Modern.az

Dəyərlərimizin canlı ensiklopediyası

 Dəyərlərimizin canlı ensiklopediyası

Ədəbi̇yyat

14 Oktyabr 2015, 14:59

Çoxlarının kumiri, bənzəmək istədiyi, ancaq əlçatmazlığına rəğmən həsəd apardığı Məmməd müəllimi – bu günlərdə 75 yaşını haqlayan Məmməd Eynalovu geniş ictimaiyyətə təqdim etmək keçdi ürəyimdən. Yazıya başlıq seçərkən çətinə düşdüm bir az. Məmməd müəllimə çox  sanballı epitetlər yaraşır: “əyilməzlik simvolu”, “mərdanə dost”, “əsl ziyafət adamı”, “sərt Azərbaycan kişisi”, “azərbaycançılıq dəyərlərinin canlı ensiklopediyası”...  Atası Şahbaz kişidən ona qalan əmanəti - “MƏMMƏD ƏMİ” adınısa bütün parametrlərinə görə uca tutmaq bəlkə də bu dünyada daim gücü yetən və ən böyük arzusu olub.

Amma mənə elə gəlir ki, sərt Azərbaycan kişisinin sərhədlərinə qədər yaxına buraxdığı hər kəsə qayğıkeşliyi bütün epitetlərini üstələyir . Onun qohum-yad fərqi qoymadan hamıya isti münasibətindən kimlər bəhrələnməyib ki... Kiməsə biganəlik sindromu şəxsiyyətinin heç həndəvərində də dolana bilməz. Laqeydlik, qeyri-həssaslıq Məmməd müəllimin şəxsi imicində özünə yer eləyə bilməyib 75 ildə. Özü nə qədər biganə münasibətin acısını dadsa da...

Təmənnasız Vətən sevgisi


Təmənnasız azərbaycançılığı, təmənnasız Vətən cevgisini ondan öyrənənlərin sayı yüzlərlədir desəm, yanılmaram. Bu sevgi övladlarına verdiyi İstanbul, Şəhriyar adlarının doğma ocağında səslənməsi ilə də müşayiət olunub. Gənclik, cavanlıq çağlarında  SSRİ dönəmində ziyalı məclislərində öz xalqının milli varlığını, dinini, tarixini yüksək intellektinin sayəsində böyük mənada müdafiə etdiyini indi çoxları təsdiqləyər. Müstəqil Azərbaycan dönəmində isə onun doğma ölkəsinə hədsiz bağlılığını, sonsuz və təmənnasız sevgisini, ölkəsinin uğurları ilə nəfəs aldığını dəyərləndirməmək, ən azı sezməmək sadəcə ədalətsizlik olardı. Tarixi, dini, milli aspektləri əhatə edən ədalətli, dəqiq, savadlı yanaşmalarına saatlarla qulaq asmaqdan doymazsan. Bununla yanaşı adicə idman arenasında, olimpiada meydanlarında idmançılarımızın qazandığı irili-xırdalı bütün zəfərlərə necə sevindiyinin, ardınca üçrəngli bayrağımızın möhtəşəm şəkildə dalğalanaraq yüksəkliklərə qaldırılması mərasimləri zamanı hətta sevincdən kövrəldiyinin dəfələrlə şahidi olmuşam. Bu kimi qürurverici faktlara biganə qala bilən opponentlərini necə acıladığının da. “Sərt Azərbaycan kişisi” sayaq...

Təskinlik yeri

Bu böyük dəyərləri öz şəxsiyyətində ümumiləşdirib yaşadan Məmməd müəllim paralel olaraq, onu tanıyanların canlı ensiklopediyasına çevrilib. İstər ərsəyə çatdığı Masallı rayonunun Qədirli kəndindəki doğma-yad adamlar, istər illərlə hüquqşünas kimi fəaliyyət göstərdiyi müxtəlif qurumların indi istefada, təqaüddə olan əməkdaşları, istərsə də yaşadığı Bakının 9-cu mikrorayonu ərazisində tanıyıb-bilənlər hər hansı elmi, dini, tarixi, mədəniyyət məlumatlarını dəqiqləşdirmək üçün, eləcə də sosial durumlarındakı hüquqi baxımdan çoxsaylı qayğıları ilə ilgili çətinə düşdükləri andaca gözləri, telefonları ilə Məmməd müəllimi arayıb-axtarırlar. Maraqlıdır ki, o, bu insanları müxtəlif istiqamətlərdə bilgiləndirməklə həm də onların təskinlik yerinə çevrilib.

Təbiət aşiqi şəhər adamı 

Təbiətdən zövq alır. Bakıda da təbii gözəllik məkanlarını seçir istirahət üçün. Göydələn tikən işbazlar yaşadığı binanın həyətindəki ağaclara divan tutub ərazini quru, cansıxıcı məkana çevirəndən sonra saatlarla evinin yaxınlığındakı Zərifə Əliyeva adına bağda, digər ərazilərdə ağaclara, güllərə tamaşa edir. Həm bu ərazidə, həm də paytaxtın digər yerlərində kiminsə qazanc məqsədilə yaşıllıqları, gül kollarını məhv etdirdiyini görəndə dözə bilmir. Dəfələrlə bu “tiplər”i acılayıb. Bir intellekt sahibi və hüquqşünas qismində onlara “qarınları xatirinə” özlərinin də, digər şəhər sakinlərinin də həyatını cəhənnəmə çevirdiklərini anladıb. 

İnsanların fərqli mahiyyəti intellektual baxış bucağında

Ona alışmış istirahət yoldaşları bircə gün Məmməd müəllimin parka gəlmədiyini görsələr, təşvişə düşürlər. Hər görüşdə isə fürsət tapan kimi onun həyat təcrübəsindən faydalanmağa can atırlar.

Həyat təcrübəsi... Həyat təcrübəsi isə çoxşaxəli hadisələrin şahididi. Söhbətlərimiz zamanı ayrı-ayrı insanların fərqli cəhətlərini müqayisə imkanı yaranır. Çünki “müntəxəbat”ı kifayət qədər zəngindi. Mənim tədqiqatçı, şair, publisist dostum Əli Rza Xələfli insanların müxtəlifliyindən, insanları sonadək anlamağın qəlizliklərindən vəcdə gələrək yazılarının birində qeyd etmişdi ki, “hətta quş dilini bilən Süleyman peyğəmbər belə bəzən insanın dilini anlamaqda çətinliyə düşüb”. Təbii ki, ömrünün 62-ci baharını haqlamış Əli Rza Xələflinin bir yazar kimi obyekti İNSANDIR. Elə Məmməd müəllimin də bir hüquqşünas kimi. Bir az dərinə getsək, hamımız gələcək nəsillərin boxçasına nəsə ötürə bilmək üçün İNSANIN gerçək obrazını, müsbət və ya mənfi çalarlı mahiyyətini ömrümüz boyu açmağa borcluyuq. Mən Məmməd müəllimdən insanların zaman-zaman fərqli, həm də “dəyişkən” çalarları ilə tanınmasına dair onların simalarında özünü büruzə verən faktlarla bağlı məlumatlandıqca Əli Rza Xələflinin bu sözlərinin BÖYÜK HƏYAT HƏQİQƏTİ olduğuna bir daha dərindən inandım. Başqa sözlə, hazır “müntəxəbat” öz bol detalları ilə bu fikrin böyük reallıqlara söykəndiyini bir daha əyani şəkildə sübuta yetirdi...  

Daim arzulanan qonaq

Hələ gənc yaşlarından Qədirli kəndinə - el-obasına, doğmalarına baş çəkməyə gəlməsi əsl toy-bayrama çevrilib. Hamı ondan nəsə öyrənməyə can atır. Bu yöndə səxavətini heç kimdən əsirgəməz.  Biz də onu sanbalına, ictimai-mənəvi çəkisinə uyğun qarşılayıb-yola salmağı özümüzə borc bilir, başqa sözlə onunla görüşümüzdən qürur hissi keçiririk.

O anları xatırlayanda nədənsə yadıma böyük şairimiz, canlı klassik Musa Yaqubun aşağıdakı sözləri düşür:

Ağırı, yüngülü yerbəyer eylər,
Bu dünya özü bir daş-tərəzidi.
Ariflər yanında, haqq divanında
Hörmət tərəzisi, baş tərəzidi.

Ömrü özümüz seçmirik...

Hərdən zəmanədən qeyzlənəndə və ya bədəninin müxtəlif nahiyələrində ağrılar baş qaldıranda  çox yaşadığından gileylənir. 75 yaş o qədər də çox deyil. Ancaq bunu dünyadan daha cavan yaşlarında köçmüş qardaş-bacılarına nisbətdə söyləyir. Kövrəlir bu anlarda. Belə məqamlarda “təskinlik adamı”nın özünün də təsəlliyə ehtiyacı olduğunu görürəm. Deyə biləcəyim fikirsə yalnız bu ola bilir: insan gərəkli, faydalı olduqca nə yaşdan, nə ömürdən şikayət edə bilməz. Hələ qarşıda səni həyat yoldaşın Hacı Elmira xanımla birgə nəvə toyları, böyük ziyafətlər, doğmalarının, daim ucalmağınla nəfəs aldığın Vətəninin uğurları gözləyir. Ömürsə...  Ömrü biz özümüz seçmirik!..

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü