Modern.az

“Bir kəndin məşhurları” - Kürdəxanı kəndinin tanınmışları - RUBRİKA

“Bir kəndin məşhurları” - Kürdəxanı kəndinin tanınmışları - RUBRİKA

14 Oktyabr 2015, 10:44

Modern.az saytı “Bir kəndin məşhurları” rubrikasından növbəti yazını Bakı şəhəri Sabunçu rayonunun Kürdəxanı kəndinə həsr edir.

Kürdəxanı Bakının ən qədim kəndlərindən biridir. Kəndin adının mənası barədə müxtəlif versiyalar mövcuddur. Bir ehtimala görə, coğrafi məhfum "kord, korda, kordə” sözündən və "xanı" topomorfantından yaranıb və “bıçaq düzəldilən yer” mənası verir. İkinci versiyaya görə, guya vaxtilə yaşayış məskənini üç tərəfi su ilə əhatələnib və cəzirə, yarımada şəklində olub. Məhz coğrafi məkana görə bu yer "Kürdəxanı" adlandırılıb. Kəndin ərazisində bir çox tarixi memarlıq abidələri yerləşir. Hacı Zeynal hamamı, Hacı Cəfərqulu hamamı, Aşağı məscid, Soltan Əli məscidi müxtəlif türbə və hamamlar da mövcuddur. Kürdəxanıda mövcud qalalardan tikintisi nisbətən yaxın dövrlərə təsadüf edəni Yamin qalasıdır.

Kürdəxanının tanınmış şəxsləri

Hüseynbala Ağaverdiyev - 1888-ci ildə Bakının Kürdəxanı qəsəbəsində doğulub.1917-ci ilin əvvəllərindən fəhlə hərəkatına qoşulub, Binəqədidə fəhlələr arasında inqilabi iş aparıb. Həmin ilin may ayında isə bolşevik hərəkatına qoşulub.
1922-26-cı illərdə respublika Mədən Fəhlələri Həmkarlar İttifaqı Mərkəzi İdarə Heyyətinin sədrinin müavini vəzifəsində çalışıb.1927-29-cu illərdə Azərbaycan SSR XTŞ-sədri, 1929-34-cü illərdə Azneft Birliyi rəisinin müavini işləyib. 1935-ci illərdən Azərbaycan SSR XKS sədrinin müavini, həmçinin Xalq Yerli Sənaye komissarı vəzifəsində çalışıb.

Qoçu Adil – Bu şəxs Azərbaycan tarixində Nuru paşanın xüsusi rəğbətini qazanması ilə məşhurdur. 1918-ci il mart soyqırımı zamanı daşnaklara qarşı ən fəal mübarizə aparan şəxslərdən biri də Qoşu Adil olub. Onun fəaliyyəti Cumhuriyyət qurulandan sonra da davam etdi. Bakının alınmasında xüsusi fədakarlıq göstərdiyi üçün Nuru paşa öz atını ona bağışlayıb. 

Abbasqulu Kazımzadə - O, 1905-ci ildən Rusiya Sosial-Demokrat Fəhlə Partiyasının üzvü olub, 1911-ci ildə Musavat Partiyasının yaranmasında iştirak edib. Parlamentdə "Müsavat" və bitərəflər fraksiyasının üzvü idi. 1918-1920-ci illərdə Azərbaycan Cümhuriyyəti Parlamentinin ictimai-siiyasi həyatında aktivliyi ilə seçilib.  

Əmrah Əmrahov - 1923-cü ildə anadan olub. 1944-cü ildə 9-cu sinfi bitirərək Azərbaycan Dövlət Universitetinin hazırlıq şöbəsinə 1945-ci ildə isə ADU-nin filologiya fakültəsinin jurnalistika şöbəsinə daxil olub. İşçi, şöbə müdiri, məsul katib, nəhayət qəzetin redaktoru vəzifələrində çalışıb. O, Azərbaycan LKGİ-nin bütün qurultaylarında komsomolun Mərkəzi Komitəsinin üzvü seçilib. 1960-cı ildən ömrünün sonuna kimi respublika pioneri Mərkəzi Şurasının üzvü olub. Əmrah Əmrahov Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin Fəxri Fərmanı ilə təltif olunub.1988-ci il noyabrın 18-də Bakıda vəfat edib.

Baba Pünhan – Bu şairi təqdim etməyə o qədər də ehtiyac yoxdur. ANS televiziyasından şair kimi məşhurlaşan Baba Pünhan ömrünü metro mexanikliyinə həsr etdi. Buna baxmayarq mexanik ola-ola ətrafda hamı onu istedadlı şair kimi tanıyırdı. Baba Pünhan ANS telekanalının “Qulp” satirik proqrmındakı şeirləri ilə məşhurluq  qazandı. “Acı həqiqət”, “Mən nə dedim ki” kitabları bu gün də sevilə-sevilə oxunur.

Vasim Məmmədəliyev - 27 avqust 1942-ci ildə anadan olub. 1959-1964-cü illərdə Azərbaycan Dövlət Universitetinin şərqşünaslıq fakültəsində ərəb filologiyası ixtisası üzrə təhsil alıb. 1968-ci ildə - 26 yaşında SSRİ məkanında ərəbşünaslıq sahəsində ən gənc elmlər doktoru adını alıb. 1978-ci ildə Vasim Məmmədəliyev professor elmi dərəcəsinə layiq görülüb. Onun elmi axtarışları ərəb dilçiliyi və ümumi dilçilik sahələrində, islamşünaslıqda, ərəb-Azərbaycan ədəbi-mədəni əlaqələrində geniş istifadə olunur. Dünyanın müxtəlif ölkələrində 300-dən çox elmi əsəri və 20 kitabı çap edilib. 1992-ci ildə "Əməkdar elm xadimi" fəxri adına layiq görülüb, 2001-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü seçilib. Hal-hazırda isə BDU-nun ilahiyyat fakültəsinin dekanı və ərəb filologiyası kafedrasının müdiri vəzifəsində çalışır. 

Vamiq Məmmədəliyev - 1946-cı il iyun ayının 9-u kəndin ziyalı ailəsində anadan olub. İbtidai musiqi təhsilini kənd klubunun tar dərnəyini aparan Dərdayıl Aydəmirovun sinfində alıb. Bir müddət sonra 1963-cü ildə Kürdəxanı kənd klubunda tar dərnəyini və daha sonralar «Bahar» xalq çalğı alətləri ansamblını yaradıb. 1967 – 1972-ci illərdə həmin klubda təlimatçı, bədii rəhbər və müdir vəzifəsində çalışıb. Mədəni-Maarif Tеxnikumunu bitirən kimi tar aləti üzrə ixtisas müəllimi, Bakı Musiqi Akadеmiyasında baş müəllim, dosеnt kimi fəaliyyət göstərib.
Vamiq Məmmədəliyеv 2001-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univеrsitеtində Musiqi sənəti fakültəsində dеkan vəzifəsində işləyir.  

İqbal Məmmədəliyev - 1978-ci ildə anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rejissorluq ixtisası üzrə teatr və kino sənəti fakültəsinə qəbul olunub. hazırda EL Televiziya Şirkətinin (Yevlax) baş direktorudur.  

İlhamə Quliyeva — İlhamə Quliyeva 17 avqust 1943-cü ildə anadan olub.1964-cü ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1965-1970-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970-1980-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. 1980-ci ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin ("Azkonsert") solistidir. Repertuarına Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri daxildir. Bir sıra xarici ölkələrdə qastrolda olub. 40 ildən çoxdur müğənni kimi sənətdədir. Azərbaycanın və Dağıstanın (2008) xalq artistidir.

Xanım Qafarova - (aktrisa) – 1967-ci ildə elə anadan olan aktrisa ötən il dünyasını dəyişdi və elə bu kənddə də dəfn olundu. Bütün ömrünü Musiqili Komediya teatrına həsr edən əməkdar artist süd vəzisi xərçəngindən vəfat edib. Əsasən teatr tamaşalarında çıxış etsə də, onun rollarına kino və televiziya tamaşalarında da rast gəlmək olar. 

Qədirhüseyn İsmayılov (aktyor, qiraətçi) - 1974-cü ildə anadan olub. Gənc Tamaşaçılar Teatrında, Azərbaycan Dövlət Televiziya və Radio Yayımları Qapalı Səhmdar Cəmiyyətinin Dublaj redaksiyasında, “Lider” Televiziyasında dublyaj aktyoru kimi çalışıb. 2009-cu ildən bəri “Region” televiziyasında dublaj aktyoru kimi işləyir. Hal-hazırda baxdığımız əcnəbi filmlərin Azərbaycan dilində səsləndirilməsində Qədirhüseyn  İsmayılov da iştirak edir.

Hüseyn Azəri - 1979-cu ildə Bakıda anadan olub.1996-cı ildə Azərbaycan Beynəlxalq Universitetinin hüquqşunastlıq fakultəsini bitirib. "İnternews-Azerbaijan"da "Güzgü" verilişində müxbir kimi fəaliyyətə başlayıb. ANS TV-də "Salam", "Şirin çay", "Kişi işi", "Poçt qutusu" və "İç xəbər" verilişlərinin aparıcısı və redaktoru olub. 2005-ci ildən İctimai Televiziya və Radio Yayımları Şirkətində əsas xəbər buraxılışının - "Carçı"nın aparıcısı, boyük redaktoru və şərhçisi olub. 2012-ci ildən Nazırlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin mətbuat xidmətinin rəhbəridir.

Salam Məmmədəliyev - "Əslində MƏN..." portretlər silsiləsinin, "Sükutun səsi" filminin, "Bir mahnının tarixçəsi" verilişinin, "Dalan" filminin rejisorudur. İctimai Televiziya və Radio Yayımları Şirkətinin quruluşçu rejissor vəzifəsində fəaliyyət göstərir.

Emil Şahbazov - 1978-ci ildə Bakı şəhərində anadan olub. 1994-cü ildə Qərb Universitetinin Siyasi elmlər fakultəsinə daxil olub və orada təhsilini fərqlənmə diplomu ilə başa vurub. 1999-cu ildə “Space” telekanalında aparıcı kimi işə başlayıb.

Rejissor Şahbaz Rəsul və meyxanaçılar Bayram Kürdəxanılı, Sahib Kürdəxanlını da kəndin tanınmışlarıdır.

Türkan BƏŞİR
Elmin NURİ

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü