Modern.az

Redaktorlar təbliğat-təşviqat işindən narazıdırlar: namizədlər reklam vermirlər...

Redaktorlar təbliğat-təşviqat işindən narazıdırlar: namizədlər reklam vermirlər...

Media

27 Oktyabr 2010, 15:56


Oktyabrın 15-dən parlament seçkilərinə qatılacaq deputatlığa namizədlərin təbliğat-təşviqat kampaniyası başlayıb və artıq 13-cü gündür davam edir. Müşahidələr göstərir ki. 2005-ci ildəkindən fərqli olaraq bu seçkilərdə namizədlər təbliğat-təşviqat kampaniyalarını geniş miqyasda həyata keçirmirlər. Bəzi namizədlər demək istəmədikləri səbəblərdən mediaya reklam vermək istəmir, ehtiyatlanırlar.
Bu kampaniyada iştirakla əlaqədar çoxlu gözləntiləri olan medi quruluşlarının da namizədlərlə əməkdaşlığı yüksək səviyyədə deyil. Halbuki, ciddi media orqanlarının rəhbərləri seçkilərin təbliğat-təşviqat dövründə deputatlığa namixədlərlə daha sıx işləyəcəklərini güman edirdilər.
Modern.az-a açıqlamalar verən bəzi KİV redaktorları təbliğat-təşviqat kampaniyasının gedişindən narazılıqlarını ifadə ediblər.

“Üç nöqtə” qəzetinin redaktoru Şahin Əliyev: “Namziədlərin bir qrupu mətbuatla işləyir. Bizim qəzetin namizədlərlə işləməsindən razıyam. Bizdə bir neçə namizədlərin reklamı gedir. Ümumiyyətlə götürəndə isə namizədlərin mətbuatla işi çox zəif iş gedir. Cəmi 12-15 deputatlığa namizəd mətbuatla işləyir. Biz də həmin deputatlarla işbirliyi qurmuşuq və onu axıra kimi davam etdirmək istəyirik. Yenə deyirəm çox az deputat mətbuatla işləyir. Ya öz təbliğatlarında maraqlı deyillər, ya da buna ehtiyac duymurlar.
İnid bəzi internet saytları fəaliyyət göstərir. Nədənsə namizədlər qəzetlərdən çox onlarla işləyirlər. Bəlkə də düşünürlər ki, qəzetləri az adam oxuyur... Əksər namizədlər isə reklamın mahiyyətin başa düşmürlər”.

APA-nın kommersiya direktoru Zaur Xəlilov: “APA namizədlərlə reklam sahəsində aktiv iştirak edir. Amma ümumi mətbuatın vaəziyyətini götürəndə, namziədlərlə bağlı reklam işi zəif qurulub”.

“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı: “Başqa KİV-lərə baxanda çalışırıq ki, təbliğat işində fəal olaq. Bizim gözləmədiyimiz halda reklam məsələsi çox zəif oldu. Namizədlər barəsində reklamlar daha çox elektoron mediada yayımlanır. Onlar elə fikirləşirlər ki, onlayn qəzetlərdə, internetdə gedən reklamlar daha çox fayda verə bilər. Hesab edirəm ki, kəndlərimizdə, şəhərlərimizin bəzi yerlərində seçicinin internetdən istifadə imkanı olmur. Biz gözlədiyimizi əldə edə bilmədik. Çox cüzi məbləğə bir neçə namizəddən reklam ala bilmişik. Namizədlərin bəziləri isə maddi vəziyyətdən şikayətlənir, reklam vermək istəmirlər...”

“Yeni Müsavat” qəzetinin kommersiya direktoru Ələsgər Süleymanov: “Biz Mərkəzi Seçki Kommisiyasında qeydiyyatdan keçmişik. Öz reklam qiymətlərimizi açıqlamışıq. Reklam kampaniyasının gedişi biz də qane etmir. Hər şey gözlədiyimizdən pis oldu. Halbuki, “Yeni Müsavat” qəzeti ən böyük tirajlı qəzetdir və reklamları çox olmalıydı. Bizim reklam bazarında qoyduğumuz qiymətlər ən real qiymətlərdir. Sadəcə,  ola bilsin hansısa qəzetlər fürsətdən sui-istifadə edib namizədlərə çox ucuz variantlar təklif edərək onlarla işləməyə çalışırlar. Ümumən seçkinin təbliğat-təşviqatı çox zəif gedir. Parlament seçkiləri üçün bu cür reklam bazarı çox aşağı səviyyəlidir”.

“Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli: “Çalışırıq deputatlığa namizədlərin təbliğat işlərində aktiv iştirak edək. Təşviqat xarakterli yazıları qəzetimizdə yerləşdiririk. Ümumiyyətlə, bu seçki kampaniyasında namizədlərin media ilə işi çox bərbaddır. Onların görəcəyi işlərin cəmiyyətə çatdırılmasında əsas rol oynayan vasitə bizik. KİV-lər bu sahədə iş görməlidirlər. Namizədlər ayrı-ayrı qəsəbələrdə,  məhəllələrədə görüş keçirirlər. Görüşü elə keçirirlər ki, heç kimin xəbəri olmur. Bu görüşlər media ilə açıqlanmalıdır. Ümumiyyətlə, burda namizədin öz marağı olmalıdır. Düzdür rəqabət də var, informasiya saytları ilə maraqlanıram. Elə sizin sayta da həmişə baxıram. Saytların da böyük effekti var. Amma mən bir şeyi başa düşə bilmirəm, hansısa Aran rayonunun deputatlığa namizədi özünü “Facebook” sosial şəbəkəsində reklam edir və ona ancaq sosial şəbəkədəki dost - tanışları tərif vurur. Bizim qəzet xeyli tirajla rayonlara satışa göndərilir. Abunəçilərimiz var. Əgər namizədlərin doğrudan da seçki təşviqatına  marağı varsa, qəzetlərdən istifadə etmək lazımdır. Yoxsa ki, hərə bir qalstuqda şəkil çəkdirib internetdə qoyacaqsa, bunun heç bir xeyri olmayacaq. Bəzi qəzetlər pulsuz təşviqat xarakterli yazılar verir. O qəzetləri də elə özləri oxuyur, heç auditoriyaya çatmır. Biz istəyirik ki, seçkilərdə normal reklam olsun. Reklamın zəif olması seçkilərə olan marağın zəif olmasından irəli gəlir”.

“525-ci qəzet”in redaktoru Yusif Rzayev: “Reklam işləri builki seçkilərdə çox zəif gedir. Beş il bundan əvvəl daha yaxşı idi. İndi vəziyyət pisdir. Bu tək bizim qəzetlə bağlı deyil, o biri qəzetlərdə də vəziyyət eynidir. Bunun da bir səbəbi bəzi namizədlərin özlərinə arxayın olmaları, digər səbəbi isə bu seçkidəki rəqabətin ötən seçkilərdəkindən az olmasıyla bağlıdır”.

“Ekspress” qəzetinin redaktoru Qalib İbrahimoğlu: “Reklam qiymərlərini MSK-ya da təqdim etmişdik. Qəzetimiz namizədlərin təbliğat-təşviqat işində zəif iştirak edir. Ümumiyyətlə bu dəfə əvvəlki seçkilərə baxanda reklam işi pis qurulurb. Açığı onların özləri də bilmirlər nə istəyirlər. İmkanı olanlar televizyada reklam verirlər. Mediaya pul verməkdənsə, seçicilərinə tort alırlar, nəsə paylayırlar. Onlar bunu ən yaxşı reklam sayırlar”.

“Ayna-Zerkalo” qəzetinin kommersiya direktoru Samir Hacıyev: “Reklam sifarişi olanda qəzetimizdə yerləşdiririk. Namizədlər bizə müraciət eləməyiblər. Digər media orqanları ilə bağlı vəziyyət barədə nə isə demək istəmirəm. Amma deyə bilərəm ki, builki seçkilərin təbliğat-təşviqat işləri məni qane etmir”.

Modern.az portalının redaktoru Əfqan Qafarlı: “Ümumi vəziyyəti götürəndə biz də deputatlığa namizədlərin təbliğat-təşviqat işlərindən narazıyıq. Baxmayaraq ki, saytımızda xeyli namizədin təbliğat materiallarını yerləşdirmişik.
Əvvəldən daha çox namizədlə işləyəcəyimizi planlaşdırmışdıq. Amma seçkilərə qatılan bəzi şəxslər reklam verməkdə maraqlı olmadılar. Bəziləri buna icazənin verilmədiyini deyir, reklam verməkdən qorxur, digərləri maddi durumlarının  yaxşı olmadığını əsas gətirirlər. Bir sıra müraciət edən namizədlər isə həddindən aşağı qiymətlər təklif edirlər ki, onların qəbul edilməməsi daha sərfəlidir”.

Vüqar Ağamalıoğlu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir