Modern.az

Tabut

Tabut

Ədəbi̇yyat

13 Oktyabr 2015, 17:51

telejurnalist

 (hekayə)

Xalamın xalq, hökumət qarşısında xidmətləri çox olub. Bunun müqabilində orden və medallarla təltif edilmişdi, rayon Sovetinə deputat seçilmişdi. Sovet dönəmində hətta layiqli olanlara belə fərdi təqaüd nadir hallarda verilirdi. O, fərdi təqaüdçü idi, çoxlu imtiyazlardan istifadə edirdi. Növbədənkənar ikiotaqlı mənzil vermişdilər. Onların ayrıca ərzaq və sənaye malları mağazaları vardı. Hər dəfə Bakıya gələndə xalamın pensiya kartı ilə həmin mağazalara gedib evə ət, yağ, şəkər, çay alırdım, əyin-başımı düzəldirdim.

Bir sözlə, külfətimi xalamın hesabına dolandırırdım. Ona görə də xalamın bir sözünü iki eləməzdim. Amma bir gün...

Bir gün elə bir xahiş etdi ki, dilim-matım qurudu.

- Sənə vəsiyyət eləyirəm. Mən öləndə tabutda basdırarsan. Heç kimə demə haa!

- Xala, sən nə danışırsan? Müsəlmançılıqda bu olacaq iş deyil.

- Mən dedim, qurtardı! Söz güləşdirmə! Özü də mən bu gün-sabahlıq deyiləm. Hələ ömrümün sonuna 30-40 il qalıb.

- Xala, - dedim, - əvvəla sən hökumət adamısan, allah eləməsin başına bir iş gəlsə, bütün xərcin dövlət hesabına olacaq.

- Bunun tabuta dəxli yoxdur, sən get indidən tabut tədarükü gör. Özü də gec çürüyən palıd ağacından olsun.

Susdum. Bircə onu dedim ki, vəsiyyət eləyəndə gərək imkanı da nəzərə alasan.

- Ədə, nə imkanbazlıqdır. Döşəyimin altı pulla doludur, heç kimi xərcə salmaram.

- Söhbət xərcdə deyil, vəsiyyətin bir az müəmmalıdır.

- Hərə bir vəsiyyət eləyir, mənim də vəsiyyətim belədir.

- Onda mən də vəsiyyət eləyirəm ki, məni Moskvada, Qızıl Meydandakı mavzoleydə  dəfn etsinlər. Axı, bu mümkün olan şey deyil.

 Mavzoley məsələsi xalamı yaman tutmuşdu. Heç nə demədi.

- Yaxşı, dur get, qatara gecikərsən.

Xudahafisləşib vağzala gəldim. Tabut məsələsi məni yamanca çaşdırmışdı. Az qala Astara qatarının əvəzinə Ağstafa qatarının vaqonuna minəcəkdim. Nə yaxşı ki, bir həmkəndlimə rast gəldim. Kupedə Lənkərana qədər tabut barədə danışdıq.

- Qəribə adamsan, bir tabut nədir ki, ondan ötrü xalanın xətrinə dəyirsən! Bir də ki, o deyir hələ 30-40 il yaşayacaq. O vaxta qədər kim bilir kim qalacaq, kim gedəcək. Şükür allaha, Lənkəran – Astara meşələri palıd ağacı ilə doludur...

Kəndimizə gələndə ürəyim bir az açıldı.. Dostumun tövsiyəsi ağlıma batmışdı. Fövtü ələ verməyib düşdüm tabut sorağına. Hara getdimsə dedilər tabut var, amma palıd ağacından deyil.


Qonşumuzda bir yük maşınının sürücüsü vardı. Ondan xahiş elədim, getdik meşəyə. Bir neçə palıd ağacı kəsib güc-bəla ilə maşına yüklədik. Yolda maşın bataqlığa düşdü, gedib qonşu kənddən köməyə adam çağırdım. Sağ olsunlar, köməkləşib maşını bataqlıqdan çıxartdılar.

Hələ, sən demə, mərəkə irəlidəymiş. Evimizin  qabağında ağacları boşaldanda milis ( o vaxt polis belə adlanırdı) kəsdi başımızın üstünü. Qısası, şöbəyə apardılar məni. Hal-qərəzi danışdım. Kəsilən ağacları yerinə qoymaq mümkün deyildi. Amma bu əməlin cinayət olduğunu xatırladıb xeyli cərimə aldılar.

Ağacları dülgərxanaya aparıb taxta halında tabut ölçüsü qədər – xalamın boyuna ölçülən qamış uzunluğunda kəsdilər, rəndələdilər.

Onları Lənkəranda hara apardımsa tabut düzəltdirə bilmədim. Soraqlaşıb xristianların məskunlaşdığı Pirişib qəsəbəsinə apardım. Orada tabut düzəldən rus dülgər tapdım.

İki gündən sonra lakla rənglənmiş tabutu maşınıma (“jiquli”yə) qoyub Bakıya yollandım. Onu da deyim ki, tabut baqaja yerləşmədi, arxa oturacağın söykənəcəyini çıxarıb birtəhər salona tərəf uzatdıq. Yol boyu həyəcanlı idim ki, QAİ (o vaxt yol polisi belə adlanırdı) saxlayacaq. Belə də oldu. Elə birinci postdaca maşını saxladılar. Düşüb sənədlərimi inspektora verdim. Baxdı. Hər şey qaydasında idi. Ancaq mənim narahatçılığım onda şübhə oyatdı. Elə bildi ki, satmağa balıq aparıram.

- Baqajı aç görüm nə aparırsan?

Tez iki əlimi kapotun üstünə qoydum.

- Qurban olum, qadan alım, nə istəyirsən verim, bircə baqajı açma.

Inspektor da inada düşdü. Xeyli yalvardım, pulun məbləğini də artırdım. Amma o israrından əl çəkmədi.

- Açmalısan, vəssalam!

Çarəsizlikdən baqajın kapotunu açdım. Milis işçisi tabutu görçək vahiməyə düşdü. Bir-iki addım geri çəkilib tərini sildi. Çox qorxmuşdu. İstədim deyəm ki, boş tabutdu, inanmayacaqdı.

- Gedək şöbəyə!

Məni və maşını bir gün şöbədə saxladılar. Səhər rəis gəldi. Məsələni ona danışdım. Güldü.

- Qəbahətin böyük deyil. Amma baqajda tabut görən inspektor xəstəxanaya düşüb, vəziyyəti ağırdır. Get bazarlıq elə, ona bir baş çək.

Yenə də xərc, vaxt! Daha bir neçə postda cibxərcliklə QAİ-ləri yola verib Bakıya çatdım. Bibim oğlunu tapıb xalamgilə getdik. Blokun qarşısında bibim rast gəldi.

- Nə danışırsınız?! Sağ adamın evinə tabut apararlar?  Qonşular nə deyər? tabut iynə deyil ki, cibində aparasan, hamı görəcək.

Çox fikirləşib Yasamaldakı həyət evlərində kirayədə yaşayan bir dostumun evinə yollandıq. Dostum əvvəlcə etiraz etdi, “tabutun düşər-düşməzi olar,” dedi. Vəziyyəti biləndən sonra “yaxşı, aparın zirzəmiyə qoyun”, dedi.

Beləcə tabutdan canım qurtuldu. Xəcalətimdən xalamgilə getmədim. Kəndə qayıdandan bir neçə gün sonra Lerikə xəbər gəldi ki, Səriyyə xalam (tabut istəyən xalam) vəfat edib. Təcili Bakıya gəldik. Onu el adətilə məsciddə yudurdub kəfənlədikdən sonra torpağa tapşırdılar. Dəfn zamanı heç cınqırımı belə çıxarmadım.

Min bir əzab-əziyyət, nə qədər xərc hesabına düzəltdirdiyim tabut əlimdə qaldı.  Fikirləşdim ki, dəyər-dəyməzinə satdıraram, yaxama bir lövhə yazdırıb yapışdırdım: “palıd ağacından hazırlanmış tabut satıram”.  Bunu oxuyanların bəziləri əsəbiləşib üzümə elə şillələr vurdular ki ...

Ən yaxşı halda isə “Özünə qismət olsun “ ifadəsi ilə qarşılaşırdım.

Bu da xalamın vəsiyyəti.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü