22 saylı Nəsimi ikinci seçki dairəsindən deputatlığa namizəd seçicilərlə möhtəşəm görüş keçirdi
«Millət vəkilinin əsas vəzifəsi qanunvericilik təşəbbüsü ilə çıxış etmək, qanunların qəbulu və büdcənin təsdiqidir. Biz isə çox vaxt sadə vətəndaşların hüquqlarının bərpası ilə məşğul oluruq. Çünki sovet dövrünün tərbiyəsini görmüş məmurlar vətəndaşların hüquqlarını tanımaq istəmir, onların problemlərinə laqeyd yanaşırlar. Niyə insanları o vəziyyətə salırlar ki, onlar, adi kommunal problemlərə görə deputatın qapısını döyməyə məcbur olurlar?! Məmurlar nəhayət başa düşməlidirlər ki, onlar dövlət büdcəsindən maaşı məhz vətəndaşa xidmət etmək üçün alırlar».
Bu fikirləri Demokratik İslahatlar Partiyasının sədri, 22 saylı Nəsimi ikinci seçki dairəsindən deputatlığa namizəd Asim Mollazadə səsləndirib. «Dostluq» kinoteatrında seçicilərlə növbəti görüşü zamanı namizəd əmanətlərin qaytarılmamasına toxunaraq deyib: «Azərbaycanın yaşlı təbəqəsi sovet dövründə qazandığı pulları bu günə qədər ala bilməyib. Sovet dövlətindən miras qalmış bu borcları Azərbaycan hökuməti neftdən əldə edilən vəsaitlər hesabına da olsa, geri qaytarmalıdır. Bütöv bir nəslin illər ərzində çəkdiyi zəhmətin haqqı mütləq ödənilməlidir».
Son illərdə Azərbaycanın dövlət büdcəsinin bir neçə dəfə artdığını xatırladan A.Mollazadə buna adekvat olaraq bir sıra sahələrdə sistemli islahatların aparılması zərurətindən danışıb: «Sistemli islahat nəticəsində müəllimlərin, həkimlərin və büdcədən maliyyələşən digər peşə sahiblərinin əmək haqları, sosial müdafiəyə ehtiyacı olan təbəqələrə, müharibə əlil və veteranlarına, şəhid ailələrinə ayrılan müavinətlər onların şərəfli həyatını təmin edəcək səviyyədə olmalıdır. Elə etmək lazımdır ki, dövlət büdcəsindən maliyyələşən peşə sahibləri rüşvət almadan ailələrini dolandıra bilsinlər. Bir əmrlə rüşvətin kökünü kəsmək mümkün deyil. Bunun üçün rüşvəti ortaya çıxaran səbəbləri aradan qaldırmaq, ciddi ictimai nəzarəti təmin etmək lazımdır. Artan büdcə vəsaitlərini düzgün istiqamətə yönəltmək üçün savadlı, peşəkar menecerlər hazırlayaraq onları dövlət idarəçiliyinə gətirmək lazımdır. Bunun üçün dövlətin gücünü gənclərin təhsilinə yönəltmək, xüsusilə, peşə təhsilinə diqqəti artırmaq zəruridir».
Daha sonra Qarabağ problemindən danışan millət vəkili deyib: «Biz nəhayət Qarabağ problemi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdıra bilirik. Artıq bir neçə beynəlxalq təşkilatın Ermənistanın işğalçı olduğu, erməni silahlılarının Azərbaycanın ərazilərindən çıxmasının zəruriliyi barədə müvafiq sənədlər qəbul etməsinə nail olmuşuq. Ermənistan məhz bu sənədlər əsasında sülhə məcbur ediləcək. İstəyirik ki, müharibə olmasın, hər şeydən dəyərli olan gənclərimiz düşmən gülləsinə tuş gəlməsin. Bizə lazımdır ki, düşmən tərəfindən zəbt olunan torpaqlarımız qaytarılsın. Bunun üçün dövlətimiz güclü, ordumuz qüdrətli olmalıdır. Ermənistan da, onun havadarları da nəhayət anlamalıdırlar ki, onların qarşısında hərtərəfli gücə malik bir dövlət dayanıb və bu dövlətin sərhədlərindən geri çəkilmək lazımdır».
Görüşdə çıxış edən seçicilər Asim Mollazadənin ötən dövr ərzindəki fəaliyyətindən razılıq ifadə ediblər. «Bilirik ki, sizin villalarınız, bahalı avtomobilləriniz, cangüdənləriniz yoxdur. Siz bizimlə eyni binada yaşayır, bizimlə eyni problemləri bölüşürsünüz. Sizin arxanızda var-dövlət və böyük pullar deyil, Sizə inanan və rəğbət bəsləyən minlərlə seçici dayanıb. Bizə dəyər verdiyiniz, səsimizi yuxarı kürsülərdə ucaltdığınız üçün minnətdarıq» - deyə şəhid anası bildirib. Görkəmli alim Qəzənfər Paşayev başda olmaqla Nəsimi rayonunda yaşayan ziyalılar A.Mollazadəyə yenidən etimad göstərəcəklərini, onun simasında Milli Məclisdə ölkəsi üçün yorulmadan çalışan ziyallıları görmək istədiklərini bildiriblər.
Sonda Asim Mollazadə seçicilərin suallarına cavab verib.
Seçki qərargahı