hər ehtimala qarşı təxminən on dəqiqəyə qədər buradan uzaqlaşmadı. Amma nə faydası?!. Artıq olan, olmuşdu...

      Bütün gün ərzində işdə özünə yer tapa bilmədi. Nə yaxşı ki, İdrak iki gün əvvəl içki məclisini bu günə dəyişmişdi. Bu, lap yerinə düşdü... Axşam birlikdəydilər. Bir-birindən qayğılı idilər. Söhbətləri gecədən keçənə qədər davam elədi. Ayrıca otaqda əyləşmişdilər. Ömürlərində bu qədər içməmişdilər. Ən qəribəsi isə o idi ki, Hikmət süpürgəçidən danışanda bu, İdrakın dərdlərini daha da üstələdi. idrak ağzıaçıla Hikmətin göz yaşları içində söylədiklərinə diqqət kəsilmişdi. Evə qayıdanda kəlmə də kəsmədilər, adicə sağolaşdılar.

     İlk dəfəydi iki həftəlik ezamiyyət ona bir il qədər uzun gəlmişdi. Dala qayıtmaq isə ondan da betərdi. İşə çıxacağı gün səhər tezdən özünü necə aparacağı fikri onu yaman götürmüşdü?!.

     Ezamiyyətin səhərisi günü özünə toxtaqlıq verib işə yollandı. Binanın arxa tərəfi yenə insanı ovsunlayırdı. Təbii ki, süpürgəçi də ötən dəfəki kimi yerində yoxdu, gözəgörünməz olmuşdu. Otağına çatanda katibəsi ona kiçik bir zərf uzatdı. Hikmət tələm-tələsik otağına keçib zərfi açdı. Kiçik kağız parçasında bu sözlər yazılmışdı: “Yeni ailə qurmağım münasibətilə səni xanımınla birlikdə ezamiyyət qabağı çörək yediyimiz restoranda yalnız yaxınların toplaşacağı məclisə dəvət edirəm. Sabaha qədər... Dərin hörmətlə, İdrak” Hikmət az qala ağlını itirəcəkdi. Bu “dəvətnamə” onun içinə toxundu. İllərin dostunun onu niyə indi, hər şeyə nöqtə qoyulduğu bir məqamda “saya saldığını” heç cür anlaya bilmirdi?!. Axı, heç olmasa, bu barədə ezamiyyət qabağı həmin mövzuda söhbət eləyərkən eyham da olsa vura bilərdi... Əsəbindən işin axırına qədər İdraka heç zəng də eləmədi. Bütün gün ərzində suallar dəryasında çırpındı. İşin axırında hirslə otağını tərk edib bulvara üz tutdu. Yolda maşını saxlatdırıb köşkdən qəzet almaq istədi.

-Əmi, bircə qəzet qalıb, o da, ildə cəmi 2-3 dəfə çıxanlardandı, heç vallah, adını mən özüm də düz-əməlli bilmirəm!?, -deyə satıcı yarızarafat-yarıciddi dilləndi.

-Əşşi, ver gəlsin, mənimki bu gün elə belə gətirib.

        Bir də ki, hansı qəzetin olmağının Hikmət üçün indi elə bir fərqi yoxdu.  Dənizlə üzbəüz oturacaqlardan birini bələdləyib əyləşdi. Xəzər onun əsəblərinə bir qədər su çiləsə də, əlindəki qəzetə diqqət yetirəndə başında tükləri biz-biz durdu. “Yazı”lara baxdıqca jurnalistika gözündə qürub eləyirdi. Həsən bəy Zərdabiyə lap rəhmi gəlirdi. Bu, hələ peşəkar baxışı deyildi. Hirsini cilovlaya bilməyib nəzərlərini beş addımlığa, ətrafı başlarına götürən uşaqlara sarı boylandı. Körpələrin yanından aramla ötən cütlük gözünə sataşanda isə onu sanki ildırım vurdu. Hövlnak qəzeti üzünə tutdu. Yaxşı ki, tanımadılar, ötüşdülər... Bu, İdrakla xanım Süpürgəçi idi!!! Artıq adını da öyrənmişdi; Zərif xanım. Onu dəli bir ağlamaq tutdu... Əlindəki qəzet qısa vaxtda göz yaşlarından ələgəlməz oldu. Elə bil bu “mətbu orqanı”nı Həsən bəyin qarğışı tutdu...

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir