Modern.az

Xalq artisti Ramiz Həsənoğlu: “Mən hər zaman üsyankar olmuşam” - MÜSAHİBƏ

Xalq artisti Ramiz Həsənoğlu: “Mən hər zaman üsyankar olmuşam” - MÜSAHİBƏ

13 Oktyabr 2015, 10:24

Modern.az saytı sənət adamları ilə silsilə müsahibələri davam etdirir. Saytın bugünkü qonağı xalq artisti, rejissor, “Qızıl fond”da qorunub saxlanılan bir çox televiziya filminin, bədii film və teatr tamaşalarının müəllifi Ramiz Həsənoğludur.

-Son illərdəki fəaliyyətiniz barəsində danışardınız...

-Son 10 ili götürsək, deyə bilərəm ki, bu illər ərzində həm teatrda, həm kinoda, həm də  televiziyada fəaliyyətdə olmuşam... Bunların üçü də  mənə doğmadır. Rejissorun peşəsi iş görməkdir və bunu harada daha yaxşı yerinə yetirə bilrisə, daha yaxşı material təqdim edə bilirsə, orada da öz işini görmək istəyirsən. Ola bilər ki, son bir neçə ildə televiziyada işlərimin sayı xeyli azalıb. Sonuncu quruluş verdiyim televiziya tamaşası “Mürafiə vəkilləri”olub. Axundovun 200 illiyinə həsr etdik. Rəhbəri olduğum “Sabah” yaradıcılıq birliyinin məhsulu idi. Ondan sonra müəyyən işlər görülüb, amma əvvəlki miqyasda deyil. Bu da onunla bağlı idi ki, mən bu illər ərzində paralel olaraq teatr və kinoda da müəyyən işlər görürdüm. Hazırda təkliflərimizi rəhbərliyə vermişik. Onlar da nə zaman başlayacağımız və nə zaman bitirəcəyimiz barəsində bizlərə müəyyən müddət verir.

-Ən son işiniz olan “Sonuncu” tamaşasının dünən “YUĞ” teatrında nümayişi oldu? Nədən razı, nədən narazı  qaldınız?

-Premyerası olan “Sonuncu  “tamaşasından, xüsusən də aktyorlardan çox razı qaldım. Ümumiyyətlə, teatr çox qəribə bir şeydi. Sən orda gördüyün işi sonradan təkmilləşdirə bilirsən. Əsəri tamaşadan-tamaşaya təkmilləşdirə bilirsən. Ötən il Akademik Milli Dram Teatrında mərhum Vaqif Səmədoğlunun sonuncu tamaşası olan “Generalın son əmrini” hazırladıq. Yeri gəlmişkən, mən çox sevinirəm ki, Vaqif Səmədoğlu ömrünün son günlərində özünün müəllifi olduğu əsərin premyerasında iştirak edə bildi. Mən keçən il də, bu il də gördüm ki, teatr durmadan inkişaf edir. O bir yerdə durmur. Ya irəli gedir, ya da geri...  Amma bir yerdə dayanmır. Teatr çox qəribə bir məfhumdur. Bir də görürsən ki, sən gözlədiyin məqamda heç bir reaksiya verilmir, bir də görürsən ki, tam əksinə, gözləmədiyin anda reaksiya ilə qarşılaşırsan... Tamaşa oynandıqca yerinə oturur, orqanikləşir. Dünən də son tamaşamın üçüncü premyerası oldu. Cüzi məqamları nəzərə almasaq, aktyorların ifasından çox razı qaldım.

-Klassiklərə ən çox müraciət edən rejissor siz olmusuz. Onlarda sizi özünə cəlb edən səbəblər nədir?

-Yəqin ki, oxuduğum kitablar, böyüdüyüm mühit, tərbiyə aldığım ailə... Bilirsiz, mən aktyor ailəsinə böyümüşəm. Valideyinlərimin hər ikisi teatr adamı idilər və mən kulis arxasında böyümüşəm. Atam, anam teatra işə gedəndə bəzən bizi də özləri ilə aparardılar. Səhnə həyatı kulis arxasında canıma-qanıma hopub. Dünya ədəbiyyatı təbii ki, öz yerində. Amma Azərbaycan klassikası, teatr mədəniyyəti hər zaman məni özünə cəlb edib. Son 30 ildə gördüyüm işlərin siyahısına baxsaq orada Azərbaycana aid olmayan az şey görərik. Məsələn, xaricilərdən bir gürcü müəllifinin əsərini səhnələşdirmişəm – “Günahsız Abdulla”. Amma bu da bir azərbaycanlının taleyidir. Amma bu o demək deyil ki məni Azərbaycandan kənarda heç nə maraqlandırmır. Mən dünya ədəbiyyatı ilə hər zaman təmasda olmuşam. Çox məşğul olduğum  zamanlarda belə, oxuduğum rus və dünya klassikləri mənə bu gün də həyata başqa yöndən nəzər salmağa kömək edir.  

-Bəlkə yaşadığınız dövr və cəmiyyətin özü sizdən Mirzə Cəlilə, Haqverdiyevə, Üzeyir bəyə dəfələrlə toxunmağı tələb edib?

-Əlbəttə ki...  Əslində klassika sözünün də mənası hər zaman üçün müasir olan deməkdir. Təbii ki, Mirzə Cəlilin, Axundovun, Haqverdiyevin yaradıcılığında bizim milli mentallıqla bağlı problemlər bu gün üçün də aktualdır. Bu mənada dönə-dönə onlara müraciət olunacaq. Bizdən əvvəl də onlara müraciət edilib,  bizlər və bizdən sonrakılar da müraciət edəcəklər. Amma onlar hər zaman müasir qalacaqlar. Ədəbiyyatın, mədəniyyətin, sənətin funksiyası da bundan ibarətdir ki, insanlara bugününü tanıtdırsın. Həmin əsər sabah ola bilsin ki, tamamilə  başqa cür və tamamilə başqa insanlara  təqdim olunsun. Dəfələrlə eyni əsəri müxtəlif rejissorların quruluşundan görmüşəm. Hər biri öz fərqli yanaşmasını sərgiləyib. Ümumiyyətlə, rejissor nədir? Bu barədə fəfələrlə demişəm- Rejissorun işi onun fərqli versiyasındadır. O həmin fərqli versiya əsasında tamaşanı yönəldir.  Bu yaxınlarda “Qlobus” teatrı “Hamlet”i  təqdim edirdi. Getdim baxdım. Bu, bəlkə də “Hamlet”in  on mininci versiyası idi. Çünki 450 ildir ki, “Hamlet” göstərilə-göstərilə gəlir. Amma hər dəfə təzədir. Çünki peşəkar, ciddi rejissor əsəri götürür və bilir ki, ona fərqli baxışla yanaşmaq lazımdır. Bu mənada əlbəttə ki, klassikaya dönə-dönə qayıtmaq lazımdır.

-Nəyə görə bu günün Azərbaycan cəmiyyəti 1906-cı ilin aprelində işıq üzü görən “Molla Nəsrəddin” jurnalının səhifələri arasından çıxa bilmir?

-Bir xalqın mentallığının dəyişməsi üçün yüz illərlə vaxt lazımdır. Bu bir ilə, üç ilə düzələn iş deyil. Zahiri geyim dəyişə bilər, içəri isə dəyişmir... 6-7 ilin söhbətidir, Rüstəm İbrahimbəyovun başçılıq etdiyi teatrda bir tamaşa qoyurduq: “Cəlilsayağı...”. Qəhrəmanlar elə Mirzə Cəlilin “Danabaş kəndinin əhvalatları”nın qəhrəmanları idi. Lakin burada müəllifin, yəni Rüstəm İbrahimbəyovun da öz improvizasiyaları var idi. Zeynəbin başına gələn həmin əhvalat o teatrda çalışan aktyor və rejissorların başına gəlir. Burada əsas məqsəd nədir: zaman keçir, dövr dəyişir, millətin xisləti, mentaliteti dəyişməz olaraq qalır. Söhbət də bundan gedir. Sənətin də əsas məqsədi cəmiyyətə güzgü tutmaqdır. İnsanlar özlərini bu güzgüdə görürlərsə, özlərini yığışdırmalıdırlar.

-Mirzə Cəlilin iki yazıq personajının adını çəkək: Novruzəli və Məhəmmədhəsən əmi. Siz onları  fağır, bədbəxt olduğu qədər də, bu fağırlığa görə  günahkar insan kimi görürz? 

-Görürəm! Quruluş verdiyim “Nigarançılıq” tamaşasında quzunu 3 dəfə Qurbanəli bəyə sırıyan kəndli çoban Hüseyn  obrazı var. Bizim özünəməxsusluğumuzda belə tipajlar xüsusi rol oynayır. Bəlkə də o obrazda cəmiyyətimizdə inkişafımızın indiki səviyyəsini izah edən cəhətlər var. İnsanın öz ailəsinə, öz işinə, ətrafa münasibətinə Hüseynin də baxışı var. Bu baxış heç nə eləməyib özünə mənfəət götürməkdir. O çox vacib və bu gün üçün yerinə düşəcək bir personajdır.  

-“Yaşıl eynəkli adam” tamaşanızda o zaman dünya yaşıl eynəyin altından necə görünürdü? Niyə məhz yaşıl eynək?

-O barədə çox suallar verirlər, düzü bu, planlaşdırılmış bir obraz deyildi. Bu tamaşanın adını Vaqif Səmədoğlu əslində başqa cür qoymuşdu, ancaq o vaxt rəhbərlik qoyulan adı uğurlu saymadı. Tamaşada bir personaj var idi, həmin personajı mən canlandırırdım və yaşıl eynək geyinmişdim. Birdən Vaqifin ağlına gəldi ki, tamaşanın adı elə “Yaşıl eynəkli adam” olsun. Elə o vaxtdan da adı bu cür qaldı. Hətta düşünülməmiş, proqnozlaşdırılmamış bir şeyin belə, labüdlüyü var. Düşünürəm ki, bu da onlardandır.



-
Sizin fikrinizcə, bəs bizim cəmiyyət dünyanı indi hansı rəngdə görür?

-Cəmiyyət ayrı-ayrı adamlardan ibarətdir. Cəmiyyətdə həyatından razı olan insanlar da var, razı olmayanlar da. Onların da hər birinin öz mövqeyi, öz dünyagörüşü var. Bu baxımdan düşünürəm ki, cəmiyyət dünyanı müxtəlif rəng çalarlarında görür.

-İstənilən bir teatrın tərkibində oynanılan əsərlər demək olar ki, media tərəfindən müzakirə olunmur, ancaq kiçik bir insident baş verən kimi hər kəs onu müzakirə etməyə başlayır. Sizcə, bu nədən qaynaqlanır: teatr sənəti qalmaqaldan, sensasiyadan yuxarı müstəviyə qaldıra bilmədi, yoxsa media qalmaqalı sənətdən daha yüksəyə qaldıra bildi?

-Baxış bucağından çox şey asılıdır. Sovet dövründə bu cür hallara icazə verilmirdi. Onda da teatrların içində qalmaqallar olurdu, sadəcə üzə çıxartmırdılar. İndi isə kütləvi informasiya vasitələri geniş vüsət tapandan sonra onların hər biri çalışır ki, daha fərqli bir şey təqdim etsin. Bu da həmin o faktorlardan biridir. Hər bir kəs öz sahəsində çərçivə müəyyən etməlidir və mümkün qədər o çərçivədən kənara çıxmamalıdır. Bu, həm kollektivə aiddir, həm də həmin kollektivdə çalışan ayrı-ayrı şəxslərə. Amma şübhəsiz ki, hər bir prosesin arxasında onu qaynadan məqamlar var və hər məqamda da motivlər var. Həmin motivlərin ayrı-ayrı məqamlarını şişirdib üzə çıxartmaq bizim o şou axtaran medianın “şücaət”idir.

-Ramiz müəllim, elə bu dəm o cür  media nümayəndələrinə nə ismarıc göndərirdi?

-Hər hansı bir məlumatı yayan adamlar unutmasınlar ki, onlar özləri ailə saxlayır və ya ailə içində böyüyüblər. Onlar bir anlıq fikirləşsinlər ki, onların yazdıqları şişirdilmiş məqamlar məhz öz ailə üzvlərini nə dərəcədə qane edə bilər.

-Ramiz Rövşənlə uzun illərin dostusunuz. Öyrənmək istərdik ki, onun hansı misralarını hərdən özünüz üçün səsləndirirsiniz?

-Bu dünya bir qaynar qazanmış demə,
Söndürməz odunu nə qar, nə yağış.
Dünyayla dalaşmaq asanmış demə,
Çətini dünyayla barışmağıymış...

Mənə elə gəlir ki, bu, həyata baxışın bir formuludur. Dünyayla barışmaq söhbəti daha geniş, daha dərin, bəlkə də daha dəqiq ifadə edir mənim həyata münasibətimi. Baxmayaraq ki, mən hər zaman üsyankar olmuşam, amma mənim üsyankarlığım bir qədər başqa cür olub. Düşünmüşəm ki, dünyada məndən asılı olmayan çox şeylər baş verir və onların əksəriyyətini mən qəbul etmirəm, amma onlarla hesablaşmalıyam. Yaxud da mən gərək bu cəmiyyətdə yaşamayım, gərək gedib özümə yeni bir mühit qurum və orada yaşayım, bu isə mümkün deyil. Mənim gördüyüm işlərdə bu gerçəklik əks olunursa, deməli hardasa müəyyən mənada harmoniya tapa bilmişəm.



-
Azərbaycan ziyalı elitasında, ədəbiyyat  aləmində çoxları ilə dostsunuz. Biz diqqəti iki mərhumun üzərinə yönəltmək istərdik. Onlardan biri Yaşar Nuri, digəri isə Vaqif Səmədoğlu. Onların yoxluğunu nədə hiss edirsiniz?

-Yaşar bir Allah vergisi idi, istedadlı aktyorlar çoxdur. Yaşar isə tam başqa dünya idi, istedad sözü onun bacarığını, qabiliyyətini ifadə etməyə yetmir. Bəlkə də ən çox həmin istedaddan istifadə etməyən, məhz Yaşar özü oldu. Çünki o, daha mükəmməl, daha böyük işlər görməyə qadir idi. Vaqif Səmədoğluna gəlincə isə, deyə bilərəm ki, mən heç ondan ayrılmamışam. Vaqif Səmədoğlu həmişə mənimlədir, onun haqqında film də çəkmişəm. Vaqifi o vaxtdan yaxından tanımağa başlamışam və bütün bu illər ərzində gec-gec görüşsək də, deyə bilərəm ki, lazım olan məqamda birləşərək müəyyən işlər ərsəyə gətirmişik. Mənə hərdən elə gəlir ki, bu, yenə də baş verəcək. Vaqifin yoxluğunda yəqin ki, nə zamansa yeni bir əsərə müraciət olunacaq. Bu əsər Vaqifin yazmadığı, amma onun haqqında olan bir əsər olacaq.

-Ramiz Rövşənin bir misrasında deyildiyi kimi

Gedirəm, izim böyüyür,
Susuram, sözüm böyüyür,
Baxıram, gözüm böyüyür
Dünya mənə tanış gəlir ...  
bu misralara nəzərən deyə bilərəm ki, Ramiz Həsənoğlu susmuş və düşünən görünür. Ramiz Həsənoğlu üçün susmaq bu gün nə dərəcədə çətindir?

-Baxır nə barədə susursan. Ramizdən eşitmişəm bunu, o da yəqin kimdənsə eşidib: Ən gözəl şeir hələ yazılmamış şeirdir. Yəni şairin susmağı da poeziyadır. O mənada düşünürəm ki, rejissorun susmağı onun yaradıcılığının bir nişanəsidir. Bu baxımdan hesab edirəm ki, bəzən rejissor susmalıdır ki, sonra dili açılsın.

Elmin NURİ
Vüsalə QƏZƏNFƏRQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı