Modern.az

Asim Mollazadə seçicilərlə kiçik və orta sahibkarlığın vəziyyətindən danışıb ®

Asim Mollazadə seçicilərlə kiçik və orta sahibkarlığın vəziyyətindən danışıb ®

Təhsil

28 Oktyabr 2010, 19:22

“Kiçik və orta sahibkarlıq müəssisələrinə tətbiq olunan vergilər 10-12%-dən yuxarı olmamalıdır”


«İstəyirik ki, dövlət insanlara pul verməsin, pul qazanmaq üçün imkanlar versin». Demokratik İslahatlar Partiyasının sədri, 22 saylı Nəsimi ikinci seçki dairəsindən deputatlığa namizəd Asim Mollazadə «Dostluq» kinoteatrında seçiciləri ilə növbəti görüşü zamanı ölkədə azad sahibkarlığın inkişafı zərurətindən danışarkən belə deyib. Namizəd, dövlətin sahibkarlığın inkişafına təkan verməsinin önəmli olduğuna diqqət çəkib: «İstənilən ölkədə kiçik və orta sahibkarlığın inkişafı orta təbəqənin inkişafına təkan verən əsas amildir. Dünyanın ən inkişaf etmiş dövlətlərində orta təbəqə qızıl təbəqə sayılır və dövləti məhz bu təbəqə irəli aparır. Bizdə də imkan vermək lazımdır ki, vətəndaşlar ailələrini dolandırmaq üçün öz kiçik bizneslərini yaratsınlar. Kiçik və orta sahibkarlıq müəssisələri iri biznes strukturlarının kölgəsində qalmasın. Bu müəssisələrə tətbiq olunan vergilər 10-12%-dən yuxarı olmamalıdır. Vətəndaşlar sosial cəhətdən təminatlı olmalıdırlar ki, onlar öz dövlətlərinin inkişafında, güclənməsində də yaxından iştirak edə bilsinlər». A.Mollazadənin fikrincə, bunun üçün ölkənin enerji daşıyıcılarından gələn gəlirlərini insanların inkişafına, təhsilinə, peşə səviyyəsinin yüksəlməsinə yönəltmək vacibdir.

«Biz çalışmayılıq ki, məktəblər uşaqlara bilik öyrətsin. Ali təhsil ocaqları diplom satan müəəssisələr olmaqdan çıxaraq dünya səviyyəsində rəqabət apara biləcək mütəxəssislər hazırlasın. Nə vaxtadək mənim ölkəmdəki ən gəlirli iş yerlərində sinqapurlu, malayziyalı, banqladeşli mütəxəssislər işləyəcək?! Biz peşə məktəblərində bu sahələrdə işləyə biləcək gözəl kadrlar hazırlaya bilərik. Nəticədə gənclərimiz bir tikə çörək üçün xarici ölkələrə üz tutmazlar» - deyən A.Mollazadə eyni zamanda seçiciləri möcüzələrə inanmamağa çağırıb: «Sizə əgər deputat olarlarsa, möcüzələr yaradacaqlarını söz verə bilərlər. Amma möcüzə baş verməyəcək. Hər bir azərbaycanlı özünü inkişaf etdirməyin yollarını öyrənməlidir. Sovet dönəmi bitib, rəqabət dönəmi başlayıb. Bu rəqabətlə ayaqlaşmaq üçün oxumaq, azı 2-3 dil bilmək, dünyanın qabaqcıl texnologiyalarından baş çıxarmaq lazımdır. Azərbaycan xalqı tarix yaradan xalqdır. Biz 20-ci əsrin əvvəllərində Şərqdə ilk demokratik respublikanı qurmağa nail olan, bir çox ilklərə imza atan, qadınlara ABŞ və bir sıra Avropa dövlətlərindən daha tez seçib-seçilmə azadlığı verən xalqıq. Bu xalqın böyük potensialı var. Bizdə demoqrafik üstünlüyü gənclər təşkil edir. Məncə ölkəmizin gənclərdən böyük sərvəti yoxdur və biz onlara sahib çıxmalıyıq».

Daha sonra A.Mollazadə səhiyyə, Nəsimi rayonundakı problemlər, Dağlıq Qarabağ problemi, ölkəmizin diplomatiya və enerji siyasəti, hərb sənayesindəki vəziyyət barədə ətraflı danışıb. Seçiciləri maraqlandıran suallara cavab verib.

Seçicilər də Asim Mollazadə haqqında arzularını ifadə ediblər. Onun ötən beş ilki fəaliyyətindən razı qaldıqlarını, həmişə vətəndaşların yanında olmasından məmnunluqlarını dilə gətiriblər.



Seçki qərargahı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə