Modern.az

Nitq mədəniyyəti barədə - VI yazı

Nitq mədəniyyəti barədə - VI yazı

9 Oktyabr 2015, 10:08

filologiya üzrə elmlər doktoru, professor

Dili hər yaşda öyrənmək lazımdır. Bu, doğma dilin və əcnəbi dillərin öyrənilməsinə aiddir. Dili ömrü boyu insan öyrənib qurtara  bilməz, onun imkanlarını son həddə qədər mənimsəyə bilməz. Ona görə də insan ömrünün sonuna qədər dili öyrənməlidir. Dili öyrənmək dedikdə Bilik Fondunun Bakıdakı kilsələrdə ruslar üçün həyata keçirdiyi “Azərbaycan dilini öyrənirəm” layihəsini dəyərləndirmək lazımdır. Artıq bu layihə çərçivəsində kurslar təşkil olunur və Azərbaycan dilinin öyrədilməsi həyata keçirilir.

Dünya yaranandan indiyə qədər dilin təəssübkeşləri və dilin keşiyində dayananlar da olub, dilə biganəlik, laqeydlik göstərənlər də olub. Vaxtilə dilə biganə olanlar barədə Bəxtiyar Vahabzadə yazırdı: “Dilimizə bu cür biganə olanlar kimdir? Öz kökündən ayrılmış, doğma xalqının dilini, tarix və mədəniyyətini bilməyən, bilmədiyinə görə də bilmədiyinə qənim kəsilən bəzi milli nihilistlər”. (bax: Ana dilim-ana köküm. – Bəxtiyar Vahabzadə. Gəlin açıq danışaq… (məqalələr toplusu), Bakı, Azərbaycan Dövlət Nəşriyyatı, 1988, s.22)

Öz doğma ana dilini dərindən bilən, onun ruhunu duyan hər bir kəs mənsub olduğu millətin problemini daha dərindən anlaya bilər. Hətta onlar mənsub olduqları millətin idarə olunmasında fayda verə bilərlər. Öz doğma dilini bilməklə yanaşı, başqa dillərdə danışmağı bacarmaq hər bir kəsin üstün cəhətlərindən biridir. Dünyanın müxtəlif dövlətlərinin rəhbərləri bu imkana malik olmaqla öz üstünlüklərini göstərirlər. Həm də siyasi fəaliyyətlərində bu üstünlükdən bir jest kimi istifadə edirlər. Bu mənada Modern.az saytının apardığı araşdırmadan məlum olur ki, imperator II Yekatirina alman, rus dillərindən başqa, daha üç dildə danışa bilib. O, alman və fransız dillərində sərbəst danışıb, latın və yunan dillərini bilmiş, ingilis dilini sərbəst öyrənmişdir. İosif Stalin gürcü, rus, qədim yunan, latın, alman, fars, fransız dillərini bilmişdir. Almaniyanın kansleri Anqela Merkel alman dilindən başqa, rus dilini də çox yaxşı öyrənmişdir. Fransa prezidenti Fransua Olland fransız dilini savadlı şəkildə bilmiş, ingilis dilində ləhcə ilə danışmışdır. İngiltərənin baş naziri Devid Kemeron ingilis dilindən başqa fransız dilini də öyrənmişdir. ABŞ prezidenti Barak Obama ingilis, alman və fransız dillərində danışır və gələcəkdə rus dilini öyrənmək niyyətindədir. Azərbaycan Prezidenti İlham Əliyev doğma Azərbaycan dilindən başqa, rus, ingilis, fransız və türk dillərini bilir. Ukraynanın dövlət başçısı Pyotr Poroşenko rus, ukrayna dillərini bilir, ingilis dilində ünsiyyət qurmağı bacarır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan türk, ingilis dillərini bilir və müəyyən qədər ərəbcə də ünsiyyətdə ola bilir. Qazaxıstan prezidenti Nursultan Nazarbayev doğma ana dilini və rus dilini bilir, ingilis dilində isə danışmağı bacarır. Türkmənistan prezidenti Qurbanqulu Berdımuxammedov doğma türkmən dilindən başqa, rus dilini də bilir. Estoniya prezidenti Toomas Hendrik İlves ana dilində və isveç dilində danışmağı bacarır. İran prezidenti Həsən Ruhani fars dilindən başqa, rus, ərəb, fransız, alman və ingilis dillərini də öyrənibdir. Litva prezidenti Dalya Qribauskayte doğma ana dili ilə yanaşı, ingilis, polyak, rus və fransız dillərində sərbəst danışa bilir. Belarusiya prezidenti Aleksandr Lukaşenko belarus və rus dillərində mükəmməl danışır. Gürcüstünın dövlət başçısı Qeorqi Marqvelaşvili gürcü dilindən başqa, rus və ingilis dillərini də bilir.

Dövlət başçılarının öz doğam dillərindən əlavə digər dilləri bilmələri onların ünsiyyət qurmaq imkanlarını həyata keçirmək işini daha da asanlaşdırır. Bir sözlə, doğma ana dilini, eləcə də əcnəbi dilləri öyrənmək hər bir insanın, xüsusilə sayılan, seçilən insanların maraq dairəsindədir. Bəzi insanlar heç doğma ana dilini də yaxşı bilmir. Və doğma ana dilini öyrənmək marağından da çox-çox uzaqdırlar.

Doğma ana dilindən keçirilən (IX və XI siniflərdə) buraxılış imtahanlarından şagirdlərin zəif nəticə göstərmələri mütəxəssislərlə yanaşı, cəmiyyəti narahat edir. Şagirdlərin zəif nəticə göstərmələrini müxtəlif səbəblərlə izah edənlər vardır. Bəziləri şagirdlərin zəif nəticə göstərmələrinin səbəbini onların doğma ana dilinə maraqlarının azalması ilə izah edirlər. Bir qisim ekspertlər isə şagirdlərin zəif nəticə əldə etməsini uşaqlarda əcnəbi dillərə marağın artması səbəbi ilə bağlayırlar. Bəziləri isə bunun səbəbini orta məktəb müəllimlərinin səviyyəsinin aşağı olması ilə əlaqələndirirlər. Orta məktəb müəllimlərinin bəzilərinin dilin tədrisi ilə maraqlanmamalarını da səbəblərdən biri hesab edirlər. Əlbəttə, bu səbəblərin aradan qaldırılması yolları da müxtəlif cür yanaşmalardan ibarətdir: məktəblərdə ana dilinin tədrisi işinin yaxşılaşdırılması, Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin ixtisas artırmasının təşkil olunması, şagirdlərə tələbkarlığın artırılması, şagirdlər arasında məktəb və rayon miqyasında inşa yazı müsabiqələrinin keçirilməsi, dövrü mətbuatda doğma ana dilinə rəğbətin artırılması ilə bağlı müxtəlif layihələrin həyata keçirilməsi, şagirdlərdə bu sahədə bilik, bacarıq və vərdişlərin yaradılması, orta məktəb müəllimlərinin ədəbi dilimizin orfoqrafiya, orfoepiya, üslub qaydalarına lazımi səviyyədə diqqət yetirməsi, şagirddə doğma ana dilinə marağın yaradılması və sair və ilaxır. Ancaq hər şeydən əvvəl, doğma ana dilimizi öyrədən Azərbaycan dili fənninin yeni standartları yaranmalıdır. Həmin standartlarda orta məktəbdə şagirdlərə nəyin öyrədilməsi məsələsi dəqiq ifadəsini tapmalıdır.

Keçmiş Sovetlər İttifaqı dağıldıqdan sonra Azərbaycan dili dərslikləri də dəyişdi. Bu dəyişiklik uzun müddət təcrübəsi olan orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimlərində də yeni metodlarla və yeni dərsliklərə dərs keçməsinə şərait yaratdı. Amma bu yeniləşmənin həyata keçməsi o qədər də asan olmadı. Tez-tez dəyişən dərsliklərdən başlamış yenilikləri auditoriyaya gətirən müəllimlərə qədər, bütün bunların hamısı çətinliklərlə qarşılaşdı. Dərsliklərin tez-tez dəyişməsi, eləcə də dərslik müəlliflərinin tez-tez dəyişməsi Azərbaycan dilinin standartlarının şagirdlər tərəfindən mənimsənilməsinə maneçilik yaratdı. Hətta orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimləri də bu məsələyə uyğunlaşa bilmədi. Daha doğrusu, tez-tez dəyişən dərsliklərin məzmunundan başlamış tədris prosesində oynadığı rola qədər – bunların hamısı qazanılmış ənənə ilə üz-üzə qaldı. Dərslik müəllimin də, şagirdin də inandığı, etibar etdiyi bir mənbədir. Ancaq bu mənbənin tez-tez dəyişməsi müəllimin də, şagirdin də dərsliyə olan inamını azaltdı. İkinci bir tərəfdən test üsulu ilə aparılan imtahanlar, o cümlədən buraxılış imtahanları dərslikdən kənarda olan materiallara söykənməməlidir. Burada söhbət həm nəzəri bilikdən, həm də nəzəri biliyin tətbiq sahəsi olan çalışmalardan gedir. Biz nəzərə almalıyıq ki, orta məktəb şagirdlərindən test üsulu ilə imtahan aparırıq. Axı bu uşaqların yaş səviyyəsi və öz dünyagörüşü var. Həm də onlara konkret bilik verməyə və onun əsasında bacarıq, vərdiş aşılamağa ehtiyac əsasdır. Bu mənada yuxarıda qeyd etdiyimiz standartlar deyəndə həm də onu nəzərdə tuturuq ki, şagirdlərin yaş səviyyəsinə uyğun bilik, bacarıq və vərdişlər onlara aşılanmalıdır. Bəzən orta məktəb məzunlarının dillə bağlı bilgilərinə o qədər yüksək tələblər səviyyəsində yanaşırıq ki, nəticədə təhsildə bakalavriat, magistratura və doktorantura pilləsinin olmasını az qala unuduruq. Bu mənada doğma ana dilinin – Azərbaycan dilinin standartları təhsil pilləsi üzrə bir-birini təkrarlamamalı, eyni zamanda sistematiklik, ardıcıllıq qorunmalıdır. Və burada şagirdin nitq mədəniyyətinə, yazı mədəniyyətinə, təfəkkürə, dünyagörüşə, analitik təhlilə yiyələnmək bacarığı nəzərə alınmalıdır. Halbuki test üsulunda bunlara o qədər də fikir verilmir. Test üsulunda bu istiqamətdə də yeniləşmənin aparılmasına ehtiyac vardır. 

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər