Modern.az

Nadir şah Əfşarın Türk Birliyi ideyası....

Nadir şah Əfşarın Türk Birliyi ideyası....

Ədəbi̇yyat

2 Oktyabr 2015, 14:08

AMEA Fəlsəfə və Hüquq İnstitutunun aparıcı elmi işçisi

I Yazı

Türk tarixinin, o cümlədən Azərbaycan Türk tarixininin ən böyük dövlət və fikir dühalarından biri Nadir şah Əfşardır (1689-1747). Çox yazıqlar olsun ki, İngilis, Rus və Fars imperializminin son iki əsrdə apardığı siyasət nəticəsində Türk tarixində Nadir şah Əfşar şəxsiyyətinə ya düşmən kimi baxılmış, ya da düşmənlərimizin şüurlarımıza yeritdiklərinin sonucu olaraq aşağılanmışdı. Çünki, o, bir Türk idi, Azərbaycan türkü. 19-cu əsr Azərbaycan Türk tarixçisi Abbasqulu Ağa Bakıxanov Nadir şah Əfşarın soykötüyü ilə bağlı yazırdı:  “Moğol istilası dövründə, Azərbaycana gəlmiş olan türkmən əfşarlarından Qırxlı tayfası, Şah İsmayıl Səfəvinin zühurundan sonra, köçüb Əbivərd mülkündə, Gürgan çeşməsi ətrafında sakin olmuşdu. Bu tayfadan İmamqulu adlı bir nəfərin 1689-cu ildə Nadirqulu adlı bir oğlu oldu”.

Çox maraqlıdır ki, Azərbaycan Türk aydını Nəriman Nərimanov 1898-ci ildə yazdığı, 1913-cü ildə “düzəlişlər” etdiyi “Nadir şah” adlı dram əsərində İmamqulu xanı və oğlu Nadirqulu xanı öncə quldur, başkəsən, daha sonra vətən və millət uğrunda mücadilə edən fədailər kimi qələmə vermişdir. Nərimanovun da yazdığı kimi, Səfəvilərin tənəzzülü dövründə meydana çıxan Nadirqulu xan qısa bir müddər ərzində düşmənləri Səfəvi torpaqlarından uzaqlaşdırmağı bacarmış, Qızılbaş ordusunun sərdarı vəzifəsinə yüksəldilmişdir. Amma 2-ci Şah Təhmasibin Nadirqulu xana qarşı olan cəsarətsizliyi və inamsızlığı, 1732-ci ildə birincinin taxtdan salınması və faktiki olaraq sonuncunun İran və Azərbaycanın birinci şəxsi olmasıyıla nəticələnmişdir.


Nadir şah dövlətin birinici şəxsinə çevrildikdən sonra (1732) Osmanlı və Rusiyaya qarşı apardığı müharibələrdan qalib çıxmış, hətta  Çar Rusiyasına ultimatum göndərmişdi ki, rus qoşunları Xəzərsahili vilayətləri tamamilə tərk etsinlər. Nadir şahın çar Rusiyasının nümayəndələriylə 1735-ci ilin martinda Gəncə yaxınlığında bağladığı müqaviləyə əsasən rus qoşunları Azərbaycanı (Dərbəndi, Salyanı, Bakını və b.) tərk etmişlər. Eyni zamanda Nadir şah Osmanlı-Türkiyə qoşunlarını da Azərbaycan ərazisindən tamamilə çıxartmağa nail olmuşdu. Bu gün Azərbaycanın rus-köləbaşlı tarixçiləri Rus qoşunlarının işğalçılığını “unudaraq”, yalnız Osmanlı-Türk qoşunlarının Azərbaycandan çıxarılmasını belə qiymətləndirirlər: "Azərbaycan ərazisi tamamilə türk əsgərlərindən təmizləndi. Lakin bu heç də Azərbaycan xalqına azadlıq gətirmədi. Ölkədə türk işğalçılarını İran işğalçıları əvəz etdilər"....

Amma bu tarixçilər yazmırlar ki, Nadir şah Azərbaycanı yalnız Osmanlı-Türkiyə qoşunlarından deyil, eyni zamanda çar Rusiyasının işğalçı qüvvələrindən də təmizləmişdi. Çar Rusiyasını və Sovet Rusiyasını işğalçı kimi qələmə verməkdən bacardıqları qədər yan qaçan Azərbaycan tarixçilərinin gücləri, hələ də yalnız Türkiyəyə və İrana çatır.

Eyni zamanda, “Azərbaycan tarixçisi” adını daşıyanların əksəriyyəti Nadir şahın Azərbaycanı tutmasını, buradan Osmanlı və çar Rusiyasının qoşunlarını  çıxartmasını, bir sözlə “Azərbaycanda İran hakimiyyətinin bərpası”nı işağlçılıq kimi dəyərləndirirlər. Bizcə, Nadir şahın Azərbaycanı ələ keçirməsini “işğalçılıq” kimi qələmə vermək doğru deyildir. Əgər məsələni bu cür qoysaq, o zaman Şirvanı işğal edən Şah İsmayıl da, Təbrizi tutan Qaraqoyunlu Qara Yusif də, Şirvanşah İbrahim xan da, Şimali Azərbaycanı rus-erməni birləşmələrindən xilas etməyə gəlmiş Nuru Paşa da, başqaları da işğalçıdırlar. Bu, tamamilə yanlışdır. Nadir şah Əfşar üçün Azərbaycan və İran eyni dərəcədə doğma olduğu qədər, o bu ölkələrin yeganə Türk hökmdarı, dövlət başçısı idi

Maraqlıdır ki, Sovetlər Birliyinin tarix metodologiyasından çıxış edən Azərbaycan tarixçilərinin əksəriyyəti Nadir şahın 1736-cı ildə Muğanda – Azərbaycanda keçirilən qurultayda şah seçilməsinə də bacardıqları qədər qeyri-ciddilik, qeyri-legitimlik forması vermək istəyirlər. Halbuki, Nadir şahın Muğanda Səfəvilərin-Qızılbaşlıların davamçısı olaraq taxtda oturması qanuni bir şəkildə həyata keçirilmişdi. Bunu, 19-cu əsr Türk (Azərbaycan) tarixçisi A.A.Bakıxanov daha obyektiv şəkildə ifadə etmişdir. O, yazır ki, qurultay keçirilməzdən öncə Nadir şah Əfşarlar ölkənin hər bir yanına xəbərlər göndərmiş, bütün vilayətlərdən Muğana-Azərbaycana 100 000 min adam gəlmişdi: “Bir aydan ziyadə çəkən müşavirə və danışıqlardan sonra, Nadir həzrətləri 1148-ci (=1736) ildə, şübat (fevral) ayının  26-da İranın səltənət taxtına oturdu”.

Nadir şahın Səfəvilərin-Qızılbaşlıların taxtına qanuni olaraq oturmasını yalnız Bakıxanov deyil, 18-19-cu əsrlərdə yaşamış digər Türk (Azərbaycan) tariçxiləri də dəfələrlə təsdiq etmişlər. 19-cu əsrin Türk (Azərbaycan) tarixçiləri Nadir şahın Səfəvilərin taxtinda oturmasını labüd və qanunauyğun hal kimi qələmə almışlar. Artıq İran və Azərbaycanda hakimiyyətdə Əfşarlar idi. Başqa sözlə, İran və Azərbaycanda bir Türk sülaləsini digər Türk sülaləsi əvəz etmişdi.

Yeri gəlmişkən, çar Rusiyasının dövründə Bakıxanovun Nadir şaha verdiyi qiymətlə, Sovetlər Birliyi və müstəqil Azərbaycan tarixçilərinin verdiyi qiymət arasında xeyli fərq vardır. Belə ki, Bakıxanov “Nadir həzrətləri” adlandırdığı Əfşarlar sülaləsinin qurucusunu böyük hörmətlə anmış, onun süquta uğramış Səfəvilərin davamçısı kimi uğurlarını təqdir etmiş, ən vacibi Nadir şahın Türkiyə və İran əhalisi arasında geniş yayılmış sünni və şiə məzhəb davasının aradan qaldırması cəhdini müsbət dəyərləndirmişdir. Halbuki SSRİ və mütəqil Azərbaycanın tarixçiləri Nadir şahın bu böyük addımını daima görməzdən gəlmiş, bir dəfə də olsun belə onun bu böyük ideyasını yad etməmişlər.

Deməli, Nadir şahın Türk-İslam dünyası üçün ən mühüm işlərindən birincisi, süni və şiə məzhəblərini aradan qaldıraraq Türk Birliyinin qurulmasına nail olmaq istəməsi idi. Bu, 1736-cı ildə keçirilən Muğan qurultayında da öz əksini tapmışdır. Bakıxanov yazır: “İran üləmasının ittifaqı ilə ümumxalq qarşısında belə bir qərar çıxarıldı: bəzi məsələləri dəyişdirmk və şərəfli (dini) şəraiti sabitləşdirməklə, iki məzhəb – şiə və sünni məzhəbləri arasındakı ixtilafa nəhayət verilib İslam əhalisi arasındakı ədavət qaldırılsın. Lakin bu məsələ dəfələrlə Osmanlı dərbarına təqdim edilsə də qəbul olunmadı”. Əslində bu addım ilk növbədə, Nadir şahın  iradəsinin nəticəsi idi. Nadir şah gələcəkdə bu problemin Türk-İslam dünyasına, özəlliklə də Türk dünyasına, Azərbaycana vuracaq zərəri görür və bunu aradan qaldırmaq istəyirdi. Amma yazıqlar olsun ki, Nadir şahın bu iradəsinə Osmanlı dövləti müsbət cavab vermədi. Üstəlik, Nadir şah Türk Birliyi ideyasının qurbanı oldu.

Nadir şahın Türk Birliyi ideyasının qurbanı olmasına bəlkə, ilk dəfə A.A.Bakıxanov toxunmuşdur. Hər halda Bakıxanov yazır ki, Nadir şahın bu ideyasından sonra ona oğlu Rzaqulu xan tərəfindən sui-qəsd təşkil edildi. Şübhəsiz, Rzaqulu xan burada bir qurban idi. Əslində Nadir şah Əfşara sui-qəsd təşkil edənlər fars şiəçiləri, fars zərdüşti mollalar idilər. Onlar Nadir şahın ətrafındakı bəzi xanları da inandıra bilmişdilər ki, Nadir şahın məzhəb ideyasının aradan qaldırılması istəyi zərərlidir. Özəlliklə, şiəçiliyin aradan qaldırılmasını İranın sonu kimi qələmə verən Fars şiəçiləri əslində özlərini düşünürdülər. Onlar anlayırdılar ki, əgər Nadir şahın Türk birliyi ideyası gerçəkləşsə, yəni şiə və sünni məzhəbləri aradan qaldırılsa, o zaman onların İranda mövqeləri sıfıra düşəcəkdir.

Ona görə də fars zərdüşti-şiəçi mollaları və onların havadarları öncə Nadir şahın ətrafını, daha sonra özünü təmizləmək qərarını verdilər. Fars zərdüşti-şiəçi mollaları Nadir şahın yaxın ətrafında olan bəzi Türk xanlarını, ola bilsin Rzaqulu xanı da (bu dəqiq deyil) inandırmışlar ki, şiəçilik aradan qalxsa, yalnız İranın deyil, onların da sonu gələcək. Bu məqsədlə onlar Nadir şahda şübhə yaratmaq, eyni zamanda ona əhali arasında olan münasibəti dəyişmək üçün taxtdan salınmış 2-ci Şah Təhmasibi öldürdülər. Halbiki Nadir şah istəsəydi taxta çıxdığı ilk gündə, ya da az sonra 2-ci Şah Təhmasibi öldürdə bilərdi. Bir tərəfdən Osmanlının məzhəb davasını aradan qaldırmaq istəməməsi, digər tərəfdən fars şiəçilərinin əliylə bəz xanlar tərəfindən (çox güman ki, Rzaqulu xanı da bu faciəyə təhrik ediblər, ya da iz azdırmaq üçün onun boynuna atıblar) sui-qəsdə məruz qalması yalnız Nadir şah üçün deyil, Türk-İslam dünyasının birliyinə də çox ağır zərbə oldu. Bunu, Bakıxanov indiki Azərbaycan tarixçilərindən daha real görmüş və ürəkağrısı ilə bunu iki cümləyələ dəqiq yazmışdır:  “Nadir şah atalıq şəfqətini toplayıb, şahzadəni kor etdirdi və özünün dövlət çırağını söndürdü. Bundan sonra, Nadir şah hamıdan bədgüman olub, məmləkəti idarə etmək işlərində məsləkini dəyişdi”.

Əslində Nadir şah da baş verən dəyişiklik, sünni və şiə məzhəblərinin aradan qaldırılmasından, türk-müsəlman dövlətlərinin birlliyindən əl çəkməkdən çox kimlərlə, hansı vasitələrlə bu ideyanı gerçəkləşdirə bilməsiylə bağlı idi. O, bu yolda oğlunun gözünü kor etdirməklə yanaşı, ona əngəl olan fars zərdüşti mollalarına və onların əlaltısına çevrilən bəzi xanlara qarşı daha radikal addımlar atdı.

Türk (Azərbaycan) aydını-şairi Mirzə Ələkbər Sabir də 1907-ci ildə “Molla Nəsrəddin” jurnalında nəşr olunan "Fəxriyyə" şeirində Nadir şahın qətlində sünni və şiə məzhəblərinin aradan qaldırılmasının əleyhdarlarının mühüm rol oynadğını açıq şəkildə yazır: "Nadir bu iki xəstəliyi (yəni sünni və şii məzhəblərini) tutdu nəzərdə, İstərdi əlac eyləyə bu qorxulu dərdə, Bu məqsəd ilə əzm edərək girdi nəbərdə, Məqtulən onun nəşini qoyduq quru yerdə". Sabirin bu sözləri açıq şəkildə ona işarədir ki, Nadir şahın öz qohumları tərəfindən öldürülməsi tamamilə cəfəngiyyatdır. Nadir şahı qətlə yetirənlər fars zərdüşti mollalar, massonlar, bir sözlə türk düşmənləri olmuşlar.

Böyük Türk aydını, Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadə də 1919-cu ildə "Azərbaycan" qəzetində (28 aprel 1919) nəşr olunan “Azərbaycan və İran” məqaləsində haqlı olaraq yazırdı ki, Nadir şah ilk öncə, Türk birliyi ideyasının qurbanı oldu. Rəsulzadə yazır: “Nadir şahın fikir ittihadını zənn edərsəm "Nadir şah" əsərini təmsil edən azərbaycanlılar yalnız tərvic degil, tətbiq də etmişlərdir. Yalnız oğlunun gözü müqabilində çıxaracağı batmanlarla göz təhdidi ilə degil, eyni zamanda da məəttəəssüb və dar mollalara qarşı işlətdiyi siyasətə qurban olan Nadirin fikrini - məzhəb qovğalarının aradan qaldırılmasını - qövldən-felə gətirənlər yenə "ətraki-müsəlmani-Qafqaz"dır" (yəni Qafqaz müsəlman türkləridir)". Göründüyü kimi, Rəsulzadə də hesab edir ki, Azərbaycan türkü olan Nadir şah fars şiəçilərinin, fars mollalarının siyasətinə qurban getmiş, onların əliylə qətlə yetirilmişdir.

Bizcə, Nadir şah Əfşarın qətli bir tərəfdən Türk Birliyinin gerçəkləşməsini zərbə altında qoysa da, digər tərəfdən Azərbaycanın parçalanmasının başlanğıcı oldu. Əslində Azərbaycanın parçalanması ideyası faktiki olaraq Türk Birliyi ideyasının gerçəkləşməsini sual altında qoymuş oldu...

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi