Modern.az

Zirvədə əbədiləşən sənətkar

Zirvədə əbədiləşən sənətkar

14 Oktyabr 2015, 10:18

əməkdar jurnalist,
pedaqogika üzrə fəlsəfə doktoru,
“Tərəqqi” medalçısı

Fəqət ölən deyil onun sənəti                                                           
Bağlamış adına əbədiyyəti
M.Müşfiq

75 yaşınız mübarək, əzizim, ustadım, müəllimim Mailə xanım. Bir an belə cismani yoxluğunuzla barışmadığım üçün fikirlərimi indiki zamanda ifadə edirəm. O insan ölü hesab olunur ki, unudulsun, xatirələrdə yaşamasın, özündən sonra heç bir irs qoymasın. Şükürlər olsun ki, Siz daim xatırlanır, anılırsınız. Siz özünüzdən sonra yaşayan sənətinizi, əsərlərinizi, artıq aforizmə çevrilən hikmətli sözlərinizi, davamçılarınızı, “Mailə Muradxanlı məktəbi”ni  gələcək nəslə miras qoymusunuz...

Mailə xanım, mənim elə bir günüm yoxdur ki, Sizi anmayım. Xüsusilə, jurnalist həmkarlarımla hər bir görüşümdə müəllimim kimi məhz, Sizdən söz açıram. Bu elə belə deyil. Siz müasir Azərbaycan Jurnalistikasını yaradanlardan, milli radio və televiziyasının sarsılmaz, sütunlarından, daim sevilən, seçilən, sənətinə qibtə olunacaq qədər zirvələr fəth edən magikanlardan biri kimi tarixə öz imzanızı atmısınız. Sizin sənətiniz Azərbaycan Milli Jurnalistika tariximizin parlaq səhifələrini təşkil edir...

Elə bil dünən idi Sizinlə ilk görüşümüz. O zaman Siz, milli radioda ədəbi – dram verilişləri baş redaksiyasının baş redaktoru vəzifəsində çalışırdınız. Səsinizi müxtəlif radio verilişlərindən eşidirdim. Tez-tez teleefirdə də çıxışlarınızı həvəslə izləyirdim. Sizin sənətinizə valeh olmuşdum. İçimdə yazıb – yaratmaq həvəsi isə hədsiz idi. Vaxtaşırı qəzet səhifələrində çıxışlar edirdim. Amma, nədənsə məni radio və televiziya xüsusilə özünə çəkirdi...

Günlərin birində, daha dəqiq desəm 1991-ci ildə radioda ölməz şairimiz, çağdaş Azərbaycan poeziyasının yaradıcılarından biri, XX əsr Azərbaycan  ədəbiyyatının klassiki Mikayıl Müşfiqə həsr olunmuş radio verilişi yayımlanırdı. Müəllif Mailə Muradxanlı idi. Onun Müşfiqin həyat yoldaşı olmuş Dilbər Axundzadə ilə müsahibəsi məni çox təsirləndirmişdi. Ümumilikdə, veriliş çox maraqlı hazırlanmışdı. Veriliş bitən kimi Mailə xanıma zəng vurdum, özümü təqdim etdikdən sonra, verilişlə bağlı fikir mübadiləsi apardıq. Hiss etdim ki, Mailə xanıma mənim fikirlərim xoş gəlir. Ertəsi gün məni yanına – radioya dəvət etdi. Məmnuniyyətlə, bu dəvəti qəbul etdim və Mailə xanımla görüşdüm. Elə həmin gündən etibarən, ömrünün sonuna qədər bu gözəl insanla ünsiyyətdə olduq. Mailə xanım mənə ilk dəfə olaraq radioda veriliş hazırlamağı təklif etdi. Məmnuniyyətlə, bu təklifi qəbul etdim. Əməkdaşlığımız uzun müddət davam elədi...

1993-cü ildə Mailə xanım Milli Televiziyamızın ədəbi – dram verilişləri baş  redaksiyasına baş redaktor təyin olunduqdan sonra mənim həyatımda yeni dönəm başladı. Jurnalistika fəaliyyətim televiziyaya bağlandı. Mailə xanım məni kənar müəllif qismində rəhbərlik etdiyi redaksiyaya verilişlər hazırlamağa dəvət etdi. Yaxşı xatırlayıram, ilk veriliş xalq şairi, XX əsr Azərbaycan ədəbiyyatının canlı klassiki, Azərbaycan Sovet poeziyasının banisi Süleyman Rüstəmə həsr olunmuşdu. Beləcə, mən həm bu redaksiyada, həm də musiqi verilişləri baş redaksiyasında ədəbi – bədii, musiqili verilişlər hazırlamağa başladım. Artıq ictimaiyyət arasında televiziya jurnalisti kimi tanınmağa, sevilməyə başladım. Buna görə mən daim Mailə xanıma borcluyam...



75 il öncə Azərbaycanın tanınan bölgəsində Salyanda dünyaya göz açan Mailə Muradxanlı taleyin hökmü ilə Bakının Maştağa kəndində uşaqlıq illərini yaşadı. C.Cabbarlı adına orta məktəbdə təhsil aldı. Əruzun, muğamın mahir bilicilərindən ilk sənət dərsi alan Mailə xanım həyatını jurnalistikaya bağladı. Tale elə gətirdi ki, bu kənddə aqillərdən, aydınlardan öyrəndikləri sonradan onun yaradıcılığına, sənətinə, işinə işıq saçdı. Bu biliklər Mailə xanımın qələminə güc verdi, neçə - neçə veriliş əsər, yazı, oçerk, məqalə, esse və s. həyata vəsiqə aldı, onun həyat yolunu müəyyənləşdirdi. Məhz  o, bu sənəti yaşatmaqla zirvələr fəth etdi, milli jurnalistika tariximizin sarsılmaz sütununa çevrildi.

Mailə xanım böyük qəlbli, xeyirxah bir insan idi. Başlıcası, sənətinin, işinin vurğunu, aşiqi idi. Son dərəcə peşəkar, məsuliyyətli olduğundan işçiləri,jurnalist həmkarlarını daim təşəbbüskar olmağı, sənətinə, işinə ilk növbədə məhəbbət, məsuliyyət hissi aşılamağı tövsiyə edirdi. Təbii ki, bu sırada mən də vardım. Bu sənətdə mənim ilk müəllimim, ustadım məhz Mailə Muradxanlı olub. Əgər məni televiziyaya ilk dəfə Mailə xanımın də müəllimi olmuş Firudin Ağayev gətiribsə, mənə böyük efir etibarən edən, sonradan televiziya jurnalisti kimi yetişdirən məhz Mailə xanım olub.



Heç bir zaman Mailə Muradxanlı həmkarlarının yanında, efirdə özünü jurnalist adlandırmazdı. Deyərdi ki, mən hələ bu sahədə şagirdəm. Halbuki, Mailə xanım böyük sənətkar, ustad, tanınmış qələm sahibi, adı sağlığında əfsanələşən Əməkdar jurnalist, Prezident təqaüdçüsü idi. Bu, onun sadəliyindən, təvazökarlığından xəbər verirdi. Mən də daim özümü bu böyük insanın, əsl sənət fədaisinin şagirdi kimi, Mailə Muradxanlının sənət məktəbinin yetirdirməsi kimi qələmə verirəm.

Mailə xanımın çox qəribə, məlhəm səsi var idi. Bu səs özünü dərhal tanıtdırırdı. Indiyədək bu möcüzəli, ecazkar səs qulaqlarımda cingildəyir. O, həm də  gözəl, bənzərsiz siması ilə daim insanlara xoş-əhval ruhiyə bəxş edərdi.

Mailə xanım böyük ensiklopedik biliyə malik olduğundan verilişləri çox maraqlı, baxılan idi. Məhz, onun sayəsində neçə-neçə unudulan sənətkarlar radioda, televiziyada canlandı, öz sevimli dinləyicisinə, tamaşaçısına qovuşdu. Bu xeyirxahlıq, nəciblik ona qandan, gendən gəlirdi. O, çox diqqətcil, qayğıkeş idi. Daim işçilərinin problemlərinin həllinə, onların maliyyə durumunun yaxşılaşmasına fikir verər, bacardığı qədər əməli dəstək göstərirdi. Bunu şəxsən öz üzərimdə də dəfələrlə hiss etmişəm. Çalışdığı bütün vəzifələrdə ona göstərilən etimadı daim doğruldar, oraya yeni nəfəs, yeni ruh, bir sözlə, yenilik gətirərdi.

Xoşbəxtəm ki, belə bir nəhəng sənətkarla çiyin – çiyinə çalışmışam, formalaşmışam, inkişaf eləmişəm, tanınmışam. Mailə Muradxanlının sayəsində  jurnalistikada, xüsusən, milli radio və televiziyada mənim də öz cığırım olub, müəllifliyimlə  neçə - neçə veriliş ərsəyə gəlib.



Mənə daim mənəvi analıq etmiş Mailə xanım Muradxanlı vaxtilə dissertasiya işimlə bağlı yazdığı rəydə məni sənətkar adlandırmışdı. Bunu illər sonra rəyi nəzərdən keçirdikdən sonra bildim. Bu mənə ustadım tərəfindən verilən ən böyük qiymət idi. O, mənə böyük ümidlər bəsləyirdi. Bu ümidlərin bəziləri artıq gerçəkləşib. Belə ki, mən, televiziya verilişləri mövzusu ilə bağlı dissertasiya işimi müdafiə edərək Pedaqogika üzrə fəlsəfə doktoruyam. Ədəbiyyatımızın, mədəniyyətimizin hamisi Azərbaycan Respublikasının Prezidenti, zati-aliləri İlham Əliyev cənablarının sərəncamları ilə “Tərəqqi” medalına, “Əməkdar jurnalist” fəxri adına layiq görülmüşəm. Pedaqoq kimi Bakı Slavyan Universitetində gələcək jurnalistlərə dərs demişəm. “İstoriya Azerbaydjanskoy jurnalistiki” adlı kitab nəşr etdirmişəm. Qəzet səhifələrində neçə - neçə yazı dərc etdirmiş, bir çox televerilişlər hazırlamışam. Təbii ki, bunların əldə olunmasında Mailə Muradxanlının zəhməti, əməyi əvəzsiz və unudulmazdır.

Mailə Muradxanlının keçdiyi bu parlaq, işıqlı, mənalı, şərəfli, həsəd aparılası həyat yolu – sənət yolu gələcək nəsillər üçün bir örnəkdir. Mailə xanımın çoxşaxəli yaradıcılıq yolu sözün əsl mənasında tədqiqat mənbəyidir. Düşünürəm ki, bu zəngin, çoxşaxəli yaradıcılıq irsi özünün tədqiqatçılarını,dissertantlarını, aspirantlarını gözləyir. Çünki, onun yaradıcılığı tükənməyən axar bulaq kimidir...



Mailə xanım, əminəm ki, 75 illik şanlı yubileyiniz respublikada təntənə ilə geniş qeyd olunacaq. Siz ehtiramla yad ediləcəksiniz. Mailə Muradxanlı ömrü lent yazısı kimi səhifələnəcək.

Qarşıdan həm də Milli Radiomuzun 90, Milli Televiziyamızın 60 illiyi gəlir. Əminəm ki, həyatının demək olar ki, 50 ilini milli radiomuzun və televiziyamızın inkişafına həsr edən, onun sarsılmaz sütunlarından birinə çevrilən ideyalar generatoru, qəlblər mühəndisi, novator jurnalist, yazıçı, publisist, tənqidçi, tərcüməçi, pedaqoq, ictimai xadim, əməkdar jurnalist, Prezident təqaüdçüsü kimi adı tariximizdə həkk olunan Mailə Muradxanlının adı, sənəti əbədiləşdiriləcəkdir. Əminəm ki, onun adına studiya veriləcək, “Mailə Muradxanlı” adına təqaüd təsis ediləcəkdir...

Məzarının üstünü  isə daim gül – çiçək, əklil bəzəyəcək.



Mailə xanım bir daha 75 yaşınız mübarək olsun. Sizin xatirəniz daim Sizi sevənlərin qəlbində əbədi məşəl kimi yanacaq. Siz vətəninə, xalqına, millətinə daim bağlı olan bir sənətkar kimi əbədiyyət qazanmısınız. Siz əsl mənada xoşbəxt, bəxtiyar sənətkarlardansınız. Hüseyn Cavid əfəndi demişkən:

Bəxtiyarsan, əgər çəkdiyin əmək,
Cahan süfrəsinə versə bir çiçək.

Ey gözəl, mələk simalı, nəcib insan, nurlu şəxsiyyət, dəyərli ziyalı, ölməz ustad ruhunuz şad olsun! Allah rəhmət eləsin!

Sizi xatırlamağı özünə şərəf  bilən şagirdiniz 

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub