Modern.az

Dönükqırıqlı sakinləri Qənirə Paşayevadan xahiş ediblər ®

Dönükqırıqlı sakinləri Qənirə Paşayevadan xahiş ediblər ®

Təhsil

28 Oktyabr 2010, 18:57

105 saylı Tovuz Seçki Dairəsindən deputatlığa namizəd Qənirə Paşayeva ilə rayonun ən böyük kəndlərindən biri olan Dönükqırıqlı kəndinin sakinləri arasında möhtəşəm görüş keçirilib. Yüzlərlə kənd sakinin qatıldığı görüşdə millət vəkili ötən beş illik deputat fəaliyyəti barədə danışaraq deyib ki, o, bu illər ərzində Tovuz və tovuzluları Milli Məclisdə layiqincə və ləyaqətlə təmsil etmək üçün var qüvvəsilə çalışıb. Son 5 il ərzində Tovuz rayonunda çoxlu sayda işlərin görüldüyünü deyən millət vəkili bildirib ki, kəndlərə qaz verilməsi təmin olunub, elektrik problemləri öz həllini tapıb, su təminatı ilə bağlı demək olar ki, problemlər tamam öz həllini tapıb, əkin sahələrinin suvarılması istiqamətində artezian quyuları qazılıb. Görülən bu işlər ölkə prezidentinin yürütdüyü siyasətin kəndlərimizdə görülən nəticələridir deyən Qənirə Paşayeva onun seçki dairəsinə daxil olan kəndlərin inkişafı və abadlaşması istiqamətində bir millət vəkili kimi əlindən gələni etdiyini deyib.

Qənirə Paşayeva gənclər arasında təhsilə daha böyük marağın yaradılması istiqamətində həyata keçirilən layihələr, bilik marafonları nəticəsində son 5 ildə hər il bu kəndlərdən ali məktəblərə daxil olan gənclərin sayının artdığını vurğulayıb. O, deyib ki, prezident İlham Əliyevin və Azərbaycanın Birinci Xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təhsillə diqqəti nəticəsində Azərbaycanın hər bölgəsində olduğu kimi Tovuzda da çoxlu sayda məktəb tikilib, təhsilin keyfiyyətində əsaslı dəyişikliklər yaranıb. Millət vəkili onun təşəbbüsü və dəstəyi ilə artıq 5 ildir ki,  Tovuz Televiziyası ilə birgə həm humunitar həm də dəqiq elmlər sahəsində bilik marafonlarının keçirilməsinin də rayonda və onun kəndlərində gənclər arasında təhsilə marağın daha da artmasına xidmət etdiyini vurğulayıb.  
O, xüsusilə gənclər arasında vətənpərvərliyin artması istiqamətində həyata keçirilən layihələrin nəticəsində rayondan Ali Hərbi Məktəbə və Hərbi Litseyə daxil olan gənclərin sayının hər il surətlə artdığını bildirib.
”Bu gün Tovuz rayonu hərbi məktəblərə üz tutan gənclərin sayına görə ön sırada dayanır və bu bizim hamımızı sevindirir. Bizim həm savadına, həm də fiziki göstəricilərinə görə ən yaxşı gənclərimiz arasında hərbi məktəblərə üz tutanların sayının artması çox vacibdir və Tovuz gənclərinin bu istiqamətdə uğurları bizi sevindirir. Azərbaycanın ən vacib məsələsi Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın geri qaytarılmasıdır. Bu gün prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bu istiqamətdə böyük işlər görülür deyən millət vəkili vurğulayıb ki, bizim bü gün də, sabah da yüksək səviyyəli hərbi kadrlara ehtiyacımız var”.    

Deputatlığa namizəd vurğulayıb ki, 5 illik fəaliyyəti dövründə bu kəndlərin sakinlərinin sağlamlıqla, təhsillə, şəxsi problemləri  ilə bağlı 100-lərlə məktubu və birbaşa müraciətinin müsbət həll olunması üçün əlindən gələni edib və bu kəndlərin sakinləri və ümumiyyətlə Tovuzlular yenidən ona etimad göstərərlərsə, gələcəkdə də onları və bütövlükdə ölkəmizi daim layiqincə və ləyaqətlə təmsil etmək üçün əlindən gələni etməyə çalışacaq.

Görüşdə iştirak edən onlarla kənd sakini, ziyalılar millət vəkilinin təkcə rayon səviyyəsində deyil, respublika səviyyəsində 5 illik fəaliyyətini, onlarla mütəmadi olaraq görüşməsini, onların problemlərinin həlli istiqamətində daim əlindən gələni etməyə çalışmasını yüksək qiymətləndirdiklərini vurğulayaraq  yenidən ona etimad göstərəcəklərini, ona səs verəcəklərini deyiblər.  Görüşdən sonra millət vəkili kənd sakinlərini narahat edən bəzi problemlərin həlli istiqamətində onları dinləyib, müzakirələr aparıb və qaldırılan məsələlərin bir hissəsini yerində həll edən Qənirə Paşayeva qaldırılan bəzi problem və təkliflərlə bağlı isə hökumət qurumlarına müraciət edəcəyinə söz verib. Dönükqırıqlı kənd sakinləri millət vəkilindən xahiş ediblər ki, onların məktəbinin təmir olunmasının reallaşması üçün millət vəkili də öz dəstəyini göstərsin və millət vəkili seçicilərin bu xahişini Təhsil Nazirliyi ilə müzakirə edəcəyinə və onların xahişinin reallaşması üçün əlindən gələni edəcəyinə söz verib.

 

 

 


Seçki qərargahı    

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə