Modern.az

Leyla Əliyeva - “Uşaqlarım”

Leyla Əliyeva - “Uşaqlarım”

12 Oktyabr 2015, 12:30

Leyla Əliyeva – “Uşaqlarım”

Yazıçı-publisist, tərcüməçi Mahir Qabiloğlu Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın növbəti şeirinin tərcüməsini Modern.az saytına təqdim edib. "Uşaqlarımadlı şeiri oxucuların ixtiyarına veririk.

Getsəm də dünyanın
lap o başına,
Ətəyimdən tutaraq
gələcəklər arxamca.
Heç soruşmayacaqlar
hara yol aldığmı... –
Çünki analarının
mehriban baxışını
bu dünyada hər şeydən
üstün tutur körpələr...
O baxışa sığınıb
üfüqlərə gedərlər...

Ovuclarımda bərk-bərk
sıxıram bapbalaca,
yupyumşaq əllərini.
Addımlayırlar mənlə –
ürəklərində yoxdur
bircə zərrə təmənna.
Mənimçün də onların
şux səsi, gül çöhrəsi
əvəzsizdir dünyada...

Onlar mənimlədirsə
göy lap qaranlıq olsun –
Günəş yarar zülməti..!
Qorxulu deyil mənə
nə şimşək, nə də tufan.
Lap hava sərin olsun –
uşaqlarımın sonsuz,
ümmanları daşıran
sevgi dolu nəfəsi
isidəcək aləmi...

Onlar arxamca gəlir –
dünyanın o başına...
Sonsuz qalaktikanı
gəzərik, fəth edərik...
Yoxdur ürəklərində
“yox” sözü, ümidsizlik...
Qəlbləri tərtəmizdir,
Qaranlıqlar girməyib
uşaq dünyalarına...

İnanın ki, onları
tanımırıq dərindən.
Batmışıq qayğıların
sonsuz burulğanında...
Çox zaman hiss etmirik,
əfsus ki, hiss etmirik...
Bizim üçün darıxan
kövrək ürəklərini.

Onlarsa incimirlər,
Mehriban baxışlarla
bağışlayırlar bizi.
Əvəzində çoxmu şey
istəyirlər görəsən?.. –
Tək bir diləkləri var:
“Anam bizimlə olsun
bu dünya hey durduqca.
Bir də unutmasınlar,
biz möhtacıq onlara”.

Rus dilindən çevirəni: Mahir Qabiloğlu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır