Modern.az

Bakının məşhur qonaqları: Emel Sayın həmişəlik Azərbaycanda qalmaq istəyirmiş - LAYİHƏ

Bakının məşhur qonaqları: Emel Sayın həmişəlik Azərbaycanda qalmaq istəyirmiş - LAYİHƏ

10 Oktyabr 2015, 13:06

Azərbaycan özünün qonaqpərvərliyi ilə məşhurdur. Ölkəmizə gələn əcnəbilər xalqımızın qonaqprəvərliyindən ürəkdolusu danışır, süfrəmizin zənginliyindən söz açırlar. Ötən illər ərzində Bakıda çoxlu məşhurlar qonaq olub. Modern.az saytı Bakıda olmuş məşhur qonaqlar barədə silsilə yazılara davam edir. 

“Bakının məşhur qonaqları” layihəsində müxtəlif illərdə paytaxtımızda olan dünya şöhrətli simaların səfərindən, onların təəssüratlarından söz açır, o səfərlərin şahidi olmuş şəxslərin təəssüratlarını təqim edirik. Bakıya kimlər gəlməyib?..

Bu dəfə Türkiyənin məşhur müğənni və aktrisası, milyonların sevimlisi Emel Sayının Bakıya səfərindən bəhs edirik.

Emel Sayın 1945-ci ilin 20 noyabrında Sivasda dünyaya gəlib. 4 qızdan biri olan Emelin ailəsi 1926-ci ildə Türkiyəyə mühacirətə gələnlərdəndir. Uşaqkən müsiqiyə həvəs göstərən Emel Sayın 13 yaşından dərs almağa başlayıb. 17 yaşında isə ilk dəfə səhnəyə çıxıb. “Sus, sus, sus!” musiqisi ilə ilk albom işlərinə başlayan Emel Sayın bunun ardınca xeyli albomlar çıxarıb və həmin vaxtlarda da albomları onu dinləyənlər tərəfindən rekord sayda satılıb. 
1966-cı ildə 21 yaşında ilk əri İsmət Kasapoğlu ilə ailə həyatı qurub. 1975-ci ildə ondan boşansa da, 1976-ci ildə yenidən evləniblər. Amma 1979-cu ildə yenidən ayrılıblar.
Emel Sayın daha sonra Səlçuk Aslanla evlənib, 1981-ci ildə isə ondan da boşanıb.
1986-cı ildə David Younnes ilə ailə həyatı quran sənətçinin bu evliliyi də 1999-cu ildə ayrılıqla nəticələnib.

Musiqi ilə yanaşı, Emel Sayın bir çox türk filmlərində də rol alıb. Türk aktyoru Tarık Akanla “Mavi Boncuq” filmi isə çəkildiyi filmlər arasında ən yaxşısı və çox izləniləni olaraq qeyd edilir.

Sovet dönəmində xarici ölkələrlə əlaqələr çox zəif idi. Xarici musiqiləri dinləmək, filmlərə baxmaq çətin idi. Həmin dövrlərdə seyr etdikləri xarici filmlərin personajını, əcnəbi müğənniləri görmək Sovet insanı üçün böyük hədiyyə olurdu.



Sənəti, kinonu da öz əsarəti altına alan "Xalqlar həbxsanası" - SSRİ dönəmində Avropa ölkələrinin, hətta qardaş Türkiyənin belə, istənilən sənət adamı Azərbaycan tamaşaçısı üçün yeni hadisə sayılırdı. Emel Sayının Bakıya gəlişi isə sanki Qərbin estetik modeli ilə türk istiliyinin, doğmalığının sintezi oldu. O, öz gəlişi ilə həm yaşıl gözlü, sarışın bir Avropa gözəlini, həm də doğma, eyni qanı daşıyan bir türkü gətirmişdi.

Bu baxımdan Emel Sayının Bakıya səfəri böyük ajiotaja səbəb olmuşdu. Bu da təsadüfi deyildi. Çünki 70-ci illər Sovet dönəmin sərt dövrlərindən biri idi. Dili və dini bizə yaxın olan bir müğənninin gəlişini hamı sevinclə qarşılayırdı və hər kəs onun konsertinə getməyə çalışır, onu yaxından görmək istəyirdi. Demək olar ki, Emel Sayın Azərbaycanda gələn il türk müğənnilərindən olub.

Sənətçinin də elə ilk xarici səfəri Azərbaycana olub. “Xarici səfərlərimi Xarici İşlər Nazirliyi həyata keçirirdi. 13 dəfə xarici ölkələrdə konsert vermişəm. İlk konsertim Bakıda, ikinci konsertim isə Moskvada olub. Bunlar məni çox qüururlarındıran, şərəf verən konsertlərdir. Hər zaman çıxışlarıma yaxşı hazırlaşırdım. Ən azı bir ay gedəcəyim ölkə haradırsa, onların müsiqilərini öyrənirdim. Milli geyimlərini əldə edir və onlara sürprizlər hazırlayırdım. Özəl repertuarım olurdu və hər biri çox yaxşı qarşılanırdı. Məsələn Bakıda dörd konsert üçün getmişdik və 21 konsert proqramı ilı çıxış etdik”,-deyə Emel Sayın bildirib.

Emel Sayın 70-ci illərdə Azərbaycana gəlişi, Bakı ilə bağlı xatirələrini Türkiyədə verdiyi konsertlərin birində paylaşmağı unutmayıb. O qeyd edib ki, 1970-cı illərin əvvəlində Azərbaycana gələn sənətçinin konsertinin səhnə müdirliyini isə eks-prezident Heydər Əliyev edib.

“Xarici İşlər Nazirliyi SSRİ məkanında konsert verməyi mənə həvalə etmişdi. Bakıda 4 konsert, Moskvada isə 1 konsert verəcəkdim. Bakıya gələndə bizi burada çox möhtəşəm qarşıladılar, bizə olan sevgini gördük və tutulduq. Bakıda verəcəyimiz 4 konserti 21-ə qaldırdıq. Gündə iki dəfə, iki saat yarım fasilə ilə 5 saat konsert proqramı ilə çıxış edirdim. Yorğunluqdan ölürdüm, amma çox xöşbəxt idim”.

Emel Sayına o qədər sevgi var idi ki, hər kəs ona yüksək dərəcədə xidmət göstərməyə çalışıb. O qeyd edib ki, konsertlər arasında istirahətə çəkilərkən səhnə müdiri ona çox diqqət göstərib.

“Mənə “sən çox mühümsən, səni özümdən çox sevirəm” deyirdi. Mənə nimçələrdə kürü gətirir və qüvvəti toplamağım üçün bunun vacib olduğunu deyirdi. Mən də o zamanlar çox arıq idim və iştahım yox idi və bunları yemək üçün ətrafımda pərvanə olurdu”.

Sənətçi həmin şəxsin kim olduğunu isə ancaq illər sonra Süleyman Dəmirəlin prezidentliyi dövründə öyrənə bilib.

“Qəbulda çoxlu insan var idi. Baxdım ki, kimsə mənə əl sallayır və “Emel xanım gəl, gəl” deyə qışqırır. Mən də təəccüblənmişdim. “Yəqinki mənim fanatlarımdan biridir” deyə düşünürdüm. Mən də gülüb, əl yellədim. O. izdihamdan mənə doğru gələ bilmirdi. Yaxınlaşıb qucaqlayıb, məni öpdü və soruşdu ki, “sən məni tanımadın?”. Mən də “necə yəni tanımadım, siz Əliyevsiniz” dedim. “Yox, yox tanımadın. Sənə Bakıda kürüləri gətirən səhnə müdiriyəm” dedi. O an huşumu itərəcəkdim ki, həmin insan qarşıma Azərbaycanın prezidenti olaraq çıxıb”.


Emel həmin xatirələrində o dövr Azərbaycanda dinə qarşı məhdudiyyətlərin olmasını da dilə gətirib.

“İlk gecə Azərbaycanda “Çilə Bülbülüm” musiqisini oxudum. Mahnı çox xoşlarına gəlmişdi və insanlar alqışlayırdılar. Ancaq konserti davam etdirmədilər. Həmin səhnə müdiri Əliyev gəlib dedi ki, “Nə olar bu mahnını bir də oxumayın”. O zaman Sovetlər Birliyi idi, komunist rejimli bir ölkədə “Allah” demək olmazmış. Biz də həmin mahnını bir daha oxumadıq. Bakı konsertləri böyük zövqlə bitdi. Sonra Moskvaya bir günlük konsert verməyə getdik. Ruslar nə olduğunu bilmədən “Çilə bülbülüm”ü oxudum və konsert salonunu “Allah” deyə qışqırdırdım. Daha sonra həmin konsert TRT-də yayılmlandı”.

Emel Sayının Azərbaycana gəlişini, onun burada böyük izdihamla qarşılandığını və sevildiyini hazırda prezident olan İlham Əliyev baş nazir olduğu dönəmdə Türkiyənin “Sabah” qəzetinə verdiyi müsahibəsində də vurğulayıb.

“Bildiyiniz kimi, müstəqilliyini əldə etməsindən əvvəl Azərbaycanın Türkiyə ilə birbaşa əlaqəsi yox idi. Gənc yaşlarımdan çox yaxşı xatırlayıram, Türkiyənin adını eşidəndə olduqca həyəcanlanardıq. Türkiyənin hər şeyi bizim üçün maraqlı idi, amma ona əlimiz çatmırdı. Hamımız Türkiyənin həsrəti ilə böyümüşük. İndi xatırlayıram ki, 70-ci illərdə Emel Sayın Azərbaycana gəlmişdi. İnanırsınızmı, bu, bizim üçün böyük bayram idi. Biz, Azərbaycan türkləri həyatımızın hər bir dövründə Türkiyəni və türk insanını düşünmüşük. “Görəsən, onlar necə yaşayır?” - deyə fikirləşmişik”.

Emel Sayının Azərbaycana gəlişini ən yaxşı xatırlayanlardan biri və onunla çox yaxın olan müğənni, xalq artisti İlhamə Quliyevadır.



Xalq artisti Modern.az-a verdiyi müsahibədə həmin dövrü belə xatırlayıb: “O vaxtlar Türkiyə sənət nümayəndələrinin Azərbaycana gəlişi çox nadir hadisə idi və demək olar ki yox idi. Təzə-təzə münasibətlərimiz qurulurdu, elə ilk Azərbaycana gələn türkiyəli müğənnilərdən Emel Sayın olub. Çox gözəl, zərif səsə malik Emel Sayının gəlişi ilə böyük ajiotaj yaranmışdı. Lenin adına Sarayda neçə gün konserti oldu. Tamaşılarımız tərəfindən çox yaxşı münasibət sərgilənirdi. Həmin səfərdə o, mənimlə mehribanlaşdı. Bakıda olarkən hər getdiyimiz yerlərdə şəkillər çəkdirmişik və həmin şəkillərim məndə qalır, indi anamın evindədir”.

İlhamə xanım Emel Sayının onların evində də olduğunu qeyd edib. “Bizdə də olmuşdu. Rəhmətlik Tükəzban xanım gözəl yeməklər hazırlamışdı. Həbib müəllim, Tükəzban xanımla şəhərdə gəzirdi. Konsertdən sonra birlikdə olurduq, axşam ziyafətlərinə birlikdə gedirdik”.

Emel Sayının həmin dövrlərdə Bakını çox bəyəndiyini deyən xalq artisti onun burada yaşamaq istəməsini dilə gətirdiyini də vurğulamağı unutmayıb.

“70-ci illərdə Bakı bir başqa gözəl idi. Bakını çox sevdi, hətta belə deyirdi ki, “böyük məmnuniyyətlə burada yaşayardım”. Onun uşağı olmurdu, elə səhnədən də deyir ki, “mən bir uşaq istəyirəm burdan”. Əvvəlcə həyat yoldaşı ilə gəlmişdi. Ondan sonrakı səfərlərində isə artıq ondan ayrılmışdı. Deyirdi: “Böyük məmuniyyətlə burada yaşayardım. Mənim uşağım yoxdur. burada əyləşən bütün uşaqlar mənim uşağımdır. Mən çox arzu edirəm ki, siz dua edəsiniz ki, mənim dünyaya övladım gəlsin””.

İlhamə Quliyeva sənətçinin Azərbaycana 70-ci illərdə bir-iki dəfə gəldiyini deyib.

“Həmin illərdə bir-iki dəfə gəldi. Sonra gəlmədi, elə o gedən getdi. Yəqin dəvət etməyiblər, ona görə sonra gəlməyib”.

Mahnıları dillər əzbəri olan Emel Sayının bu gün də filmləri hər yaş qrupundan olan insan tərəfindən izlənilir, film musiqiləri səsləndirilir.

Aytən ZƏHRA

****

Həmçinin oxu:

Bakının məşhur qonaqları - Hind kinosunun kralı Rəşid Behbudovun əlini öpmüşdü - LAYİHƏ
//modern.az/articles/42791/1/


Bakının məşhur qonaqları - İran şahının xanımı Fərəh Pəhləvi Bakıda “Arşın mal alan”ı axtarırmış - LAYİHƏ
//modern.az/articles/38993/1/


Bakının məşhur qonaqları: Amitabh Baççan: “Bakıda mənə bağışlanan xalçlalar indi də evimi bəzəyir” - LAYİHƏ
//modern.az/articles/37268/1/


Bakının məşhur qonaqları - Alla Puqaçova əri ilə yanaşı, sevgilisini də gətirmişdi – LAYİHƏ
//modern.az/articles/84688/1/

Bakının məşhur qonaqları: “Bilsəydim elə Bakıda Armen Ciqarxanyanın yaxasından tutardım” - LAYİHƏ
//modern.az/articles/85561/1/

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?