Modern.az

Nitq mədəniyyəti barədə - V yazı

Nitq mədəniyyəti barədə - V yazı

Ədəbi̇yyat

2 Oktyabr 2015, 10:08

filologiya üzrə elmlər doktoru, professor 

İntellektual səviyyə və geniş mənada intellektuallıq ədəbiyyatın dinamikasıdır. Təbii ki, həm yazıçının, həm də oxucunun intellektual səviyyəsi olmalıdır. İntellektuallıq xüsusi bir peşə deyil ki, onu öyrənəsən. İntellektuallıq yazıçının da, oxucunun da uzun illər boyu qazandıqlarıdır. Bunu qazanmaq üçün nə yazıçı, nə də oxucu qarşısına xüsusi bir məqsəd qoymur. Yaxud məqsədli şəkildə bu işlə məşğul olmur. Bu, yazıçının da, oxucunun da elə bir imkanıdır ki, onu hər yazıçı da, hər oxucu da görmək olmur. İntellektual səviyyəli yazıçı təsadüfi hadisələri mövzu seçmir, onları ədəbiyyata gətirmir. İntellektual səviyyəsi olan oxucu isə təsadüfi əsərləri oxumur və intellektini, zövqünü korlamır. Ona görə də intellektual səviyyəli oxucuların öz yazıçısı var. Onlar yaxşı bilir ki, hansı yazıçını oxuyurlar və nə üçün oxuyurlar. Oxucunun intellektual səviyyəsi yüksək olduqda o, oxumalı olacaq yazıçını və bədii əsəri tapır. Belə oxucular az da olsa, cəmiyyətdə var. Onlar bədii əsərlərdə hansısa bir cərəyanı axtarmırlar. Axtardıqları bədii əsərlərin məzmunudur, dilidir, üslub zənginliyidir, bədii-estetik tərəfidir və s. Belə olduğuna görə intellekt sahibləri Sovet dövründə mövcud olmuş sosializm realizmi, tənqidi relizmi, romantizmi və müasir ədəbi cərəyanlar hesab olunan modernizm, postmodernizm ədəbi cərəyanının nümayəndələrini də, klassik ədəbiyyatda mövcud olan əbədiyaşar əsərləri də oxuyur. Onlar üçün kimin hansı cərəyanın nümayəndəsi olması əsas deyil, əsas bədii qayədir. Yaxşı bədii əsərin müəllifi də hansı cərəyanın nümayəndəsi olmasını elan etmir. O yazır və yazdıqlarındakı intellektual səviyyə ona öz oxucusunu tapır.

Bu gün kitaba olan maraq azalıbdır. Ancaq az da olsa, yaxşı kitabları tapıb oxuyanlar, kitaba təməl kimi baxanlar var. Kitab iqtisadiyyatın, siyasətin, məişətin, sosial həyatın, uğurun – hər şeyin təməlidir. Kitab insanı bütün çətinliklərdən çıxara bilən xilaskardır. Kitab oxumadan heç kəs öz sahəsinin görkəmlisi, məhşuru ola bilməz. Ancaq indi kitab oxumaq hər bir kəsin problemidir. Məsələn, belə bir sual meydana çıxır ki, yazıçılar özləri kimi oxuyur və yazıçıları kim oxuyur? Yazıçılar özləri kimi oxuyurlar? Bu sualın cavabı o qədər də asan deyildir. Belə ki, yazıçı özü oxumasa, o, intellekt sahibi ola bilməz. Oxumaq yazıçı üçün mənəvi qidadır. Yazıçı oxumasa, həm də yaxşı yaza bilməz. Yazıçı yaxşı bədii əsərlər oxumalıdır ki, yaxşı yaza bilsin. Həm də yaxşı bədii əsər oxumaq yaxşı intellekt sahibi olmaq deməkdir. Beləliklə, Yazıçılar özləri kimi oxuyur?” sualına cavabın barometri ilə “Yazıçıları kim oxuyur?”  sualının barometri arasında elə də ciddi fərq yoxdur. Belə ki, yazıçılar da çox oxumalıdır, yazıçıları da çox oxumalıdırlar. Bu tənasüb ədəbiyyatın inkiaşfına xidmət edə bilər. Yazıçının və oxucunun intellektual səviyyəsini yüksəldə bilər.

Yuxarıda qeyd etdiyimiz kimi, dili öyrənməyin yollarından biri bədii əsərlərin oxunmasıdır. Bədii əsər oxuyan və bu vərdişi özünə aşılayan oxucu dillə yanaşı, bədii təfəkkür, bədii təxəyyül və bədii düşüncə tərzini də inkişaf etdirir. Axı istənilən bədii əsər həm də bədii təfəkkürdən, bədii təxəyyüldən, bədii düşüncədən kənarda deyildir. Bədii əsər oxuyan oxucu oxuduğu əsərdə həm də dilin qrammatik qayda-qanunlarını görür. Dilin lüğət tərkibindəki sözlərin semantik imkanlarını praktik şəkildə mənimsəyir. Bütövlükdə dilin lüğət tərkibindəki sözlərin özünü ifadə etmək imkanlarını müşahidə edir və bunları yaddaşa köçürür. Dili öyrənməyin ən dürüst yollarından biri həmin dildə bədii əsər oxumaqdır. Dili öyrənmək üçün danışmaqdan, ünsiyyətdə olmaqdan çəkinmək lazım deyil, həm də bədii əsər oxumaq mütləqdir. Əcnəbi dillərin öyrənilməsində hər iki halın imkanlarından istifadə etmək daha vacibdir. Dili öyrətmək və öyrənmək qrammatikanı öyrənməkdən və öyrətməkdən başlamamalıdır. Qrammatika, qrammatik qayda-qanunlar dilin nəzəri tərəfləridir. Dilin özünü öyrənmədən onun nəzəri tərəflərini öyrənmək olmaz. Ona görə ki, dilin qrammatikası dilin özündən qaynaqlanır. Birinci qaynağı, mənbəni, yəni dili  öyrənmək, sonra isə onun qrammatik qayda-qanunlarını öyrənmək lazımdır. Dili öyrənmək və öyrətmək metodikası barədə metodist alimlərimiz, dilin tədrisi metodikası ilə məşğul olan alimlərimiz xüsusilə məşğul olmalıdır.

Azərbaycanda həmişə dil öyrənməyə böyük həvəs olubdur. İndi də bu həvəs ailələrin maraq dairəsindədir. Hər bir ailə başçısı, valideyn istəyir ki, onun övladı əcnəbi dilləri, o cümlədən ingilis dilini öyrənsin. Ancaq bunun çıxış yolunu ayrı-ayrı dil öyrədən kurslarda axtarmamalıyıq. Necə etmək olar ki, uşaq məktəbdə xarici dili öyrənsin? Maraqlıdır ki, orta məktəbi bitirən, həm də yaxşı bitirən, əla qiymətlərlə bitirən abituriyent orta məktəbdə keçdiyi xarici dildə danışa bilmir. Bunun səbəbini axtarmalıyıq. İlk anda bunun görünən tərəfi odur ki, deməli, xarici dili öyrətmək metodikası arzu olunan tələblərə cavab vermir. Bu tələblər yeniləşməli və müasirləşməlidir. Dili öyrətmək metodikası ilə bağlı dilin tədrisi metodikası mütəxəssislərinin metodları yaranmalıdır. Biz doğma ana dilini də, xarici dilləri də hansı metodlarla öyrədirik? Ənənəvi metoddan o yana gedə bilmirik. Ənənəvi metod isə heç keçmişdə də effektli bir metod olmamışdır. Bəlkə də müasir dünya daha vizual olduğu üçün cizgi filmlərinin imkanlarından istifadə edərək uşaqların yaş səviyyələrinə uyğun əyləncəli dil mühiti yaradan filmlərdən istifadə etməliyik. Hər halda bunların hamısı metodistləri, psixoloqları, pedaqoqları dərindən düşündürməli və çıxış yolları tapmağa yönəltməlidir. Pedaqoqların, psixoloqların və metodistlərin bəzən məşğul olduqları problemlərin heç bir elmi və praktik əhəmiyyəti olmur. Halbuki bu məsələ elmi və praktik əhəmiyyəti olan bir problemdir. Bu məsələnin pedaqoji, psixoloji və metodik tərəflərini mütəxəssislərin birgə araşdırması və çıxış yolunu tapması olduqca vacibdir. Heç şübhəsiz ki, bu istiqamətdə mütəxəssislər tərəfindən proqramlar hazırlanmalı və müzakirəyə təqdim olunmalıdır. Hamıya məlumdur ki, cizgi filmlərinin bir çoxunda davalar, qorxulu hadisələr, silahdan atəş açmalar və s. əslində uşaqların gələcək həyatını təhlükələr içinə atır. Psixoloqlar təsdiq edir ki, uşaqlarda 3 yaşından sonra cizgi filmlərinə, oyunlara maraq başlayır. Valideynlər isə uşaqların başını qatmaq üçün fərqinə varmadan uşaqların cizgi filmlərinə baxmasına şərait yaradırlar. Ancaq uşaqların tərbiyəsində mühüm rol oynamaqla yanaşı, onlara dili öyrədən cizgi filmləri göstərilərsə, bu, gələcəkdə intellekt sahiblərinin formalaşmasına geniş imkan yarada bilər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir