Modern.az

Gülər Əhmədovanın seçicilərlə daha bir izdihamlı görüşü keçirildi ®

Gülər Əhmədovanın seçicilərlə daha bir izdihamlı görüşü keçirildi  ®

Təhsil

29 Oktyabr 2010, 10:16

Oktyabrın 28-də Yeni Azərbaycan Partiyasının 34 saylı Xətai ikinci seçki dairəsindən deputatlığa namizədi, Respublika Uşaq Təşkilatının sədri, hazırkı millət vəkili Gülər Əhmədovanın seçkiqabağı təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə növbəti görüşü keçirildi. Yüzlərlə seçicinin iştirak etdiyi görüşü namizədin vəkili, Beynəlxalq Diaspor Mərkəzinin sədri İsmayıl Ağayev açdı.
O qeyd etdi ki, G. Əhmədova özünü ümummilli lider Heydər Əliyevin mənəvi övladı görərək ulu öndərin tutduğu yolu hər zaman davam etdirib: "Gülər xanım bütün çıxışlarında özünü ulu öndərimizin mənəvi övladı hesab etdiyini bildirir. Onun həm Respublika Uşaq Təşkilatının sədri, həm də parlament fəaliyyəti hamımızın gözü önündədir. Gülər xanım sözün həqiqi mənasında təvazökar bir insan, fədakar bir millət vəkili, mehriban anadır. Düşünürəm ki, siz noyabrın 7-də seçkiyə getməklə, öz səsinizi Gülər xanıma verməklə gələcək 5 il ərzində layiqli millət vəkili ilə parlamentdə təmsil olunacaqsınız. İnanıram ki, siz bir gün zəhmət çəkib seçki məntəqəsinə gəlməklə 5 il həmin zəhmətin bəhrəsini görəcəksiniz".

Xətai rayon sakini, Xətai poçtamtının keçmiş rəisi, Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının yaradıcılarından olmuş Feyzulla Əliyev, 15 ildən artıqdır Almaniyada yaşayan soydaşımız, "Bakı-Berlin" cəmiyyətinin sədri Xanbala Xanbalayev, şəhid atası Ağalar Ağaverdiyev, G. Əhmədovanın keçmiş müəllim yoldaşı Feyzulla cəlilov, 34 saylı Xətai ikinci seçki dairəsinin seçiciləri - Mətanət İsmayılova, Hüseyn Kərimov G. Əhmədovanın ötən 10 il ərzində parlamentdə və ictimai-siyasi həyatda fəaliyyətinin məhsuldar olduğunu bildirdilər. Bu namizədə səs verməklə 34 saylı dairənin parlamentdə ləyaqətlə təmsil ediləcəyinə əminliklərini ifadə etdilər və görüşdə iştirak edən bütün seçiciləri G. Əhmədovaya səs verməyə çağırdılar.
Şuşa şəhər 13 saylı orta məktəbin ağbirçək müəlliməsi Elmira Ələkbərovanın çıxışı zamanı toxunduğu bəzi məqamlar isə millət vəkili G. Əhmədovanı bu məsələyə münasibət bildirməyə sövq etdi. Qeyd edək ki, E. ləkbərova müqəddəs kitabımız olan "Qurani-Kərim"in orta məktəblərdə öyrədilməsinin vacibliyi məsələsinə toxundu: "Hər birimiz bilirik ki, bütün elmlərin açarı "Qurani-Kərim"dədir. "Qurani-Kərim"i bilməyən, məktəbdə öyrənməyən şagird, əlbəttə, Tanrının bu gözəl kəlamlarından, öyüd-nəsihətlərindən xəbərsiz olar. Yəqin ki, Gülər xanım bir çox ölkələrdə olur. Bizim xalqımızın və dövlətimizin bütün sahələrdə qazandığı uğurlardan, müvəffəqiyyətlərdən bəhs edir. Onun fəaliyyəti hər birimizə örnəkdir. Gülər xanım məndən çox yaxşı bilər ki, bir çox ölkələrdə həbsxanalar boşdur, cinayət hadisələri qeydə alınmır. Bunun da əsas səbəbi odur ki, uşaq həm evdə, həm də məktəbə gedəndə bir olan Tanrının bu ilahi kəlamlarını, bu möcüzələr möcüzəsi "Qurani-Kərim"i öyrənir".

Millət vəkili Gülər Əhmədova çıxış edərək seçicilərini salamladı, onlara görüşdə iştirak etdikləri üçün təşəkkürünü bildirdi. O qeyd etdi ki, Azərbaycanda bütün ümumtəhsil məktəblərində şagirdlərə İslam əxlaqının öyrədilməsinin tərəfdarıdır: "Əgər bir övlad ata-anasının, nəsil-şəcərəsinin tərbiyəsini özündə birləşdirə bilməsə, ondan sağlam, cəmiyyət üçün yararlı insan yetişə bilməz. Diqqətlə fikir versəniz görərsiniz ki, nə vaxt Azərbaycanda üç nəsil, yəni nənə-babalar, ata-analar və onların övladları bir yerdə yaşayırdılarsa, o zaman bizim ailələrimizdə bir sıra problemlər, demək olar ki, yox idi. Amma şəhərləşmə, elmi dillə desək, urbanizasiya daha çox inkişaf edəndən sonra gənc ailələr belə tək yaşamağa başladılar. Onların dünyaya gətirdikləri uşaqlar da gənclər tərəfindən tərbiyə edildikləri üçün bir çox məsələlər arxa plana keçdi. Bu gün dünyanın hər yerində bu cür problemlərin həlli üçün psixoloqlardan, psixoterapevtlərdən istifadə edirlər. Mən hesab edirəm ki, biz böyüklərimizə hörmət etsək, qayınana, qayınatalarımızı, analarımızı özümüzdən ayırmasaq, onlara hörmət etsək, bizim ailələrdə bir çox problemlər olmayacaq. Ağbirçəklər və ağsaqqallar, əksər hallarda, bizim mənəviyyatımızın daşıyıcılarıdır. Onlar hər zaman bizim başımızın tacı olmalıdırlar. Atalarımızın bir sözündə də deyilir ki, "Allahsız yerdə otur, böyüksüz yerdə oturma". Mən çox istəyirəm ki, biz İslamın daşıyıcıları olan bu insanların ağlından, həyat təcrübəsindən istifadə edək. Bir müəllim və Respublika Uşaq Təşkilatının sədri olaraq bu sözləri ulu öndər Heydər Əliyevin də dilindən eşitmişəm. O, bu sözləri Azərbaycan gənclərinin birinci forumunda şəxsən özü demişdi. Heydər Əliyev hamıya nəsihət etmişdi ki, İslam əxlaqı Azərbaycan məktəblərində öyrədilməlidir. Bundan sonra Respublika Uşaq Təşkilatı Təhsil Nazirliyi ilə birgə bir konfrans keçirdik və mən "Biz İslamı öyrənirik" adlı uşaqlar üçün kitab tərtib etdim. Həmin kitabı çox böyük tirajla çap etdirdim. Mən əminəm ki, bir çox məktəblərdə bu kitab var. Amma bu gün insanlarımızın İslam əxlaqına olan münasibətini gördükdən sonra Sizlərin əlində olan proqramımda da "Əxlaqlı və mehriban yaşayaq" adlı şüar yazmışam. Çünki əxlaqlı yaşamaq ailədə bir-birini sevmək, bir-birinə hörmət etmək deməkdir. Mən çox istərdim ki, bizim millətimizin iman yeri olan müqəddəs kitabımız "Qurani-Kərim"də yazılanlar hər birimiz üçün Konstitusiyaya çevrilsin. Bizim insanlar bir çox hallarda Avropadan yaxşı məqamları əxz etmir, amma Avropanın özünü dərdə salan problemləri ölkəmizə daşımağa can atırlar. Avropanın bir çox ölkələrində məktəblərdə "Bibliya"nı, xristianlığın əsaslarını öyrədirlər. Mən təhsil naziri Misir Mərdanovla hər zaman bu məsələləri müzakirə edirəm. Misir müəllimin bu gün qorxduğu məqam ondan ibarətdir ki, yarı savadlı, xurafata daha çox bağlı insanlar məktəblərə yol aça bilərlər".

G. Əhmədova qeyd etdi ki, millət vəkili olduğu 10 il ərzində heç kimə hansısa məsələ ilə bağlı söz verməyib və bundan sonra da bu məsələ ilə bağlı mövqeyi dəyişməz olaraq qalacaq: "Çünki millət vəkili Mənzil İstismar Sahəsinin müdiri deyil. Nə asfalt çəkmək, nə evlərdə istilik sistemi quraşdırmaq millət vəkilinin funksiyasına aid deyil. Amma mənim seçildiyim dairədən ağbirçəklər, ağsaqqallar qışda soyuqdan evdə otura bilmirlərsə, gənc analar uşaqlarının soyuqdan xəstələnməsi barədə mənə şikayət edirlərsə, elektrik enerjisinə çoxlu pul xərcləməklə qızdırıcılardan istifadə etmək məcburiyyəti qarşısında qalırlarsa, mən bu məsələyə münasibət bildirməyə bilmərəm. Bu, millət vəkili kimi mənim görməli olduğum işdir. Mən millət vəkili kimi bu cür hallarda həmin insanların hüquqlarını müdafiə etmək üçün bütün icra strukturlarına müraciət edirəm. Müraciətlərim səmərə verməyəndə, mən bu məsələləri Milli Məclisin tribunasından zaman-zaman qaldırmışam və yəqin ki, siz bunun şahidi olmusunuz. Öz funksiyasını yerinə yetirməyən məmurlar heç bir zaman bizim dostumuz ola bilməzlər. Ola bilsin, bir məmur tutaq ki, 200 binanın istilik, yaxud işıq probleminin həll olunması üçün işlər görsün, amma bir-iki binada hansısa iş yarımçıq qalsın. Bu cür hallar ola bilər və bunun üzərinə getmək, zamanında həll etmək olar. Amma əgər məmurlar bu problemlərin üzərinə ümumiyyətlə getmək və onların həlli ilə məşğul olmaq istəmirlərsə, aydındır ki, mən onlarla bağlı hər zaman öz sözümü demişəm. İnşallah, qismət olacaqsa, yenə də deyəcəm. Mənim millət vəkili kimi görə biləcəyim digər iş iki struktur arasında olan hansısa anlaşılmazlığı aradan qaldırmaqdır. Soruşa bilərsiniz ki, iki strukturun arasında nə anlaşılmazlıq ola bilər? Tutaq ki, sizlərin həyətində elə ağaclar var ki, ötən qışda yağan qardan sonra onlar xeyli əyiliblər və insanların həyatına çox böyük təhlükə yaradırlar, hər an aşa bilərlər. Bu ağacları kəsmək istəyən bir qurumun qarşısına digər bir qurum çıxır və həmin ağacları kəsməyə imkan vermir. Çünki həqiqətən də, bu gün ağac kəsmək çox ciddi məsələdir. Amma ağac kəsilməlidir. Çünki kəsilməsə, bu gün, sabah aşaraq insanlara xəsarət yetirə, onların əmlaklarına ziyan vura bilər. Bu cür hallarda mən millət vəkili kimi müraciət edirəm və iki qurum arasında olan anlaşılmazlığı həll edirəm".

G. Əhmədova qeyd etdi ki, millət vəkili kimi onun digər funksiyası Azərbaycanın haqq səsinin dünyanın hər yerində eşidilməsinə çalışmaqdır: "Mənim funksiyam - Azərbaycan Prezidentinin yürütdüyü xarici və daxili siyasəti davam etdirməkdir. Mən bu işin arxasınca hər zaman getmişəm. Bilirsiniz ki, cənab prezident çıxışlarında İrəvan və Zəngəzurun Azərbaycan torpaqları olduğunu vurğulayır. Mən ötən dəfə etdiyim çıxışda da dedim, hər çıxışımda da deyəcəm - biz bu gün Qarabağ davasını da, İrəvan davasını da, Zəngəzur davasını da aparmalıyıq. Bir gün bundan öncə cənab prezident özü məcbur olub bizim igid oğlumuz Mübariz İbrahimovun cəsədini geri qaytarmaq üçün Ermənistan prezidenti ilə görüşdü. Bilirsiniz ki, bizim şeyximiz də bu məsələ ilə bağlı müraciət etmişdi, amma bir nəticə hasil olmadı. Axırda cənab prezident özü gedib o mənfur erməni ilə üzbəüz oturdu. Mən cənab prezident onunla görüşəndə reaksiyalarını görmüşəm. Bəlkə də bu görüşlərdə cənab prezidentin ömründən 5 il, 10 il gedir. Baxın, əgər prezident bir şəhidimizin, bir igid övladımızın cəsədinin geri qaytarılması üçün getdisə, Rusiya prezidentinin yanında xahişlə məsələ qaldırırsa, mən belə prezidentin kursunu necə davam etdirməyim? Mən belə prezidentin arxasınca necə getməyim? Mən sizlərdən cənab prezidentin bu siyasətini yüksək qiymətləndirmənizi istəyirəm. Çünki cənab prezident hər zaman hər ailəyə başçı, hər oğula ata, hər anaya oğuldur. Onun bu addımı bir daha sübut etdi ki, İlham Əliyev cənabları bu gün Azərbaycanda hər ailənin dərdinə yanmağı bacarır. Harada bir dərdli ana varsa, ona oğul olur, harada millətə, xalqa görə canını verən oğul varsa, onu öz oğlu kimi istəyir. Onu öz balası, öz yaxını kimi görür. Mən sizə açıq və səmimi deyirəm, barmağınızı qatlayın və deyin görək, hansısa ölkənin prezidenti bir şəhidinə görə digər iki prezidentin qarşısına gedib. Bu yalnız Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının görə biləcəyi bir iş idi. Bu, onun həm böyüklüyü, həm də bu millətə canının yanmasının nümunəsidir. Eşq olsun, bizim prezidentimizə! Çünki belə prezidenti, belə oğlu olan Vətən basılmayacaq və onun arzuları, düşündükləri hamısı bir-bir həyata keçəcək. Mən inanıram ki, burada dayanan bütün balalar da, bütün analar, ağbirçəklər də onun yürütdüyü siyasətin arxasındadırlar. Çünki o ağbirçəklər bilirlər ki, onların bir oğlu da İlham Əliyev cənablarıdır".

Millət vəkili qeyd etdi ki, o siyasətə umummilli lider Heydər Əliyevin dəstəyi ilə gəlib: "Mən Heydər Əliyevdən özümə bir övlad kimi qayğı görmüşəm və bu siyasətin ardınca sonadək gedəcəm. İnşallah, seçiləcəyim təqdirdə bu dairədən olan hər bir ağbirçək, hər bir ağsaqqal məni özünə bala bilsin. Nə zaman, nə sözləri olsa, mən onların qulluğunda həmişə hazıram. Digər bacı və qardaşlarıma da demək istəyirəm ki, mən Yasamalda təkcə o dairənin sakinləri üçün iş görməmişəm. Ucardan, Lənkərandan, Zaqataladan, Salyandan və digər yerlərdən gələn insanlar hər zaman mənim bacı-qardaşlarım kimi qəbul olunublar. Xətaidən olan bütün şəhid balalarını da hər zaman öz qardaş və bacımın balaları kimi görmüşəm. Burada bunun şahidləri var, Xətai rayon Şəhid Ailələri cəmiyyətindən soruşa bilərsiniz. Həmin vaxt mənim heç vaxt ağlıma gəlməzdi ki, Xətaidən namizədliyim irəli sürülə bilər. Bu mənim üçün yenilik idi. Amma buna baxmayaraq mənim üçün bütöv Azərbaycan var. Mən Azərbaycanımı parçalamaq istəmirəm. Çünki biz bütöv olmalı və bir-birimizi sevməliyik. Millət vəkilinin seçicisi ola bilər, amma millət vəkili millətin vəkilidir. O Xətainin, Yasamalın, Ucarın, Kəlbəcərin vəkili deyil. Hansı dairədən gəlməsindən asılı olmayaraq hər millət vəkili gələn adamı öz seçicisi, bacı-qardaşı bilməlidir. Çünki bizim yanımıza insanlar son ümid yeri kimi, əli hər yerdən üzüləndən sonra gəlirlər. Seçici bizə pənah gətirirsə, bizim hər birimiz - 125 millət vəkilinin hamısı - o seçiciyə arxa, dayaq olmağı bacarmalıyıq. Mən Heydər Əliyevdən bu cür tərbiyə, bu cür əxlaq görmüşəm. Bu əxlaqı da hər zaman daşıyacam. Bir daha hamınıza təşəkkür edirəm". 

 

 

 

 

 


Seçki qərargahı


Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə