Modern.az Mərkəzi Seçki Momissiyasına istinadla xəbər verir ki, İTV bu gün yenə də “qanlı dairələr”dən debatları təqdim edəcək. Bu gün 11 saylı Qaradağ, 22 saylı Nəsimi, 31 saylı Suraxanı ikinci, 87 saylı Ağsu-İsmayıllı, 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairələrindən olan deputatlığa namizədlər, necə deyərlər, tamaşaçıların görüşünə gələcək.
Qeyd edək ki, bu gün İTV-də 30 saylı Suraxanı birinci seçki dairəsindən 1 namizəd də danışacaq.
Bu gün canlı efirin “bəzəyi” 31 saylı Suraxanı ikinci seçki dairəsi olacaq. Amma əvvəlcə debata 11 saylı Qaradağ seçki dairəsinin təmsilçiləri çıxacaq. Bu gün siz bu dairədən Ana Vətən partiyasının namizədi Cahangir Cahangirovu, müstəqil namizəd Tahir Xanaliyevi, Rafiq Rəhmanovu, YAP-ın vahid namizədi Ağalar Vəliyevi və Müasir Müsavat Partiyasının namizədi Fazil Yusubovu görüb eşidəcəksiniz.
Nərimanov rayonunun sakinləri də İTV-nin izləsinlər. Bu gün 22 saylı Nəsimi ikinci seçki dairəsinin 5 namizədi efirdə olacaq. Bunlar dünən 53 yaşını qeyd etmiş Pənah Hüseyn, “Qarabağ” blokundan Rəşid Mansurov, deputat Asim Mollazadə və YAP-ın namizədi, Tikiş Fabrikinin direktoru Fidail Rəhimovdur. Bu dairədən bir namizəd qadın var. Surə Əhmədova müstəqil olaraq seçkilərdə iştirak edir.
Qeyd etdiyimiz kimi günün “favoriti”31 Suraxanı ikinci seçki dairəsi və bu dairənin kifayət qədər iddialı namizədləri olacaq. Onları xüsusi təqdimata ehtiyacları yoxdur. Suraxanı camaatı Əhəd Abıyevi, Hafiz Hacıyevi, ANS-çi Sevda Həsənovanı, Surət Hüseynov qiyamının əsasını qoyan Fərəc Quliyevi, Əbülfəz Elçibəyin qardaşı oğlu Hürrü Əliyevi, AXCP sədri Əli Kərimlini, seçkilərə “İnsan Naminə” blokundan qoşulan Fəyyaz Orucovu, təhsil üzrə tanınmış ekspert Etibar Əliyevi, gənc siyasətçi Vüqar Orucu, Ramazan Bağırovu, müstəqil YAP-çı Əziz Ələkbərovu, “Qarabağ” blokunun namizədi Taleh Əliyevi dinləməli və kimə səs verə biləcəklərini müəyyən etməlidir.
Bu dairənin efirdə bir gözlənilməz “qonağı” olacaq. Bu 30-cu Suraxanı birinci seçki dairəsinin “namizədi Arif Hacılı olacaq. Müsavat İcra Aparatının rəhbəri Arif Hacılını MSK-ya şikayətindən sonra namizəd kimi qeydə alıblar. Lakin efir üçün bu gec olub. Çünki onun rəqibləri artıq İTV-də çıxış ediblərmiş .
Odur ki, indi Arif Hacılı “31-lər”lə bir stolda oturmalıdır. Bəri başdan qeyd edək ki, AXCP sədri Əli Kərimli debatda çıxmaqdan imtina edib. Məlum səbəblərdən....
Daha sonra 87 saylı Ağsu-İsmayıllı seçki dairəsi üzrə namizədlər efirə çıxacaq. YAP-ın vahid namizədi, “SUM”-un direktoru Ərəstun Cavadov, KXCP-çi Yaqub Babalı, Azərbaycan Ali Sovetinin keçmiş deputatı Cümşüd Nuriyev, müstəqillər Sahib Daşdəmirov, Şahlar Xasayev üzbəüz oturacaqlar.
97 saylı Goranboy-Ağdam-Tərtər seçki daiərsinin namizədləri də bu günkü efirin qonağıdırlar. Jurnalist həmkarımız Aqil Aslan, YAP-ın vahid namizədi, Memarlıq və İnşaat Unversitetinin rektoru Gülçöhrə Məmmədova, İlham Orucov və Namiq Məmmədov seçicilərinə üz tutacaqlar.
Modern.az